Tarixdə bu gün

İlin 92-ci (uzun illərdə 93-cü) günü.

Mühüm hadisələr:

1918 – Van rus və erməni işğalından xilas edilir.

1992 – Azərbaycan Respublikası Çin ilə diplomatik əlaqələr qurmuşdur.

1992 – Azərbaycan Respublikası Yunanıstan ilə diplomatik əlaqələr qurmuşdur.

1992 – Azərbaycan Respublikası Danimarka ilə diplomatik əlaqələr qurmuşdur.

1993 – Azərbaycan Respublikasının ərazisi olan Kəlbəcər rayonu Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

2016 — Aprel döyüşləri və ya Dördgünlük müharibə

Doğum günləri:

1805 – Məşhur danimarkalı nağılçı Hans Xristian Andersen Odense şəhərində anadan olmuşdur.

4 avqust 1875-ci ildə 70 yaşında Kopenhagendə vəfat etmişdir.

Pyeslər, səyahətnamələr, romanlar və şeirlər də yazmasına baxmayaraq, Andersen bütün dünyada daha çox nağıllarına görə tanınır. Onun nağılları 100-dən çox dilə tərcümə edilmişdir.

Hans Xristian Andersen dünyanın ən məşhur nağılçılarından biridir. O, “Çirkin ördək balası”, “Çaxmaq daşı”, “Kibritçi Qız”, “Qalay əsgər”, “Düyməcik”, ”Su pərisi”, “Qar kraliçası”, “Kralın təzə libası”, “Noxud üstündə yatmış şahzadə qız” və başqa nağılları ilə məşhurdur. Andersenin nağılları özünəməxsus xüsusiyyətləri və qeyri-adilikləri ilə seçilir.

Andersen bütün həyatını tənhalıqla  keçirmiş, tənha və bədbəxt bir insan olaraq həyatdan köçmüşdür. Amma dahi yazıçı özündən sonra zəngin irs – qeyri-adi və möhtəşəm nağıllar qoyub getmişdir.

1854– Görkəmli yazıçı və dramaturq Nəcəf bəy Vəzirov Şuşa şəhərində anadan olmuşdur.

Vəzirov ilk təhsilini dini məktəbdə almışdı. O, burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə gedir. Lakin yeniyetmə gənc həmin məktəbdə oxuya bilmir. Burada müəllimin amansız rəftarı, uşaqları yerli–yersiz döyüb işgəncə verməsi Nəcəfi məktəbdən uzaqlaşmağa məcbur edir. Yeniyetmə oğlanın məktəbdən qaçmasına bəzi qohumları başqa məna verirlər. Guya o tənbəl və bacarıqsızdır, öyrənə bilmir, çətinlikdən qorxur və s. Hətta qohumlarından biri istəyir ki, Nəcəfə rusca səthi sürətdə yazıb oxumağı öyrətsin ki, heç olmasa o, kənddə mirzəlik edib ata–anasını dolandırsın. Lakin Nəcəf heç kəsin qayğısını qəbul etmir. O, 1868-ci ildə Şuşadan ayrılıb Bakıya gəlir. Burada imtahan verib real gimnaziyanın ikinci sinifinə daxil olur. Öz bacarığı və biliyi ilə tezliklə müəllimlərin rəğbətini qazanır.

Gimnaziyada oxuyarkən N.Vəzirov böyük Azərbaycan alimi o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərir. H. Zərdabi şagirdlərdə təkcə elmə maraq oyatmaqla kifayətlənmirdi. O, çalışırdı ki, şagirdlər xalqın gələcək inkişaf yollarını düzgün anlasınlar, onun azadlığı və maariflənməsi uğrunda mətin mübarizlər kimi yetişsinlər. Məhz Zərdabinin məsləhəti ilə N. Vəzirov təbiət elmlərinə xüsusi maraq göstərir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqı ideyalarla tanış olur. Yazıçının teatrla tanışlığı da bu zaman başlanır. O yazır: “1873–cü ildə altıncı klasda oxuduğum vaxt  birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə təsir elədi. Onun necə bir şey olduğunu başa düşdüm”.

1874–cü ildə N. Vəzirov real gimnaziyanı qurtarıb təhsilini davam etdirmək üçün Rusiyaya gedir. O, əvvəlcə Moskvada olur, sonra dostu Ağa Gorani ilə birlikdə Peterburqa gedib Əkinçilik instituna qəbul olunmaq istəyir. Lakin atestatındakı qiymətlar həmin inistituta qəbul tələblərini ödəmədiyi üçün o, avqust ayının sonlarında yenidən Moskvaya qayıdır və sentyabrda Petrovski–Razumovski Meşə və Təbiətşunaslıq Akademiyasının Meşəçilik şöbəsinə daxil olur.

