Azərbaycan Respublikasının Baş Prokurorluğuna təkrar Müraciət

Baş redaktordan



Müraciət edən:
Akif Əhmədov
Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsi 49
Əlaqə: 050 324 71 25
E-mail: dilrubi@mail.ru

Hörmətli Baş Prokurorluq!

Vətəndaş müraciəti, sadəcə, şəxsi şikayət deyil, cəmiyyətin və dövlətin sağlamlığı naminə verilən ictimai siqnaldır. Hər bir müraciət qanun pozuntularını, təhlükə mənbələrini və idarəetmədəki boşluqları üzə çıxarmağa xidmət edir. Ona laqeyd yanaşmaq təkcə vətəndaşın deyil, dövlət maraqlarının da zərər görməsi deməkdir. Müraciətə baxılmaması problemləri dərinləşdirir, etimadı sarsıdır və məsuliyyətsizliyi normaya çevirir, laqeydlik və məsuliyyətsizlik institutlaşır. Halbuki, vaxtında reaksiya verilən bir müraciət böyük fəsadların qarşısını ala bilər. Dövlət-vətəndaş münasibətlərinin sağlamlığı məhz bu həssas yanaşmadan başlayır.
Xətai rayonu, General Ə.Şıxlinski küçəsi 47, 49 və 51 №li binalarıda yaşayan sakinlər müxtəlif vaxtlarda bu ərazidə mövcud olan problemlər barəsində aidiyyəti qurumlara müraciət etmişdir.
Təəssüflər olsun ki, məktublarımız hər dəfə başdan edilmiş, ya da əsaslandırılmamış cavablar verilmişdir. Yəni, bütün hallarda bizim müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa, hörmətli Prezidentimizin tövsiyə və etik görüşlərinə uyğun olmayan formada yanaşılmışdır.


General Ə.Şıxlinski küçəsi 47, 49 və 51 №li binalarıda yaşayan sakinlər aidiyyəti qurumlardan nə istəyirlər:

1. Yaşadığımız binaların əhatəsində 26 ədəd təhlükəli ağac vardır. Bu ağaclardan 1-i alça, 1-i tut, 1-i göyrüş, 2-si şam və 10-u qovaq olmaqla 15 ağac budanmalı; 7-si qovaq, 1-i heyva, 3-ü şam olmaqla 11 ağac isə yeraltı və yerüstü inkişaf baxımından quruduqları üçün tamam kəsilib götürülməlidir.



2. 49 №li binanın qarşısında 2021-ci ilə qədər mövcud olmuş köhnə elektrik dirəklərini ləğv edib, 8 elektrik dirəyi üçün beton özül tökdülər. Amma üstündən 4 il keçir, beton özüllər isə səkinin üstündə yarımçıq şəkildə qalmaqdadır. Küçə axşamlar həm qaranlığa qərq olur, həm də yarımçıq özüllər səkinin üstündə hərəkət edən sakinlərin hərəkət etməsinə təhlükə yaradır.


