Mövqe

Parklar şəhərlərin yaşıl qəlbləridir və səs-küy arasında sakitlik, təbiət və ilham bəxş edir.

Park mədəniyyəti tarixinə qısa baxış
Şəhər parkları və yaşıllıq mədəniyyəti insan sivilizasiyasının qədim dövrlərindən formalaşmağa başlamışdır. Hələ qədim Şərq və Avropa şəhərlərində saray bağları, ictimai istirahət məkanları yaradılır, təbiətlə insan arasında harmoniya qurulmasına xüsusi önəm verilirdi. Zaman keçdikcə bu anlayış inkişaf edərək müasir “park mədəniyyəti”nə çevrildi. Bu mədəniyyət təkcə ağac əkmək deyil, yaşıllığın qorunması, estetik mühitin yaradılması və insanların təhlükəsiz istirahətinin təmin olunması kimi kompleks yanaşmanı əhatə edir. Bakı şəhərində park mədəniyyətinin formalaşması xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Neft bumu dövründə şəhərin sürətlə böyüməsi ilə yanaşı, ictimai istirahət məkanlarına da ehtiyac artdı. Bu dövrdə salınan bağ və parklar Bakının memarlıq simasının ayrılmaz hissəsinə çevrildi. Filarmoniya bağı (keçmiş Qubernator bağı – 1830), Fəvvarələr meydanı (Parapet bağı – 1868), Sahil bağı (XIX əsrin sonları, əvvəllər “Qukasovun bağı”), Dənizkənarı Milli Park (1909) və M. Ə. Sabir bağı (1920) kimi məkanlar paytaxtda park mədəniyyətinin ilk və ən parlaq nümunələri hesab olunur.Paytaxtın sosial və ekoloji simasının yaxşılaşdırılması məqsədilə yaşıllaşdırma və park quruculuğu xüsusilə ötən əsrin 70-ci illərindən geniş vüsət almışdır. Bu gün Bakıda 300-dən çox park, bağ və istirahət məkanı mövcuddur. Xətai rayonu sakini kimi fəxrlə demək olar ki, bu gözəlliklərin mühüm hissəsi məhz bu rayonun ərazisində yerləşir.
Xətai parkları: tarixdən bu günə
Xətai rayonu tarixən Bakının sənaye mərkəzlərindən biri olub. XIX əsrin sonlarında “Qara şəhər”də onlarla neft emalı zavodu fəaliyyət göstərirdi. Vladimir Mayakovskinin “Bakı – dünyanın pencəyində yağlı ləkə…” ifadəsi həmin dövrün reallığını açıq şəkildə təsvir edirdi.
Lakin zaman dəyişdi. 2011-ci ildə İlham Əliyev və Mehriban Əliyevanın iştirakı ilə “Ağ şəhər” layihəsinin təməli qoyuldu və ərazi yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Xətai rayonunda yerləşən parklar Bakının simasını dəyişən, şəhərə estetik gözəllik bəxş edən yaşıllıq məkanları sırasında yer alır. Nizami Gəncəvi adına park, Heydər Əliyev adına Park, “Gənclik” parkı, “Sevirəm” parkı, Ağ Şəhər bulvarı artıq təkcə Xətai rayonunda yaşayan sakinlərin deyil, paytaxtın bütün sakinlərinin üz tutduğu məkanlardandır.
Asudə vaxtlarımda və həm də evimizə yaxındır deyə, Heydər Əliyev Parkında tez-tez oluram. Uzun müddət diqqətdən kənarda qalan bu park 2007-ci ildə əsaslı şəkildə yenidən qurulmuş, ərazisi genişləndirilərək 14 hektara çatdırılmışdır. Abadlıq işləri çərçivəsində burada 30 mindən artıq ağac və kol əkilmiş, 9 hektar sahədə qazon örtüyü salınmış, 7 kilometr piyada yolu və 1,1 kilometr velosiped zolağı yaradılmışdır. Parkda yüzlərlə işıq dirəyi və oturacaq quraşdırılmış, şəlalə və fəvvarə kompleksi bərpa olunmuş, istirahət zonaları, amfiteatr, idman və əyləncə məkanları istifadəyə verilmişdir.
Bir sözlə, bu park hər kəsin gününü maraqlı və səmərəli keçirməsi üçün geniş imkanlar yaradır. Növ-növ ağacları, dekorativ kompozisiyaları və sərin kölgələri ilə o, hər gün yüzlərlə insanın üz tutduğu canlı sosial məkandır. Bu mənzərə, sözsüz ki, qürur doğurur.




