11 mart

Tarixdə bu gün

İlin 42-ci günü.

Doğum günləri:

1925 — Məşhur teatr və kino aktyoru, Xalq artisti Səfərov Bəşir Səfər oğlu (Bəşir Səfəroğlu) Bakıda doğulub. On dörd yaşlarından   Sürücülər üçün  təşkil olunmuş  klubun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb.

 Daha sonra Əli Bayramov asına  klubun  nəzdində fəaliyyət göstərən dram dərnəyinə gedib. Dərnəyin rəhbəri Hüseynbala Zeynalov ona Cəfər Cabbarlının “Sevil” pyesində Gündüz rolunu tapşırıb. Bir müddət sonra isə o, Dənizçilərin Mədəniyyət Evində çıxış edib. Burada səhnəyə qoyulan “Ölülər” tamaşasında ifasını görən Musiqili Komediya Teatrının rejissoru Niyaz Şərifov onu teatrda işləməyə çağırıb.

1942-ci ildə Musiqili Komediya Teatrı fəaliyyətə başlayanda 17 yaşlı Bəşir Səfəroğlu teatrın aktyorlarından biri olub .

Aktyor yaradıcılığında xüsusi yer tutan əsas rolları: Möhsün (“Beş manatlıq gəlin”, dramaturq Məmməd Səid Ordubadi və bəstəkar Səid Rüstəmov), Qaradavoy və Çiko (“Keto və Kote”, Vladimir Dolidze), Usta Məhərrəm, Qoçu Əsgər və Məşədi İbad (“Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), Uzun və Nəcəf (“Durna”, Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov (“Ulduz”, Sabit Rəhman və Süleyman Ələsgərov), Səlyanski və Qəhrəman (“Gözün aydın”, Məhərrəm Əlizadə və Fikrət Əmirov), Ohan yüzbaşı və Hacı Qara (“Xəsis”, Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi. Bəstəkarlar Vasif Adıgözəlov və Ramiz Mustafayev), Kazbek (“Kəndimizin mahnısı”, dramaturq Kərim Kərimov, şeirlərin müəllifi Ənvər Əlibəyli və bəstəkar Zakir Bağırov), Şulu, Muxtar bəy (“Əlli yaşında cavan” və “Evliykən subay”, Zülfüqar bəy Hacıbəyov), Mir İsmayıl (“Qızıl axtaranlar”, Həsən Seyidbəyli və Tofiq Quliyev), Baləmi (“Rəisin arvadı”, Məhərrəm Əlizadə və Səid Rüstəmov), Qiya (“Tiflis nəğməsi”, Levon Cubabiriya və Şota Milorava), Əli Dinməzov (“Bir dəqiqə”, Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Hacı Kərim (“Hacı Kərimin Aya səyahəti”, dramaturqlar Qulamrza Cəmşidi ilə Əbülfəz Hüseyni və bəstəkar Azər Rzayev), Qoçu (“Keçmişin məişət səhnələri”,

Bəşir Səfəroğlu 1965-ci ildə Tacikistan istehsalı olan “Xoca Nəsrəddinin 12 Qəbri” filmində baş rola çəkilib, “Bizə Bircə Xal Lazımdır” musiqili komediyasının librettosunu yazıb.

Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyni adlı bədii-sənədli televiziya filmi çəkib.

Bəşir Səfəroğlu 23 mart 1969-cu ildə vəfat edib. Məzarı Bakıdakı Fəxri Xiyabandadır.

 1935 –Görkəmli teatr rejissoru, Xalq artisti, professor Ağakişi Şəmməd oğlu Kazımov anadan olub.

1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil almışdır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak etmişdir.

1960-cı ildə A.Kazımov Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilmişdir.

1964-cü ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olmuşdur. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q.Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M.Bayciyevin “Duel” dramını, diplom işi kimi isə C.Cabbarlının “Aydın” əsərini tatarca hazırlamışdır.

1969-1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmışdır.

Onun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirən “Müsibəti Fəxrəddin” (N.Vəzirov), “Toy” (S.Rəhman)-Sumqayıt Dövlət Dram Teatrında, “Təzə gəlin” (S.Dağlı), “Arşın mal alan” (Ü.Hacıbəyov), “Xoşbəxtliyə gedən yol” (İ.Dunayevski)-Dövlət Musiqili Komediya Teatrında, “Komsomol poeması” (İ.Coşqun), “Məlik Məmməd” (Ə.Abbasov), “Hacı Qənbər” (N.Vəzirov), “Kiçik təpə” (N.Xəzri), “Büllur sarayda” (İ.Əfəndiyev) və s.

