16 aprel

Tarixdə bu gün

İlin 106-cı (uzun illərdə 107-ci) günü.

Mühüm hadisələr:

1992 – Azərbaycan Respublikası Monqolustan ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1889 – Məşhur ingilis aktyoru Çarli Çaplin Londonda Çarlz Çaplin və Hanna Çaplinin övladı kimi dünyaya gəlmişdir. Onun valideynlərinin ikisi də musiqiçi idilər. Anası məşhur rəqqasə idi. O, anadan olandan bir az sonra valideynləri ayrılırlar.

Atası  1901-ci ildə alkoqoldan vəfat edir. Anası Hanna hələ uşaqlıqdan psixi problemlərdən əziyyət çəkir, belə ki, balaca Çarli və ögey qardaşı Sidney internatda böyüməli olurlar.

Çaplin öz karyerasına 5 yaşında İngiltərədə teatrda başlayır. Burada o,  küçə uşağı rolunu uğurla oynayırdı. O,  ilk  rolunu   1901-ci ildə oynamışdır.

1913-cü ildə Çaplin ABŞ-a səfəri zamanı bir film studiyası tərəfindən aktyor kimi film çəkilişində iştirak edir. Əvvəlcə kiçik rollarda çəkilən Çarli sonralar yaratdığı obrazlarla dünyada məşhurlaşmağa başlayır.

1915-ci ildə o, yüksək qonorar qarşılığında  Essanaye və Mutual korporeyşinə işləməyə gedir. Burada Çarli Çaplin Edna Pörviens ilə tanış olur. Edna onun 35 filmində çəkilir. Çarli ilə Edna arasında şəxsi münasibətlər də mövcud olmuşdur. 1917-ci ildə ABŞ birinci dünya müharibəsinə qoşulduqdan sonra Çaplinə qarşı siyasi kompaniya başlayır.

Sonralar Çaplin “First National” studiyasına keçir və burada ilk milyon dollar məbləğində müqavilə imzalayan ulduz olur. O,  getdikcə filmlərinin ssenarisini də özü yazır və özü də istehsal edir. 6 fevral 1921-ci ildə Çaplin “Uşaq” filmini çəkir. Bu ilk uzun məzmunlu film idi:  51 dəqiqə davam edirdi.

1918-ci ildə 28 yaşlı Çaplin 16 yaşlı aktrisa Mildred Harris ilə evlənir. Onların 1919-cu ildə anadan olan oğulları az sonra vəfat edir. 13 noyabr 1920-ci ildə onlar ayrılırlar.

Çaplinin “First National” studiyasında müqaviləsi başa çatdıqdan sonra həmkarları ilə birlikdə “United Artists” film studiyasını yaradır.

1924-cü ildə Çaplin “Qızıl hərisliyi” filminin çəkilişi zamanı tərəf müqabili olan 16 yaşlı Lita Qreyə vurulur. Lita Qreyin 1926-cı ildə bir övladı doğulur. Bu ikinci nikah da Çaplin üçün uğursuz olur. Onlar 1927-ci ildə aralarında baş vermiş münaqişəyə görə bir-birindən ayrılırlar.

1936-cı ildə Çaplinin “Yeni zamanlar” adlı filmi işıq üzü görür. Bu film Amerikada ciddi tənqidlərə məruz qalır.

1940-cı ildə Çarli Çaplin “Böyük diktator” filmini ekranlaşdırır. Hitlerin hakimiyyətini pisləyən bu film ilk öncə Amerika senzurasından keçmir, çünki Hitlerin fəaliyyətinin əvvəlində Amerika konservatorları onun Avropada “bolşevizmə” və “kommunizmə” qarşı hərbi güc toplamasını alqışlayırdılar. Onlar Hitleri böyük siyasətçi adlandırırdılar. Ona görə də, Çaplinin bu filmi onlararın ürəyincə deyildi.

Bu filmdən sonra nasional sosialistlər ona yəhudi damğası vururlar.

Bu arada Çaplin dramaturq Yucin O’Nilin qızı Una O’Nil ilə tanış olur və onlar 16 iyun 1943-cü ildə evlənirlər.

