Tarixdə bu gün
İlin 107-ci (uzun illərdə 108-ci) günü.
Doğum günləri:

Adilə Şahtaxtinskaya həm də Azərbaycanda ilk qadın kafedra müdirlərindən biri olub.

1884 — Görkəmli bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi , Azərbaycan Musiqili Komediya Teatrının banilərindən biri olmuş Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov Şuşa şəhərində anadan olub. Professional Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyov, bəstəkar və dirijor Müslüm Maqomayev, səhnə ustaları Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski kimi sənətkarlar sırasında Zülfüqar Hacıbəylinin də məxsusi yeri vardır.
Bəstəkar Üzeyir Hacıbəyovun qardaşıdır.
Bəstəkar və dirijor Niyazinin atasıdır.
Zülfüqar Hacıbəyov Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – “50 yaşında cavan”ın (1910) müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Mətni də, musiqisi də Zülfüqar Hacıbəyova məxsus olan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir.
XX əsrin 20-ci, 30-cu illərinin məşhur mahnıları olan “Kənd qızı”, “Çoban qız”, “Əsgər nəğməsi” məhz ilk bəstəkar mahnıları sayılır. Klassik musiqinin yaradılmasında da Zülfüqar Hacıbəyovun zəhməti böyükdür.
O, 1932-ci ildə “Kölə qadınların rəqsi” adlı simfonik pyes bəstələmişdir. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaratmışdır. 1935-ci ildə oğlu, məşhur dirijor Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – “Almaz”a musiqi yazmışdır.
Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub. Elə həmin ilin sentyabrında Zülfüqar Hacıbəyov dünyasını dəyişir. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycan musiqi sənətində yeni yaradıcılıq formalarının meydana gəlməsi prosesini sürətləndi. “Evli ikən subay”, “11 yaşlı arvad və varlı” musiqili komediyaları və “Aşıq Qərib” operası Zülfüqar Hacıbəyova böyük şöhrət gətirdi.

1894 — Tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın Adilə İsa Sultan qızı ŞaxtaxtinskayaTiflis şəhərində publisist və kollec müşaviri İsa Sultan Şahtaxtinskinin ailəsində anadan olub. Şahtaxtinskaya 1930-cu ildə tibb elmləri doktoru dərəcəsini, 1936-cı ildə isə professor elmi adını qazandı, bununla da tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın oldu. 1933-cü ildən Şahtaxtinskaya Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) Mamalıq və ginekologiya kafedrasına başçılıq edirdi. Adilə Şahtaxtinskaya Azərbaycanda ilk qadın kafedra müdirlərindən biri olub. Tədqiqatları, əsasən, qadın gigiyenasına, kəsilib götürülmüş uşaqlığın yumurtalıqlara təsirinə, eklampsiyaya həsr olunmuşdur.
Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tiflisdə vəfat etmişdir. Tiflisin köhnə müsəlman qəbiristanlığında dəfn edilib (indiki Botanika bağının ərazisində yerləşən “Görkəmli Azərbaycanlılar” panteonunda). Onun adı panteonun ərazisində qoyulmuş abidəsində həkk olunub.

1915—Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Feyzulla oğlu Əliyev Dərbənd şəhərində anadan olmuşdur.
Şəmsulla faşişmə qarşı mübaruizədə şöphrətli bir hünər yolu keçmişdir.
O, batalyon komandirinin siyasi hissə üzrə müavini idi. Kapitan Ş.Əliyev Şimali Qafqazda, Tamanda və Krımda keçirilən ağır döyüşlərdə iştirak etmişdir.
Şəmsulla Əliyev 1943-cü ilin payızında 309-cü atıcı diviziyanın tərkibində batalyon komandirinin siyasi hissə üzrə müavini idi.
1943-cü ilin noyabrında Kerç şəhərinin girəcəyində, iki zavodun ətrafında gedən döyüşlərdə “İrəli, Qafqazın qartalları!” çağırışı ilə döyüşün önündə gedirdi. Noyabrın 11-də batalyon beş dəfə hücuma qalxaraq düşmənin iki müdafiə xəttini yarmışdı.
Belə ağır döyüşlərin biri də noyabrın 19-da oldu və kapitan Ş.Əliyev bu döyüşdə qəhrəmancasına həlak oldu
Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra verilmişdir.

