6 aprel

Tarixdə bu gün

İlin 96-cı (uzun illərdə 97-ci) günü.

Mühüm hadisələr:

1995 — Azərbaycan Respublikası Panama ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1999— Azərbaycan şahmatçısı. Qadınlar arasında FİDE ustası Aydan Höccətova Bakı şəhərində anadan olmuşdur. Bakı Avropa Liseyində təhsil almışdır. Televizorda şahmat haqqında veriliş gördükdən sonra onda bu oyuna maraq yaranıb. Şahmat məşqçisi qrossmeyster Cahangir Ağarəhimovdur.

Şahmat karyerası

Aydan iki yaş yarımından şahmat oynamağa başlamış, üç yaşında dördüncü dərəcəli şahmatçı normasını yerinə yertirmişdir. Dörd yaşında artıq Bakı çempionatında iştirak etmişdir. Beş yaşında ikən Azərbaycanda ilk dəfə 10 yaşlı qızlar arasında Respublika çempionatına vəsiqə qazanmışdır. Aydan Azərbaycanda 6 yaşında I dərəcəli şahmatçı normasını yerinə yetirən yeganə şahmatçıdır.

2004-cü ildə Moskva şəhərində keçirilən ilk beynəlxalq yarışına qatılıb və dünya çempionu Anatoli Karpov tərəfindən xüsusi diplom və hədiyyə ilə mükafatlandırılıb. 2005-ci ildə Türkiyədə 12 yaşa qədər məktəblilərin 1-ci dünya çempionatının komanda yarışında 3-4-cü yerləri bölüşdürüb və Türkiyə Şahmat Federasiyasının prezidenti Əli Nihat Yazıçı tərəfindən diplom və hədiyyə ilə mükafatlandırılıb.

2005-ci ildə Serbiyada keçirilən Avropa çempionatında iştirak etmişdir. Eyni ildə 6 yaşında ikən 10 yaşlı qızlar arasında Bakı çempionatında və 15-ci Bakı kubokunda 2-ci yeri, “Yay kubokunda” isə 1-ci yeri tutub.

2006-cı ildə isə Batumi şəhərində keçirilən dünya çempionatında iştirak edib. Həmçinin Lənkəranda keçirilən Respublika Olimpiadasında, “Payız kubokunda” və Azərbaycan çempionatında 1-ci yeri, 10 yaşlı qızlar arasında Bakı çempionatında 2-ci yeri, və Respublika çempionatında 3-cü yeri tutub.

2007-ci ildə Gürcüstanın Batumi şəhərində keçirilən 8 yaşlıların ilk Avropa çempionatında 1-ci yeri qazanmışdır. Həmin ildə Türkiyənin Antalya şəhərində keçirilən 8 yaşlıların dünya çempionatında 8 xal yarım toplayaraq onunla eyni nəticə göstərmiş Günay Məmmədzadə ilə 2-3-cü yerləri bolüşdürmüşdür. Bunlardan əlavə 2007-ci ildə Bakı çempionatında və Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Prezident kubokunda” 10 yaşlı qızlar arasında 1-ci yeri, Azərbaycan çempionatında 2-ci yeri, və Zaqatalada keçirilən Olimpiadada 3-cü yeri tutub. 24 dekabr 2007-ci ildə Aydan Höccətova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2007-ci il tarixli 1956 saylı sərəncamına əsasən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə birgə təşkil etdiyi mərasimdə ilin şahmatçısı seçilmiş, gənclər və idman naziri Azad Rəhimov tərəfindən medal və diplomla təltif olunmuşdur.

2009-cu ildə İtaliyanın Fermo şəhərində keçirilən 10 yaşlı qızların Avropa çempionatında 2-ci yeri tutmuşdur.

2013-cü ilin noyabr ayında Türkiyənin Əskişəhər şəhərində keçirilən türkdilli xalqların olimpiadasında 2-ci yeri tutmuşdur.

2014-cü ilin oktyabr ayında Gürcüstanın Batumi şəhərində keçirilən 16 yaşlı qızların Avropa çempionatında 2-3-cü yerləri bölüşdürmüşdür.

2015-ci ildə qadınlar arasında FİDE ustası adına adına layiq görülmüşdür.

2016-cı ilin sentyabrında Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət əsas (birinci) komandasının heyətində Azərbaycanın qadınlardan ibarət yığma komandasında debüt edib.