Müharibədən sonrakı illərdə o tez-tez dövlət məmurları təərfindən  sorğu-suala tutulmuşdur. FBİ-nin şefi C. Edqar Huver Çaplinin əleyhdarlarından biri idi, o Çaplini Amerikada yaşamaq hüququndan məhrum etmək istəyirdi.

1947-ci ildə Çaplin ingilis həftəlik qəzetində “Mən Hollivuda müharibə elan edirəm!” adlı məqaləsini çap etdirir. Çaplin böyük nailiyyətlərinə Amerikada çatmasına baxmayaraq, öz Britaniya vətəndaşlaığını saxlayır. O,  özünü dünya vətəndaşı adlandırır. Çarli Çaplin liberal, kritik və pasifist siyasi cərəyanlara qulluq edirdi. Ona görə də, film ulduzu kimi bu xasiyyətləri ona problemlər  yaradırdı.

18 sentyabr 1952-ci ildə Çarli Çaplin ABŞ-ı tərk edərərək İngiltərəyə qısa səfərə çıxır. Məqsədi təzə çəkdiyi filmi nümayiş etdirmək idi. Huver bundan xəbər tutan kimi Çarli Çaplinin Amerikaya qayıdışının qarşısını alır. Çaplin Avropada qalmaq qərarına gəlir. 1952-ci ildə o İsveçrəyə köçür və Cenevrə gölü ətrafında Manoir de Banda yaşamağa başlayır.

1957-ci ildə Çaplin ABŞ ilə arasında olan problemləri satirik şəkildə çəkdiyi “Nyu-Yorkda bir şah” filmində ifşa edir.

1967-ci ildə Çaplin “Honkonqlu qrafinya” adlı filmi çəkir. Bu filmdə o, ikinci rolda çıxış edir. Çəkiliş zamanı onun tez-tez fiziki sağlamlığı ilə problemlər üzə çıxır. Onun sağlamlığı son illər keçirdiyi streslər nəticəsində artıq zəifləmişdir.

1972-ci ildə o “Fəxri Oskar” mükafatını almaq üçün bir dəfə də ABŞ-a gedir.

25 dekabr 1977-ci ildə Çarli Çaplin 88 yaşında Veve (İsveçrə) şəhərində vəfat edir.

110

1916— Məşhur  bəstəkar,  Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Məşədi Muxtar oğlu Hüseynli Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub.

1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi. Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları musiqiyə sonsuz marağı olan balaca Qəmbərə böyük təsir göstərirdi. O dövrdə Gəncədə tez-tez aşıq musiqisi gecələri də təşkil olunurdu. Aşıq İslam Yusifov, Aşıq Əsəd, Bozalqanlı Hüseyn, Aşıq Nağı, Teymur Hüseynov, Aşıq Qədir və başqalarının sazlı-sözlü dünyası balaca Qəmbərin musiqi sənətinə olan marağını daha da artırırdı.

1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. “Rast”ı, “Şur”u, “Zabul segahı”nı və başqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı Q.Hüseynli hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alırdı. Həyatın nəbzini musiqiylə tutanda…

1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilir. Ona Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklif olunanda tərəddüd etmədən razılıq verir. İki il müddətində tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alır. Qərb ölkələrində geniş yayılan bu aləti öz fitri istedadı ilə “özününküləşdirməyi” bacarır.

Lakin Qəmbərin musiqi bəstələməyə olan hədsiz marağı onu bir an belə, rahat buraxmır. Bu cəhət o dövrdə texnikumda çalışan görkəmli musiqi pedaqoqlarının da diqqətindən yayınmır. Qəmbəri orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə keçirirlər. O, burada Q.Z.Buruşteynin sinfində təhsilini davam etdirir. Çox keçmir ki, Qəmbərin bəstəkarlıq üçün çox zəruri olan qabiliyyətləri özünü göstərir. O, görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə “Tellər oynadı” romans-mahnısını bəstələyir. 50 ildən çox bir müddətdə ağızlardan düşməyən bu gözəl vokal əsəri ilə gənc Qəmbər istedadlı bir bəstəkar olacağını təsdiqləyir.

1939-cu ildə Qəmbər Hüseynli milli musiqimizin beşiyi olan Şuşanın Musiqi Texnikumuna direktor vəzifəsinə göndərilir. O, burada cəmi bir il çalışsa da, əhəmiyyətli işlər görməyə müvəffəq olur.

