Tarixdə bu gün
İlin 77-ci (uzun illərdə 78-ci) günü.
Mühüm hadisələr:
1901– Rusiya hökuməti imperiyanın mərkəzi vilayətlərindən Azərbaycan ərazisinə – Mil və Muğan düzlərinə 40 min kəndlinin köçürülməsi barədə qərar qəbul edib.
1918 – Erməni quldur dəstələri Şamaxıda əhaliyə qarşı kütləvi soyqırımlar həyata keçiriblər.

1927– V Ümumazərbaycan sovetlər qurultayında sovet Azərbaycanının ikinci Konstitusiyası qəbul edilib.
1992– BMT baş katibinin xüsusi nümayəndəsi Sayrus Vens Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətlə tanış olmaq üçün Bakıya gəlib.
Doğum günləri:

1870 —Azərbaycanli zadəgan, milyonçusu və xeyriyyəçi Aga Yusif Hacı Hacı ağa oğlu Dadaşov Bakıda əsilzadə ailəsində doğulmuşdur.
Stokholm Universitetini (İsveç) əla qiymətlərlə bitirmiş, rus, fransız və digər Avropa dillərini mükəmməl öyrənmişdi, 12 dil bilirmiş, poliqlot idi. Çar Rusiyasında həqiqi mülki müşavir rütbəsində olmuşdur.
Azərbaycanda milli hökumətin yaradılmasına, “Müsavat” partiyasının geniş fəaliyyət göstərməsinə maddi yardım edən Dadaşov 1918 ildə Bakıda Mart soyqırımı zamanı dəstəsi ilə birgə ermənilərə qarşı silahlı mübarizə aparmışdır. Rus qoşunları Bakını əhatə etdiyindən, şəhərdə xüsusi vəziyyət yaranmışdı. 1918-ci il martında Ağa Yusif bəy vəziyyətin nə ilə nəticələnəcəyini duyaraq, Bakıya çoxlu silah gətirtdirir və xalqı silahlandırır. O bu işə bütün ətrafını səfərbər edir. Yalnız yüksək rütbəli general gizli, həm də yoxlanılmadan nə isə edə bilərdi. Bu səbəbdən Ağa Yusif bəy hər yana özü gedər, kisələrlə qızıl xərcləyib Bakının müdafiəsinə qalxarmış. Martın 26-sı Dadaşov silahları arabalarla geri qayıdarkən, sayca dəfələrlə cox olan bolşevik-erməni quldur basçısı olan daşnak S.Lalayanın quldur dəstəsi ilə qarşılaşmışdır. S.Lalayan ona qılıncının altından keçməyi təklif edərkən, Dadaşov “Mən türkəm. “Türk ölər, ancaq erməni dığasının qılıncının altından keçməz” cavabını vermişdir. Mən Vətənimin xalqimin yolunda, öldürməyə və ölməyə hazıram. Qeyri-bərabər döyüşə mətanətlə tab gətirən Dadaşov erməniləri burada yubadaraq, silahların daşnaklara yox, əliyalın döyüşən azərbaycanlılara çatmasına nail olmuşdur. Hiddətlənən daşnaklar onu işgəncə ilə öldürmüşlər. Ölümündən sonra ermənilər onun üzəri brilyant, zümrüd və yaqutla bəzədilmiş, yaxasından orden və medallar asılmış mundirini ələ keçirmişlər. Qəbri indiyədək aşkar edilməmişdir.

1931 – Görkəmli şair və tərcüməçi Əli Kərim Göyçay şəhərində anadan olmuşdur.
Atası Paşa kişi fəhlə işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur, yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə dəyişilmişdir. III kursdan təhsilini Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda davam etdirib və oranı fərqlənmə diplomu ilə bitirib. Bakıya qayıtdıqdan sonra “Azərbaycan” jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur.
İlk nəşr olunan əsəri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində çıxmış “Təzə müəllim” şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında “İlk simfoniya” poeması mükafata layiq görülmüşdür.
Əli Kərim 1969-cu ilin 30 iyununda Bakıda vəfat etmiş, Göyçayda dəfn edilmişdir.

