Tarixdə bu gün

İlin 20-ci günü.

Mühüm hadisələr:

1880 —Azərbaycanda ilk dəmir yolu istismara verildi.
1990 — SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun göstərişi ilə sovet ordusu hissələri həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə hücum edib. Nəticədə, 150-dən artıq silahsız insan qətlə yetirilib və 100-lərlə insanın yaralanaraq bu və ya digər dərəcədə xəsarət alıb.
2010
—Bakıda 20 Yanvar abidə-kompleksinin açılışı olmuşdur.

Doğum günləri :

1928 — Tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü olmuş Teymur Əmiraslan oğlu Bünyadov anadan olmuşdur.
1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. Universiteti uğurla başa vuran T.Bünyadov az sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, məşhur Qafqazşünas alim, Lenin mükafatı laureatı Y.İ.Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
1968-ci ildə o, “Azərbaycanın qədim və Orta əsrlərdə təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikada ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə isə professor adına layiq görülmüşdür. Taleyini elmə bağlayan bu zəhmətkeş alim 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.
Azərbaycan arxeologiya və etnoqrafiya elminə aid 29 monoqrafiyanın, 1000-ə yaxın məqalənin müəllifi olan akademik T.Bünyadovun əsərləri təkcə respublikamızda deyil, onun hüdudlarından uzaqlarda – Türkiyə, İran, Rusiya, Ukrayna, Norveç kimi ölkələrdə də çap edilmişdir.
Akademik T.Ə.Bünyadov təkcə tarixçi-etnoqraf alim deyil, həm də folklorşünas, nasir və şairdir. Onun 1991-ci ildə yüksək tirajla nəşr edilən “Göz yaşları” romanı, “Xan çinar kölgəsində”, “Anam birdi, vətən tək”, “Başı çalmalı dağlar” adlı üçcildlik bayatı kitabları oxucuların böyük sevgisi ilə qarşılanmışdır.
Teymur Bünyadov 8 aprel 2022-ci ildə Bakıda vəfat etmişdir.

1936 — Görkəmli metodist alim, professor Aydın Cəfər oğlu Hacıyev Şuşanın Malıbəyli kəndində anadan olmuşdur.
O, 1947-ci ildə Malıbəyli kənd 7 illik məktəbini bitirib, Şuşadakı pedaqoji texnikuma daxil olmuşdur. Aydın Hacıyev 1951-ci ildə həmin texnikumu bitirərək Tərtər rayonunun Sarov kəndində müəllimlik fəaliyyətinə başlamışdır. 1953-cü ildə təhsilini davam etdirmək üçün o, V.İ.Lenin adına (indiki N.Tusi adına ADPU) APİ-nin fiologiya fakültəsinə qəbul olmuş və 1957-ci ildə həmin üniversiteti bitirmişdir.
A.Hacıyev 1957-62-ci illərdə Mingəçevir şəhərinin 10 saylı məktəbində əvvəl müəllim, sonra isə direktor vəzifəsində çalışmışdır. A.Hacıyev 1962-ci ildə V.İ.adına ADPU-də ədəbiyyat tədrisi metodikası ixtisası üzrə aspiranturaya daxil olmuş, “V-VIII siniflərdə lirik şerlərin tədrisi metodikası” adlı dissertasiyasını uğurla müdafiə edib, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1975-ci ildən başlayaraq “Azərbaycan Sovet uşaq nəsrinin təşəkkül və inkişaf problemləri (1920-1960)” adlı doktorluq dissertasiyası üzərində işləmişdir. Tədqiqatın nəticələrini o, 1989-cu ildə M.Rəsulzadə adına Bakı dövlət Üniversitetinin ixtisaslaşdırılmış sırasında müdafiə edib, fiologiya elmləri doktoru, alimlik dərəcəsi almışdır.
Aydın Hacıyev 4 avqust 2006-cı ilsə 70 yaşında vəfat etmişdir.

1940 — Azərbaycan teatr rejissoru, Xalq artisti Cənnət Əlibəy qızı Səlimova anadan olmuşdur.
1967-ci ildən 1991-ci ilədək C.Səlimova S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında rejissor vəzifəsində işləmişdir. Bu teatrda işlədiyi müddətdə C.Səlimova bir çox əsərlərə quruluş vermişdir. Onlardan F.M.Dostoyevskinin “Cinayət və cəza”, “Əbləh”, A.P.Çexovun “Vanya dayı”, İvanov”, C.Cabbarlının “Aydın” və s. göstərmək olar. 1982-ci ildən 1991-ci ilədək o, həmin teatrda baş rejissor vəzifəsində işləmişdir. 1991-ci ildən bu günədək C.Səlimova Bakı Kamera Teatrında bədii rəhbər işləmişdir.
50-dən artıq səhnə əsərinin rejissorudur.
“Şərəf nişanı” və “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Dünyaca tanınmış azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi- Zadənin xalası qızıdır.