Bir il sonra Qəmbər Hüseynlini yenidən Bakıya dəvət edirlər. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri işləyir.

Gənc bəstəkar 1951-ci ildə yenidən A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin bəstəkarlıq şöbəsinə daxil olaraq professor B.İ.Zeydmanın sinfində təhsilini davam etdirir. Üç ildən sonra tanınmış şair Mirmehdi Seyidzadənin librettosu əsasında diplom işi kimi “Qızıl quş” operasını yazaraq, 1954-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirir.

Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romans yaradıcılığı mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” və s. əsərlərindəki zərifliyə heyran qalmamaq mümkün deyil.

Ancaq bəstəkarın mahnı çələngində öz təravəti, xalq təranələri ilə könüllər oxşayan, bütün dünyanı diyar-diyar dolaşan bir sənət incisi də var – “Cücələrim”. Qəmbər Hüseynli deyəndə “Cücələrim”, “Cücələrim”in sədası yayılanda isə Qəmbər Hüseynli yada düşür. Şair Tofiq Mütəllibovla birgə hələ 1948-ci ildə bu gözəl sənət incisini yaratmaq böyük sənət uğuru idi.

“Cücələrim” o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. Dünyada “Cücələrim” qədər geniş yayılan, yüz milyonlarla uşaqların və böyüklərin – müxtəlif nəsillərdən olan adamların zövqünü oxşayan ikinci bir Azərbaycan mahnısı yoxdur. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi “Cücələrim” qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. Bu mahnı sanki Azərbaycanın “vizit vərəqi”nə çevrilib. 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi “Cücələrim” mahnısının ifası ilə salamlayır. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması demək idi.Vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək “Cücələrim”i ifa edir və qonaqlara üz tutuaraq deyir: “Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”

Simli kvartet, fortepiano üçün pyeslərin, dram tamaşalarına musiqinin və mahnıların, o cümlədən dünyanın bir çox ölkəsində məşhur olan “Cücələrim” mahnısının müəllifidir.

1934 – Azərbaycan Respublikasının Xalq artisti, professor Ramiz Aqil oğlu Mirişli Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra 1952–1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxumuşdur. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.

Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim işləmişdir. O, 1962–2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışmış, həmçinin 1987–1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutmuşdur.

Ramiz Mirişli 1978–1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik etmişdir.

Yaradıcılığını uzun illər ərzində pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Ramiz Mirişli 1972-ci ildən indiki Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru olaraq yeni musiqiçilər nəslinin yetişdirilməsi üçün zəngin bilik və bacarığını əsirgəməmiş, peşəkar musiqiçi kadrların formalaşdırılması işinə dəyərli töhfələr vermişdir.

Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir. O, ən müxtəlif janrlara müraciət etmiş, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələmişdir. Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə xüsusən aydın təzahürünü tapmışdır.

Ramiz Mirişlini məhsuldar bəstəkar kimi daha çox tanıdan və sevdirən onun mahnı yaradıcılığı idi. Məşhur Azərbaycan şairlərinin sözlərinə yazdığı həmin çoxsaylı mahnılar sənətsevərlərin böyük rəğbətini qazanmışdır. Kompozisiya bütövlüyü, dərin lirizm, təbiilik, səmimiyyət və emosional təsir gücü onları səciyyələndirən başlıca cəhətlərdir. Ramiz Mirişlinin mahnıları görkəmli ifaçıların repertuarında özünəməxsus yer tutaraq, Azərbaycanda və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirmişdir. Bu əsərlər doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.

Ramiz Mirişli 17 aprel 2015-ci ildə 81 yaşında Baklda vəfat etmişdir.

 1946 – Məşhur özbək və sovet estrada müğənnisi, bəstəkarı və aktyoru — “Yalla” qrupunun qurucusu; Özbəkistanın Dövlət mükafatı laureatı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İnquşetiya və Qaraqalpaq respublikalarının Xalq artisti Fərrux Zakirov Daşkənddə musiqiçi ailəsində dünyaya gəlmişdir.

Onun atası Özbəkistanın Xalq artisti, Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının solisti və bariton səsə malik olan opera müğənnisi Kərim Zakirov, anası isə xalq mahnılarının mahir ifaçısı və Mukimi adına Musiqili Komediya və Dram Teatrının solisti Şahistə Səidova idi.

