Baş redaktordan


“Həkimlik – həyatın keşiyində duran sənət, alimlik – insanlığa xidmət edən yol”
Bəzən insan ömrü yalnız illərlə ölçülmür. Elə talelər var ki, onların mənası yüzlərlə insanın taleyində, sağalmış xəstələrin sevincində, dünyaya gələn körpələrin ilk nəfəsində yaşayır. Belə ömürlərdən biri də tibb elmləri doktoru, professor İlham Səmid oğlu Əhmədovun həyat yoludur.
1964-cü il martın 18-də Qəbələ rayonunun Nohurqışlaq kəndində dünyaya göz açan İlham Əhmədov hələ gənc yaşlarından elmə və tibbə xüsusi maraq göstərib. O, orta məktəbi 1981-ci ildə anadan olduğu Nohurqışlaq kəndində başa vurub və taleyini həmişəlik olaraq insan sağlamlığının keşiyində dayanmaq kimi məsul və şərəfli bir amala həsr etmişdir. 1986–1992-ci illərdə Azərbaycan Tibb İnstitutunun II müalicə-profilaktika fakültəsində təhsil aldığı illər bu amalın başlanğıcı oldu. Lenin adına təqaüd sovet təhsil sistemində yalnız ən yüksək nəticələr göstərən tələbələrə verilirdi. İlham Əhmdov tələbəlik illərində bu təqaüdə layiq görülmüş iki tələbədən biri idi. Bu qocaman ali təhsil ocağı öz istedadlı tələbəsinin şəxsində Azərbaycanda tibb elminin andrologiya sahəsinin müstəqil sahə kimi formalaşması üçün zəmin hazırlayırdı.
Tələbəlik illərində İlhamƏhmədov təkcə auditoriya ilə kifayətlənmirdi. Sərbəst vaxtlarında M.N. Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasının Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsində, həmçinin 3 nömrəli Klinik şəhər xəstəxanasında cərrah köməkçisi kimi fəaliyyət göstərirdi. Dünya tibb ədəbiyyatını izləmək, elmi jurnallar oxumaq, Tələbə Elmi Cəmiyyətində məruzələr etmək , bunlar hamısı gəlcək alimin ilk mini elmi tədqiqat səyləri iid.
Onu tanıyanlar əmin idilər ki, İlham Əhmədov gələcəkdə tanınmış həkim, böyük alim olacaq və oldu da.

Sitat :İrəliləmək üçün ruhunuzu elmlə təkmilləşdirin. Əbu Əli İbn Sina
Elmdən professorluğa uzanan yol
Ali məktəbi bitirdikdən sonra Böyük Elmi Şuranın qərarı ilə Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasında saxlanılması gənc həkimi məqsədinə doğru aparan elm yolunun başlanğıcı oldu.
1992–1999-cu illərdə həmin kafedrada baş laborant,
1999–2013-cü illərdə assistent,
2013–2017-ci illərdə dosent,
2017-ci ildən isə professor kimi fəaliyyət göstərir.
2000-ci ildə “Prostat vəzi xərçənginin diaqnostikası üsullarının müqayisəli xarakteristikası” mövzusunda namizədlik dissertasiyasını, 2010-cu ildə isə “Erektil disfunksiyanın diaqnostikası və müalicəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsinə yüksəldi.
Elmi rəhbəri AMEA-nın müxbir üzvü, tanınmış alim və səhiyyə təşkilatçısı S.B. İmamverdiyev olmuşdur.
Andrologiya – ailələrin və gələcəyin sağlamlığı
Professor İlham Əhmədovun elmi fəaliyyətində xüsusi yer tutan sahələrdən biri andrologiyadır.
Andrologiya – kişi anatomiyasını, fiziologiyasını, kişi cinsi xəstəliklərini və onların müalicəsini öyrənən tibbi sahədir. Bu sahə yalnız fərdi sağlamlıqla deyil, həm də cəmiyyətin demoqrafik və sosial sabitliyi ilə bağlıdır.
Mütəxəssislərin qeyd etdiyi kimi, bu gün dünyada və Azərbaycanda sonsuzluq problemi aktual məsələlərdən biridir. Statistik məlumatlara görə, ölkəmizdə qurulan hər 60 ailədən təxminən 6-da sonsuzluq problemi müşahidə olunur. Bu isə ailələrin taleyinə, bəzən də nikahların davamlılığına təsir göstərir.
Belə bir şəraitdə andrologiya yalnız tibbi deyil, həm də sosial əhəmiyyət daşıyan sahədir. Androloji problemlərin vaxtında diaqnostikası və müalicəsi insanların psixoloji sarsıntılarının qarşısını alır, ailələrin qorunmasına və insan nəslinin davamına xidmət edir.
Məhz bu sahədə professor İlham Əhmədov Azərbaycanda ilk addımlar atan alimlərdən biri kimi tanınır.