Sakinlər istəyir ki, ərazidəki təhlükəli ağaclarla bağlı təxirəsalınmaz tədbirlər görülsün. Onların yaşadığı ərazilərdə saymaqla bitməyən irigövdəli, qollu-budaqlı xəstə və qoca ağaclar var ki, onlar heç vaxt qulluq görməyib və yaxud səhv baxım texnikası nəticəsində gözəllik deyil, vahimə yaradan
təhlükə mənbəyinə çevriliblər.
Bakıda hər yerdə qarşımıza küləyin təsirindən “belləri bükülmüş” ağaclar çıxır. Bəlkə də bütün binaların qarşısında və yaxud ətrafında belə ağaclar var. Ağac köklərinin torpağın qatlarına işləyib gövdə tutmasına, fiziki təsirlərə davam gətirib ayaq üstə durmağı bacarmasına qədər onların ətrafında qoruyucu yedəklər basdırılmalıdır.Onların sağlam böyüməsini və estetik görünməsini təmin etmək üçün mütəmadi olaraq sanitar kəsim aparılmalıdır. Bu isə tapşırılıb yerli icra orqanlarına, Bakl Yaşıllaşdırma Təsərrüfatı birliyinə və ərazi üzrə bələdiyyələrə. Onlar isə öz vəzifələrinə məsuliyyətsiz yanaşırlar. Xətai rayonunda elə yerlər var ki, oradakı ekoloji vəziyyətdən nə Yaşıllaşdırma Təsərrüfatı birliyinin ərazi üzrə xidmət sahəsinin, nə də Xətai Rayon bələdiyyəsinin heç xəbərləri də yoxdur.
Vətəndaşların da ali orqanlara və ali şəxslərə üz tutmasının səbəbi də bütün bu təhlükələrə göz yumulmasıdır.
Mən bu ərazidə yaşayan və kollektiv müraciətlərə imza atmış bir şəxs , həm də müstəqil jurnalist kimi, bu müraciətlərə məhəl qoyulmaması səbəbindən 1 dekabr 3025-cii tarixdə Respublika Baş Purokurorluğuna müraciət etmişəm.
Respublika Baş Purokurorluğuna etdiyimiz müraciət 8 dekabr 2024-cü il tarixində baxılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Üstündən 19 gün keçəndən sonra – 27 dekabr tarixində Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri əraziyə gəldilər və cəmi 9 ağacı budayıb getdilər. 6 budanmalı, 11 tamam götürülməli ağac isə yenə əvvəlki kimi, təhlükəli vəziyyətdə qalmaqda davam edir. Mən kəsilməli ağacları bir-bir onlara göstərsəm də, məhəl qoylmadı. Dedilər ki, “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan heç bir ağacı kəsmək olmaz”. Beləliklə, ağac təhlükələri tam aradan qaldlrılmadı, yarımçıq qoyulmuş elektrik dirəkləri barədə heç söhbət də olmadı. Onda belə çıxır ki, Bakı Şəhər İcra Hakimiyyətində bizim müraciətimizi, orada göstərilən problemləri heç əməlli-başlı gözdən keçirməyblər. Axı biz təkcə təhlükəli ağaclar barədə müraciət etməmişdik. Bu necə yanaşmadır belə? Bir də bu problem Yaşıllaşdırma Təsərrüfatı Birliyinin görəcəyi iş də deyil axı.
Bütün rayonlarda olduğu kimi, Xətai rayonunda da hər ay qrafik üzrə ərazilərdə səyyar iclas keçirilir və iclasın nəticələri İcra Hakimiyyətinin rəsmi elektron səhifəsində dərc olunur. Bu, bir növ, məlumat paylaşan qurumların ali dövlət qurumlarına, cəmiyyətə insanların sosial problemlərinin həlli ilə bağlı görülmüş işlər haqqında verdiyi arayış deməkdir. Həmin arayışlardan belə məlum olur ki, səyyar iclaslarda guya məmurlar vətəndaşlara və onların problemlərinə diqqət və həssaslıqla yanaşırlar. Guya bütün məsələlər elə iclasdaca həll olunur, bəzi problemlərin həlli üçün isə aidiyyəti qurumlara göstəriş verilir. Amma biz 4 ildir müraciət etmədiyimiz təşkilat qalmayıb, problemlər həll edilmir ki edilmir.
Biz bir neçə dəfə Xətai Rayon İcra Hakimiyyətinə də, Bakı şəhər İcra hakimiyyətinə də müraciət etmişik. Amma bu qurumlardan bir-birini təkzib edən cavablar veriblər. Xətai Bələdiyyəsi zərrəcə cavabdehlik hiss etmir. Halbuki, bunlar sırf bələdiyyələrin qayğılarıdır. Ümumiyyətlə, bizim ərazidə dövlət başçısının məmur – xalq əlaqələri haqqında tövsiyələrinə əməl olunmur. Cənab Prezidentin tövsiyəsi, qanunlarımızın humanizmi qalır bir tərəfdə, məmurlar bu tövsiyə və humanizmə öz bildikləri kimi “formirovka” verirlər.
Respublika Baş Prokurorluğundan Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmiş yönləndirilmədə açıq şəkildə araşdırmanın “nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi xahiş olunur.”
Bu o deməkdir ki, məsələ araşdırılmalı, görülən işlər qiymətləndirilməli və nəticə barədə bizə ısaslandırılmış yazılı cavab göndərilməlidir. Amma Respublika Rrokurorluğunun göndərişini icraata götürmüş məmurlar vətəndaş müraciətlərinin qeydiyyata alınması, icraata verilməsi, cavablandırılması kimi vəzifələri olduğunu,deyəsən, unudublar.
Həyətimizdəki ağacların budanmaması, qurumuş ağacların götürülməməsi ilə bağlı Dövlət Ekspertiza Agentliyinin, Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, İcra Hakimiyyətinin mövqeyi, ümumiyyətlə, başa düşülən deyil .
Onlar deyirlər ki, vətəndaş yerli qurumlara müraciət etməli, Ekologiya Nazirliyi rəy verməlidir. Əgər vətəndaşlar müraciət etməsələr, xidmət qurumlarının məmurları kabinetlərindən bayıra çıxmamalıdır?
ETSN Dövlət Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovun kütləvi informasiya vasitələrindən birinə verdiyi rəsmi açıqlamasına görə, vətəndaşın ağacların kəsilməsi ilə bağlı müraciəti hüquqi şərt sayılmır. Ağacların yerləşdiyi əraziyə cavabdeh olan qurumlar ağacların vəziyyətinə nəzarət etməli və ildə azı iki dəfə inventarizasiya aparmalıdırlar. Bu, onların birbaşa funksional vəzifəsidir. (Mənbə: https://bizim.media/az/multimedia/155346/ -– 16.09.2023-ci il).
Ekologiya Nazirliyinin Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun və kadastrının aparılması Qaydası”na əsasən, yaşıllıqların vəziyyəti barədə məlumatlar hər il ümumiləşdirilərək ETSN-yə təqdim edilməlidir. Qəzalı, qurumuş və təhlükə yaradan ağacların uçota alınmaması və ya bu faktın nəzərə alınmaması qanun pozuntusu hesab olunur və məsuliyyət yaradır.