Onlar  Çaykovski adına Moskva Dövlət Konservatoriyasında tanış olublar. Evlənən cütlüyün 5 oğlu və 1 qızı dünyaya gəlir: Batır, Luiza, Naufal, Cəmşid, Fərrux və Rövşən. Uşaqlar, Özbəkistanda sayılıb-seçilən incəsənət xadimlərinin əhatəsində böyüyürlər. Belə bir mühitdə böyüyən uşaqların mədəniyyət və incəsənətə maraqları artır.

Beləliklə, Daşkənddə musiqi sahəsində parlayan Zakirovlar nəsli yetişir.

1959 — Tibb elmləri doktoru, professor Mübariz Yaqub oğlu Əliyev Füzuli rayonunun Yağlıvənd kəndində, müəllim ailəsində anadan olmuşdur.

О, 1966-1976-cı ildə Yağlıvənd kənd orta məktəbində təhsil almışdır. 1976-cı ildə Azərbaycan Tibb Universiteti müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.

Universitetin cərrahiyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək 1986-cı ilə qədər Sumqayıt şəhərində təcili yardım xəstəxanasında cərrah kimi   fəaliyyət göstərmişdir. 1986-1989-cu illərdə I Moskva Tibb Universitetində məqsədli aspiranturada təhsil almış, 1989-cu ilin iyun ayında vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi adına layiq görülmüşdür.

1989-cu ildən Azərbaycan Tibb Universitetində assistent, dosent, Musa Nağıyev adına xəstəxanada, eləcə də bir sıra özəl klinikalarda cərrah vəzifələrində çalışmışdır. Hazırda həmin universitetin professoru və Tədris Cərrahlıq Mərkəzinin cərrahiyə şöbəsinin rəhbəridir.

1990-1997-ci illərdə Azərbaycan Gənc Tibb Alimləri Şurasının sədri olmuşdur. Beş monoqrafiyanın, bir metodik tövsiyənin, iki dәrsliyin yeddi səmərələşdirici təklifin və dünyanın bir sıra ölkələrində çap olunmuş 120-dәn çox elmi məqalənin müəllifidir. 2005-ci ildə “Kəskin bağırsaq keçməzliyinin kompleks müalicəsində cərrahi detoksikasiya probleminin həlli yolları” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi adını almışdır.

2009-cu ildən prezident yanında Ali Attestasiya Kommisiyasınin ekspert şurasının üzvüdür və həmin ildən etibarən Amerika Birləşmiş Ştatlarının dövlət departamenti tərəfindən tanınan səhhiyyənin təşkili üzrə, beynəlxalq dərəcəli ekspertdir.

60

1966 — General-leytenant, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı olmuş Ramiz Firudin oğlu Tahirov Rusiya Federasiyasının Vladiqafqaz şəhərində anadan olub.

Ramiz Tahirov 1983-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyi, 1988-ci ildə Kiyev Ali Hərbi Zenit-Raket Mühəndislər Məktəbini , 2006-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomları ilə bitirib.

1988-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində Sovet İttifaqı Marşalı A.M.Vasilevski adına Quru Qoşunlarının Hava Hücumundan Müdafiə Akademiyasında və SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində xidmət edib.

1992-2002-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib. 2002-2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisinin müavini vəzifəsində işləyib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 24.06.2005-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı, 21.06.2007-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı, 24.06.2015 tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və 19.04.2016-cı il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 14.05.2014 tarixli Sərəncamı ilə Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunub.

 1967 — Azərbaycanın Milli Qəhrəmanı Rizvan Rəhman oğlu Teymurov Şuşa rayonunun Quşçular kəndində ziyalı ailəsində anadan olmuşdur.

1984-cü ildə Quşçular kəndindəki orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılır, Omsk şəhərində xidmətini başa vurub və Vətənə qayıtmışdır. Rizvan daha sonra 1987-ci ildə Arxangelsk vilayətində xidmət edib. Qeyrətli vətən oğlu 1990-cı ildə geri dönüb. Şuşa rayon Daxili İşlər Şöbəsinin nəznində yaranan polis alayında fəaliyyət göstərmişdir.

