İlin 93-cü (uzun illərdə 94-cü) günü. Mühüm hadisələr:

Doğum günləri:

1908 — Görkəmli Azərbaycan filosofu, ictimai xadim, elm təşkilatçısı, fəlsəfə elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü,  SSRİ Dövlət Mükafatı Laureatı  Heydər Nəcəf oğlu Hüseynov İrəvanda  anadan olmuşdur.1918-ci ildə ailələri əvvəl Batuma, sonra Stavropola, daha sonra Bakıya köçmüşər. Böyük qardaşı və anasının himayəsi altında böyümüşdür.Heydər Hüseynov orta  təhsilini Bakının 18 saylı məktəbdə almışdır. 1927-1931 illərdə Lenin adına Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. Əmək fəaliyyətinə 1924-cü ildən başlamış, pedaqoji texnikumun kitabxanasında işləmişdir.1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun İctimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1931—1932-ci illərdə Azərbaycan Elmi -Tədqiqat İnstitutunun aspirantı olmuşdur. Heydər Hüseynov 15 iyun 1939-cu ildə Tiflis şəhərində “M.F.Axundovun fəlsəfi görüşləri” adlı dissertasiyasını müdafiə etmişdir. O, 1944-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, həmin il professor elmi adını almışdır.1936—1940-cı illərdə Heydər Hüseynov SSRİ Elmlər Akademiyası Ensiklopediya və Lüğətlər İnstitunun Azərbaycan filialının direktoru olmuşdur. 1939—1945-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının sədr müavini, 1945—1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur. Akademiyanın eyni zamanda ictimai elmlər bölməsinin sədri olmuşdur. 1943—1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin əvvəl marksizm – leninizmin əsasları, sonra fəlsəfə kafedrasının müdiri işləmişdir. 1945-1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitunun direktoru olmuşdur. “Dialektik materializm”, “Dialektika və metafizika”, “Dialektika və tarixi materializm” adlı ilk dərsliklərin müəllifidir. Heydər Hüseynov 100-dən çox elmi məqalə yazmıdır. Bəhmənyar, Nizami Gəncəvi, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi haqqında ciddi tədqiqat işi aparıb.Həmin dövrdən Heydər Hüseynov 733 səhifəlik ” XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında” fundamental əsər yazmış  və 1950-ci ilin mart ayında   Stalin mükafatına  layiq görülmüşdür. Heydər Hüseynovun elmi fəaliyyətinin  hər zaman mükafatlandırılmasına baxmayaraq, ona qarşı Respublika rəhbərliyində dözümsüzlük başlayır. 1950-ci ilin mayında Kommunist Partiyasının MK-nın büro iclasında ciddi tənqid edilir. Azərbaycan KP MK SSRİ Nazirlər Soveti qarşısında onun aldığı Stalin mükafatlarından məhrum edilməsi vəsadətini qaldırır və vəsadət təmin edilir. Hüseynov Kommunist Partiyasından çıxarılır və Elmlər Akademiyasındakı vəzifələrindən azad edilir. Dövlər orqanları və bəzi həmkarları tərəfində əsassız təqiblərə məruz qalır. Təzyiqlərə dözməyən və həbs ediləcəyini təxmin edən filosof 15 avqust 1950-ci ildə damarlarını kəsməklə özünə qəsd edir.

1911 — Coğrafiya elmləri doktoru, professor, Azərbaycan EA–nın müxbir üzvü, Azərbaycan Dövlət Mükafatı laureatı Şıxlinski Ənvər Mamay oğlu 1911-ci il aprelin 13-də Qazax qəzasının Qazaxlı kəndində anadan olmuşdur. 1932-ci ildən Azərbaycan Hidrometeoroloji İdarəsində işləmiş, 1934-47-ci illərdə iqlimşünaslıq şöbəsinin müdiri olmuşdur. 1947-54-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda şöbə müdiri və direktor işləmişdir. 1946-54-cü illərdə Bakının ali məktəblərində iqlimşünaslıq və fiziki coğrafiyadan dərs demişdir. Alim ölkəmizdə iqlimşünaslığın əsasını qoyanlardan biri olmuş, Azərbaycan və qonşu ərazilərin timsalında dağlıq ölkələrin iqliminə, həmçinin fiziki coğrafiyasına və landşaftının geofizikasına dair mühüm elmi tədqiqatlar aparmışdır. “Azərbaycan SSR iqliminin təsviri” , “Azərbaycan SSR atlası”, “Azərbaycan SSR-in istilik balansı atlası”, “Azərbaycan SSR-in iqlim xəritəsi” , “Azərbaycanın istilik balansı” əsərlərinin müəllifi, “Sovet Azərbaycanı” və “Azərbaycan iqlimi” monoqrafiyalarının (hər ikisi rus dilində) əsas müəlliflərindən və elmi redaktorlarından biri olmuşdur. Onun rəhbərliyi altında onlarla elmi kadrlar hazırlanmışdır. Qırmızı Əmək Bayrağı, ikinci dərəcəli Vətən müharibəsi ordenləri və medallarla təltif edilmişdir. Görkəmli iqlimşünas coğrafiyaçı alim olan Şıxlinski Azərbaycan Respublikasında yağıntıların paylanması, Azərbaycan iqlimi, iqlim xəritəsi, istilik balansı atlası kimi sanballı əsərlərin müəllifidir. İqlimə və landşaftşünaslığa dair nəzəri işləri ilə məşhurdur. Ənvər Şıxlinski  1992-ci ildə 81  yaşında vəfat etmişdir.