1941 — Azərbaycan aktrisası Lütviyyə Şamil qızı Səfərova anadan olub.

Asəf Zeynallı adına Bakı Musiqi məktəbinin vokal şöbəsini bitirdikdən sonra Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləməyə dəvət edilib. Bu teatrda Fikrət Əmirovun “Gözün aydın” komediyasında Leyli, Vasif Adıgözəlovun “Nənəmin şahlıq quşu” əsərində Nazlı, Emin Sabitoğlunun “Hicran” komediyasında Çarleston, Şəfiqə Axundovanın “Ev bizim, sirr bizim” əsərində Çiçək və onlarla başqa surətlər canlandırıb.

1989-cu ildən Bakı Bələdiyyə “Tənqid-Təbliğ” teatrında işləyib. 1996-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıdıb və “92 dəqiqə gülüş”də Qəmziyyə, “Hələlik”də Lalə, “On min dollarlıq keyf”də tərcüməçi qadın, “O olmasın, bu olsun”da Sənəm, “Dəli dünya”da ana, “Nəğməli Könül”də Qəmər xanım, “Bankir adaxlı”da Ceyran və s. kimi surətlər yaradıb. O, bir çox televiziya tamaşalarında və filmlərdə də əsas rollara çəkilib.

1958 — Əməkdar artist, aktrisa Hicran Fətəli qızı Nəsirova anadan olmuşdur.

Hicran Nəsirova 1979-cu ildə M.Əliyeva adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu  fakültəsini bitirdikdən sonra, təyinatı ali məktəbin Tədris teatrında işləməyə başlamışdır.

1986-cı ildən H.Nəsirova Akademik Milli Dram Teatrının aktrisasıdır. Bu illər ərzində o, Nabat (“Günah”, R.Əlizadə), Zöhrə (“Gecə döyülən qapılar”, Nəbi Xəzri), Xumar (“Yalan”, Sabit Rəhman), Zərifə (“Nişanlı qız”, Sabit Rəhman), Birinci rəfiqə (“Qadın faciəsi”, F.Q.Lorka), Məlahət (“Əcəb işə düşdük”, Şıxəli Qurbanov), Ağqoyunlu ana (“Ağqoyunlular və Qaraqoyunlular”, Əli Əmirli), Reqana (“Kral Lir”, Uilyam Şekspir), Kəklik (“Tənha iydə ağacı”, İlyas Əfəndiyev), Züleyxa (“Poçt şöbəsində xəyal”, Elçin), Çılğının xalası (“Dar ağacı”, Bəxtiyar Vahabzadə), Qıssa xanım (“Dirilən adam”, Mir Cəlal), Gözəl (“Mənim günahım”, İlyas Əfəndiyev), Bibi (“Generalın son əmri”, Vaqif Səmədoğlu) və s. müxtəlif səpkili obrazlar yaratmışdır.

Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı Anarın “Evləri köndələn yar” (Reyhan), B.Vahabzadənin “Kimdir haqlı?” (Məlahət), Ə.Hacızadənin “İtkin gəlin” (Dünya), C.Cabbarlının “Almaz” (Yaxşı), R.Səməndərin “Bir yay günü” (Məhbubə) və s. teletamaşalarda müxtəlif səpkili rollar ifa emişdir.

1982 —Kamança ifaçısı, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Mirnazim oğlu Əsədullayev Bakı şəhərində anadan olmuşdur.

O, 1991-1996-ci ildə Tofiq Quliyev adına 12 saylı UMM-ni, 1996-2000-ci ildə Asəf Zeynallı adına Musiqi kollecini, 2000-2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin bakalavr pilləsini, 2004-2006-cı ildə magistratura pilləsini fərqlənmə diplomu  ilə bitirmiş, 2006-2009-cu ildə aspirantura pilləsində təhsil almişdır.

1994-cü ildə “Qönçə 94”, 1995-ci ildə tarzən Hacı Məmmədovun xatirəsinə həsr olunmuş məktəblərarası “II Bakı müsabiqəsi”nin, 1996-cı ildə “Qönçə 96” festivalının, 1998-ci ildə “VII Respublika müsabiqəsi”nin, Muğam Assosiasiyasının təşkil etdiyi “Muğam-98”, “Muğam-99” və “Muğam-2000” festivalının qalibi olmuşdur.