Cəsur, qeyrətli oğullardan ibarət olan bu polis alayı Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində onlarla erməni yaraqlılarını məhv etmişdir. Rizvan Qarabağı qarış-qarış gəzmişdir, dəfələrlə qaynar döyüşlərdə erməniləri geri çəkilməyə məcbur etmişdir.

1991-ci il 9 dekabr Kərkicahan ətrafında gedən qanlı döyüşlərdə cəsur polis əməkdaşı Rizvan Teymurov qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rizvan Rəhman oğlu Teymurov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Şuşa rayonunun Quşçular kəndində dəfn edilib.

Bakının Nizami rayonundakı küçələrdən biri və həmçinin Quşçular kənd orta məktəbi onun adını daşıyır.

1972 — Bakı Slavyan Universitetinin “Yeni media və kommunikasiya texnologiyaları” kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aynur Əlövsət qızı Bəşirli Bakı şəhərində ziyalı ailəsində doğulub.

Orta məktəbi medalla, BDU-nun jurmalistika fakültəsini fərlənmə diplomu ilə bitirib.

2007-ci ildə “ABŞ –Azərbaycan münasibətləri Amerika mətbuatında (“Nyu York Times” qəzetinin materialları əsasında 1991-2001-ci illər) mövzusunda namizədlik dissetrasiyasını müdafiə edib və siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun doktorantıdır. İki dəfə ABŞ-da uzunmüddətli elmi ezamiyyətdə olub. “Prezident. Xronika.1993-1997”, “Xəbərçilik.Xəbərin toplanması və yazılması (dərslik), “Azad mətbuatın çərçivəsində” (monoqrafiya), “Qızıl kitabdan etüdlər” kitabının müəllifidir. 1990-ci ildən peşəkar jurnalist kimi “Dalğa”, “Gunay”, “Yeni Azərbaycan” qəzetlərində calışıb. Son iki qəzetin Prezident Administrasiyası üzrə xüsusi müxbiri kimi prezident H.Əliyevi 1995-2002-ci illərdə 30-dan çox ölkəyə rəsmi səfəri zamanı müşayiət edib.

1996-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycanda ilk dəfə 2011-ci ildə “Yeni media və kommunikasiya texnologiyaları” kafedrasının əsasını qoyub.

2005-ci ildən jurnalistika sahəsində 10-a yaxın layihəyə rəhbərlik edib. Hazırda Avropa Şurasının “Azərbaycanda jurnalistika təhsilinin inkişafına dəstək” layihəsinin meneceridir.

1995-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatına layiq görülüb.

1987 — Azərbaycan Silahlı Qüvvələrinin giziri Rusif İbrahim oğlu Ağayev Lənkəran rayonunda anadan olmuşdur.

Rusif Ağayev Lənkəran şəhərinin Hirkan kəndində anadan olub.

Gizir Rusif Ağayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 7-si isə Rusif Ağayev doğulduğu Lənkəran şəhərinin Hirkan kəndində son mənzilə yola salındı.

Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Ağayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Rusif Ağayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.

Vəfat etmişdir:

1981 — Bu gün tanınmış  bəstəkar  Ələkbər Tağıyevin xatirə günüdür.

Ələkbər Tağıyev  1924-cü ildə  Gəncədə   sadə bir zəhmətkeş ailəsində anadan olan Ələkbər Tağıyev ilk təhsilini də burda alıb və 1938-ci ildə Şəhər xalq məhkəməsində əmək fəaliyyətinə başlayıb. O, 1974-cü ilə qədər prokurorluq orqanlarında çalışmışdır.

Ələkbər Tağıyev mahnı yazmağa 1958-ci ildə – oğlu Xaliq Tağıyevin anadan olmasından sonra başlayıb. İlk mahnısı olan “Qonşu qız” mahnısını da Gəncədə yaşadığı illərdə yazıb. Həmin vaxtlar Ələkbər Tağıyev yazdığı mahnıları ilk olaraq, musiqiçi, eyni zamanda yaxın dostu Akif Bakıxanova göstərir və onunla məsləhətləşirdi. “Qonşu qız” mahnısının qazandığı uğurdan ruhlanan bəstəkar qısa müddətdə “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Azərbaycanım mənim” kimi mahnılar bəstələyib. Ələkbər Tağıyevin mahnı yaradıcılığı konservatoriya-bəstəkarlıq məktəbi keçməmiş digər istedadlı müsiqiçilərin də həvəsini artırdı və onları yaradıcılığa ruhlandırdı.