1915 — Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, dünya şöhrətli pediatr. AMEA-nın fəxri üzvü İhsan Doğramacı Osmanlı imperatorluğunun tərkibində olan İraqın Ərbil şəhərində anadan olub. Kökən olaraq İraq türkmənlərindəndir. Orta məktəbi Beyrutda, ali məktəbi Bağdad və İstanbulda bitirib.

110

İhsan Doğramacı İstanbul Tibb Fakültəsini bitirdikdən sonra (1938) ixtisasartırma kurslarını Ankara Nümunə Xəstəxanasında keçirmişdir. Ankara Universiteti Tibb fakultəsində dosent (1949) və professor (1954) olmuşdur. O, Uşaq Sağlamlıq İnstitutunun, Hacıtərə Tibb və Səhiyyə Elmləri fakültəsinin  yaranmasında böyük rol oynamışdır.

İhsan Doğramacı Ankara Universitetinin rektoru (1963-1965), Şərq orta Texniki Universitetinin heyət rəhbəri (1965-1967), Hacıtərə Universitetinin rektoru (1967-1975) olmuşdur. Sonra isə Paris Universitetinə müəllim təyin edilmişdir. 1964-1973-cü illər arasında Avropa Rektorlar Konfransının idarə heyətinin üzvü, 1981-ci ildən ömrünün sonuna  qədər Millətlərarası Ali Təhsil Konfransında idarə heyətinin üzvü, sədr və fəxri sədr vəzifələrində çalışan İhsan Doğramacı bu yolla bir çox ölkələrin ali təhsil idarəetmə sistemlərini yaxından öyrənmişdir. 1981-1992-ci illər arasında Ali Təhsil Qurumunun sədri olan İhsan Doğramacı vəfatınadək Bilkənd Universitetinin heyət sədri vəzifəsini icra edirdi. İhsan Doğramacı Hindistan Milli Tibb Akademiyası, Fransa Tibb Elmləri Akademiyası, Amerika Pediatr Akademiyası, AMEA-nın fəxri üzvüdür. Dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların nüfuzlu mükafatlarını almış İhsan Doğramacı 2000-ci ildə Azərbaycanın “İstiqlal” ordeni ilə, 2005-ci ildə isə Azərbaycanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunub. 2000 və 2005-ci illərdə İhsan Doğramacının 80 və 85 illik yubileyləri Bakıda qeyd olunub. Böyük   alim, Türk dünyasının  sevimlisi olan İhsan Doğramaçı  25 fevral 2010-cu ildə 95 yaşında vəfat etmişdir

1922 — Məşhur alim, Azərbaycan paleontologiyası məktəbinin banisi, tarix elmlər doktoru, professor, Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı, 1971-1994 illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinə rəhbərlik etmiş Məmmədəli Murad oğlu Hüseynov Qazax rayonunun Molla Cəfərli kəndində anadan olmuşdur. Məmmədəli Hüseynov 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində ali təhsil almışdır. O, ali təhsilini başa vurduqdan sonra Azərbaycan Tarixi Muzeyində (indiki Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi) əmək fəaliyyətinə başlamışdır. Məmmədəli Hüseynov 1971-1994 illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinə rəhbərlik etmişdir. O, eyni zamanda 1976-1993-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təşkil olunmuş Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri olmuşdur.Məmmədəli Hüseynov 1960-cı ildə Tbilisidəki Arxeologiya, Etnoqrafiya və Tarix institutunun Elmi Şurasında “Aveydağ paleolit düşərgələri”adlı namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1985-ci ilin oktyabr ayında Kiyev şəhərində “Azərbaycanın qədim paleoliti” adlı doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsini almışdır. Ona 1987-ci ildə professor adı verilmişdir. Məmmədəli Hüseynov 5 iyul 1994-cü ildə vəfat etmişdir.Məmmədəli Hüseynov 6 kitab və 100-dən çox elmi əsərin müəllifidir. “Azərbaycan arxeologiyası”.” (Altı cilddə, I cild, Bakı, 2008) adlı kitab Azərbaycan paleolit məktəbinin banisi, professor Məmmədəli Murad oğlu Hüseynovun əziz xatirəsinə həsr olunmuşdur.

