Dilimiz varlığımızdır

Başqa sözlə: taleyini sınamaq. İfadə ən qədim sehrkarlıq inamları ilə əlaqədar yaranmışdır. Qədim insan ova getməzdən əvvəl ovlayacağı heyvanın rəsmini çəkib onu oxlayardı. İlk zamanlar daha çox adət, vərdiş, ustalıq məqsədi izləyən bu hərəkəttədricən rəmzi, sehrkarlıq keyfiyyəti qazanmışdı. Nəsir Rzayev yazır ki, “qaya üzərindəki heyvanın təsvirini nizə və ya oxla vuran – sehrləyən ovçu arxayın olurdu ki, ovlayacağı heyvan artıq sehrləndi və mütləq ona qismət olacaqdır”.

Bu üsulla bəxti də oxlamaq, sehrləmək “mümkündür”. M.Ə.Möcüz “Mənəm” şeirində yazmışdır:
Zibəs ki, canə doymuşam, oxu kəmanə qoymuşam,
Münəccüma! Səni xuda, o bəxti ver nişan mənə.
“Bəxt” xalq dilində canlı kimi ifadə olunur: bəxti ayaqüstə olmaq, bəxti dönmək (küsmək), bəxti gətirmək (işləmək, qudurmaq), bəxti yar olmaq, bəxti sönmək (tərs gəlmək), bəxti üzdə olmaq, bəxtinə təpik (şıllaq) atmaq, bəxtinə qarşı çıxmaq və s.
Bu tərkibdə “bəxt” sözü əslində vaxtilə məlum olub, sonralar unudulan eşq, ailə, ovçuluq allahının adı yerində işlənmişdir. Bunu izah etmək üçün “ox” sözü üzərində durmaq zəruridir. Dilin ən qədim dövrlərində əlaqədar anlayışlar eyni sözlərlə ifadə olunmuş, tədricən diferensiallaşma getmişdir.
Tədqiqatçılar qədim türk cəmiyyətinin iyerarxiyasını belə müəyyənləşdirirlər: oquş (ailə), uruğ (nəsil), bod (qəbilə), ok (siyasi quruluşa malik qəbilə), bodun (qəbilələr birləşməsi, qəbilə ittifaqı), el//il (dövlət).
“Oquş” sözünün kökü “oqu” və ya “oq” hesab olunur (oqul//oğul da bu kökdəndir). Cəmiyyətin hüceyrəsi, ən kiçik ünsürü olan oquş (ailə) qan qohumluğuna əsaslanırdı. Oquş adlanan ailə kiçik ailə idi (qədim yunanlarda, romalılarda və başqa xalqlarda isə böyük, geniş ailə mövcud olmuşdur. Bu ailədən olan oğlan və ya qız evlənərkən ata malından öz payını alıb, başqa yerdə ev qurardı (tikərdi). Ata evi ən kiçik uşağa – sonbeşiyə qalardı. Yalnız başqa qəbilədən evlənmək olardı (ekzoqamiya).
Bu çox qədim adətin izləri müasir dillərdə yaşamaqdadır. Adətən, gənclər ox atar, ox hara düşsə, oradan evlənər və orada ev qurardılar. Habelə ev, ocaq ilahəsinə ox atıb bəxti sınardılar. Bir çox xalqlarda ocaq, ev, qadın timsalında təsəvvür edilirdi ki, bu hal matriarxat həyat tərzi ilə əlaqədar olmuşdur.
İbtidai qəbilə quruluşunun qalığı olan ocaq kultu qədim yunanlarda da mövcud olmuşdur. Orada müqəddəs ocaq ilahəsi Hestiya hesab olunurdu.
Ox, ov, ev sözlərində müştərək cəhətləri (kompleks semantik əlaqəni) görməmək mümkün deyildir. Demək olar bütün xalqlarda (bəzi istisnaları nəzərə almırıq) ev və ov totemi (Allahı) qadın ilahələr olmuşdur. Ov və ox sözlərinin yaxınlığı heç bir şübhə doğura bilməz. Rus dilində “ov” mənası verən “oxota” sözündə “ox” ünsürü diqqəti cəlb edir.
Kökü ov//av ilə bağlı olan avrat//arvad əlində həyat, yaşayış və dolanacağı təmsil edirdi. Qədim şumerlərdə dirilik, yaşayış anlayışı ox işarəsi ilə göstərilirdi. Eyni işarə həm yaşayış (həyat), həm də “ox” demək idi. Qədim Hind-Avropa dillərində hər iki anlayış eyni bir sözlə (“ti”) verilirdi.
Dilimizdəki “arvad” sözünün qədim şəkillərindən biri avrat//avırat// avırğat//orağut tərzində olmuşdur. Sözün kökündə av//ov ünsürü asanlıqla seçilir. Nağıl və dastanlarımızda ev qurmanın (evlənmənin) ovla əlaqədar olduğuna aid istənilən qədər nümunələr vardır. Qəhrəman ox atır, ox hara düşsə orada ev qurur, evlənir.
“Kitabi-Dədə Qorqud”da deyilir: “Oğuz zamanında bir yigit ki, evlənsə o atardı. Oxu nə yerdə düşsə orda gərdək tikərdi. Beyrək xan dəxi oxun atdı, dibinə kərtəyin tikdi”.
