Sevgi ruhumuzu oxşayan şeirlər

Poeziya buketi, nəğmə çələngi

Hüseyn Cavid/Mənim Tanrım

Hər qulun cihanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir еşqi, bir ilahı var,
Mənim tanrım gözəllikdir, sеvgidir.

Həzz еtmədim firqədən, cəmiyyətdən,
Zеvq alamam hərbdən, siyasətdən,
Bir şеy duymam fəlsəfədən, hikmətdən,
Mənim ruhum gözəllikdir, sеvgidir.

Gözəl sеvimlidir, cəllad olsa da;
Sеvgi xoşdur, sonu fəryad olsa da;
Uğrunda bənliyim bərbad olsa da,
Son dildarım gözəllikdir, sеvgidir.

Gözəlsiz bir gülşən zindana bənzər,
Sеvgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hanki bəzmə еtsəm güzər,
Həp duyduğum gözəllikdir, sеvgidir.

Rəsul Rza / Görmədim

Çox gözlərə baxdım
səmavi, siyah,
qonur gözlərindən qəşəng
görmədim.
Bağlarda gül azdı,
dağlarda lalə,
dodaqların kimi çiçək
görmədim.
Hərcayi insanlar çox vədə verdi,
onlarda saf ürək, dilək
görmədim.
Çox qumaşa baxdım,
atlaza baxdım,
qumral sazın kimi ipək
görmədim.
Ürəklərə baxdım,
bir sərraf oldum,
qəlbin kimi böyük ürək,
görmədim.

Yer salıb könlümdə sağalmaz izi,
varmı bir qüvvət ki,
ayırsın bizi?

Rəsul Rza / Ayrılmayaq

Xəyalın yanımda, sən uzaqdasan,
Hicranın yolları ömür qədərdir.
Bu yalqız axşamda yuvama baxsan,
Mənəm, xəyalındır, bir də kədərdir.

Gəl ört pəncərəni, qalaq üz-üzə
Bir sən ol, bir də mən, bir də gözlərin
Vüsal qərq olurkən hicran dənizə,
Ağ bir yelkən olsun o son sözlərin.

Bir sən ol, bir də mən, bir də dərdimiz
Ağlayaq doyunca gülək doyunca,
Baş-başa qaldıqca bu möhnətdə biz,
Döysün qapıları külək doyunca

Döysün, qoy açmayaq yorulsun külək,
Qəmli hicran qalsın qapıda dustaq.
Bir az vüsalınla çırpınsın ürək,
Sonra… Sonra yenə biz ayrılmayaq…

Ə.Kürçaylı/Məhəbbət, məhəbbət, yaxşı ki, varsan

Məhəbbət, məhəbbət, yaxşı ki, varsan,
Əlində sevincə dönür qəm sənin.
Məni hara çəksən, hara aparsan,
İnan ki, ardınca gələrəm sənin.

Gələrəm ardınca heç düşünmədən,
Gələrəm kor kimi gözüyumulu.
Bilirəm, səninlə zülmətdə də mən
Taparam işığı, taparam yolu!

Əliağa Kürçaylı / İstərəm

Mən sənin eşqinin asimanında
Aya, ulduzlara çatmaq istərəm.
Min-min səadəti boyunbağıtək
Mən sənin boynuna atmaq istərəm.

Bir sən, bir mən olum, bir uçuq kaha,
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.

Yaşayım yüz il də, milyon da, min də,
Həyatım bitəcək həmin o gündə.
Sənin gözlərinin dərinliyində,
Boğulmaq istərəm, batmaq istərəm.

Nüsrət Kəsəmənli / Qadasın aldığım…

Çöl mənimdi, çiçək sənin,
Gül sənindi, ləçək mənim,
Əl mənimdi, ətək sənin,
Kəsmə, qadasın aldığım.

Səndən sonra yoxdu yolum,
Sən oldun qanadım, qolum,
Öldür məni, qurban olum,
Küsmə, qadasın aldığım.

Batır məni ümman kimi,
İtir məni duman kimi,
Başımda bir tufan kimi
Əsmə, qadasın aldığım.

Yolları yorub gələrəm,
Tilsimi qırıb gələrəm,
Qəbrdən durub gələrəm,
Səslə, qadasın aldığım.

Bir dərya ol gəmim üçün,
Bir əlac ol qəmim üçün,
Sən özünü mənim üçün
Bəslə, qadasın aldığım…

Vaqif Bayatlı / Səni niyə belə sevdim?

Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?

Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!

Mədinə Gülgün / Sevgin varsa

Bir çiçəkdim, günəşimdin sən mənim,
Bir ürəkdim, atəşimdin sən mənim.
Yarpaqlarım günəşsizdir, sevgilim.
Qəlbim yaman atəşsizdir, sevgilim.

Qanadları kövrək quşam elə bil,
Həsrətinçin doğulmuşam elə bil.
İtirmişəm dincliyimi, yuxumu.
Necə deyim… heç insafın yoxdumu.

Bir ömürəm rəva görmə donum mən.
İstəyirəm atəşində yanım mən.
Paltarımı şəfəqlərdən biçib gəl,
Sevgin varsa, dumanları keçib gəl…

Məmməd Rahim
Saldı qara gözlərin neçə aşiqi bəndə

Saldı qara gözlərin neçə aşiqi bəndə,
Qız, xaliqin öləydi səni xəlq eləyəndə.
Kamına çatmayaydı,
Səni yaradırdısa məni yaratmayaydı.