Vəfat etmişdir:

2000 — Xalq rəssamı Asəf (Ağasəf) Əli İskəndər oğlu Cəfərov 73 yaşında vəfat etmişdir.
Asəf Əli İskəndər oğlu Cəfərov 1927-ci ildə Bakıda, İçərişəhərdə anadan olmuşdur. 1945-1950-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində ilk rəssamlıq təhsilini almış, 1951-1957-ci illərdə B.İ Surikov adına Rəssamlıq İnstitutunda ali təhsilini davam etdirmişdir. 1957-ci ildə İnstitut tərəfindən Hindistan va Pakistana yaradıcılıq ezamiyyətinə göndərilmişdir.”Bilərzik seçimi” (1957) həmin dövrün seçilən işilərindəndir.
A.Cəfərov tematik tablo, portret, mənzərə və natürmort janrlarında özünəməxsus kompozisiya, kolorit və işlənilmə üslubu ilə fərqlənən əsərlər qalereyası yaratmışdır. Rəssamın yaradcılığında milli çalarlar, folklora müraciət və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edir. Rəssam bədii estetik təsir yükünə malik süjetli əsərlər yaratmışdır. Buna misal olaraq “Tarlada”, “Dəniz kənarında”, “Görüş”, “Mənim Azərbaycanım”, “Musiqiçilər” və başqalarını qeyd etmək olar.
Asəf Cəfərov həm də bir çox portretlərin muəllifidir. Buna misal olaraq onun “Ə.Vahid”, “V.Mustafazadə”, “S.Bəhlulzadə”, “Arif Məlikov”, “Cəfər Cabbarlı”, “Vəcihə Səmədova”, “Rəşid Behbudov” və s. portretlərini göstərmək olar
Asəf Cəfərov yaradıcılıq ezamiyyətlərində olduğu xarici ölkələrdə (İtaliya, Avstriya, Almaniya və s.) yeni ruhlu tablolar yaradıb. Rəssam bir çox beynəlxalq sərgilərin iştrakçısı olmuşdur, Avstriyada “Dünya Təsviri Sənət Sərgisi”-də (1980) “Qran Pri” mükafatını qazanmışdır.

2008 —Azərbaycanın Əməkdar artisti Şəfiqə Qasımova vəfat etmişdir. Şəfiqə Qasımova 1924-cü ildə Bakı şəhərində Bakı şəhərində dünyaya qəlmişdir. 14 yaşında Musiqili Komediya Teatrının xorunda çalışmağa başlamışdır. İkinci Dünya müharibəsi illərində Azərbaycan Konservatoriyasına qəbul olunmuş və 1951-ci ildə Əfrasiyab Bədəlbəyli tərəfindən Akademik Milli Opera Teatrına dəvət edilmişdir (1942-1949-cu illərdə xor truppasında işləmişdir). Opera səhnəsində (1953-1956-cı illərdə solist kimi) Üzeyir Hacıbəyovun “Arşın mal alan”ında Asiya, “Koroğlu”da Xanəndə qız, Fikrət Əmirovun “Sevil”ində Gülüş və Tafta, bir çox rus operalarında bir cox partiyaları ifa etmiş, obrazlar yaratmışdır.    1956-cı ildən yenidən Musiqili Komediya Teatrında işləməyə başlamışdır. Uzun illər ərzində “Gözün aydın”, “Özümüz bilərik”, “Səndən mənə yar olmaz”, “Qızılaxtaranlar”, “Toy kimindir”, “Boşanıb evlənərik”, “Ulduz”, “Qayınana”, “Nazxanım naz eləyir”, “Milyonçunun dilənçi oğlu”, “Hicran”, “Keto və Kote” kimi tamaşalarda  xaraktetik rollarda yer almışdır.Şəfiqə xanım həm də    “Ögey ana” (Zeynəb),  “Vulkana doğru” (Ana) və “Bizim məhəllənin uşaqları” (Ana)  kimi filmlərdə də  çəkilmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!