Tarixdə bu gün
İlin 94-cü (uzun illərdə 95-ci) günü.

Mühüm hadisələr:
1814 — Napoleon ilk dəfə taxtından əl çəkdi.
1949 — NATO quruldu.
1979 — Pakistanın başçısı Zülfiqar Əli Bhutto edam edildi.
1992 – Azərbaycan Respublikası Rusiya ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

1913— Azərbaycan Respublikasının Xalq artisti , görkəmli aktyor Əli Yusif oğlu Zeynalov Salyanda anadan olub.
O, Azərbaycan teatr və kino sənətində səhnə və ekran hadisələrini real həyat faktı kimi təqdim edən, yaratdığı maraqlı, dolğun rolları tamaşaçıların həmsöhbətinə çevirən istedadlı aktyorlarımızdan biri olub.
Atası Yusif Zeynalov (1887-1965) ilk əlifba kitabının müəllifidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Əli Zeynalov da öz atasının yolunu davam etdirib. Pedaqoji təhsil alıb. Aktyorluğa marağı böyük olduğundan müxtəlif dərnəklərə üz tutub. 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı “Şeyda” tamaşasındakı baş rolu ilə çoxlarının rəğbətini qazanıb. Bakı Pedaqoji və Teatr Texnikumlarını (1933) bitirdikdən sonra o, bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib, geri döndükdən sonra Şəki Dövlət Dram Teatrında işləyib.
İrəvan Tearında (1934-1935), Dram Teatrında (1945-1975) işləyib. Əli Zeynalovun uzun illər rejissor Tofiq Kazımovla fəal yaradıcılıq əlaqəsi ona gözəl sənət uğurları gətirib. İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesində bu iki sənətkar – quruluşçu rejissor Tofiq Kazımov və Həsənzadə rolunun ifaçısı Əli Zeynalov böyük uğur əldə ediblər. Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik оlan Əli Zeynalоv bədii qiraət ustası kimi də tanınmışdı. İncəsənət İnstitutunda “səhnə danışığı” fənnindan dərs deyib.
Əli Zeynalov “İki ömrüm olsaydı…” kitabının müəllifidir. O, 1975-ci ildə səhnəni tərk etməsini belə açıqlayıb: “Bir gün teatrın direktoru məni yanına çağırıb dedi ki, “Vaqif” tamaşasını bərpa edirik. Götür Vaqifi yaz. – Nə? Ələsgər Ələkbərovdan, Kazım Ziyadan sonra mən – Vaqif? – Onda I pərdədə Vaqifi görməyə gələn kəndlilərdən birinin rolunu yaz. Bunu eşidəndən sonra otaqdan çıxıb truppa müdiri Qürbətin yanına gəldim, ondan bir qələm-kağız aldım, ərizə yazaraq teatrdan getdim. Mən belə teatrda işləyə bilməzdim.”
Əli Zeynalov 1988-ci ildə vəfat etmişdir.

1917— Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Qulam oğlu Əkbərov Naxçıvanın Cəhri kəndində anadan olmuşdur.
Qəzənfər Əkbərov 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş, 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləmişdir.
Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna səfərbər edilmiş, Tbilisi topçuluq məktəbində təhsil almışdır. Təhsilini başa vuraraq 1942-ci ildə Şimali Qafqaza göndərilmişdir. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Q. Q. Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdir.
1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdir. Onun başçılığı ilə üç nəfər topçu heyəti almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girmişdilər. Bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilmişdi. Bu döyüşdə Q. Q. Əkbərov qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdu. Bu qəhrəmanlığına görə Q. Q. Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Naxçıvan Muxtar Respublikasında Q.Q.Əkbərovun xatirəsi əbədiləşdirilmişdir. Ona Cəhri kəndində abidə qoyulmuşdur. Adına küçə və məktəb vardır.

1920 —Məşhur tarzən, Xalq artisti Hacı Məmmədov Şamaxı şəhərində anadan olub.
O, uşaq vaxtlarından tar çalmağa həvəs göstərib və böyük musiqi qabiliyyəti sayəsində hələ 11 yaşında ikən Xalq Çalğı Alətləri Orkestrinə qəbul edilib.
1948-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş, 1949-1970 illərdə həkim – cərrah işləmişdir.
Tarda çalmağı müstəqil öyrənmşdir. 1930-1948 ci illərdə Azərbaycan Xalq Çalğı Ansanblı Orkestrində işləmiş, 1949 cu ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 40 ildən çox M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında işləyən H.Məmmədovun şux, oynaq ifa tərzi həmişə diqqəti cəlb edib. Təsadüfi deyil ki, o, rus və Qərbi Avropa müəlliflərinin klassik əsərlərinin tarda ilk ifaçısı olub.
“Orta Mahur”, “Çoban bayatı” və digər xalq mahnıları onun ifasında çox məşhurdur.
Hacı Məmmədovun tibbi təhsil almasına səbəb gələcək həyat yoldaşının valideynlərinin qızlarını musiqiçiyə vermək istəməmələri olmuşdur.
2 avqust 1981-ci ildə 61 yaşında vəfat edib.

