Tarixdə bu gün

İlin 14-ci günü.

Mühülm hadisələr:

1994 — Bill Klinton ilə Boris Yeltsin nüvə silahların hər hansı bir ölkəyə hədəflənməsinə son qoyulması və Ukraynanın nüvə silah arsenalının yox edilməsi üzərində razılığa gəldilər.

Doğum günləri:

1910 — 1944/1950 – ci illərdə BDU-nun rektoru olmuş, tibb elmləri doktoru, professor Abdulla İsmayıl oğlu Qarayev Bakı şəhərində  anadan olmuşdur.
Abdulla İsmayıl oğlu Qarayev 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Pedaqoji fakültəsinin təbiət bölməsini bitirmişdir. Təhsilini başa vurduqdan universitetin “İnsan və heyvan fiziologiyası” kafedrasında əmək fəaliyyətinə başlamışdır. Professor P.Y.Rostovsevin rəhbərliyi altında çalışan A.Qarayev həyatını nəzəri və eksperimental fiziologiyanın inkişafına həsr etmişdir.
1932-1936-cı illərdə o, Azərbaycan Dövlət Tibb İnstitutunu müvəffəqiyyətlə bitirmiş, bir neçə illik gərgin elmi axtarışın qanunauyğun nəticəsi olaraq 1937-ci ildə iki mövzu üzrə müdafiə etmişdir. “Sulu karbonların əzələlərin potensiallarının mənşəyində əhəmiyyəti” mövzusunda yazdığı dissertasiya işi skelet əzələsində baş verən elektrik hadisələrində sulu karbonların (karbohidratların) rolunun mahiyyəti haqda yeni elmi nəzəriyyə idi. Bu fundamental əsərinə görə gənc alimə tibb elmləri namizədi alimlik dərəcəsi verilmiş, “Diafraqmanın fiziologiyasına dair” mövzusunda yazdığı ikinci dissertasiya işinə görə isə o, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
A.Qarayev 1938-ci ildə Kurortologiya və Fiziki Üsullarla Müalicə İnstitutu nəzdində yaradılan laboratoriyaya rəhbərlik edir. Laboratoriyada dünyada analoqu olmayan Naftalan neftinin, Azərbaycanın şəfaverici sularının (Badamlı, İstisu, Turşsu və s.) və dərman bitkilərindən hazırlanan preparatların insan orqanizminə müalicəvi təsirinin öyrənilməsi istiqamətində eksperimental və kliniki araşdırmalar aparılır.
Abdulla Qarayev 1940-cı ildə (30 yaşı olarkən) tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Bioelektrik hadisələrinin nəzəriyyəsinə dair” son dərəcə aktual dissertasiya işini müdafiə edir. Bu dissertasiya işi ilə A.Qarayev o zamanlar bioelektrik hadisələrinin mənşəyi haqqında mövcud olan nəzəriyyələri darmadağın edərək özünün son dərəcə orijinal nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyənin əsasında 1934-1935-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Ümumi və müqayisəli fiziologiya” laboratoriyasında subliminal, yəni aşağı qıcıq qapısından da aşağı (zəif) qıcıqların səbəb olduğu məhəlli oyanma və bu oyanmaların orqanizmin funksional vəziyyətinə təsiri barədə tədqiqatlar aparılır.
A.Qarayev 1942-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Tibb İnstitutunun “Normal fiziologiya” kafedrasında ikinci professor, Azərbaycan Dövlət Universitetində isə “İnsan və heyvan fiziologiyası” kafedrasının müdiri vəzifələrinə seçilir və fiziologiya sahəsində ilk milli professor olur.
8 dekabr 1968 -ci ildə 58 yaşında) vəfat etmişdir.

1911 —  Görkəmli riyaziyyatçı-alim, akademik, 1962-1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti olmuş Zahid İsmayıl oğlu Xəlilov Gürcüstün Respublikasının Bolnisi rayonu, Saraçlı kəndində anadan olmuşdur.
Tiflisdə orta məktəbi və Türk Pedoqoji Texnikumunu bitirdikdən sonra 1929-cu ildə Bakıda Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə daxil olmuş, 1930-1934-cü illərdə Universitet bağlandığına görə ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda başa vuraraq yenidən Tiflisə qayıtmış və Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda işləmişdir.
1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuş, 1940-cı il aprelin 22-də Tbilisi Dövlət Universitetində məşhur riyaziyyatçı, professor S. Berqmanın rəhbərliyi altında “Kleb məsələsi və onun ümumiləşməsi” mövzusunda dissertasiya müdafiə edərək Qafqaz türkləri arasında ikinci (İbrahim İbrahimovdan sonra) fizika-riyaziyyat elmləri namizədi — alimlik dərəcəsi alan şəxsdir .
1940-cı ildə onu Bakıya Azərbaycan Dövlət Universitetinə dəvət etmişlər. Beləliklə, o, ömrünü həmişəlik Azərbaycana   bağlamışdır.
1942-ci ildən SSRİ EA-nın Azərbaycan filialına keçmiş, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqda isə onu fizika və riyaziyyat sektorlarının rəhbəri təyin etmişlər. Z.Xəlilov 1946-cı ildə “Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi” mövzusunda dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru olmuşdur.
SSRİ-də ilk “Funksional analiz” dərsliyini də o yazmışdır (1949).
Z.Xəlilov 1950–ci ildə Riyaziyyat və Mexanika İnstitutunun direktoru təyin edilmiş, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Akademik Z.Xəlilov 1957-1959-cu illərdə Akademiyanın vitse-prezidenti, 1962-1967-ci illərdə isə prezidenti olmuşdur. 1967-ci ildən ömrünün sonuna qədər isə özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik etmişdir.
1974-cü il fevral ayının 4-də 63 yaşında vəfat etmişdir.