Nə ad verim hüsnünə, dağlardakı qarmısan?
Ömrə əsən sərin meh,
Sehirli rüzgarmısan?
Sənə mələkmi deyim, görməmişəm mələyi.

Sənmi dolandırırsan söylə çərxi-fələyi?
Bu necə yaraşıqdır,
Bu nə sayaq bədəndir?
Qız, vücudun nədəndir?

Nəyə oxşadılıbdır, yarananda bu qamət?
Hardandır bu təravət?
Sən bahar fəslisənmi?
Leylimi, Əslisənmi?
Yoxsa, adın Şirindir?
Şirinliyin ətirli şəkərdən də şirindir.

Süsənbər, ağ yasəmən səndən təzə tərmidir?
Vücudun mərmərmidir?
Sənə axar su deyim? suyu dayandırarsan.
Atəşmi adlandırım? alovu yandırarsan.
Saldı qara gözlərin neçə aşiqi bəndə
Qız, xaliqin öləydi səni xəlq eləyəndə.

Şahin İlqar -Love is blind (Sevgi kordur)

Elə düşünmə ki, səni təkcə bu gün xatırlaram. Yox, elə deyil.
Sadəcə, bu gündən başqa sənə yazmaq üçün başqa bir bəhanəm yoxdur.
Hər açılan səhərdə, hər qaralan gecədə sən mənim xatirəmdəsən…

Bu gün ki, günlərin ən gözəlidir,
Təbriklər, təbriklər sənə ürəkdən.
Dünyaya səninlə doğulmasam da,
Həyata səninlə doğulmuşam mən.

Tutulub qalardım baxışlarında,
Səninlə yaşadım sevinci, dərdi.
İslandıq məhəbbət yağışlarında,
Səninlə acı da şirin gələrdi.

Dalardıq gecənin səssizliyinə,
Susardıq, mahnılar pıçıldayardı.
O günlər geriyə dönərmi yenə?
Onda yaşamağın anlamı vardı.

Necə gəlmişdimsə elə də getdim,
Mən sənə güvəndim, dərsimi aldım.
Mən sənin uğruna tükəndim, bitdim,
Sənin yollarında çarəsiz qaldım.

Hər dəfə gözümü yumduqda üzüm,
Çevrilir zülmətdə var olan sənə.
Səni hər eyvanda axtarır gözüm,
Sən ordan xəyalən baxırsan mənə…

Fərqinə varmışam olub keçənin,
Qəlbimdə yer yoxdur nifrətə, kinə.
Mən illərcə həsrət qalmışam sənin,
Şəhla gözlərinin təbəssümünə.

Bu gün ad günündür, gülümsə bir az,
Kədərə alışdım, gözlərim dolmur.
Hərdən sən də məni xatırlayıb yaz,
Daha təsəllisiz yaşamaq olmur.

Bu gün ki, günlərin ən gözəlidir,
Təbriklər, təbriklər sənə ürəkdən.
Dünyaya səninlə doğulmasam da,
Həyata səninlə doğulmuşam mən.

Məhərrəm Vüqarlı İbrahimov/ Görüşünə gəlmişəm

Dünyanın gözü yaşlı,
Dərdin mənə, bənövşəm.
Yolun çınqıllı, daşlı,
Görüşünə gəlmişəm.

Hər yan çiskin, çən, duman,
Səni də üzər hicran?
Nə alış, nə alovlan,
Görüşünə gəlmişəm.

Qəlbim vüsala həsrət,
Bu nə eşq, nə məhəbbət?
Könlümdə min-min niyyət,
Görüşünə gəlmişəm.

Unud dərdi, kədəri,
Buymuş ömrün qədəri.
Bir bahar, yaz səhəri
Görüşünə gəlmişəm.

Vüqarlı pozmaz əhdi,
Kim şumladı, kim əhdi?
Bənövşəm var-o təkdi,
Görüşünə gəlmişəm.

Məmməd İlqar /Nə gözəl çəkir

İlahi! Belə də gözəl olarmı?-
Kimdi qələm çəkən, nə gözəl çəkir.
Üz- üzə, göz-gözə sehrlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl çəkir.

Güney gözlüm, gözəllikdə bircəsən,
Bu güllükdə bir mən olam, bircə sən…
Gül üstündə arıya bax bircə sən –
Gör gülün nazını nə gözəl çəkir?…

Salma gəl Məmmədi gözündən, gözəl,
Gözüm gözmü görüb gözündən gözəl!..
Mən ölmüş neynim ki, gözündən, gözəl –
Nə bir könül doyur, nə göz əl çəkir!

Şahin İlqar/Yağış yağır

Yağış yağır… Nə gözəldir bu dünya,
Fəsil-fəsil dəyişir öz donunu.
Yağış yağır, xatırladım səninlə,
Sön görüşü, son ayrılıq anını…

Yağış yağır, hər damlası bir sirdir,
Hansı günün yaddaşıdır bu yağış?
Bəlkə göylər yas tutubdur dərdimə,
Həsrətimin göz yaşıdır bu yağış.

Kaş düşəydi bu yağışn izinə,
Səadətim göydən yerə enəydi.
Kaş ki göylər ağlamazdı dərdimə,
Kaş bu yağış vüsalıma dönəydi.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.