1943 — Xalq yazıçısı Mövlud Süleymanlı Qərbi Azərbaycanın Qızıl Şəfəq kəndində (keçmiş аdı “Cücəkənd”) dоğulmuşdur. Аtаsı Süleymаn Məhəmməd оğlu 1942-ci ilin ахırlаrındа İkinci dünya müharibəsinə getmiş, 1945-ci ilin аprel аyının 23-də Berlin uğrundа döyüşlərdə həlаk оlmuşdur. Аnаsı Bаğdаgül Mаhmud qızı şаir qəlbli bir хаnım оlmuş və bədаhətən şerlər demişdir. M. Süleymаnlı Qızıl Şəfəq kənd 7 illik məktəbindən sоnrа qоnşu İlməzli kənd оrtа məktəbinin X sinfini bitirmişdir.
1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filоlоgiyа fаkültəsinə dахil оlub, 1967-ci ildə оrаnı bitirmişdir. 1968-ci ildə Аzərbаycаn Dövlət Radiosunа işə qəbul edilmiş, əvvəlcə “Gənclik”, sоnrа “Ədəbiyyаt və İncəsənət” bаş redаksiyаsındа redаktоr kimi çаlışmışdır.
Ədəbi yаrаdıcılığа 1964-cü ildə “Аzərbаycаn gəncləri” qəzetində çаp оlunаn “Əllərim” аdlı ilk şerilə bаşlаmışdır. Hаzırdа efir ömrü 40 hаqlаyаn “Bulаq” verilişinin, 1969-ci ilin оktyаbrındа ilk müəllif nömrəsini yаzmışdır. Verilişin uzun illər Аzərbаycаn fоlklоrunun, etnoqrafiyasının, dilinin, məişətinin təbliğində əhəmiyyətli rоl оynаdığı əsаs götürülərək 1974-cü ildə Аzərbаycаn Jurnаlistlər İttifаqının “Qızıl qələm” mükаfаtınа lаyiq görülmüşdür.
1976-1980-ci illərdə Yаzıçılаr İttifаqının оrqаnı оlаn “Ulduz” jurnаlındа, 1980-1988-ci illərdə “Аzərbаycаn” jurnаlındа nəsr şöbəsinin müdiri olmuşdur.

1961 — Azərbaycanın Milli Qəhrəmanı Rafiq Hüseyn oğlu Nəsrəddinov Bakı şəhərində dənizçi ailəsində dünyaya gəlmişdir.
1968-1978-ci illərdə Nərimanov rayonundakı 39 saylı məktəbdə təhsil almışdır.
1979-cu ildə hərbi xidmətə çağırılmışdır. 1981-ci ildə tank qoşunlarında xidmətini başa vurub və həmin il də Dövlət Universitetinə daxil olur. 1987-ci ildə buranı müvəffəqiyyətlə bitirir. 1992-ci ildə Səbail rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılır.
Döyüş hazırlıqlarını və cəsarətini nəzərə alınaraq Rafiq tank bölüyünün rəisi vəzifəsinə təyin edilir. Rafiqin son döyüşü Ağdərənin Qızılqaya kəndində 6 sentyabr 1992-ci ildə iştirak etdiyi döyüş olur. Bu döyüşdə Rafiq qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Oxuduğu 39 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub.
Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

1964 —ATU-nun Urologiya kafedrasının professoru, tibb elmləri doktoru, Avropa Uroloji Cəmiyyətinin həqiqi üzvü, Avrasiya Androloji Konseynin İdarə Heyətinin üzvü, Azərbaycan Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının sədri İlham Səmid oğlu Əhmədov Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olmuşdur.
Orta məktəbi 1981- ci ildə Nohurqışlaq kəndində bitirib.
1983-85-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olub.
1986-cı ildə Azərbaycan Tibb İnstitutu II Müalicə-profilaktika fakültəsinə qəbul olunub və 1992-ci ildə institutu “Lenin” təqaüdü ilə başa vuraraq Urologiya kafedrasında baş laborant kimi saxlanılmışdır.
1999-2013 cü illərdə Urologiya kafedrasında assistent, 2013-2017-ci illərdə dosent, 2017-ci ildən isə professor kimi fəaliyyət göstərməkdədir.
2000-ci ildə “Prostat vəzi xərçənginin diaqnostikası üsullarının müqayisəli xarakteristikası” mövzusunda namizədlik , 2010-cu ildə “Erektil disfunksiyanın diaqnostikası və müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
2008-ci ildə Türkiyə Androloji Akademiyasının fəxri üzvlüyünə qəbul edilmişdir. İlham Əhmədov 60-dan çox elmi məqalənin, 2 metadik vəsaitin, 1 monoqrafiyanın və “Andrologiya” dərsliyinin müəllifidir.
Bu günə qədər Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının xətti ilə təşkil olunmuş 9 illik simpoziumun, 30-dan çox dəyirmi masanın, bir neçə kursun təşkilatçısı və aparıcısı olmuşdur. Daimi olaraq Avropa konqreslərində məruzələrilə və dinləyici qismində iştirak edir.
Böyük təkilatçılıq qabiliyyəti ilə seçilən doktor İlham Əhmədov Andrologiya və reproduktiv təbabətin aktual mövzularına aid illik elmi-praktik konfranslar təşkil edir.
Vəfat etmişdir:

1979 — Azərbaycanın Xalq artisti Xan Şuşinski 77 yaşında vəfat etmişdir.
Xan Şuşinski 1901-ci ildə avqust ayının 20-də Şuşa şəhərində anadan olmuşdur. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə “Kürd-Şahnaz” muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə, müəllimi ona “Xan Şuşinski” adını vermişdir. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur.
1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirmişdir. Xanın repertuarında “Mahur–Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.
Xan Şuşinski 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrətmişdir.
Xan Şuşinski milli musiqi xəzinəsini daim yeni mahnılarla zənginləşdirirdi. Bu baxımdan onun “Qəmərim”, “Şuşanın dağları” mahnıları dillər əzbəri olmuşdur. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət etmişdir. Bu mənada Üzeyir Hacıbəyovun “Qara göz” mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşatmışdır.