1878–ci ilin iyun ayında N. Vəzirov Petrovski–Razumovski Akademiyasının Meşəçilik şöbəsini bitirib təyinatla Qafqaza göndərilir. O, Yelizavetpol quberniyasının Tərtər nahiyyəsinə üçüncü dərəcəli meşəbəyi təyin olunur. 1880–ci ilin iyul ayına qədər burada çalışır. Sonra onun vəzifəsini böyüdürlər. Vəzirov ikinci dərəcəli meşəbəyi kimi İrəvan quberniyasının Dilican nahiyyəsinə meşəbəyi təyin olunur. 1887–ci ilə qədər burada çalışıb yenidən iş yerini Yelizavetpol quberniyasına dəyişir.

1890–cı illərin əvvəllərindən başlayaraq Rusiyada inqilabi–azadlıq hərakatının yüksəlişi ilə əlaqədar Petrovski–Razumovski Akademiyasının məzunlarını təqib edirlər. Bununla əlaqədar olaraq N. Vəzirovu da siyasi etibarsızlıqda günahlandırıb meşəbəyi vəzifəsindən azad edirlər. Bundan sonra sənəti ilə əlaqəsi olmayan müxtəlif yerlərdə çalışır. Əvvəlcə İrəvan quberniya idarəsi tibb şöbəsinin katibi, sonra isə Qazaxda mübahisəli işlərə baxan şöbənin katibi vəzifəsində işləyir. Lakin bu işlərin heç biri N. Vəzirovun xoşuna gəlmir.

Nəcəf bəy Vəzirov 1895–ci ildə Bakıya köçür. Burada tələb olunan imtahanları verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır. O, burada uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını davam etdirir, “Yağışdan çıxdıq yağmura düşdük”, “Müsibəti–Fəxrəddin”, “Pəhləvanı–zəmanə” kimi klassik əsərlərini yaradır. N. Vəzirov 1903–cü ildə Bakı Dumasına katib seçilir. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılması işində yaxından iştirak edir.

1905–ci il inqilabı N.Vəzirovun ədəbi–ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan “Həyat”, “İrşad”, “Təzə həyat”, “Açıq söz” və s. qəzetlərində “Dərviş” imzası ilə “Balaca mütəfərrəqələr” başlığı altında burjua–mülkədar cəmiyyətinin içtimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir,

Bu illərdə o, “Pul düşkünü Hacı Fərəc” komediyasını, “Təzə əsrin ibtidası” dramını yazmış, böyük fransız yazıçısı Jan Batist Molyerin “Xəsis” komediyasını “Ağa Kərim xan Ərdəbili”, fransız məzhəkəsi “Vəkil Patelen” i isə “Dələduz” adı ilə tərcümə etmişdir. Azərbaycanda Aprel inqilabından sonra N. Vəzirov Bakıda Kənd təsərrüfatı texnikumunda müəllim işləmişdir. Yazıçı meşəçilik işi ilə bağlı tələbələri Azərbaycanın müxtəlif rayonlarına aparır, təcrübə məşğələlərinə rəhbərlik edirdi. Lakin qocaman yazıçının səhhəti pozulmuşdu, tez–tez ürək ağrısından şikayətlənirdi. Həkimlər ona işdən çıxıb istirahət etməyi məsləhət görürdülər.

1926–cı ilin yayında Nəcəf bəy Vəzirov təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda getmiş və iyul ayının 9–da orada ürək partlamasından vəfat etmişdir. Yazıçının cənazəsi Bakıya gətirilmiş və iyulun 12–də dəfn olunmuşdur.

1931 —  Azərbaycan seysmologiyasının  banlsi, fizika-riyaziyyat elmləri namizədi   Şamo Rəhimov   (Xalq yazıçısı Süleyman Rəhimovun oğlu)Bakıda  anadan olub.

1948-ci ildə orta məktəbi qızıl medalla, 1953-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə SSRİ Elmlər Akademiyası Yer Fizikası İnstitutunun seysmologiya ixtisası üzrə aspiranturasına daxil olmuşdur.