Reytinqi

FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin fevral ayına olan məlumata görə Aydan 2308 xalla Azərbaycan qadın şahmatçıları arasında 5-ci, “Top 100 Girls February 2017” reytinq cədvəlində 21-ci və “Top 100 Women February 2017” reytinq cədvəlində isə 181-ci yerdə qərarlaşıb.

1939 — Azərbaycan kinorejissoru, kinodramaturq, nasir, Əməkdar incəsənət xadimi , professor, Xalq artisti Tofiq Hüseyn oğlu İsmayılov Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur.

190 saylı Bakı şəhər orta məktəbini bitirmişdir. M.A. Əliyev adına Teatr İnstitutunun Aktyorluq fakültəsində, sonra rejissorluq fakültəsində təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlamışdır. Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, “Azərbaycanfilm” studiyasında rejıssor köməkçisi, orada bədii təlimlər rejissoru vəzifələrində çalışmışdır. Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil almışdır . Sonra “Azərbaycanfllm” studiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləmişdir. Tofiq İsmayılov bir müddət “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur. 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim kimi çalışmışdır, kafedranın müdiri olmuşdur. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləmişdir. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olmuşdur. 2007-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir.

“Müasir Azərbaycan kinosunda tipik xarakter” mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Son illər “Sənətkarlığımızın portreti” silsilə bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında çəkilmişdir. Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirmişdir. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunmuşdur. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi – “Ağ dəsmal” 1962-ci ildə “Göyərçin” jurnalında çap edilmişdir.

Tofiq İsmayılov uzun sürən xəstəlikdən sonra 25 mart 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir.

1953 – Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Kazım Ənvər oğlu Abdullayev Bakıda anadan olmuşdur.

Kazım Abdullayev 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirmişdir.

1976-ci ilin yanvar ayından H.Ərəblinski adına Sumqayıt Dövlət musiqili-dram teatrının truppasına qəbul olunub 1996-ci ilin yanvar ayına qədər orada çalışmışdır.

1996-2004-cü illərdə Bakı Bələdiyyə Teatrında çalışmışdır.

2005-ci ildən Azərbaycan Dövlət Milli Dram Teatrının artist heyətinə qəbul edilən Kazım Abdullayev aşağıdakı rollar oynayıb: Hacı Bəxşəli (Cəlil Məmmədquluzadə, “Ölülər”), Aleksas (Nazim Hikmət, Uilyam Şekspir, Məmməd Səid Ordubadi, “Misir gecələri”), Şəmistan ağa (İsmayıl Şıxlı, “Ölüləri qəbiristanlıqda basdırın”), Fətulla bəy (Əli Əmirli, “Mesenat”), Nostradamus (Ramiz Novruz, “Hələ sevirəm deməmişdilər”), İkinci Rəşad (Bəxtiyar Vahabzadə, “İkinci səs”), Sultanəli (Mir Cəlal, “Dirilən adam”), Əkbər (Abdulla Şaiq, “Eloğlu”), İbrahim xan (İlyas Əfəndiyev, “Hökmdar və qızı”), Murtuza Muxtarov (Əli Əmirli, “Mesenat”), şair Kirmani (“Əmir Teymur”, Hüseyn Cavid), Aqostino (“Silindr”, Eduardo de Filippo), Hacı Həsən (“Ölülər”, Cəlil Məmmədquluzadə), İbad (“Almaz”, Cəfər Cabbarlı).

Aktyor bir çox filmlərə də çəkilmişdir: “Arvadım mənim, uşaqlarım mənim” adlı filmdə Şamil, “İsmayıl bəyin mücrüsü”ndə Ata, “Qorxma, mən səninləyəm”də Məmməd, “Atları yəhərləyin”də Qurd Kərim, “Alman klinikasına şəxsi səfər”də Qafarov, “Yük”də aktyor, “Sonuncu döyüş”də Polis mayoru və sairə…

3 dəfə Prezident Mükafatına layiq görülmüşdür.

2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

1966— AMEA İnformasiya Texnologiyaları İnstitutunda böyük elmi işçisi  Tamilla Adil qızı  Bayramova Bakıda anadan olmuşdur.

1988-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1988-ci ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə elmi işçi vəzifəsinə qəbul olunmuşdur.