1935 — Azərbaycan Respublikasının Xalq artisti, məşhur kino aktyoru Muxtar Qəmbər oğlu Maniyev Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 saylı məktəbində alıb. Deyəsən, uşaqlıq illərində heç aktyor olmaq həvəsi də yox imiş. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayır. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsil ardınca gedib.
Muxtar Maniyevin kinoya gəlişi “Onu bağışlamaq olarmı?” filmi ilə başlayıb. Çox keçmədən ardınca “Koroğlu” filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Bu möhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Poladın obrazı haqqında o vaxt tənqidçilər də müsbət fikir söyləmişdilər. Deyirdilər ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər bir-birinin ardınca “İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim” filmlərində Muxtar çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib.
“İnsan məskən salır” filmində Muxtarın qəhrəmanı ekranda az görünsə də, filmin konflikti məhz onun üzərində qurulmuşdur. Hadisələr Neft Daşlarında cərəyan edir.
Ümumiyyətlə, M.Maniyev 40 ildən artıq davam etmiş yaradıcılığı dövründə milli kinomuz üçün qiymətli obrazlar yaradıb. Bu qəhrəmanlar kinomuzda özünəməxsus yeri olan sənət nümunələridir.
Azərbaycan kinosunu onsuz təsəvvür etmək çətindir. “Bəxt üzüyü”, “Ölsəm…bağışla”, “Bəyin oğurlanması”,”Bakıda küləklər əsir”, “Bizim Cəbiş müəllim”, “Sizi dünyalar qədər sevirdim” və digər filmlərdə Muxtar müəllim müxtəlif xarakterli insanlarının çox maraqlı obrazlarını yarada bilmişdir.
“Mozalan” satirik kinojurnalının isə əksər bədii süjetlərində onun yaddaqalan rolları var.
Böyük sənətkar Muxtar Maniyev uzun illər ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkirdi. Aktyorun səhhəti 22 dekabr 2016-cı ildə daha pisləşmiş və səhər saatlarında dünyasını dəyişmişdir.

1964 — Azərbaycanın Milli Qəhrəmanı Rəfael Şərafət oğlu Həbibov Əli Bayramlı şəhərində anadan olmuşdur.
Təhsil illərində idmana və ibtidai hərbi hazırlıq fənninə böyük maraq göstərmişdir. O, hərbi xidmətini Baltik ətrafında keçirmişdir. Sonra isə Leninqradda (Sankt-Peterburqda) hərbi məktəbi qurtarmış, leytinant rütbəsinə layiq görülmüşdür. O, qardaşı Cəbrayılla eyni vaxtda Əfqanıstan döyüşlərinin iıtirakçısı olubdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında iştirak etmək məqsədilə 1992-ci ildə Qarabağa göndərilmişdir. İlk günlrədən təcrübəli zabit kimi döyüşlərə atılmış Rəfael Təzəkənd, Narıncılar, Zodqızıl, Mədəni Ala Qala, Ağdaban, Çörəkdar, Çapar və s. kəndlər uğrunda gedən gərgin döyüşlərdə iştirak edir, bu kəndlərin çoxsunu erməni quduzlarından azad edirlər. R.Həbibov Kəlbəcər uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir. Mühasirəyə düşən kəşfiyyatçıları xilas edərkən dümənlə qarşı-qarşıya çıxır və düşmənin PDM-24 maşınını heyəti ilə birlikdə məhv etmşdir.
1992-ci il iyulun 6-da Çörəkdar və Tozlukörpü istiqamətində cəbhədə həlak olanların cəsədlərini gətirmək üçün yoldaşları ilə yola düşür. Döyüşdə aldığı yaradan 1992-ci il iyulun 7-də gözlərini əbədi yumur.
Azərbaycan Respublikası Prezidentinin 1994-ci il avqustunda verilən fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə Rəfael Şərafət oğlu Həbibova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Oxuduğu 14 saylı orta məktəb indi onun adını daşıyır.
Vəfat etmişdir:

1997 – Tanınmış şair, nasir,tərcüməçi, publisist, Azərbaycan komsomolu mükafatı laureatı Tofiq Mahmud oğlu Mehdiyev 65 yaşında Bakıda vəfat etmişdir.
Tofiq Mahmud 1931-ci il noyabrın 6-da Naxçıvan MR Şahbuz rayonunda anadan olmuşdur. Orta təhsili Bakıda 31 saylı məktəbdə almış, sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir . Əmək fəaliyyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin mədəni-maarif müəssisələri idarəsində metodiki kabinetin metodisti kimi başlamış, sonra “Azərbaycan müəllimi” qəzeti redaksiyasında xüsusi müxbir, “Göyərçin” jurnalı redaksiyasında ədəbi işçi olmuşdur.
İlk şeri “Kəsməsəm də, görməsəm də” 1953-cü ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunmuşdur. 1976-cı ildən “Göyərçin” jurnalının redaktoru vəzifəsində işləmişdir. Bədii tərcümə ilə də məşğul olmuşdur. Onun tərcüməsində Xuta Berulavanın “Quş südü”, İsabəy İshaqovun “Hər şeyi öyrənmək istəyən” kitabları işıq üzü görmüşdür. Əsərləri xarici ölkə xalqlarının dilinə tərcümə olunmuşdur. Azərbaycan Respublikası Uşaq Fondunun Bakı şöbəsinin sədri, həm də rəyasət heyətinin üzvü olmuşdur .

2007 — Azərbaycan Respublikasının Xalq şairi, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı , Əməkdar İncəsənət Xadimi Qabil Allahverdi oğlu İmamverdiyev Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur .
Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. “Azərbaycan” jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində işləmişdir.
AYB Ağsaqqallar Şurasının sədri olmuşdur.
Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat etmişdir. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.2016-cı ildə “Palmali” Şirkətlər Qrupu tərəfindən 7100 tonluq neft tankerinə adı verilmişdir .

2016 — Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Milli Qəhrəman Samid Gülağa oğlu İmanov 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur.
Samid İmanov 1981-ci ilin 14 oktyabrında Neftçala rayonunun Həsənabad qəsəbəsində Gülağa və Xuraman İmanovların ailəsində anadan olub.
Samid İmanov 1988- 1998-ci illərdə Neftçala rayonu 1 nömrəli tam orta məktəbində orta təhsil almışdır. 1998-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuş, 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə başa vurmuşdur.
Samid İmanov 2004-cü ilin iyun ayından başlayaraq müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.
2007-ci ildə “Anadolu-2007” və “Anadolu Qartalı-2007” birgə taktiki təlimlərlə yanaşı Samid İmanov həmdə Pakistanda “Ləpirçi və antiterrorist”, İsveçrədə “Dağ təlimi”, Rumıniyada isə “Dağa dırmanma üzrə təlimatçı” kurslarında iştirak etmişdir.
2014-cü ilin avqust ayının əvvəllərində Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Samid İmanovun rəhbərlik etdiyi qrup təərfindən Ermənistan silahlı qüvvələrinin 20 hərbi qulluqçusu məhv edildi.
Samid İmanov həm də bir müddət Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun mühafizə xidmətinin rəisi olub. Daha sonra isə mayor İmanov öz istəyi ilə yenidən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinə qayıdıb, hissənin qərargah rəisi və Xüsusi Təyinatlı Qoşunun komandasının köməkçi vəzifəsini icra edib.
Mayor Samid İmanov 2016-cı ilin aprel ayının əvvəlində – 3-dən 4-nə ötən gecə döyüş zamanı mayor İmanov neytral ərazidə ayağından və çiynindən qəlpə yarası aldı. Əsgərlər onu döyüş meydanından aparmaq istəsə də, Samid İmanov buna qəti sürətdə etiraz etdi və onun əvəzinə yaralı gizirin çıxarılmasını əmr etdi. Əsgərlərin etirazına baxmayaraq, mayor İmanov əmrin icra edilməsi üçün qəti göstəriş verdi. Yaralı giziri döyüş meydanından çıxaran əsgərlər yenidən döyüş meydanına qayıdada mayor İmanov artıq orada deyildi. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra erməni tərəfə əsir düşməmək üçün oradan uzaqlaşmışdı. Qəhrəman İmanov düşmən əlinə sağ düşməmək üçün əlində qumbara irəliləmiş və qanaxma nəticəsində əbədiyyətə qovuşmuşdur. Aprelin 8-i Samid İmanovun nəşi neytral ərazidən götürülmüş və doğma Neftçala rayonuna gətirilmişdir.
Aprelin 9-da mayor Samid İmanov anadan olduğu Neftçala şəhərinin Şəhidlər Xiyabanında izdihamla son mənzilə yola salınmışdır. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri də qatılmışdır. Azərbaycanın Dövlət Himni səsləndiriləndən sonra mayor Samid İmanov uğrunda şəhid olduğu torpaşa tapşırılmışdır. Mayorun tabutuna çəkilən bayrağ isə şəhidin qardaşı Sadiq İmanova təqdim olunmuşdur.
2016-cı ilin 19 aprelində Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.