İlk mahnılarının çoxunun ifaçısı Zeynəb Xanlarova olub və bu əməkdaşlıq 10 ilə yaxın müddətdə davam edib. 1972-ci ildən Ələkbər Tağıyev Nisə Qasımova ilə əməkdaşlıq edib. 70-ci illərdə Nisə Qasımova musiqisi Ələkbər Tağıyevə aid olan “Ay ellər”, ” Sənsən Həyatım”, “Eşqimi sönməyə qoymaram”, “Gözləyəcəyəm” , “Qəşəngdir” və yaradıcılığında xüsusi yer tutan “Azərbaycan qızıyam” mahnılarını ifa edir. Bu mahnılar onu tez bir zamanda məşhurlaşdırır. Elə həmin illərdə SSRİ dövlət elektro musiqi orkestri ilə birgə Nisə Qasımova Moskvada Ələkbər Tağıyevin mahnılarından ibarət albom lentə aldırır.

Ələkbər Tağıyev 1962-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin nəzdindəki bəstəkarlıq kursuna daxil olur, 1964-cü ildə təhsilini müvəffəqiyyətlə bitirir, ardınca isə SSRİ Musiqi Fondunun üzvü seçilir.

Ələkbər Tağıyev Azərbaycan musiqi tarixində ilk bəstəkarlardandır ki, adlarla (“Arzu qızım”, “Leyla” və s.) mahnılar yazıb.

Bəstəkarın “Sən gəlməz oldun”, “Arzu qızım”, “Sənə qurban”, “Sədaqətim var” kimi mahnılar dəfələrlə türk, rus, erməni müğənnilərinin repertuarına daxil olub, mahnı müsabiqələrində ifa edilib, klip çəkilib, hətta müxtəlif filmlərdə də istifadə olunub.

1945 – Sovet İttifaqı Qəhrəmanı Hüseynov Həbibulla Eynulla oğlu faşizməqarşı döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Həbibulla Hüseynov 1910-cu ilsə Ərdəbildə anadan olmuşdur.

1928-ci ildə Tiflis hərbi məktəbini bitirib. Müharibənin ilk günlərindən Qərb cəbhəsində diviziya komandiri kimi düşmənlə vuruşub. Həbibulla Hüseynov 1943-cü ildə SSRİ müdafiə nazirinin əmri ilə 268-ci zenit-artilleriyası qvardiyasının  komandiri təyin edilib. Onun rəhbərlik etdiyi birləşmələr I Pribaltika cəbhəsinin tərkibində Pribaltika və Şərqi Prussiyanın azad edilməsi uğrunda mübarizə aparıb.

1945-ci ilin yazında III Belarus cəhbəsi Zenlaynd yarımadasının düşməndən azad edilməsinə başladığı vaxt alman faşistləri əks hücümlarla, nəyin bahasına olursa-olsun Pillau rayonuna daxil olmaq istəyirdi. Qaydau kəndi yaxınlığında vəziyyət daha da gərgin idi. Burada almanlar tankların köməyi ilə sovet müdafiəsini yarıb keçmişdilər. Bu vəziyyətdə polkovnik zenit hissələrinə “irəli” əmrini verir və düşmənin tanklarını birbaşa hədəfə alır. 6 aprel 1945-ci ildə 35 yaşlı komandir komanda məntəqəsini tərk edir və döyüşə şəxsən rəhbərlik edir. Düşmən hücumunun  qarşısı alınır və onlar geriyə cəkilməyə məcbur olur. Bu döyüşdə diviziya komandiri, polkovnik Həbibulla Hüseynov qəhrəmancasına həlak oldu. SSRİ Ali Soveti Rəyasət Heyətinin 29 iyun 1945-ci il tarixli Fərmanı ilə qvardiya polkovniki Hüseynov Həbibulla Eynulla oğlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür (ölümündən sonra).

1995-ci ildə Binəqədi rayonunun İ.Dadaşov küçəsində Sovet İttifaqı Qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynovun xatirəsinə abidə kompleksi ucaldılmışdır.