ETSN Dövlət Ekspertiza İdarəsinin 2011-ci ildən tətbiq etdiyi praktika və rəsmi məlumatlara əsasən, Bakı şəhərində yaşı ötmüş, qəzalı, təhlükə yaradan, xüsusilə qovaq cinsli ağacların kəsilməsinə etiraz etmir. Qurum bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə xüsusi arayış verib. Həmin sənədə əsasən, paytaxtdakı qurumuş qovaqlar əlavə rəy alınmadan kəsilə bilər.
(Mənbə: https://yenisabah.az/bakida-bu-agaclarin-ekilmesi-qadagan-olundu”).
Deməli, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin də, Xətai bələdiyyəsinin də “rəy lazımdır” bəhanəsi əsassızdır və süni maneə xarakteri daşıyır.
Bu qurumlar Yaşıllıqların budanması və təhlükəli ağacların götürülməsi ilə bağlı mətbuatda bir cürə münasibət bildirirlər, funksional öhdəliklərini görməyə gələndə isə tam fərqli yanaşma sərgiləyirlər. Bildirirəm ki, aidiyyəti qurumların belə mövqeyi qanunvericiliyin tələblərinə və rəsmi dövlət mövqelərinə ziddir.
Arqumentlərə diqqət edək:

I arqument:
Bu, ETSN Dövlət Ekspertiza İdarəsinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovun mövqeyidir. Bu mövqe həm də rəsmi dövlət mövqeidir və çox önəmlidir.
Bu mövqenin vurğuladığı Hüquqi nəticəyə görə:

1.Vətəndaşın müraciəti şərt deyil;
2. Mülkiyyətçi / əraziyə cavabdeh qurumlar ağacların vəziyyətinə nəzarət etməlidirlər;
3. Yaşıllığın taleyi tapşırılmış qurumların ərazilərdə ildə azı 2 dəfə inventarizasiya aparmaq funksional öhdəliyidir.
Deməli, “Ekologiya Nazirliyinin rəyi olmadan kəsə bilmərik” arqumenti əsassızdır. Heç bir cavabdeh qurum öz öhdəliyini vətəndaşın üzərinə ata bilməz.
Bütün bu yanaşmalarda vəzifə səhlənkarlığı əlamətləri vardır.