Hələ gənc yaşlarından dünya şöhrətli seysmoloq kimi tanınmışdır. Onun zəlzələ ocağında gedən proseslər, zəlzələlərin oxunuşu, lava dalğaları, seysmik rayonlaşdırma xəritələrinin qurulması və tərtibi sahəsində böyük xidmətləri var.

1958-ci ildə səthi dalğalar nəzəriyyəsi problemlərinə həsr olunmuş “Üç yaxın stansiyalarda müşahidə edilən Reley dalğalarının yayılma sürətinin dispersiyasının eksperimental öyrənilməsi” mövzusunda yazdığı elmi əsərində səthi dalğalar sürətlərinin fazasının təyin edilməsində əvvəlki üsulların effektsiz olduğunu sübut etmişdir.

O, Reley və Lyava səthi dalğaları üzrə zəlzələnin episentrinə istiqamətlərin təyini üsulunu işləyib hazırlayıb. 1962-ci ildə Reley qrupu dalğalarının yeni seriyasını aşkar edərək onların xüsusiyyətlərini səciyyələndirib. Onun işləyib hazırladığı üsullar Azərbaycanın seysmik rayonlaşdırılması üçün baza olmuşdur. Şamo Rəhimov Azərbaycan üzrə seysmostatistik məlumatlar əsasında yer qabığının öyrənilməsinin yeni üsulunu da işləyib hazırlamışdır. Bu üsul 1961-1963-cü illərdə Azərbaycanda baş vermiş on güclü dağıdıcı zəlzələnin məlumatlarının öyrənilməsi əsasında həyata keçirilib sübut olunmuşdur.

40-a yaxın elmi işin müəllifi olan Şamo Rəhimovun fəaliyyəti  hələ sağlığında beynəlxalq aləmin diqqətini cəlb etmiş və onu seysmologiya sahəsində ən məşhur alimlərdən biri kimi qəbul etmişdilər.

Görkəmli seysmoloq, professor, ABŞ Prezidentinin elm üzrə məsləhətçisi Frank Press Şamo Rəhimovu Amerikaya dəvət etmiş, lakin Sovet hakimiyyəti ona xaricə getməyi icazə verməmişdi. Buna baxmayaraq, ABŞ-ın Seysmologiya Cəmiyyəti Azərbaycan Elmlər Akademiyasına, Şamo Rəhimova öz aylıq bülletenini göndərirdi. Hətta ölümündən sonra azı 11 il də bülletenlərin Şamo Rəhimovun ünvanına göndərilməsi davam etmişdir. Qeyd edək ki, Şamo Rəhimov Frank Press və müəllimi M.Yuinqin səhvlərini, Yer quruluşunun öyrənilməsindəki metodların əsaslarının etibarsızlığını sübut etmişdi. Doktor Şamo Rəhimov bu barədə öz üsulunu təklif etmiş və yeni əsaslı düstur çıxarmışdı. Bir qədər sonra isə Amerika alimlərindən professor İ.Dorman, M.Evinq və eləcə də Frank Press, M.Yuinq də Şamo Rəhimovun bu yeni kəşflərini təsdiq etmişdirlər.

2002-ci ildə ABŞ-da çap olunmuş “Seysmologiya və mühəndisi seysmologiya” məlumat kitabında seysmoloqların XX əsrdə əldə etdikləri əsas nəticələrinə həsr olunmuş fəsildə, azərbaycanlı alim İkram Kərimovun təqdim etdiyi bioqrafik arayış dərc edilmişdir ki, orada da Şamo Rəhimovun nailiyyətləri öz əksini tapmışdır.

Şamo “Nizami” adlı dram, “Cahanşah” adlı poema da yazmışdı.

   Şamo Rəhimov  1965-ci ilin iyulunda  34 yaşında   vəfat etmişdir

 1965 —  Görkəmli  teatr və kino aktrisası, Gəncə Dövlət Dram Teatrının aktrisası Azərbaycanın Respublikasının Xalq artisti Pərvanə Yaqub qızı Qurbanova anadan olmuşdur.

1981-ci ildə Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlamışdır. Bu illər ərzində  çoxlu sayda yaddaqalan rollar oynamışdır.

Pərvanə Qurbanovanın Milli kino sahəsində də xidmətləri az olmamışdır. Bunlardan “Xocalı faciəsi” haqqında çəkilən “Haray” filmində baş rolda, E. Əfəndiyevin “Sarı gəlin” filmində əsas rollardan birinə, “Pərvanələrin rəqsi” serialında Yaqut xanım roluna çəkilmişdir.