1980 — Azərbaycanın Xalq artisti – qeyri-adi səhnə danışığına malik, dramatik-psixoloji rolların misilsiz ifaçısı Yusif Abdulla oğlu Vəliyev 62 yaşında Bakıda vəfat etmişdir.
Yusif Abdulla oğlu Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə doğulub.
1933-1936-cı illərdə Bakı Teatr Texnikumunda təhsil alıb .
Tələbəlik illərində Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrə, sözsüz rollara çıxıb. Eyni zamanda Yəhudi Dövlət Dram Teatrında işləyib. Dili bilməyə-bilməyə sözləri əzbərləyərək bir neçə rol oynayıb. Texnikumu bitirəndə yenicə açılan Mirzə Ələkbər Sabir adına Nuxa (indiki Şəki) Dövlət Dram Teatrına işləməyə göndərilib.
Teatr bağlananadək, yəni 1949-cu ilədək burada aktyorluq edən Yusif Vəliyev çoxli sayda tamaşada xaraktercə bir-birindən fərqli rollar oynayıb.
Yusif Vəliyev Şəki səhnəsində Üzeyir bəy Hacıbəyovun “Leyli və Məcnun” operasında İbn Səlam, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Ər və arvad” operettalarında Vəli, Həsən bəy və Həsənqulu bəy, Mərcan bəy, Ağası Məşədibəyovun “Toy kimindir?” (librettosu Məhərrəm Əlizadənindir) musiqili komediyasında Qoşun rollarında çıxış edib.
1949-cu ilin yazında Bakıya gələn Yusif Vəliyev çox az müddət Rus Dram Teatrında aktyorluq edib. Ancaq əsas yaradıcılığı 1949-cu ilin axırlarından ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. Burada bir-birindən fərqlənən, estetik baxımdan cazibəli, sənətkarlıq cəhətdən kamil fəlsəfi-psixoloji, dramatik, romantik, faciə və həm realist, həm satirik, həm də qroteskii komediya rollarını və s. rolları məharətlə ifa edib.
Yusif Vəliyev “Azərbaycanfilm”in kinolarında epizodik rollar oynasa da, çox maraqlı, yadda qalan xaranterlər yaradıb. O, “Zirvə” (Bələdçi), “Sən nə üçün yaşayırsan?” (Balıqçı), “Nəsimi” (Teymurləng), “Qatır Məmməd” (Halvaçı), “Tütək səsi” (Qurban), “Arxadan vurulan zərbə” (Qurd Cəbrayıl), “Uşaqlığın son gecəsi” (İş icraçısı), “Bir cənub şəhərində” (Səfərəli) və sairə kinolentlərində çəkilib. “Nə yaxşı ki, Səməd Vurğun var…” sənədli filmində Qacar rolunda “Vaqif”dən bir parça ifa edib.
Bayramlar və Xüsusi Günlər:
Martın 18-i Çanaqqala Şəhidlərinin Xatirə Günüdür.

Türkiyənin şanlı zəfər tarixinə çevrilən bu gündə Osmanlı dövləti dünyaya türk əsgərinin rəşadətini nümayiş etdirib. Bu mübarizədə Türkiyə müttəfiqlərindən gözlədiyi yardımı ala bilmədi. 8 ay davam edən Çanaqqala savaşları hər iki tərəf üçün böyük itkilərə səbəb oldu. Düşmən qüvvələr Çanaqqalaya əvvəlcə 70 min əsgər göndərmişdi. Sonradan bu qüvvənin sayı yarım milyona çatdırıldı. Bunun 400 mini ingilis, 79 mini isə fransız ordusundan idi. İngilislər 115 min ölü, yaralı, əsir və məmləkətinə göndərilən 90 min xəstə olmaqla 205 min nəfər itirdilər. Fransızlar isə 47 min nəfər əsgər itirdilər.
Qələbə türk ordusunun 250 min əsgərinin şəhid olması hesabına əldə edilib. Türkiyə Cumhuriyyətinin quruluşundan sonra parlamentin qərarı ilə hər il martın 18-də “Çanaqqala zəfəri” kimi qeyd edilir.
Bu döyüşlərdə 3 mindən çox azərbaycanlı əsgər də şəhid olub. Çanaqqala müharibəsi 1915-1916-cı illərdə Osmanlı dövləti ilə müttəfiq Avropa dövlətləri arasında aparılan dəniz və quru müharibələri kimi tarixə düşüb. Avropa dövlətlərinin əsas məqsədi paytaxt İstanbulu ələ keçirərək boğazın idarəsinə yiyələnmək, Rusiya ilə əməkdaşlıq və hərbi ticarət yolu açmaq olub. İlk hədəf olaraq Çanaqqalaya girə bilən avropalıların hücumları iflasa uğrayıb. Hər iki tərəfin ağır itki verməsinə baxmayaraq, türklər istilaçı qüvvələri geri qova bilib.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.