1961—  Məşhur  opera müğənnisi (bariton), Xalq artisti  Məmmədtağı Abbas oğlu Bağırov    65 yaşında  Bakıda vəfat etmişdir.

 M. Bağırov  1890-cı ildə Bakıda anadan olmuşdur. İki il mollaxana təhsili almış, mütərəqqi üsullu Rus-tatar məktəbində beş il oxumuşdur. İlk dəfə səhnəyə 1909-cu ildə, “Nicat” teatr truppasında göstərilən Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında xorun tərkibində çıxmış, bundan əlavə, burada dram və komediya tamaşalarında epizodik rollar oynamışdır. Bariton səsə malik olan müğənni 1914-cü ildən solist kimi çıxış etmişdir.

Məmmədtağı Bağırov 1914–1919-cu illərdə “Səfa”, Hüseynqulu Sarabskinin yaratdığı “Müsəlman opera artistləri”, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti” teatr truppalarında çıxış edib.Yeniyetmə yaşlarından özünə “Əraqi” ləqəbini götürmüşdür. Bəzi proqram afişalarda təxəllüsü “İraqi” kimi də verilib.

Məmmədtağı Bağırov 1920-ci ildən Azərbaycan Dram Teatrının opera truppasında işləyib.

Məmmədtağı Bağırov 1934-cü ildə Qlierin “Şahsənəm” operasında Şahvələdin partiyasını ifa etmiş, sonra Müslüm Maqomayevin “Nərgiz” operasında Ağalarbəyin obrazını yaratmış, 1937-ci ildə isə Üzeyir Hacıbəyovun “Koroğlu” operasında Həsən xan rolunda çıxış etmişdir.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənət və ədəbiyyatı ongünlüyündə M. T. Bağırov müvəffəqiyyətlə çıxış etmiş, ongünlükdən sonra o, Rossininin “Sevilya bərbəri” operasında Don Bazilionun, “Arşın mal alan” operettasında Sultan bəyin partiyalarını və başqa partiyaları ifa etmişdir.

2020  — Azərbaycan aktyoru, rejissor, Xalq artisti   Əliyev Rafiq Hacıbaba oğlu  70 yaşnda vəfat etmişdir.

Rafiq Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olmuşdur. Bakıdakı 58 saylı orta məktəbindətəhsilini başa vurdudan sonra 1968-ci ildə   Sankt-Peterburq şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsinə daxil olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsinə qəbul olunmuş, 1970-cu ildə oranı bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunmuşdur.

Teatrda çalışdığı 30 ildən artıq dövrdə maraqlı obrazlar qalerayası yaratmışdır. Bunlardan “Bumbaraş”da Bumbaraş, “Üç muşketyor”da Aramis, “Təmas”da Andrey, “Müsyö Jordan və Dərviş Məstəli Şah”da Hatəmxan ağa, “Buratino”da Karabas-Barabas, “Buraxılış gecəsi”ndən Gena, “Müfəttiş”də Dobçinski, “Keçən ilin son gecəsi”ndə Süleyman, “Quyu”da Akif və başqa obrazları qeyd etmək olar.

Çoxşaxəli yaradıcılıq fəaliyyəti göstərən Rafiq Əliyev həmçinin bir sıra beynəlxalq kino layihələrində ikinci rejissor, kastinq direktoru kimi də çalışmışdır. Rejissor R. Fətəliyevin çəkdiyi “Həqiqət anı” filmində Əli Ömərov, “Qraf Krestovski” filmində həbsxana rəisi, “Hökmdarın taleyi”ndə Vanya yüzbaşı, Orxan Fikrətoğlunun çəkdiyi “Papaq” filmində Başçı, Mehriban Ələkbərzadənin “Ölümünə məhkum olmuşlar” filmində müstəniq görkəmli aktyorun son illərdə yaratdığı gözəl ekran obrazlarındandır.

Teatr və kino fəaliyyəti ilə yanaşı Rafiq Əliyev uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Musiqili Teatr aktyorluğu fakültəsində pedoqoji fəaliyyət göstərmiş, öz sənətinin sirlərini yetişməkdə olan gənc nəslə öyrətmişdir.

2004-cü ilin mayından ömrünün sonunadək Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq məsələləri üzrə sədr müavini vəzifəsində çalışmışdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.