Vəfat etmişdir:

2016— Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsi iştirakçısı Raquf İbrahim oğlu Orucov  Aprel döyüşlərində qəhrəmancasına həlak olmuşdur.

1972 – ci il iyulun 12-də Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub.

 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılmış Azərbaycan Ordusunun sıralarına qoşulmuş, üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası almışdı. Onun anası Raya xanım 1993-cü ilin 12 iyununda Ağdam rayonunun Cinli kəndini işğal edilməsi nəticəsində şəhid olmuşdur.

Raquf Orucov 1993-cü ildə  Bakı Ali Hərbi Ümumqoşun Komandirləri məktəbində qəbul olunmuş,  1996-cı ildə həmin məktəbi bitirərək hərbi hissələrin birinə təyinat almışdır. Amma gənc zabit ön cəbhədə olmağa üstünlük vermişdi. 1996-cı ildə təyinatını Murovdağa   istiqamətindəki hərbi hissələrdən birinə  dəyişmiş  və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirmişdi.

2016-cı ilin aprel ayında  gedən döyüşlərdə Vətən naminə  canını qurban vermişdir.

Raquf Orucov Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən, 1995-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, 1998-ci ildə “Hərbi xidmətlərə görə”, 2003-cü ildə “Qüsursuz xidmətə görə” III dərəcəli, 2008-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” II dərəcəli, 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” I dərəcəli, 2016-cı ildə “İgidliyə görə” medalları ilə təltif edilib.

2016— Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru Təbriz Tariyel oğlu Musazadə 2016-cı ildə Aprel döyüşlərində qəhrəmancasına həlak olmuşdur.

Təbriz Musazadə  1981-ci il   avqustun 12-də Gürcüstan Respublikasının Dmanisi rayonunun Yaqublu kəndində anadan olub.

Mayor Təbriz Musazadə özündən başqa baş leytenant Əbu Bəkir İsmayılov və mayor Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmaya qatıldı. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vuruldu və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid oldu. Onların nəşi aprelin 10-u neytral ərazidən götürüldü.

Təbriz Musazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

2016— Azərbaycan Silahlı Qüvvələrinin zabiti Sahil Həsrət oğlu Şirinov  Vətən uğrunda döyüşlərdə qəhrəmancasına  həlak olmuşdur.

Sahil Şirinov 24 iyun 1992-ci  ildə Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub.

2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2014-cü ildə Motoatıcı taqım komandiri ixtisası üzrə bitirərək leytenant hərbi rütbəsi almışdır.

Leytenant Sahil Şirinov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 6-sı isə doğulduğu Qəbələ rayonunun Bum qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Şirinov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Sahil Şirinov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilmişdir.

Bayramlar və xüsusi günlər:

Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür. Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı bir tarixçəsi vardır. Məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub.

Beynəlxalq Uşaq Kitab Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən isə Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilmişdir. Bu tarix cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etmək üçün təsis edilib.

Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsi ilə başlayır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Y.A.Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədilə rəsmlərin yer aldığı kitab nəşr etdirib.

XVIII əsrdə uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranmağa başlanmışdır. D.Defo və C.Sviftin “böyüklər” üçün yazılmış “Robinzon Krunzo” (1719-cu il ) və “Qulliverin səyahəti” romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olunub.Qrim qardaşlarının nağıllar kitabı bu baxımdan diqqəti cəlb edir. 1846-cı ildən başlayaraq H.X.Andersenin qələmə aldığı nağılları uşaqlar bu gün də çox sevirlər.Sonralar yazılaraq kitablara köçürülən xalq nağıllarına da maraq artırıb. XIX-XX əsrlər Azərbaycanda uşaq ədəbiyyatının inkişafı ilə xarakterizə olunmuşdur.

Hazırda Beynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə də özünəməxsus şəkildə qeyd olunur. Həmin gün müxtəlif rəsm və kitab sərgiləri keçirilir.

2 Aprel Dünya Autizm Məlumatlandırma Günüdür

Aparılmış tədqiqatlara görə dünya əhalisinin 1 faizi,  yəni, 70 milyon əhali autizmin qurbanıdır. Qeyri-rəsmi statistikalara əsasən,  ölkəmizdə təxmini 4000 yaxın autizm sindromundan əziyyət çəkən uşaq qeydiyyata alınmışdır. Ölkəmiz autizm sindromlu uşaqların artımına görə 2014-cü ildə dünya ölkələri sırasında 3-cü yeri tutmuşdur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!