Parkın əsas ruhu – ağaclar
Şəhərləri gözəlləşdirən yalnız uca binalar deyil. Şəhərin ruhunu yaşadan ağaclar, kollar və gül-çiçəklərdir.
Ağaclar şəhərin nəfəsidir. Onlar oksigen verir, kölgə salır, insanı sərinlik və sakitliklə əhatə edir. Parkları park edən də məhz bu yaşıllıqdır.
Parkda 30 min ağacın olması sadəcə statistika deyil – bu, 30 min həyat deməkdir. Onları qorumaq lazımdır. Ailədə uşaqlara necə qayğı göstərilirsə, ağaclara da eyni diqqət və həssaslıqla yanaşılmalıdır.





Qayğı və peşəkarlıq məsələsi
Ağac əkmək, park salmaq ilk addımdır, onu qorumaq və böyüməsi üçün qayğı göstərmək lazımdır. Ting yerə basdırıldımı, qayğılar da başlamalıdır. Diqqət ağacın kök salmasına, sabit bir tac forması almasına yönəldilməli , bu məqsədlə formativ və cavanlaşdırıcı budama aparılmalııdr. Ağac sürətlə böyüdükcə ölü budaqlar çıxarılmalıdır. Gövdə və budaqlar arasında hava və işığın bol olması üçün seyrəlməni və boşluğu yaxşılaşdırmaq məqsədilə budama hər zaman diqqətdə saxlanılmalıdır. Budamalar ağacların həm təhlükəsizlik, həm də onların sağlam inkişafı üçün çox vacibdir.
Təəssüf ki, yaşıllıq sahələrində bu işlər çox vaxt təsadüfi işçilər tərəfindən aparılır. Halbuki, budama adi texniki iş deyil – həm də estetika və peşəkarlıq tələb edən bir incə sənətdir. Ağaclara bu xidməti dendroloqlar və arboristlər göstərməlidir.
Parkda zədələnmiş ağaclara da rast gəlinir: qabığı qopmuş, gövdəsinə mismar vurulmuş, müalicə olunmayan ağaclar. Bu cür hallar isə yaşıllığın ümumi sağlamlığına zərər vurur.






Sükutda gizlənən təhlükə: parkdakı nəhəng ağaclar niyə qorxu yaradır?
Parkda yaşı yüzə yaxın, bəlkə də artıq yüzü keçmiş nəhəng ağaclar var. Bir vaxtlar kölgəsi ilə insanlara rahatlıq bəxş edən bu ağaclar indi bəzən səssiz təhlükə mənbəyinə çevrilir. Bakı küləklər şəhəridir. Üstəlik, parkın ərazisi yamacda yerləşdiyindən bəzi ağaclar əyilmiş, bəziləri isə tarazlığını itirmiş vəziyyətdədir. Belə ağacların altında əyləşmək və ya onların yanından keçmək istər-istəməz narahatlıq yaradır. Bu cür halların qarşısını almaq üçün ağaclara mütəmadi baxış keçirilməli, vaxtında budama aparılmalıdır. Əks halda, güclü küləklər zamanı bu ağaclar ciddi təhlükə yarada bilər. Bu, artıq yalnız estetik deyil, həm də təhlükəsizlik məsələsidir. Park istirahət yeridir, qorxu məkanı yox.
Yaşıllaşdırma Təsərrüfatı Birliyi, bələdiyyələr və park administrasiyaları xüsusilə uşaq meydançaları, iaşə obyektlərinin ətrafı və gəzinti yollarında yerləşən ağaclara ciddi nəzarət etməli, onları vaxtında budamalı, çürümüş və təhlükə yaradan ağacları isə gecikmədən ərazidən uzaqlaşdırılmalıdır.