II arqument: (Nazirlər Kabinetinin Qaydası)

Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun və kadastrının aparılması Qaydası” artıq normativ hüquqi aktdır — mübahisəsiz hüquqdur.
Həmin qaydaya görə :
— Yaşıllıqlar uçota alınmalıdır;
— Hər il hesabat hazırlanmalı və ETSN-yə təqdim edilməlidir;
Diqqət: Əgər məlumat verilməzsə və ya təhrif olunarsa, inzibati məsuliyyət yaranır. Yəni, əgər ağaclar qəzalıdırsa, quruyubsa,yerüstü və yeraltı inkişafdan qalıbsa, amma kadastrda belə göstərilməyibsə və yaxud düzgün göstərilməyibsə, təhlükə nəzərə alınmayıbsa,deməli, qanun pozulub.

Bu arqument özündə :
– İcra hakimiyyətinin və bələdiyyənin hesabatlılıq borcunu ehtiva edir ;
– Məsuliyyətdən yayınmanı isə qanun pozuntusu kimi göstərir.

III arqument – (ETSN-nin öz təcrübəsi)

Bu arqument ən ciddi arqumentdir. “Rəy lazımdır” bəhanəsi, sadəcə, süni maneədir.
Çünki ETSN özü deyir ki, Bakı şəhərində yaşı ötmüş, qəzalı, təhlükə yaradan qovaq ağacları əlavə rəy olmadan kəsilə bilər. Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə qovaq ağaclarının rəy olmadan kəsilməsinə icazə ( xüsusi arayış) verib.
Burada həm də idarəetmə səriştəsizliyi var, yerlərdə idarə strukturları arasında koordinasiya yoxdur: aşağı qurumlar yuxarı təşkilatların sərəncam və göstərişlərindən xəbərlərsizdir.

Elektrik dirəkləri – ayrıca ciddi pozuntudur

Elektrik dirəkləri ilə bağlı ən yüksək səviyyədə müraciətlər olub. Gah deyiblər ki, guya dirəklərin pulu da ödənilib, hazır olan kimi gətirib qoyacaqlar, gah da deyiblər ki, qonşu məhəllələrdə abadlaşdırılma işləri gedir, işlərini qurtaranda gəlib bu dirəkləri də qoyacaqlar. Beləcə, bəhanələrlə müddəti 4 il uzada biliblər. Bu, eyni zamanda məsuliyyətdən yayınma kimi də qiymətləndirilə bilər.
Bu isə yerli icra orqanının Baki Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsi ilə birgə məsuliyyətidir.
Təqdim etdiyimiz iki mövcud təhlükəli vəziyyət nəticəsində baş verə biləcək hər hansı bədbəxt hadisəyə görə aidiyyəti üzrə cavabdeh qurumlar öz üzərində məsuliyyət hiss etməlidirlər.

Yuxarıda göstərilənləri nəzərə alaraq:
1. Aidiyyəti qurumların hərəkətsizliyi və qanunvericiliyin tələblərinə əməl etməməsi faktlarının prokuror nəzarəti qaydasında araşdırılmasını;

2. Təhlükə yaradan ağaclar və elektrik dirəkləri ilə bağlı real və təxirəsalınmaz tədbirlərin görülməsi üçün icra hakimiyyətinə təsir tədbirlərinin tətbiq edilməsini və araşdırılmanın nəticələri və görülmüş tədbirlər barədə bizə əsaslandırılmış yazılı cavab verilməsini xahiş edirik .

Hörmətlə,
Akif Əhmədov
Tarix: _14__ / _yanvar__ / 2026