1946 — Azərbaycanlı bəstəkar Tahir Əkbər anadan olub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, eləcə də Azərbaycan Bəstəkarlar Birliyinin üzvü idi.
Tahir Əkbər müxtəlif janrlarda – xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər”, ilahiyyat mövzusunda yazdığı “Amin” əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur.
Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən “Dərdin alım”, “Heç küsməyin yeridirmi?”, “Azərbaycan”, “Əzizim”, “Heyfim gəldi”, “Qalardım”, “Bir qız bir oğlanındır”, “Xəzəllərin rəqsi” və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub.

1964—Azərbaycanın Milli Qəhrəmanı Səyavuş Həsənov Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1990-cı il 20 Yanvar hadisələrindən xəbər tutan kimi o, Azərbaycana dönərək Vətəni erməni qəsbkarlarının hücumlarından qorumaq üçün könüllü müdafiə batalyonlarından birinə yazılır.
1992-ci il onun tərkibində olduğu dəstəyə yeni tapşırıq verilir, Qırmızıkənd düşməndən azad edilməli idi. Dəstə kəndə doğru irəliləməyə başlayanda, güclü atəş səsləri eşidildi. Erməni tankı lap yaxında idi. Səyavuş qumbaraatanla tankı vurur və tankı alov bürüyür. Bu döyüşdə Səyavuş sənayper gülləsinə tuş gəlir və adığı güllədən əbədi olaraq həyata göz yumur.
Cəsur döyüşçünün cəsədi bir həftə sonra döyüş meydanından çıxarıldı.
Azərbaycan Respublikası Prezidentinin 21 iyul 1992-ci il tarixli 69 saylı fərmanı ilə Səyavuş Həsən oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Vəfat etmişdir:

1977 —Lirik şair və publisist Zeynal Cabbarzadə vəfat etmişdir.
Zeynal Cabbarzadə 1920-ci il dekabrın 31-də Bakının Bilgəh kəndində dənizçi ailəsində doğulmuşdur.
1937-1941-ci illərdə APİ-nin ədəbiyyat fakültəsində təhsil almışdır.
Kiçik yaşlarından yaradıcılığa başlamışdır. Onun “Puşkin” adlı ilk mətbu şeri 1937-ci ildə dərc edilmişdir. İkinci Dünya müharibəsi illərində və sonra coşğun yaradıcılıq fəaliyyəti göstərmişdir. 1943-cü ilin aprelindən 1948-ci ilin oktyabr ayınadək Azərbaycan Yazıçılar İttifaqında “Natəvan” adına klubun müdiri, “Ədəbiyyat qəzeti”ndə ədəbi işçi, “Pioner” jurnalının məsul katibi, 1950-ci ildən ömrünün sonunadək isə məsul redaktoru olmuşdur. Bu müddətdə dəfələrlə Azərbaycan LKGİ MK-nın rəhbər orqanlarına seçilmişdir.

1990 — İlham və Fərizə Allahverdiyevlər (tam adları: İlham Əjdər oğlu Allahverdiyev və Fərizə Çoban qızı Allahverdiyeva) — 20 Yanvar faciəsinin qurbanları olublar.
İlham Əjdər oğlu Allahverdiyev Ağdam rayonunda anadan olmuşdur. Əvvəlcə Ağdamda 1 saylı, sonra Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb.
Amma İlhamı sonra Ağdamda yaşayan nənəsinə həyan olması üçün onun yanına göndərirlər. O, Ağdamda həm zavodda işləyir, həm də nənəsinin qayğısına qalırdı.
İlham 1980-82-ci illərdə Latviyada hərbi xidmət keçir. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Bakıdakı Dadaş Bünyadzadə adına Gəmi təmiri zavodunda tornçı işləmişdir.
1989-cu ilin 30 iyununda İlham Fərizə xanımla həyatı qurmuşdur.
Fərizə Çoban qızı Nəbiyeva 1970-ci il avqustun 11-də Ermənistan SSR-nin Spitak rayonunun Saral kəndində anadan olmuşdur. 1 nömrəli tibb məktəbinin sonuncu kurs tələbəsi idi.
Ailə üzvlərinin sözlərinə görə, İham və Fərizə də vətənpərvərlik hissi qeyri-adi dərəcədə yüksək idi. Azərbaycan Xalq Cəbhəsinin mitinqlərinə də ikisi birlikdə gedirdilər.
1990-cı il 20 yanvarda Azərbaycanın müstəqilliyinə qəsd ediləndə o da etiraz hərəkatına qoşulur. İlham və onun dostları gülləbaran edilmiş dostlarına kömək üçün gedəndə indiki 20 Yanvar dairəsində atəş aça-aça gələn tanklarla qarşılaşırlar. İnsanları qətlə yetirəcəklərini görən İlham silahsız insanlara güllə atmamaları üçün əlini qaldırıb tankın qarşısna çıxır.
Sovet ordusunun əsgərləri İlhamı güllələyirlər. İlhamla Fuad Babayevı bir yerdə telefon köşkün yanında vurmuşdular. İlham çoxlu qan itirmişdi.Bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdır.
İlhamın vurulduğunu ilk hiss edən isə Fərizə olur, güllələr atılanda İlhamı vurduqlarını deyibmiş. Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib, “Hey, İlham, sənə özümü çatdıracağam” deyib, intihar etmək istəsə də, onun qarşısını aldılar. Fərizə toy şəkillərini stolun üstünə tökür, onlara baxıb, yarımçıq məktub yazmışdı:
“Ana, məni ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da… “
Təcili yardım maşını gəlib ona iynə vursa da, qərarında qəti olan Fərizə, gecə hər kəs yatandan sonra, bir qab sirkəni içirək, intihar edir.
İlhamı Xırdalandakı qəbiristanlıqda dəfn etsələr də, sonradan onu oradan çıxarıb, yanvarın 22-də hər ikisini Bakının Şəhidlər Xiyabanında dəfn etdilər.
2004-cü ildən onların toy günü (30 iyun) hər il Azərbaycanda qeyri-formal olaraq “Sevgililər Günü” kimi qeyd olunur.

