Tarixdə bu gün
İlin 19-cu günü
Mühüm hadisələr
1920— Fətəli xan Xoyski Rusiya Federasiyası Xarici İşlər Naziri Çiçerinə verdiyi cavabda göstərib: “Azərbaycan Respublikası Sovet Rusiyasının daxili işlərinə qarışmır və bu məsələdə bitərəfdir”.
1924 —Azərbaycan SSR Xalq Komissarları Soveti ən zəruri mallar olan neftin, şəkərin, parçanın, şüşənin və s. ucuzlaşdırılması barədə qərar verib.

1990— Yanvarın 18-dən 19-na keçən gecə Cəlilabad və Biləsuvar rayonlarında Sovet-İran sərhədi qurğularının dağıdılmasının ardından minlərlə insan qohumlarını tapmaq üçün cənuba keçib.
Naxçıvan MSSR Ali Soveti Muxtar Respublikanın SSRİ tərkibindən çıxması barədə qərar qəbul edib.
Həmin gün saat:
– 19.27 — də xalqa məlumat verilməsini əngəlləmək üçün Azərbaycan Televiziyasının enerji bloku partladılıb;
– saat 20.00—da isə SSRİ Ali Soveti 20 yanvar saat 00.00 dəqiqədən Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə qərar verib;
– saat 23.00 — da Sovet qoşun hissələri Türkan-Qala istiqamətindən Bakı üzərinə hücuma başlayıb.
1993— Azərbaycan Respublikası Qırğızıstan ilə diplomatik əlaqələr qurmuşdur.
2009— Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası Gürcüstanda Azərbaycan dilinə dövlət dili statusu verilməsi tələbi irəli sürüb.
Doğum günləri:

1873 – Azərbaycanın ilk maarifçi qadınlarından biri, yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Əhmədbəy qızı Məmmədquluzadə-Cavanşir Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub.
Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, “Molla Nəsrəddin”in isə xeyirxah himayədarı olmuşdur.
Tarix Həmidə xanım Cavanşir-Məmmədquluzadəni böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının problemlərini həll etmişdir. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alır.
Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırlayırdı: “Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim”. Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında isə Azərbaycan ziyalılığının baş tacı olan Üzeyir bəy Hacıbəyli xüsusi məqalə yazmışdır. Məqalə bu sözlərlə bitirdi: “Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi”. Bu hadisə Həmidə xanım Cavanşir-Məmmədquluzadənin vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktdan yalnız biridir.
Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır.
1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.

1965— Azərbaycanın Milli Qəhrəmanı Şamoy Məhyəddin oğlu Çobanov Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur.
1982-ci ildə 1 saylı Qazax şəhər orta məktəbini bitirdikdən sonra avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır. Şamoy Çobanov 1983-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılır. O, 1985-ci ildə ordudan tərxis olunaraq doğma yurdu Qazax şəhərinə dönür. Əvvəllər işlədiyi müəssisədə işini davam etdirir.
O, 1989-cu ildə Qazax Rayon Polis Şöbəsinə işə qəbul olunur. O zamanlar erməni yaraqlılarının Xeyrimli, Yuxarı Əskipara, Bağanis, Ayrım kəndlərinə hücumları ara vermirdi. Şamoy bu kəndlərdə əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə öz polis yoldaşları ilə birgə postlar qurmuşdu. Cəsur polis işçisi tez-tez erməni yaraqlıları ilə üzbəüz gəlirdi. O, erməni quldurlarına öz çirkin əməllərini həyata keçirməyə imkan vermirdi.
1990-cı il. Avqustun 19-u… Yuxarı Əskipara kəndinə gedən avtobusu Şamoy müşayiət edirdi. Kəndin yaxınlığındakı “Qanlı dərə” deyilən yerdə erməni silahlıları gözlənilmədən avtobusa hücum edirlər. Şamoy cəld avtobusdan yerə atılır. Qanlı döyüş başlayır. Düşmən geri oturdulsa da, sərnişinlərdən yaralanan və ölənlər də var idi.
Həmin döyüşdə vətənpərvər polis əməkdaşı Şamoy Çobanov da qəhrəmacasına əbədiyyətə qovuşdu.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Çobanov Şamoy Məhyəddin oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Ağköynək kəndində dəfn edilmişdir.
Ağköynək kənd məktəbi onun adını daşıyır.
Vəfat etmişdir:

1980 — Azərbaycan Xalq Cümhuriyyətinin Rəfibəylilər ailəsinə mənsub olan polkovnik-leytenantı, Türk Silahlı Qüvvələrinin generalı Səməd bəy vəfat etmişdir. O, türk ordusunda general rütbəsinə yüksəlmiş ilk azərbaycanlıdır.
Səməd bəy Məşədi bəy oğlu 1892-ci ildə Gəncə şəhərinin Balabağman qəsəbəsində anadan olub. 1916-cı ildə Tiflis kadet korpusunu bitirən Səməd bəy hərbi xidmətə 7-ci Qafqaz sərhəd alayında başlayıb. 1917-ci ilin delabrında Əlahiddə Müsəlman Korpusu (1918-ci ilin iyunundan Əlahiddə Azərbaycan Korpusu) yaradıldı. O, 1918-ci ilin yanvarında yeni yaranan Müsəlman korpusunun 1-ci Bakı atıcı alayında bölük komandiri kimi bolşevik-daşnak dəstələrinə qarşı vuruşub.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordumuzun tərkibində özünü çox istedadlı və peşəkar hərbçi kimi göstərib. Poruçik Səməd bəy hələ 1918-ci il iyulun 2-də əla xidmətinə görə ştabs-kapitan rütbəsinə layiq görülüb. Avqust ayında Nuru paşanın təqdimatı ilə Azəbaycan dəmiryollarına müvəqqəti olaraq komissar olaraq təyin edilib.
Mudros atəşkəs müqaviləsindən sonra Osmanlı qoşunu Azərbaycanı tərk etməyə başladı. 1 noyabr tarixli AXC Nazirlər Şurası qərarı ilə Hərb nazirliyi yaradıldı və ordunun yenidən təşkilinə başlanıldı. Səməd bəy 1919-cu ilin 3 fevral tarixində I piyada diviziyasının qərərgahına, bir müddət sonra Cavanşir qəzasında yerləşən I piyada diviziyasının III taboruna komandan təyin edildi.
1 dekabr 1919-cu ildə Rəfibəyli VII Şirvan piyada alayının müvəqqəti komandanı əyin edildi. 25 yanvar 1920-ci ildə polkovnik-leytenant rütbəsinə yüksəldildi və I Cavanşir piyada alayının komandanı təyin edildi.
1920-ci ilin martında Qarabağdakı ermənilər üsyan qaldırdılar. Polkovnik-leytenanr Rəfibəylinin bölməsi üsyanın yatırılmasında Azərbaycan ordusunun tərkibində uğurlu iştirak etdilər. Azərbaycan ordusunun əməliyyat komandanı olan general Həbib bəy Səlimovun general Əliağa Şxlınskiyə ünvanlanmış raportuna görə, Səməd bəyin 4 günlük Keşişkənd əməliyyatında özünü yaxşı cəhətdən göstərə bilmişdir. 1920-ci ilin aprelində Azərbaycanın bolşevik ordusu tərəfindən işğal edilməsindən sonra Səməd bəy bolşeviklərə qarşı olan Gəncə üsyanında iştirak etmişdir. Üsyan yatırıldıqdan sonra bir qrupla birlikdə Türkiyəyə getmişdir.
Türkiyəyə getdikdən sonra onun ordusunda xidmətə etməyə başlamışdır. Bu zaman Anadoludakı türk zabitləri işğalçı qüvvələrə qarşı istiqlaliyyət müharibəsi aparmaqda idilər. 1 iyul 1920-ci ildə İstiqlaliyyət müharibəsinin Şərq cəbhəsinin Azərbaycan alayının komandanı təyin edilən Səməd bəy ermənilərlə aparılmış Qars və Sarıqamış əməliyyatlarında iştirak etmişdir. O, həmçinin İraq cəbhəsində də döyüşmüşdür. 1921-ci ilin martından XXəsrin 60-cı illərinə qədər Türk Silahlı Qüvvələrində ləyaqətlə xidmət etmiş Səməd bəy Rəfibəyli Türkiyənin birinci dərəcəli “İstiqlaliyyət” medalı ilə təltif olunub. Səməd bəy Türkiyədə general hərbi rütbəsinə layiq görülən ilk azərbaycanlıdır. Hərbi xidmətinin sonlarında Ədirnə və Qarsdakı Türkiyə qoşunlarının komandanı vəzifəsinə yüksələn Səməd bəy Rəfibəyli 1980-ci il yanvarın 19-da ömrünün 88-ci ilində İstanbulda vəfat edib və orada da dəfn olunub.

1990 — Azərbaycanın Milli Qəhrəmanı Məhərrəm Mirəziz oğlu Seyidov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
7 sentyabr 1952-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1969-cu ildə burada N.Nərimanov adına orta məktəbi bitirmişdir. Məhərrəm Bakı Xüsusi Milis Məktəbini də bitirmişdi. 1969-cu ildə buradakı N.Nərimanov adına orta məktəbi bitirmişdir. Hərbi xidmətini Xerson şəhərində başa vurduqdan sonra, əmək fəaliyyətinə Daxili İşlər Orqanlarında başlamışdır. 1980-ci ildə Moskva Olimpiadasında ictimai asayişin mühafizəsində fərqləndiyinə görə mükafatlandırılmışdır. Bakı Xüsusi Orta Milis Məktəbini (indiki Polis Akademiyası) bitirmişdir. Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışırdı.
1990-cı ildə Sədərək rayonu da başqa rayonlar kimi erməni yaraqlılarının hücumlarına məruz qalırdı. 18 yanvar 1990-cı il ermənilər Kərki kəndinə hücum edərək evləri yandırır, silahsız günahı olmayan dinc sakinləri min bir vəhşiliklərlə qətlə yetirirdilər. Şərur rayon Daxili İşlər Şöbəsi məlumatı alan kimi polis işçilərini hadisə yerinə göndərir. Qanlı döyüşlərdə hər iki tərəfdən xeyli ölən və yaralananlar var idi. 19 yanvar polis kapitanı Azər mühasirəyə düşmüşdü. Məhərrəm onu xilas etmək tapşırığını öz üzərinə götürdü, o, vuruşaraq polis kapitanının yanına çata bildi, amma özü də mühasirəyə düşdü. Son nəfəsinəcən vuruşaraq döyüşçü dostlarını xilas edən Məhərrəm bu döyüşdə qəhrəmancasına həlak oldu. Şərur rayonunun Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə kapitan Məhərrəm Mirəziz oğlu Seyidov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.