Eləcə də, park mühitində bəzən yaşıllıqlara münasibətdə məsuliyyətsiz davranış halları da müşahidə olunur. Xüsusilə gəzintiyə çıxarılan heyvanların nəzarətsiz buraxılması nəticəsində bəzi ərazilərin çirklənməsi həm estetik görünüşə, həm də gigiyenik vəziyyətə mənfi təsir göstərir. Bu isə bir daha göstərir ki, park mədəniyyəti yalnız qurumların deyil, hər bir vətəndaşın davranışından başlayır.
Park mədəniyyəti – ortaq məsuliyyət

Yaşıllaşdırma qurumları, bələdiyyələr və park administrasiyaları xüsusilə insanların sıx olduğu ərazilərdə ağaclara ciddi nəzarət etməlidir. Eyni zamanda, park mühitində vətəndaş məsuliyyəti də böyük rol oynayır.
Bəzən yaşıllıqlara qarşı laqeyd və məsuliyyətsiz davranış halları müşahidə olunur. Xüsusilə gəzintiyə çıxarılan heyvanların nəzarətsiz buraxılması nəticəsində ərazilərin çirklənməsi həm estetik, həm də gigiyenik vəziyyətə mənfi təsir göstərir.
Bu isə bir daha göstərir ki, park mədəniyyəti yalnız qurumların deyil, hər bir vətəndaşın davranışından başlayır.
Kommunal rahatlıqlar və ekoloji zərurət
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, havanın çirklənməsi səviyyəsi PM2.5 göstəriciləri ilə ölçülür. Tövsiyə olunan norma 5 mikroqram olduğu halda, Bakıda bu göstərici təxminən 28 mikroqramdır. Bu isə sağlamlıq üçün ciddi risklər yaradır.
Belə şəraitdə parkların əhəmiyyəti daha da artır. Onlar şəhər sakinləri üçün təbii sığınacaq rolunu oynayır.
Bu səbəbdən parkların infrastrukturu da müasir tələblərə uyğun olmalıdır. Tualetlər, uşaq və əlillər üçün uyğun şərait, körpəuşaqlı analar üçün xüsusi məkanlar, idman və gigiyena imkanları zəruridir.
Lakin bu qədər böyük əraziyə malik parkda cəmi bir pullu tualetin olması (və digərinin işləməməsi) müəyyən suallar doğurur. Halbuki bu cür rahatlıqlar parkın həm qorunmasına, həm də daha çox insanın cəlb olunmasına xidmət edir.
İməcilik mənzərəsi

Park haqqında yazmaq üçün bir neçə dəfə bu əraziyə baş çəkmişəm. Sonuncu dəfə mənə dedilər ki, sabah burada iməcilik olacaq.
Səhər saatlarında parkda oldum. Əraziyə yüzlərlə çala qazılmış, hər çalanın yanına da bir ting qoyulmuşdu. Bir qədər aralıda çoxlu sayda məmur, dahabir az aralıda Mənzil Kommunal Təsərrüfatı Birliyinin 15-20 nəfə işçisi toplaşmışdı: Xətai Rayon İçra Hakmiyyətinin başçısını gözləyirdilər. Çox keçmədi ki, başçı bir deputatla ağac əkiləcək yerə gəldi və iməcilik başlandı. Qısa müddətdə tinglər çalalara yerləşdirildi, proses lentə köçürüldü və tədbir başa çatdı.
Bu mənzərə istər-istəməz sual doğurur: ağacəkmə aksiyası həqiqətən də ekoloji məqsədə xidmət edirmi, yoxsa bəzən formal xarakter daşıyan tədbirə çevrilirmi?
Bu gün belə iməciliklərin formatı mütləq dəyişdirilməlidir. Fakt budur ki Bakıda keçirilən iməciliklərə daha çox Mənzil-Kommunal Təsərrüfatı Birliyinn süpürgəçiləri, digər əməkdaşları cəlb edilir.

Küçəni, bağı təzmizləmək onların onsuz da funksional vəzifəsidir.
Onlar bu iməciliklərdə könüllü iştirak etmirlər. Bir də ki onlar nə dendroloqdur, nə də bioloq. Onlar düzgün əkim qaydalarını bilmirlər. Əkdikləri ağacların sonrakı taleyi onların heç gərəyinə olmur. Elə təşviq etmək lazımdır ki, hansı ərazidə iməcilik keçirilir, o yerin sakinləri könüllü və şüurlu bu hərəkatlara qoşulsunlar. Əkdikləri ağaclara qulluq etməyə, onu qorumağa maraqlı olsunlar. MKTB işçiləri ağır işləri çala qazmaq, su gətirmək, ərazini təmizləmək kimi işlər görməli, sakinlər isə estetik və simvolik tərəfi (tingi basdırmaq, “can suyu” vermək kimi işlər) icra etməlidir.
Sırf “qaz və basdır” formatı özünü doğrultmur. Bakıdakı ağacların əyri olmasının bir səbəbi də məhz əkmək və qulluq prosedurlarının düzgün aparımamasıdır.

Davamı var…
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.