Etnoqrafiya

Bu gün Novruzu soraqlayan dörd çərşənbəmizdən biri – Yel çərşənbəsidir. Yel çərşənbəsi ilaxır çərşənbənin üçüncüsüdür. O, xalq arasında “Külək oyadan çərşənbə ” “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə tanınır. Yel çərşənbəsində külək öz istiqamətini bir neçə dəfə dəyişir. Deyərlər ki, küləyin gün ərzində bu qədər istiqamətini dəyişməsi havanın təmizlənməsinə işarədir.

İnanca görə Yel Tanrı tərəfindən göndərilən qüdrətli gücdür. Bu güc bəzən insanlara kömək edər, bəzən də onları cəzalandırar.
Bütün çərşənbələr kimi Yel çərşənbəsinin də bir sıra xüsusiyyətləri Azərbaycan folklorunda öz əksini tapmışdır ki, buraya yel ilə bağlı atalar sözləri, tapmacalar, inanclar və s. daxildir.
Bu çərşənbə ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri var.
Atalar sözləri və məsəllər:
Yel əsməyincə yarpaq tərpənməz.
Yelə tüpürsən öz üstünə qayıdar,
Yel qayadan nə aparar?
Yelnən gələn selnən gedər, yelnən gələn gülnən gedər.
Yel əsib, qoz tökülüb.
Yel aparadığını qaytarmaz.
Yel apardığını qaytarmaz.
Yel bağlayanı əl açar.
Külək kimi hərdən bir yana əsmə.
Tapmacalar:
Nə əli var nə ayağı,
Dağıdır dəli sayağı.
Şıqhaşırıq açır qapı,
Hər yan ələk – vələkdir.
İsti tamam kələkdir,
Dəyirmana can verər,
Xırmana da gərəkdir.
İnanclar:
Yel çərşənbəsi gecəsi söyüd ağacının altına keçib niyət elə və yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını ağaca toxundursa, diləyin yerinə yetər.
Yeli əsdirəni söyməzlər.
Çərşənbə günlərində və xüsusilə bu son dörd Çərşənbə vaxtı diqqətli olunması və təbiətə (təbiət ruhlarına) hörmətsizlik edilməməsi lazım olduğuna inanılar.
Bəzi inanclara görə isə, Yel Tanrıdır və Yel baba deyə adlandırılır.
Qədim inanclarda Yel dağının da adı çəkilir. Bəzi inanclılar bu dağı ziyarət edib, ürəklərində hər hansı bir dilək tutur nəzir verir, qurban kəsirlər. İnanca görə Yel Tanrısı kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapır, arzusuna çatarş
Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər.
Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif,inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.
A Yel baba, Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən dağılıb dağ olsun,
Mənim canım sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.
Maraqlıdır ki, “Yel baba” ritual nəğməsində də can üstə olan gənc qız son nəfəsində üzünü küləyə tutub, ondan ölüm xəbərini anasına aparmağı xahiş edir. Ilkin inanışlarda yel məhz dünyanın ayrı-ayrı elementləri arasında rabitə yaradan vasitə hesab edilib. Mifologiyanın elə özündə də Yel çərşənbəsi sonuncu torpaq çərşənbəsi ilə Novruz arasında bir növ bağlılıq, təbiəti yekun oyanışa hazırlayan, təkanverici bir çərşənbə hesab edilir. Yel Azərbaycan mifik təfəkkürünə görə, həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yolunu itirmiş insanlara küləyin kömək etməsi ilə əlaqədar da bir çox rəvayət var. Bunlardan biri budur ki, Yel baba qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara yumaq verir və yumağı yerə atıb diyirləməyi tələb edir. Yel babanın üfürməsilə yumaq açılır və azmışları mənzil başına çatdırır.

Ümumiyyətlə, çərşənbələrin dörd ünsürlə adlandırılmasının müasir dövrün ənənəsi olması, yəni, bu adların sonradan qoyulması barədə fikirlər də var. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür:
1. Yalançı çərşənbə
2.Xəbərçi çərşənbə
3. Yel çərşənbə
4. İlaxır çərşənbə.
Qədim etiqadlara görə, torpağın altında, “qara nəhrdə” yatmış dörd cür külək yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel ağ, qara yel qara, xəzri göy, gilavar qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.
Yel çərşənbəsi günü də şər qarışanda hər bir həyətdə, yaxud məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atdanır. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir.
Son çərşənbəyə az zaman qaldığı üçün evlərdə hazırlıq görülür, hər tərəf silinib təmizlənir, palazlar, xalçalar çırpılır, şüşələr, pəncərələr silinməyə, şirniyyatar bişirilməyə başlanır. Uşaqlar üçün təzə paltar biçib-tikir və ya yenisi alınır. Böyümüş səməni qırmızı lentlə bağlanıb stolun üstünə qoyulur. Adət-ənənəyə görə, həmin gün südlü plov və ya bulqur aşı bişirilir. Stol üstünə əsasən quru meyvələr qoyulur.
Yel çərşənbəsində əsən küləklər bir gün ərzində bir neçə dəfə istiqamətini dəyişir. Baxmayaraq ki, küləklərin durmadan isti və soyuq olmasına da rast gəlmək mümkündür, hava əsasən hərarətli olur. Qədim inanclara görə, yel əsməsə sular coşub-çağlamaz, dalğalanmaz, torpaqlar odlu palçıq püskürməz.
Yel çərşənbəsindən sonra dünyasını dəyişmiş şəxslərin məzarları ziyarət olunur. Çevrəsi təmizlənir, üzərinə gül qoyulur
Bu gün yel dünyanı dolaşır, suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.
Yel çərşənbəsində adətən hava təmizlənir.
Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir.
Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi onun özünün təmizlənməsi kimi qəbul edilir.
Bu çərşənbə axşamında sanki mürgüdən oyanan külək dolaşaraq suyu, odu hərəkətə gətirir.
Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur.
Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Bu gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.
Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır.
İnanclara görə, çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir.





Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.