Beynəlxalq İNTERNET şəbəkəsinin Azərbaycan qovşağının yaradılması və istifadəçilərə İnternet xidmətlərin göstərilməsində və AMEA-nın http://www.science.az portalının yaradılmasında iştirak etmişdir. Proqram mühəndisliyinin elmi – nəzəri əsasları, proqram təminatının keyfiyyət göstəriciləri, standartalrı, verifikasiya və validasiya metodları üzrə araşdırmalar aparmışdır.

2015-ci ildən institutun dissertantıdır,  “Proqram təminatının etibarlılığının yüksəldilməsi üçün metod və alqoritmlərin işlənməsi” adlı dissertasiya işi üzərində çalışır.

2012-ci ildən M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “İnformatika” fənni üzrə məşğələlər aparır.

İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir.

Hazırda şöbənin baş mütəxəssisi vəzifəsində işləyir.

1997 — İkinci Qarabağ müharibəsinin şəhidi Nəriman Nurəhməd oğlu Əlizadə Biləsuvar rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur.

Hərbi xidmətdən əvvəl “Rəvan” və “Neftçi” futbol klublarının aşağı yaş qruplarında çıxış edib.

27 sentyabr 2020-ci ildə erməni qəsbkarları yenidən tprpaqlarımıza həmlə etdilər. Milli Ordumuz öa torpaqlarının toxunulmazlığı və müstəqiilliyini bərpa etmək uğrunda şanlı mübarizəyə atıldı. Nəriman Əlizadə dı onların arasında idi. Nəriman Əlizadə Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və qəhrəmancasına həlak olmuşdur.

Şəhid Nəriman Əlizadə 29 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən şanlı mübarizələrdə əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Nəriman Əlizadə ölümündən sonra “Vətən uğrunda” medalı, 25.12.2020-ci il tarixli Sərəncama əsasən, “Xocavəndin azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncama əsasən, “Füzulinin azad olunmasına görə” medalı,

24.06.2021-ci il tarixli Sərəncama əsasən isə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir.

Vəfat etmişdir:

1520 — İtalyan rəssam və memar Rafael Santi İtaliyanın 37 yaşında Romada vəfat etmişdir.

Tarixdə bu gün – 6 aprelRafael 28 mart 1483-cü ildə İtaliyanın Urbbino şəhərində anadan olub. Rafael İntibah hərəkətlərini erkən inkişaf etmiş bacarıqlı bir gənc olaraq görmüş, rəssamlığa on altı yaşında çəkdiyi “Həvvanın yaradılışı” və “Trinite” əsərləri ilə başlamışdır. Rafaelin atası olan Giovanni Santi də Urbino da rəssamlıq edirdi. Atası 1494-ci ildə ölüncə Rafael, öz evində xarici təsirlərdən uzaq bir şəkildə işlərini davam etdirdi.

Rafael Florensiyaya gedincə özünü İntibahın içində tapdı. Leonardo da Vinçi və Mikelancelo təsirində qalaraq sənətinə yeniliklər qatdı. Florensiyada 1508-ci ilə qədər çəkdiyi rəsm əsərləri isə “Sikst Madonne”, “La Belle Jandinière”, “Madonna of the Chair” və “Entombmeut” olmuşdur. Rafael, Romada Papa II. Julius üçün işləyib. Romaya gəldiyi zaman, Mikelancelo, Julius’un etdirdiyi Sikst kilsəsinin bəzəyini çəkirdi. Rafael, burada ilk olaraq Papanın kitabxanasını dekorasiyaya etdi. Çəkdiyi teolojik, fəlsəfi, lirik hesabatlarında sükunət; rənglərdə ahəng; mövzularda aydınlıq və bir bütün ifadə hakimdir. Rafaelin gördüyü işlərdən biri də parça üzərinə qoyduğu bəzəklərlə, divar örtükləri hazırlamasıdır. 1513-1521 illəri arasında hazırladığı on ədəd böyük divar bəzəmə örtüləri, Sikst kilsəsində istifadə edilmişdir. 1514-ci ildə, Papa Leo Xin əmri altında da Saint Peter Bazilikasının baş memarı oldu. 37-ci ad günündə, 6 aprel 1520-ci ildə, Romada öldü. Rafael, Avropada klassik rəssamlığın əsasını qoymuşdur. Michelangelodan fərqli olaraq görünən hər şeyi bütün zənginliyi tabloya köçürmüş, tarixi və xristianlığa aid dini mövzulara sadiq qalmışdır.

1986 — Aktrisa, Azərbaycan Respublikasının Xalq artisti Sarnatskaya Nina Dmitriyevna 76 yaşında Bakıda vəfat etmişdir.

