Göz dəymək //Gözə gəlmək

Dilimiz varlığımızdır

Dilimizdə qədim tarixi olan bu ifadələr qədim xurafatla əlaqədardır. Bir sır xalqlarda “pis göz” ilə bağlı olan xurafat ge niş yayılmışdır. “Pis göz” ifadəsinə M.Ə.Sabirin şeirlərində rast
gəlirik. Şairin “Mahi-Rəməzandır” şeirində deyilir:
Sail, qapıdan baxma, bizə pis göz atarsan!
Çox qanqıma, durram, elə vurram ki, batarsan!…


Qədim insanların fikrincə bizim bu maddi, təbii dünyamızdan əlavə bir də təbiətdən xaricdə, real olmayan aləm də var imiş. Bu mövhumi aləmdə ölülərin ruhları, cinlər, pərilər yaşayırmış. Guya bəzi adamların, xüsusilə cadugərlərin gözündə pis ruhlar yerləşdiyindən onların baxışı, nəzəri çox zərərlidir. Eramızdan əvvəl I minillikdə Şərqdə hər cür kosmetika dəbdən dümüşdü. Halbuki bu dövrə qədər insanlar kosmetikadan həm bəzək üçün, həm də müəyyən kultu icra məqsədi ilə istifadə edirdilər. İnsan özünü fərqləndirməyə, allahlara oxşatmağa çalışırdı ki , hər cür bəladan, fəlakətdən qoruna bilsin. Gözü əzilmiş, toz halına salınmış yaşıl malaxit ilə rəngləyirdilər. Güman edirdilər ki, belə rənglənmiş göz bəlanın qarşısını ala bilər.
Son tədqiqatlardan məlumdur ki, hələ eramızdan beş min il əvvəl qədim Şumerdə gözə sürmə çəkmə adəti olmuşdur. Bu inam M.P.Vaqifin aşağıdakı beytində ifadə edilir:
Mən sevmişəm ala gözün sürməsin,
Bəd nəzər kəsibən ziyan verməsin.

