10 mart

Tarixdə bu gün

İlin 69-cu (uzun illərdə 70-ci) günü.

Doğum günləri:

1915 — Azərbaycanın ilk  balet rəqqasəsi  Qəmər Hacıağa qızı Almaszadə Bakı şəhərində  anadan olub. Uşaqlıqda baletlə məşğul olan dostu onda bu sənətə maraq oyandırıb. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır (daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir).

1930-cu ildə Qəmər Almaszadə Xoreoqrafiya Məktəbini bitirib Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayır. Bu arada həmçinin ali pedaqoji məktəbinə də daxil olur. 1932-də  Qlierin “Şahsənəm” operasında ikinci dərəcəli rola seçilir. 1933-cü ildə indiki Sankt-Peterburqda Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olur. 1936-cı ildə ali məktəbi bitirib Bakıya qayıdır. 1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyur. Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan əyalətlərinə elmi səyahət təşkil edib ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplayır. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyir. Daha sonra həmin məktəbin direktoru olur.

1940-cı ildə Əfrasiyab Bədəlbəylinin “Qız Qalası” baletində ilk professional çıxışını edir. Sonralar Fransada, Hindistanda, Nepalda da çıxış etmişdir. 1970-ci ildə Bağdada İraq Xalq Rəqsləri Ansamblını qurmaq üçün dəvət olunur. 1950-ci illərdə baleti tərk etsə də, 1990-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışmışdır.

7 aprel 2006-cı ildə 91 yaşında Bakıda vəfat etmişdir.

1940 – Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muğam sənəti” kafedrasının müdiri, professor Canəli Xanəli oğlu Əkbərov Lənkəran rayonunun Tükəvilə kəndində anadan olmuşdur.

Canəli Əkbərov muğamın sirrlərini atasından öyrənmişdir. Daha sonra  Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində  müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının  bütün qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir.

Xanəndə   muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”), Aşıq qərib (Z.Hacıbəyov – “Aşıq Qərib”) obrazlarını yaratmışdır. Canəli Əkbərov xarici ölkələrdə – Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdur.

  Canəli Əkbərovun  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muğam sənəti” kafedrasının müdiri  kimi, gənc xanəndələr nəslini yetişdiriməsində  böyük əməyi olmuşdur.

2002-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

22 oktyabr 2021-ci ildə 81 yaşında Bakıda vəfat etmişdir.

1963 — Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mirəzbər oğlu Mürsəlov Cəlilabad rayonunun Göytəpə şəhərində dünyaya gəlmişdir. 1980-ci ildə 1 saylı orta məktəbi bitirdikdən sonra Bakı texniki peşə məktəbində təhsilini davam etdirmişdir. Sonra Bakı Politexnik Texnikumuna daxil olaraq oranı əla qiymətlərlə başa vurur. Hərbi xidmətiniə Belorusiyanın Brest şəhərində keçirmişdir. Ordudan tərxis olunduqdan sonra  Göytəpə Avtomobil Təmiri Zavodunda   əmək fəaliyyətinə başlayır. 1991-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilir və torpaqlarımızın müdafiəsinə qalxır. Füzuli, Ağdam, Xanlar, Laçın, Şuşa, Goranboy, Ağdərə istiqamətində gedən döyüşlərdə ölüm – dirim mübarizəsinə qalxır.

Vüqar Mürsəlov 9 iyun 1992-ci ildə Tərtər rayonunun Cəmilli kəndi istiqamətində gedən döyüşdə vuruşmuş və qəhrəmanlıqla həlak olmuşdur.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Mürsəlov Vüqar Mirəzbər oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı fəxri adı verilmişdir.

Göytəpə şəhərində təhsil aldığı məktəbə onun adı verilmiş, şəhərin mərkəzində büstü qoyulmuşdur. Tərtər, Göytəpə və Cəlilabad şəhərlərində adına küçə var.

Vəfat etmişdir:

1965 — Görkəmli Xalq yazıçısı Mehdi Əli oğlu Hüseynov (Mehdi Hüseyn) 55 yaşında Bakıda vəfat etmişdir.

Mehdi Hüseyn 22 mart 1909-cu ildə Qazax mahalının Şıxlı kəndində anadan olmuşdur.

Azərbaycan Dövlət Universitetinin Pedaqoji fakütləsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenaristlər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930-1934), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958-1965) olmuşdur.

Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk hekayəsi (“Qoyun qırxımı”) isə 1927-ci ildə dərc edilmişdir. “Bahar suları” (1930), “Xavər” (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. “Tunel” (1927), “Qan intiqamı” (1928), “Kin” (1935), “Daşqın” (1933-1936) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən surətlər yaratmışdır.

Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan “Komissar”da (1942-1949) pəşəkar inqilabçı Məşədi Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mühüm tarixi əsəri olan “Səhər” (1953), “Tərlan” (1940), “Vətən çiçəkləri” (1942), “Moskva” (1942), “Ürək” (1945), “Fəryad” (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən “Abşeron” (1949), müəyyən mənada onun davamı olan “Qara daşlar” (1957-1959) və “Yeraltı çaylar dənizə axır” (1965) romanları ictimai, mənəvi-əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətəlayiqdir. Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. Dram yaradıcılığına “Şöhrət” (1939) pyesi ilə başlamışdır. “Nizami” (1942) və “Cavanşir” (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvərliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. “Alov” (1961), “İntizar” (1944, İlyas Əfəndiyevlə birgə), “Şamil” (1940-1941) və “Qardaşlar” (1948) pyesləri, habelə xatirələri, yol qeydləri (“Bir ay və bir gün”, 1963), gündəlikləri var. Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

2004 — Azərbaycannın görkəmli teatr və kino aktrisası, Xalq artisti Nəsibə Cahangir qızı Zeynalova 87 yaşında Bakıda vəfat etmişdir.

Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub.

Nəsibə xanım 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar teatrda aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina (“Şıltaq qızın yumşalması”, Vilyam Şekspir), Elvira (“Don Juan”, Jan Batist Molyer), Yelizaveta (“Mariya Stüart”, Fridrix Şiller) rollarını oynayıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi onlarla xarakterik səhnə obrazlarında çıxış edib.

Nəsibə Zeynalova həmçinin “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qaynana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir.

Məzarı Fəxri Xiyabandadır.

Bayramlar və xüsusi günlər:

10 Mart – Azərbaycan Milli Teatr Günüdür

XIX əsrin 70-ci illərində Azərbaycanda Milli Teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı Realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyuldu .  O vaxtdan hər il martın 10-u (köhnə stillə 22-si) teatrsevərlər   Azərbaycan milli teatrının əsası qoyulan günü Milli Teatr Günü kimi qeyd edirlər

Bu şərəfli işdə H. Zərdabi və N. Vəzirov mühüm rol oynamışdılar. Bu tamaşa ilə Azərbaycanda Milli Teatrın əsası qoyuldu.

Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat H. Z. Tağıyevin böyük xidməti oldu.

O, Bakı şəhərində ilk teatr binası inşa etdirdi. Tezliklə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə simaları yetişdi. Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyov qardaşlarının da böyük əməyi olmuşdur.

 10 mart  Qızıl Aypara Günüdür

Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci ilin martın 10-da Azərbaycan Demokratik Respublikasının Müdafiə Naziri əvəzi, general-leytenant Əliazadağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə təsis edilmişdir.

General-leytenant Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya “Birinci Dünya Müharibəsi” zamanı şəfqət bacısı kimi hərbi xəstəxanalarda yaralılara qulluq etmişdir. Məhz Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Şəfqət xidməti”nin banisi olmuşdur. 1992-ci ildən indiyə kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünün, bu qəbildən olan digər Azərbaycan vətəndaşlarının iztirablarının azaldılması sahəsində faydalı iş aparmışdır. Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyəti fövqəladə hallara hazırlıq və cavabvermə, ilk yardım, sağlamlıq və qayğı, təmənnasız qan donorluğu, HİV/AİDS, humanitar dəyərlər, beynəlxalq humanitar hüquq və fundamental prinsiplərin yayımı, təşkilati inkişaf, yerli komitələrin inkişafı, gənclər və könüllülər, mina risklərinin azaldılması çərçivəsində “təhlükəsiz oyun meydançaları”, miqrasiya (Mobil Texniki Dəstələr), humanitar yardım, axtarış xidməti və telekommunikasiya  kimi vacib proqram və layihələri həyata keçirir. Bütün bu fəaliyyətlər 7 Regional Mərkəz, 85 rayon və şəhər Komitəsi və eyni zamanda “Azərpoçt” Dövlət Müəssisə, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət İdman Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və 2 saylı Bakı Baza Tibb məktəbinin nəzdində yaradılmış Qızıl Aypara Cəmiyyətinin Komitələri vasitəsilə həyata keçirilir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.