Nina Sarnatskaya Bakıda fəhlə-gənclər teatrı nəzdindəki studiyanı bitirmiş (1932), həmin ildən Bakı İşçi Teatrında işləmişdir. 1941-1957 illərdə Ufa, Ulyanovsk, Sverdlovsk dram teatrlarında fəaliyyət göstərmişdir. 1957-ci ildən Azərbaycan Rus Dram Teatrının aktrisası olmuşdur.

1989 – Filologiya elmləri doktoru, professor Kamran Dadaş oğlu Məmmədov 67 yaşında Bakıda vəfat etmişdir.

Kamran Məmmədov 21 dekabr 1922-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbin yeddiillik sinfini bitirdikdən sonra, 1936-1938 illərdə Bakı Pedaqoji Texnikomunda təhsil almışdır. O, təhsilini Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində davam etdirmişdir. Kamran Məmmədov 1938-1941 illərdə bu ali məktəb ocağında oxumuşdur. O, 1941-1942 illərdə II Dünya Müharibəsində iştirak etdiyi üçün təhsilini yarımçıq qoymağa məcbur olmuş, 1943-cü ildə ağır yaralandıqdan sonra hərbi qospitalda müalicə almışdır. Daha sonra Kamran Məmmədov 1943-1945 illərdə ali təhsilini Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) başa vurmuşdur.

Kamran Məmmədov 1944-1945 illərdə Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində ədəbi redaktor, 1945-1947 illərdə Uşaqgəncnəşrdə şöbə müdiri, 1945-1951 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA Nizami adına Ədəbiyyat İnstitutu) Dil və Ədəbiyyat İnstitutunda aspirant, elmi işçi işləmişdir.

Kamran Məmmədov eyni zamanda 1948-1952 illərdə Pedaqoji Xarici Dillər İnstitutunda baş müəllim işləmişdir.

Kamran Məmmədov Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunda (indiki AMEA Nizami adına Ədəbiyyat İnstitutu) bir müddət baş elmi işçi vəzifəsində çalışdıqdan sonra, 1961-1986 illərdə “XX əsr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1986-cı ildən ömrünün sonuna kimi Nizami adına Ədəbiyyat İnstitutunda elmi məsləhətçi olmuşdur.

Kamran Məmmədov “Əməkdar elm xadimi”, “Qabaqcıl maarif xadimi” fəxri adlarına layiq görülmüş, “Şərəf nişanı”, 2-ci dərəcəli Vətən müharibəsi ordenləri və medallarla təltif olunmuşdur.

O, Azərbaycan və Türkiyə Ensiklopediyalarının üzvü olmuşdur.

Kamran Məmmədovun rəhbərliyi altında 12 namizədlik dissertasiyası müdafiə edilmiş, 70-ə qədər namizədlik və doktorluq dissertasiyalarına rəsmi opponent olmuşdur.

Kamran Məmmədovun XIX-XX əsrlər Azərbaycan ədəbiyyatına dair monoqrafik tədqiqatları, ədəbi-tənqidi məqalələri vardır.

O, 1971-ci ildə Azərnəşrdə çap edilən ikicildlik Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş əsərləri”nin, 1984-cü ildə nəşr olunan Qasım bəy Zakirin “Seçilmiş əsərləri”nin tərtibçisidir.

Kamran Məmmədov üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin müəlliflərindən biridir.

Kamran Məmmədov eyni zamanda bədii nəsr, xatirə və publisistikaya aid əsərlərin də müəllifidir.

2010 —Rusiya dövlət atom gəmiqayırması mərkəzinin Baş direktoru (1993-2004) və prezidenti (2004-2010), “Sevmaş” maşınqayırma zavodunun direktoru (1988-2004), Rusiya Qəhrəmanı, Rusiya Federasiyası Dövlət mükafatının ikiqat laureatı (2000, 2006) Davud Hüseyn oğlu Paşayev 69 yaşında Moskvada vəfat etmiş və Severodvinsk şəhər məzarlığında dəfn edilmişdir.

