Başı əlhəd daşına dəymək

Dilimiz varlığımızdır

Məcazi mənada: əziyyət, çətinlik çəkmək, səhv etmək və sonra özünə gəlmək, ayılmaq.
Əlhəd – qəbrin iki yanında, ölünün üstünə daş qoymaq üçün düzələn yerdir. Əlhəd daşı – əlhədə qoyulan daş. “Başı əlhədə dəyməsə, olmaz” – atalar sözüdür.
“Bakı” qəzetindəki bir felyetonda belə bir dialoq vardır:
“–A qardaş, bir bizi başa sal görək, niyə zurnasız, balabansız süzürsünüz? Bəlkə elə biz də… –Görünür, sənin başın hələ əlhəd daşına dəyməyib…”
Bu tərkibdəki “əlhəd” sözü əslində ərəb sözü olan “ləhəd”in (“ləhd”) təhrif edilməsi ilə düzəlmişdir. Məsələn, S.M.Qənizadənin “Tülkü və Çaq-çaq bəy” əsərində bu söz işlənmişdir:


Qoydular qəbrə tülkünün ölüsün,
Qıldılar yad çöldəki dirisin.
Ləhədin üstünə düzüb yarpaq,
Tökdülər bel, kürək ilə torpaq.


S.Vurğunun “Aygün” poemasında ifadə belə işlədilmişdir:

Əmirxanın başı dəydi əlhəd daşına,
O ayıldı məclislərin gec yuxusundan.


M.İbrahimovun “Məhəbbət” pyesində Huri öz qaynanasına deyir:” Elə bil ki, başım qəbir daşına dəyib. Təzədən bu dünyaya gəlirəm, xala, bundan sonra sənin istədiyin kimi olacağam”.
İfadə tədricən yığcamlaşaraq “başı daşa dəymək” şəkli almışdır.
B.Vahabzadənin “Alim olmaq asandır” pyesində həbsxanadan buraxılmış Qulam haqqında bacıları belə söhbət edirlər:
“Pakizə: Ancaq qorxuram yenə əvvəlki kimi ola. Islah evi də onu dəyişdirə bilməyə.
Xalidə: Başı daşa dəyəndən sonra düzələr”.

Müəllif: Musa Adilov– Filologiya elmləri doktoru, professor

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.