Abidələr, sözlər və məsuliyyət: bir çıxışın doğurduğu suallar

Mövqe

İctimai kürsüdə söz məsuliyyəti: ifadə forması və kontekst məsələsi

Son günlər Milli Məclisdə səslənən fikirlər ətrafında yaranan müzakirələr bir daha göstərdi ki, ictimai kürsüdən deyilən hər söz təkcə həmin anın yox, uzun müddət cəmiyyətin diqqətində qalır. Millət vəkili Səyyad Salahlı (Aran)ın tarixi abidələrlə bağlı çıxışı və bu çıxışa parlamentin spikeri Sahibə Qafarova tərəfindən verilən irad məhz bu baxımdan geniş rezonans doğurdu.Məsələyə səthi yanaşdıqda kəskin qarşıdurma mənzərəsi yaransa da, çıxışın mətninə diqqətlə nəzər saldıqda aydın olur ki, mübahisə əsasən niyyət yox, ifadə forması və təqdimat üzərində qurulub. Deputat Səyyad Aran Milli Məclisin iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı belə demişdi: “Bu abidələr pasportlaşdırılırsa, bunun sonrakı aqibəti nə olacaq? Onsuz da bunların bir çoxu uçulub dağılıb. Hamımız şimal zonasında görürük bunu. Həmin abidələrin sarayından gündə bir kərpic düşür… Abidələri iş adamlarına verək ki, bərpa olunsun.”Əsas ideya odur ki, abidələrin sadəcə pasportlaşdırılması kifayət deyil; onların qorunması, bərpası və cəmiyyətə qazandırılması mərhələləri də vacibdir. Bu suallar həqiqətən aktual və müzakirəyə layiqdir. Lakin “abidələri iş adamlarına vermək” ifadəsi istər-istəməz narahatlıq doğurur. Tarixi abidələr təkcə daş-tikili deyil, milli irs, yaddaş və kimliyin daşıyıcılarıdır. Belə həssas mövzularda söz seçimi xüsusi diqqət tələb edir.Dünyada dövlət-özəl əməkdaşlığı (public-private partnership) modelləri mövcuddur və abidələrin bərpasında özəl sektorun iştirakı təcrübəsi var. Amma bu, heç vaxt abidələrin “verilməsi” və ya özəlləşdirilməsi kimi başa düşülmür. Burada ciddi dövlət nəzarəti, hüquqi çərçivə və ictimai maraqların qorunması əsas şərtdir. Spiker Sahibə Qafarovanın iradları da məhz bu kontekstdə hüquqi və əsaslı idi.Bu hadisə ilə yanaşı, Səyyad Aranın digər bir müsahibəsi də geniş müzakirə mövzusu oldu. RTV kanalının “Qaranlıqda həqiqət” verilişində (Ruhiyyə Əliyeva ilə) maaş fərqləri haqqında danışarkən deputat demişdi: “Mən günahkaram ki, kimsə 300-400-500 manat maaş alır, mən isə çox alıram. Vaxtında oxuyaydın, ali təhsil alaydın, yüksək nailiyyətlər əldə edəydin, irəli çəkiləydin… Bunlar yoxdursa, sus, otur yerində.”Sonradan Konkret.az saytında bu fikir daha mülayim formada verilib: “İnsan zəhmət çəkib oxuyar, ali təhsil alar, işlədiyi yerdə fərqlənər… Hamı bunu edə bilmirsə, onda susub oturmalıdır.” Deputatın öz izahında da oxşar yumşaldılma müşahidə olunur. Bu, göstərir ki, qısa klipdə ən sərt hissə kəsilib paylaşıldıqda kontekst itir və reaksiya daha güclü olur.“Vaxtında oxuyaydın… sus, otur yerində” kimi ifadələr sadəcə fikir kimi yox, hökm kimi qəbul olunur. Eyni məzmunu daha mülayim tonla desən (“Zəhmət çəkib oxuyub fərqlənmək olar”), reaksiya fərqli olardı. Xüsusilə sosial bərabərsizlik, aşağı maaşlar və çətin həyat şəraiti fonunda belə sözlər “sən ikinci sort insansan” mesajı kimi səslənə bilir. Halbuki, təhsil və inkişafın vacibliyi danılmazdır və bu fikir düzgün ifadə olunsaydı, gənclərə motivasiya çağırışı kimi qəbul oluna bilərdi. Müzakirələrdə diqqət çəkən əsas problem sözlərin kontekstdən çıxarılmasıdır. XVII əsrdə yaşamış Kardinal Rişelyeyə aid edilən məşhur fikir burada yada düşür: “Mənə istənilən adamın altı cümləsini verin, onu ittiham etməyə əsas taparam.” Ayrı-ayrı ifadələri bütöv çıxışdan qopararaq emosional başlıqlarla təqdim etmək tam fərqli mənzərə yarada bilir.Nəticə etibarilə, bu iki epizod bir məsələni aydın göstərir: cəmiyyət təkcə deyilən fikrə yox, onun necə deyildiyinə də həssas yanaşır. İctimai mövqe tutan şəxslər nitqlərinə məsuliyyətlə yanaşmalıdırlar. Tarixi abidələrin qorunması kimi vacib məsələlər isə emosional polemikadan yox, elmi əsaslara və ictimai maraqlara söykənən düşünülmüş yanaşmadan keçir. Şair necə gözəl ifadə edib:
Sözü süz, sonra söylə,
Üzə söylə, qeybət olmasın.
Elə söylə ki, xoş gəlsin sənə, əğyara…

Previous:
Next:

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.