Davud Paşayev 19 iyul 1940-cı ildə Moskva vilayətinin Ostaşovo kəndində anadan olmuşdur. Atası Hüseyn Kazım oğlu Paşayev milliyyətcə azərbaycanlı, anası Varvara Sergeyevna isə rusdur. Atası Vətənini ötən əsrin 20-ci illərinin əvvəlində tərk etmişdir. Moskva vilayətinin Ostaşevo kəndində sovxoza rəhbərlik etdiyi dövrdə onun və xanımı Varvara Sergeyevnanın oğlu olur və adını Davud qoyurlar. Ailə Böyük Vətən müharibəsinin əvvəlində Kirov vilayətinə köçür. Hüseyn Paşayev körpü inşa edir, həyətyanı təsərrüfatla məşğul olurdu.

1963-cü ildə Ural politexnik institutunu bitirmiş və SSRİ Gəmiqayırma Dövlət Komitəsinin təyinnaməsi əsasında “Şimal maşınqayırma müəssisəsi” istehsalat birliyinə (rus. ПО Северное машиностроительное предприятие) işə qəbul olunmuşdur. 1988-ci ildə həmin istehsalat birliyinin — Rusiyada ən böyük atom sualtı gəmiqayırma mərkəzinin baş direktoru təyin edilmişdir.

1993—2004-cü illərdə “Sevmaş” və digər əlaqəli istehsalat müəssisələrini birləşdirən Rusiya dövlət atom gəmiqayırması mərkəzinin baş direktoru, 2004-cü ildə isə prezidenti təyin olunmuşdur.

Sankt-Peterburq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilmişdir.

2005-2008-ci illərdə Rusiya Federasiyasının Prezidenti yanında İctimai Palatanın üzvü olmuşdur.

2015 —Azərbaycan bəstəkarı, Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Nəriman Həbib oğlu Məmmədov 87 yaşında vəfat etmişdir.

Nəriman Məmmədov 1927-ci il dekabrın 28-də Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərindəki uşaq musiqi məktəbinin tar sinfini bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbində nəzəriyyə şöbəsində oxumuşdur. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1951-1956-cı illərdə musiqi nəzəriyyəsi, 1956-1961-ci illərdə isə bəstəkarlıq ixtisasları üzrə ali musiqi təhsili almışdır.

1943-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında musiqi rəhbəri kimi əmək fəaliyyətinə başlayan Nəriman Məmmədov 1946-1947-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrində çalışmış, 1947-1961-ci illərdə Asəf Zeynallı adına musiqi məktəbində müəllim işləmişdir. O, 1961-ci ildən ömrünün sonunadək Azərbaycan Respublikası Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi, elmi işçi və baş elmi işçi vəzifələrini tutmuşdur.

Elmi yaradıcılığı pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Nəriman Məmmədov 1962-ci ildən etibarən uzun müddət ərzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının müəllimi, dosenti, professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işinə var qüvvəsini sərf etmişdir.

Milli musiqi xəzinəsinə daxil olmuş sənət incilərini ömrü boyu diqqətlə araşdıran Nəriman Məmmədovun bəstəkar kimi Azərbaycanın musiqi mədəniyyəti salnaməsində özünəməxsus yeri vardır. Onun yaradıcılığı geniş diapazonlu olub, janr əlvanlığı ilə diqqəti həmişə cəlb etmişdir. Nəriman Məmmədov sənətinin ən yaxşı keyfiyyətləri hər əsərdə özünü yeni bədii səviyyədə büruzə vermişdir. Bəstəkarın simfoniya, balet, musiqili komediya, oratoriya, kantata və kamera-instrumental əsərləri milli musiqi mədəniyyətinin dəyərli nümunələridir.

Nəriman Məmmədov xalq musiqisindən bəhrələnərək bəstələdiyi lirik mahnılarla Azərbaycan bəstəkarlıq məktəbi ənənələrini layiqincə davam etdirmişdir. Səhnə əsərlərinə də böyük maraq göstərən bəstəkar çox sayda dram tamaşalarına musiqi yazmışdır. Nəriman Məmmədov xalq çalğı alətləri orkestri üçün musiqinin ifadə vasitələrini xeyli zənginləşdirməyə müvəffəq olmuşdur. Dərin obrazlılıq və dolğun məzmun onun orijinallığı ilə seçilən yaradıcılığının başlıca cəhətləridir. Nəriman Məmmədovun Azərbaycan xalq musiqisinin, muğamların nota köçürülməsi sahəsindəki fəaliyyəti də təqdirə layiqdir. Onun nüfuzlu musiqi nəşriyyatlarında çap olunmuş əsərləri Azərbaycan muğam sənətinin tanıdılmasına öz töhfəsini vermişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.