1923 —  Azərbaycanın Xalq artisti, Milli Dram Teatrının baş rejissoru olmuş görkəmli teatr rejissoru, aktyoru və pedaqoqu Tofiq Kazımov Bakıda anadan olub. 
Tofiq Kazımov 1951— 1952-ci illərdə Moskvada ali rejissorluq təhsili almışdır.
Sağlam yenilik və müasirlik ruhuna malik olan Tofiq Kazımovun Akademik Milli Dram teatrında baş rejissor kimi Şekspirin “Hamlet”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “Aydın”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” və s. əsərləri tamaşaya hazırlayıb.
Tofiq Kazımovun yaradıcılıq üslubunda dönüş kimi qiymətləndirilən “Sən həmişə mənimləsən” ilə Milli Dram Teatrında lirik-psixoloji janrın bünövrəsi qoyulub: reşissorun “Sən həmişə mənimləsən”dən sonra “Yalan” (1965), “Ölülər” (1966), “Sənsiz” (1967), “Hamlet”(1968) kimi dolğun tamaşaları səhnələşdirilmişdir.

1936 — Əməkdar jurnalist , ssenari müəllifi və kino redaktoru  Nadejda Vasili qızı İsmayılova Türkmənistanınnın Aşqabad şəhərində anadan olub.
1962-ci ildə ADU-nun Filoloqiya fakültəsini, 1974 –cü ildə isə Ümumittifaq Kinematoqrafiya İnstitutunun (Moskva)Ssenari və kinoşunas fakültəsini bitirib.
1985-1987-ci illərdə AzTV nin “Azərtelefilm” YB-də işləyib.
Nadejda Vasilyevna İsmayılova 1959-75-ci illərdə Azərbaycan Televiziyasında, 1975-86-cı illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, 1986-96-cı ilədək yenidən Azərbaycan Televiziyasında çalışıb.
Son illər müstəqil ssenarist-jurnalist kimi fəaliyyət göstərir. Onun ssenarisi əsasında 1980-ci ildə Gülbəniz Əzimzadənin çəkdiyi “Təkcə adanı özünlə apara bilməzsən” filmi bədii filmlərin beynəlxalq festivalında Qran-pri qazanıb. Bundan savayı “Asif,Vasif, Ağasif”, “Hər şey məhəbbətdən başlayır”, “Tələ” filmlərinin də ssenarisinin, “Milyonçu” kinoromanının müəllifidi.
“Dalğa”, “Həftə”, “Kuryer” (Az.Tv), “Yolayrıcı”, “Cəbhə xətti” (“İnternyus”) verilişlərinin müəllifi və aparıcısı olub.
1965 – Rus-Çeçen müharibəsinin iştirakçısı, Çeçenistanın əfsanəvi səhra komandiri Şamil Basayev 1965-ci il yanvarın 14-də Vedeno kəndində anadan olub. 10 iyul 2006-cı ildə 41 yaşında vəfat etmişdir.

 1957 —  Azərbaycanın Milli Qəhrəmanı Əliyar Yusif oğlu Əliyev Qubadlı rayonunda anadan olub.
1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.
Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir və Əliyar Əliyev həmin universitetdə iki il müəllim işləyir. Atasının ölümü ilə əlaqədar o, Qazyana qayıdır, qəsəbə orta məktəbində müəllim, “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətində rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon Şurasının sədri seçilib.
Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilir.
1988-ci ilin fevral ayında Xankəndidəki ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiyası başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Onun təşkil etdiyi tabor camaat arasında “Pəhləvanlar taboru” kimi da tanınırdı. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir. Sonradan isə taborun rəhbərliyi ona həvalə olunur.
Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları Xocalı soyqırımından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirmiş, Moskva və Yerevan KİV-ləri bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazmışdı. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilmişdi, Yerevanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və onun 3 döyüşçüsünə ölüm hökmü çıxarılmışdı.
1992-ci ilin aprel ayının 16-da “Qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik diversiya qrupu Lalazar körpüsünü partladıb Qubadlının sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsmək, strateji yüksəklikləri ələ keçirmək üçün hücuma keçmişdi. Kəşfiyyat məlumatları nəticəsində bundan xəbər tutan və onların yolunu gözləyən Əliyar Əliyev və döyüşçüləri onları mühasirəyə alaraq dəstəbaşıları da daxil, 11 düşmən əsgərini məhv etmiş, həmin meyitləri azərbaycanlı əsirlərə dəyişmişdilər.
1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri olmuşdu. 1992-ci ilin avqust ayında həyata keçirilən “Şurnuxu” əməliyyatında iştirak edib.
Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad etdi.
Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Həmin döyüşlərdə iştirak etmiş, I taborun tank əleyhinə taqım komandiri, baş leytenant, II qrup Qarabağ müharibəsi veteranı Füzuli Həsənovun qeyd edir:
“Əliyarın ölümü ilə bütün Qubadlı kədərə büründü, camaat ona 40 gün yas saxladı. Təbii ki, bu camaatın ona məhəbbətindən irəli gəlirdi. Çünki o, qubadlıların dirəyi, dayağı idi… Hamı onunla fəxr edirdi. Həmişə deyirdilər ki, Əliyar kimi oğlu olan oba basılmaz. Ölümünün qırxıncı günü rayon mərkəzində onun abidəsinin açılışı oldu.”
Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 nömrəli Fərmanı ilə Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Vəfat etmişdir:

1952 — Azərbaycannın mühacir şair Almas İldırım (tam adı: İldırım Almaszadə) Türkiyədə vəfat etmişdir .
Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olmuşdur. Azərbaycanda sovet
hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə mənsubluğu onu sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilmişdir.
1930-cu ildə Bakıya qayıdıb “Dağlar səslənərkən” şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o,  Türkmənistana sürgün edilir.
1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üçaylıq körpəsi Azəri də götürərək bir qaçaq dəvə karvanına qoşulub İrana  keçmək istəyir.
O, sərhəd gözətçilərinin və kömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İran torpağına çatırlar. Amma orada Almas İldırım dərhal həbs olunur. 25 gün dustaqda qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür.
Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. 1934-cü ildə Almas İldırım Türkiyə vətəndaşlığına qəbul edildi. Almas İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif ölkələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışmışdır. 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olmuşdur.
Bakının Şüvəlan kəndində, Almas İldırımın adını daşıyan küçə vardır.
1991-cü ildə şairin oğlu Azərbaycana baş çəkərkən qəflətən vəfat edir və Abşeronun Şüvəlan kəndində dəfn olunur.
Vətən həsrəti, qəribliyin hüznü Almas İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı ahəngini təşkil edir. Almas İldırım milliyətçi və istiqlalçı bir şair olaraq tanınmışdır. Yazdığı şeirlər “Boğulmayan səs” adı altında çap olunmuşdur. Bundan başqa, “Azərbaycan mahnıları” adlı kitabı da var.

1993—Azərbaycanın Milli Qəhrəmanı Elman Süleyman oğlu Hüseynov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdir. 1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988-1990-cı illərdə Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. Dəfələrlə rayon sovetinə deputat seçilmişdir.
1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq, könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər Ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunmuşdur. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak etmişdir. Şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilmişdir.
Döyüşlərdə iki dəfə yaralanmışdır. 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
1995-ci il yanvarın 15-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra Elman Süleyman oğlu Hüseynova Azərbaycan Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına küçə və muzey  var.
Tərtər rayonunda qəhrəmanın büstü qoyulub.

1999 — Azərbaycanın Xalq artisti, teatr və kino aktrisası Barat Həbib qızı Şəkinskaya vəfat etmişdir.
Barat Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində anadan olub.
Yaradıcılığının əsas dövrü 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrı ilə bağlı olub. Barat Şəkinskaya həm də Azərbaycanın ilk travisti – oğlan rolları oynayan aktrisası olub. Onun Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazları yüksək bədii-estetik məziyyətləri ilə Azərbaycan teatrı tarixinə yazılıb. Aktrisa Moris Meterlinqin “Göy quş” (Tiltil), Şekspirin “Kral Lir” (Kardeliya), “Romeo va Cülyetta” (Cülyetta), “Otello” (Dezdemona), “On ikinci gecə” (Viola),”Polad qartal”,(Şəfiqə),Şillerin “Məkr və məhəbbət” (Luiza), Karlo Haldoninin “Mehmanxana sahibəsi” (Mirandalina), Lope de Veqanın “Rəqs müəllimi” (Florela), Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər” (Kruçinina) pyeslərinin tamaşalarında əsas rolların ifaçısı olub.
Barat Şəkinskaya Azərbaycanın bir sıra məşhur, dillər əzbəri olan filmlərində maraqlı obrazlar canlandırıb. “Görüş” (1955), “O olmasın, bu olsun” (1956), “Qızmar günəş altında” (1957), “Kölgələr sürünür” (1958), “Qəribə əhvalat” (1960), “Telefonçu qız” (1962), “Azəri teatrının ustaları” (1966), “Evin kişisi (1978), “Onun bəlalı sevgisi” (1980), “Üzeyir ömrü” (1981) filmlərində Barat xanımın oynadığı rollar film tariximizin qiymətli incilərindəndir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!