1997-2000-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında, 2000-2004-cü ildə həmin şirkətin Baba Salahov adına “Araz” Xalq Çalğı Alətləri Ansamblında fəaliyyət göstərmişdir.

2008-ci ildən bu günə kimi Azərbaycan Milli Konservatoriyasının “İnstrumental Muğam” kafedrasında kamança müəllimi vəzifəsində çalışır.

Toğrul Əsədullayevin ifa etdiyi “Nəva”, “Bayatı-Şiraz”, “Çahargah”, “Şur”, “Hümayun”, “Rahab” kimi müğamlar Azərbaycan Dövlət Telaradio Şirkətinin Qızıl Fondunda saxlanılır.

Vəfat etmişdir:

1911 — Görkəmli nasir, publisist və maarifçi Mirzə Əbdürrəhim Talıbov Şimali Qafqazda Teymurxanşurada (indiki Buynaksk şəhərində) vəfat etmişdir.

Mirzə Əbdürrəhim Talıbov 1837-ci ildə Cənubi Azərbaycanda Təbriz şəhərinin, Sərxab məhəlləsində dülgər ailəsində anadan olmuşdur. Mollaxanada, sonra mədrəsədə təhsil almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Tiflisdə təhsilini davam etdirmiş, rus, ingilis və fransız dillərinə bələd olmuşdur. Bir müddət yolçəkmə idarəsində çalışmışdır.

İranın birinci Milli Məclisinə deputat seçilsə də, bundan  imtina etmişdir.

İlk orijinal bədii əsəri “Kitab yüklü eşşək” (1888) alleqorik romanında maarifçiliyi təbliğ edir. “Səfineyi-Talibi, ya Kitabi Əhməd” (“Talibin gəmisi, yaxud Əhmədin kitabı” iki cilddə, 1894-1895) əsəri Azərbaycan ədəbiyyatında uşaqların həyatından bəhs edən ilk kitabdır. Fars dilində yazıb yaratmışdır. “Məsalik ülməhsinin” (“Xeyirxahların yolu”) , “Məsail ül-həyat” (“Həyat məsələləri”) , “İzahat dər xüsusi azadi” (“Azadlıq haqqında izahat)” , “Siyasəti-Talibi” (“Talibin siyasəti” ədəbi-elmi və publisistik əsərlərini yazıb çap etdirmişdir. Bu kitablarda Şərq ictimai-siyasi problemlərinə toxunulur, qabaqcıl ideyalar, xeyirxah əməllər təbliğ olunur

1982  — Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Yusif Əmən oğlu Əmənzadə   68 yaşında vəfat etmişdir.

Yusif Əmənzadə 8 fevral 1914-cü ildə Bakıda doğulmuşdur.

Azərbayçan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) neft-mədən fakultəsini fərqlənmə diplomu ilə qurtarıb və həmin institutda assistentlikdən kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. Bu illər ərzində Y.Ə. Əmənzadə elmlər namizədi və elmlər doktoru dərəcələrini almışdır.

1959-çi ildən ömrünün axırına qədər Bakı Dövlət Universitetində “Nəzəri mexanika” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1968-ci ildə Y.Ə. Əmənzadə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. 1972-çi ildə SSRİ-nin “Mexanika” üzrə Milli komitəsinin üzvü olmuşdur.

Bakı Dövlət Universitetində deformasiya olunan bərk cisim mexanikasının əsasını Azərbay­can EA-nın müxbir üzvü, Y. Ə. Əmənzadəə qoymuşdur.

Y.Ə. Əmənzadə “Elastiklik nəzəriyyəsi” (rus dilində və ingilis dillərində), “Nazik elastik örtüklər nəzəriyyəsi üzrə ümumi kurs”, “Elastiklikl nəzəriy­yəsi­nin hamarlılıq məsələsi” dərsliklərinin müəllifi və həmçinin “SSRİ-də elastiklik nəzəriyyəsinin əlaqə məsələrinin həlli” monoqrafiyasının həmmüəllifi olmuşdur.

O, 150-dən çox elmi məqalə çap etdirmişdir. Y.Ə. Əmənzadə 40-dan çox elmlər namizədi və 5 elmlər doktoru yetişdirmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.