Sitat:
Həkim olmağı öyrənmək insan olmağı öyrənmək deməkdir. Əsl həkim üçün tibb peşədən daha çox şeydir – bu, həyat tərzidir.
A. F. Bilibin
Tibb elminə gətirilən yeniliklər
Professor İlham Əhmədov Azərbaycanda bir sıra mürəkkəb androloji əməliyyatların ilk icraçılarından biridir.
Onun adı ilə bağlı olan tibbi yeniliklərdən bəziləri bunlardır:
• 2004-cü ildə Azərbaycanda ilk Peyronie düyününün rezeksiyası və qreftləmə əməliyyatı,
• 2006-cı ildə penil protez implantasiyası,
• 2007-ci ildə penisin plastik və rekonstruktiv əməliyyatları,
• mikroskopik varikoselektomiya əməliyyatlarının tətbiqi.
Bu yeniliklər ölkəmizdə andrologiya sahəsinin inkişafında mühüm mərhələ olmuşdur.
Elm, beynəlxalq əlaqələr və müəllimlik missiyası
Professor İlham Əhmədov yalnız praktik həkim deyil, həm də fəal alim və pedaqoqdur.
O:
• Avrasiya Androloji Konseyinin İdarə Heyətinin üzvü,
• Avropa Uroloji Cəmiyyətinin həqiqi üzvü,
• Amerika Seksual Tibb Cəmiyyətinin üzvü,
• Azərbaycan Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının sədri,
• “Urologiya və reproduktiv təbabət” jurnalının təsisçisi və redaktor müavinidir.
Onun 80-dən artıq elmi məqaləsi Azərbaycanda və 20-dən artıq xarici ölkələrin nüfuzlu jurnallarında dərc olunmuşdur. Tibb faküıtələrı və həkımlər üçün androlojı dərsliyin, 3 monaqrafıyanın, 2 dərs vəsaitinin və 3 metodık vəsaitın müəllifidir.
Professor tez-tez Türkiyə, Avstriya, Belçika, Almaniya, Fransa, İspaniya, ABŞ və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda Azərbaycan tibb elmini təmsil edir, maraqlı məruzələrlə çıxış edir.
Otuz ildən artıq müəllimlik ömrü

Professor İlham Əhmədov həm də böyük müəllimdir. 30 ildən artıqdır ki, Azərbaycan Tibb Universitetində minlərlə gənc həkimin hazırlanmasına töhfə verir.
Bu gün Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada professor İlham Əhmədovun dərs dediyi, yetişdirdiyi və ixtisaslaşdırdığı həkim çalışmasın.
Həkim ömrünün mənası
Həkimlik yalnız bir peşə deyil – insan həyatına verilmiş böyük məsuliyyətdir. Həkim bəzən xəstənin ümididir, bəzən ailələrin gələcəyinə açılan qapıdır.
Uroloji xəstəliklərdən əziyyət çəkən insanlar, illərlə övlad həsrəti yaşayan gənc ailələr üçün İlham həkimin fəaliyyəti ümid və inam mənbəyinə çevrilmişdir.
Alimin davam edən yolu
Professor İlham Əhmədovun iki övladı var və hər ikisi atasının yolunu davam etdirir.
Oğlu Cavid Türkiyədə tibb təhsilini ingilis dilində başa vurduqdan sonra İstanbul klinikalarının birində uzmanlıq üzrə təhsil alır.
Qızı Pınar isə Türkiyənin Altunbaş Universitetində tibb fakültəsinin sonuncu kurs tələbəsidir. Ürək həkimi olacaq.
Beləliklə, bu ailədə tibb yalnız bir peşə deyil – nəsildən-nəslə ötürülən bir missiyadır.

Bir ömrün mənası
İnsan üçün ən böyük xoşbəxtliklərdən biri də cəmiyyətə fayda verən bir ömür yaşamaqdır. Professor İlham Əhmədovun həyat yolu məhz belə ömürlərdəndir.
Onun fəaliyyəti yüzlərlə xəstənin sağalmasında, yüzlərlə ailənin sevincində, onlarla gənc həkimin yetişməsində yaşayır.
62 yaş bir alim üçün finiş xətti deyil – yeni ideyaların, yeni tədqiqatların və yeni uğurların başlanğıcıdır.
Xalq üçün çalışan, insan sağlamlığı uğrunda mübarizə aparan belə bir ömrün sahibi olmaq isə həqiqətən böyük xoşbəxtlikdir.


Sitat:
Dünyadakı bütün peşələr insanlardandır. Və yalnız üçü Allahdandır : Müəllim, HAKİM və HƏKİM.
Sokrat