2003 — Məşhur azərbaycanlı hakim, FİFA arbitri (1979) Eldar Əzimzadə vəfat etmişdir. E. Əzimzadə 1934-cü ildə Şuşada anadan olmuşdur. 3 dəfə SSRİ-nin ən yaxşı hakimi seçilmiş, 9 dəfə ən yaxşı 7 hakimi sırasına daxil olmuşdur. Futbol üzrə SSRİ çempionatında 148 matçda meydanda olmuşdur.

2006 — Görkəmli tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycanın Əməkdar elm xadimi , Azərbaycan Dövlət mükafatı laureatı Kamal Abdulla Şaiq oğlu Talıbzadə vəfat etmişdir.
Kamal Talıbzadə 1923-cü il avqust ayının 14-də Bakı şəhərində anadan olmuşdur.
1965-ci ildə Azərbaycan ədəbi tənqidinin tarixi və inkişaf xüsusiyyətləri ilə bağlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən K. Talıbzadə 1972-ci ildə professor seçilmiş, 1983-cü ildə isə ona “Əməkdar elm xadimi” fəxri adı verilmişdir. O, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmiş və elə həmin ildən 1987-ci ilə qədər Nizami adına Ədəbiyyat İnstitutunda “Tənqid tarixi və nəzəriyyəsi” şöbəsinə rəhbərlik etmişdir. 1986-cı ildə ona elmi işindəki müvəfəqiyyətlərinə görə, xüsusilə, milli tənqidi fikrin tarixi mənzərəsini əks etdirən “Azərbaycan ədəbi tənqidinin tarixi” adlı əsərinə görə ona Azərbaycan SSR Dövlət mükafatı təqdim edilmişdir.

Tarixi gün və bayramlar:

Yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Mixail Qorbaçovun başçılığı ilə Sovet rejimi Bakıda əsl qətliam törədib – yerli və mərkəzi hökumətdən Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən dinc əhalidən qisas alınıb.
Müdafiə naziri marşal Yazovun rəhbərlik etdiyi 20 min nəfərlik ordu hissələri ölkədə Kommunist Partiyasının hakimiyyətini qorumaq məqsədilə Bakı şəhərinə soxulub. “Zərbə” kod adı verilən hərbi müdaxilə nəticəsində 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, yüzlərlə insan isə itkin düşüb.
20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Yanvar faciəsinin ertəsi günü o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlib, burada xalqımızın kədərini bölüşüb və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış edib. Böyük liderin bu addımı xalqımıza güc verib, ona dayaq və dəstək olub.
1990-cı il yanvarın 22-də Bakıdakı dağüstü parkda müxtəlif millətlərdən olan qadınlar, qocalar, gənclər və uşaqların dəfn edildiyi Şəhidlər xiyabanı salınıb. Həmin gün binaların damlarında hərbçilər tərəfindən quraşdırılmış pulemyotların müşayiəti ilə yüz minlərlə Bakı sakini güllələnən dinc insanların dəfnində iştirak edib. Faciə qurbanları müstəqillik uğrunda mübarizə qəhrəmanları kimi dəfn olunub.
2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub. Yanvarın 20-si isə Azərbaycanda Ümummilli hüzn günü elan edilib. Hər ilin bu günündə ölkəmizin bütün guşələrində xatirə tədbirləri keçirilir. Paytaxtda isə yüz minlərlə insan Qanlı Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına axışır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!