Orxon-Yenisey abidələrində ev anlayışı əb//əp//av şəklində işlənmişdir. Müasir tuvin diində əpçi sözü arvad anlayışını bildirir. Habelə XIV əsrin abidəsi Seyfi Sərainin “Gülüstan”ında əbçi//epçi sözü “arvad” mənasında işlənmişdir. Körksüz əbçinin əri gözsüz gərək (“çirkin arvadın əri kor gərək”).
Ev//əv//av və avrat anlayışları arasında tipoloji yaxınlıqda diqqəti cəlb edir. Dilimizdəki “evlənmək” anlayışı rusca ”жениться” “hərfən” “av-ratlanmaq”) şəklində ifadə edilir.
Avrat (ağurğat) evin (ocağın) mühafizəçisidir, oquşu (ailəni) saxlayan, yaşadandır. “Dədə Qorqud”da göstərilir ki, ev//ov qurmaq üçün ova//ava çı qızlar öz talelərini müəyyən edən ox düşən yerdə ox atırlar, ev, ailə qururlar:”Otuz doqquz qız taleli taleyinə birər ox atdı. Otuz doqquz jigit oxunun dalınca getdi”.
Bu oxlar adətən ev, ailə, ov, tale, bəxt ilahəsinə – bizim zənnimizcə, Butaya (müq.et: Buta vermək) atılır…(Qədim yunanlarda Apollon həmişə ox ilə birlikdə rəsm edilirdi).
Filologiyada uzun müddət ana dilini elmi əsaslarla təhlil edib öyrənmək əvəzinə, onun tərkibinə başqa dillərin (əsasən, ərəb və fars dillərinin) izlərini, təsirini axtarmaqla məşğul olmuşlar. Az-çox bənzərlik tapan kimi, bu və ya digər hadisəni, faktı həmin dillərlə bağlamağa çalışmışlar ki, özlüyündə bu hal
müsbət qiymətləndirilmiş, savadlılıq, məlumatlılıq hesab edilmişdir. Bir sıra digər sözlər kimi, türk dillərinə məxsus arvad//avrad//avrat//avurğat sözünü də ərəb dilinə məxsus hesab etmiş, bu dilin “övrət” sözü ilə əlaqələndirmişlər. Lakin əslində bu iki vahid “təsadüfi səs uyğunluğu” nəticəsində bir-birinə yaxınlaşan geterogen omonimlərdir.
“Ev” və “arvad” anlayışlarının əlaqəsi başqa dillərin materiallarında da müşahidə edilir. Səadət Cağatay göstərir ki, farsca “xanım” (qadın//arvad) və “xaniman” (ev) eyni kökdəndir. Habelə dilimizdə “ev” sözündən düzələn “evlik”, “evdəki” sözləri “arvad” nənasında işlənir. C.Cabbarlının “Almaz” pyesində İbad deyir:” …Bu dayanıb belə, bizim qardaşın evliyi də belə”.
A.Kondratovun “Sirdən birliyə doğru” kitabında deyilir: “15-30 min illər bundan əvvəl Avropa və Asiyada yaşamış insanlar üçün də qadın “torpağın anası” və onun hökmdarı hesab olunurdu. Atlantikadan tutmuş Sibirə qədər nəhəng bir ərazidə arxeoloqların tapdıqları saysız-hesabsız qadın heykəlcikləri və
fiqurları bu barədə inandırıcı şəkildə söhbət açırlar. Bütün bu fiqur və təsvirlərdə biz evin ocağını qoruyan qadınla rastlaşırıq (bu təsəvvürün qalıqları bir sıra dillərdə qorunub qalmışdır: qırğız dilindəki “uy” sözü həm “ev”,həm də “qadın” mənasını verir; qədim yəhudi dilində də bu anlayışlar eyni bir sözlə ifadə olunubdur: Tibet ləhcələrinin birində “arvad” sözü iki hissədən ibarətdir: birincisi “ev”, “yaşayış yeri” mənasını, ikinci hissə isə “ocaq” mənasını verir)”.
Mirəli Seyidov yazır:” Oğuz versiyalarına əsasən müəyyənləşdirilir ki, qədim türkdilli xalqlarda ov, ox-yay kultu var imiş və onlar dəmirə ehtiram edirmişlər. Bir çox ədəbi və tarixi abidələrə istinad edilərək göstərilir ki, ox-yay kultu türkdilli xalqlarda ev-eşik, ailə qurmaq kultu kimi gözə çarpır.
Bütün bunlardan sonra poeziyamızda çox işlənən “oxatmaq”, “oxuna//ovuna çıxmaq” və s. ifadələrin məcazi mənasının mənşəyi aydınlaşır:”…Canım nişana olsun , yar oxun atan yerə”.
Görünür ki, qədimlərdə atılan oxun nişana, bu taya dəyməməsi olduqca mənfi qiymətləndirilir, şəxsin qabiliyyətsizliyini əks etdirirdi. Odur ki, “oxu daşa dəymək”, “oxu boşa çıxmaq” tərkibləri “bəxti, taleyi gətirməmək” mənası kəsb etmişdir.
S.Rəhimovun “Şamo” romanında deyilir:”Qızların sevgi, məhəbbət oxları daşa dəydiyindən özləri burada ayrı-ayrılıqda, bircə-bircə eynən daşa dönüblər”.

Musa Adilov– Filologiya elmləri doktoru, professor
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.