Buradan bəla gətirən göz (bəd nəzər, pis göz) anlayışı yaranmışdı. Deməli, əslində bəlanın qarşısını alan göz anlayışı sonralar özünə tam zidd bir məna kəsb etməyə başlamışdır. Qədim yunanlar çini qablara bəzək kimi iri göz şəkilləri çəkirdilər.
Güman edilirdi ki, bu göz şəkli o qabdan istifadə edəni bəladan (zəhərlənməkdən, məst olmaqdan və s.) qoruyacaqdır. (Dilimizdə gözətləmək, göz olmaq, göz qoymaq, gözdə-qulaqda olmaq və s. vahidlərdə bu məna hiss edilir). Hələ “Avesta”da göstərilir ki, bəzi adamlar pis göz sahibləridir və onların gözləri xəstəlik gətirir. Bu inam bir çox xalqlarda da vardır. Guya nəinki insanın, habelə ilanın, şirin, pi
şiyin, itin də gözləri bədbəxtlik, bəla gətirmə qabiliyyətinə malikdir. İndi də bir çox xalqlar inanırlar ki, gözdəymədən adamlar və heyvanlar xəstələnir, ağaclar, güllər quruyur və s.
Bir çox xalqlarda uşağı bəd nəzrdən qorumaq üçün boynundan həmail asır, paltarlarına gözmuncuğu tikirlər və s. Bədnəzərə qarşı xalq üzərlik tüstüsündən, sarı tikandan istifadə edir,gözə gəlməmək üçün yanını qaşıyanlar da tapılır.
Qədim Romada uşağı pis gözdən, bəd nəzərdən qoruyan xüsusi ilahə var idi.
1958-ci ildə ABŞ-da professor E.Cifford “Bəd nəzər” kitabını nəşr edib, burada çoxlu faktik material gətirmişdir. O göstərir ki, bəd nəzərə, göz dəyməyə inam ən qədim dövrlərdən Suriya, Fələstin, Roma, Yunanıstan ölkələrində intişar tapmışdı.
Müasir dünyada İtaliya, Fransa, İspaniya, Almaniya, Hollandiya.Polşa, Norveç, Danimarka, Şotlandiya, İrlandiya, İran, Zaqafqaziya, Cənubi Rusiya, Yunanıstan, Macarıstan, Mərakeş, Həbəşistan, ABŞ, İngiltərə və Cənubi Hindistana yayılmışdır. E.Cifforda görə, gözdəyməyə inam bərbəriyyət dövründən qalma bir inamdır.
M.F.Axundovun “Kəmalüddövlə məktubları”nda deyilir:”İbn Xəldunun işarət etdiyi kimi, ərəblərin vəhşilik əlamətlərindən bəzisi budur ki, onlar sehrə, caduya, gözdəyməyə…inanırlar. Bu halət Afrika, Amerika və Avstraliya vəhşiləri arasında da görünür. İslam peyğəmbəri onların vəhşiliyini cahiliyyət adlandırmışdır”.
Hindistanda çox yayılan bir inama görə bəd nəzər sahibi kimə baxsa, o şəxs hökmən arıqlayıb öləcəkdir.
Professor Sübhi Bəktaşi məşhur “Şah” adlı almazdan bəhs edərkən yazır:”Almaz ona sahib ollan hakimin taxtının qabaq tərəfindən qızıl zəncirlə asılarmış. Guya o, hökmdarı pis gözdən qoruyarmış. Yeni torpaqların işğalı üçün səfərə çıxarkən hökmdarlar almazı qılınclarının dəstəyinə bənd edir, yaxud boyunlarından asırlarmış. Bu, məğlubiyyət və yaralardan qorunmaq üçündür. Belə göz daşlarına ərəblər, hindlilər və farslar dərin inam bəsləyiblər”.
İtaliyada bəd nəzər sahiblərini xüsusi gözlükdə gəzməyə məcbur edirlər.
Tədqiqat göstərmişdir ki, ABŞ-da universitet tələbələrinin 70-90 faizi bəd nəzərə inanır. Çikaqo radiostansiyası məşhur bədnəzər Finkel haqqında geniş veriliş təşkil etmişdir. Finkel xüsusilə idmançılar arasında geniş şöhrət qazanmışdır. Guya Finkel hansı idmançıya baxarsa, o mütləq uduzacaqdır. Əslində, gözün müsbət və ya mənfi xasiyyəti yoxdur.
Bədnəzərə inam insanlara çox böyük zərər vurur.
A.Şaiqin “Xatirələrim” əsərində deyilir:
“Qəmər xala dərdli-dərdli cavab verdi: – Ər-arvad səninlə Səfi dayı kimi olar. Bir-birinizə can de
yib, can eşidirsiniz. Anam gülə-gülə dedi: –Qəmər bacı, sən allah, elə demə, gözün dəyər”.
İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanında deyilir: “Sizdən nə gizlədim, mən göz dəymək əhvalatına inanıram. Bunun üçün neçə dəfə Valeh mənə mövhumatçı deyib.
Yox, mən özüm bədnəzər olmasam da, göz dəyməkdən qorxuram. Bir dəfə tikintidə gülməli bir iş oldu. Gülübəyim xala öz kəndlərində olan bədnəzər Şamxaldan danışıb onun kənddəki bir atı necə nəzərlədiyini nağıl edirdi. Dedim ki, mən də bədnəzərdən qorxuram. Güllübəyim xala bilirdi ki, dünyada mənim Valehdən əziz adamım yoxdur, demək, əgər bədnəzərdən qorxuramsa, ancaq Valehə görə qorxuram. Ona görə də mənə bir göz muncuğu verib dedi: Bunu tik oğlanın paltarının bir yerinə. Mən də fikirləşdim ki, paltarına tikmək yaxşı deyil. Ona görə də sapa keçirib istədim medalyon kimi köynəyinin altından salım boynuna…”

Musa Adilov – Filologiya elmləri doktoru, professor

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.