1923 — Tanınmış aktrisa, Əməkdar artist Mirvari Balaqardaş qızı Novruzova Bakı şəhərində anadan olub.
1942-ci ildə Bakı Teatr Texnikumunu bitirmişdir.
1939-cu ildən Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir.
1949-cu ildə Azərbaycan SSR-nin Əməkdar artisti adı alıb.
20 mart 1994-cü ildə Bakı şəhərində vəfat edib.
İlk rolu “Eşq və intiqam tamaşasında” (S.S.Axundov) Qəmər obrazı olmuşdur. Digər rolları: Həcər (“Qaçaq Nəbi”, S.Rüstəm), Xuraman (“Vaqif”, S.Vurğun), Gülnisə (“Solğun çiçəklər”, C.Cabbarlı), Ceyran xala, Zalxa (“Nişanlı qız”, “Toy”, S.Rəhman), Tükəz (“Hacı Qara”, M.F.Axundov), Hafizə (“Pəri-cadu”, Ə.B.Haqverdiyev), Zeynəb (“Dumanlı Təbriz”, M.S.Ordubadi), Teklə (“Xanuma”, A.Saqareli), Qadın (“Qadın faciəsi”, F.Q.Lorka) və s.
Aktyor Əli Zeynalovun həyat yoldaşı olmuşdur.

1928 —SSRİ Xalq artisti, Şöhrət” və “İstiqlal” ordenli Lütfiyar Müslüm oğlu İmanov Petropavlovka kəndində (indiki Sabirabad, Azərbaycan) anadan olmuşdur.
İlk dəfə məktəbli olarkən -1943-cü ildə Sabirabad Dövlət Dram Teatrında aktyor kimi özünü sınamışdır. 18 yaşıdaykən dram dərnəyinin rəhbəri olmuşdur. 1948-ci ildən Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləmişdir. 1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbinin vokal şöbəsini bitirmişdir. 1968-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakultəsini bitirmişdir. 1954-1956-cı illərdə Azərbaycan televiziya və radiosunun xor solisti olmuş, 1956-1957-ci ildə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti, 1956-1959-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləmişdir. İlk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəyovun “Koroğlu” operasında baş rolda debüt etmişdir. 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur.1965-ci ildə Moskvada Böyük Teatrda, 1975-ci ildə İtalyanın Milan şəhərində “La Skala” teatrında təcrübə keçmişdir. 1968-ci ildən başlayaraq 30-dan çox operada baş rolda çıxış etmişdir.Konsertlərdə Azərbaycan və dünya xalqlarının mahnılarını və s. ifa edirdi.İran, İtaliya, Almaniya, Hindistan, Kanada, ABŞ, Türkiyə, bir sıra ərəb öləkələrində və s. qastrol səfərlərində olub.Pedoqoji fəaliyyətlə məşğul olub. Sovet dönəmində Azərbaycan Dövlət Konservatoriyasında (professor), 1991-1995-ci illərdə İstanbul və İzmirin opera teatrlarında dərs demişdir. 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada “Milleniumun mahnısı” festivalında çıxış etmişdir. “Karmen”, “Faust”, “Otello”, “Trubador”, “Aida”, “Riqoletto” və s. klassik opera əsərlərində rollar oynayıb.1987-1991-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifqının sədri olmuşdur.1980 və 1985-ic illərdə Azərbaycan SSR-nın Ali Sovetinin deputatı seçilmişdir.
21 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

1957 — Qarabağ müharibəsi şəhidi, həkim-reanimatoloq, inspektor Kamil Fərhad oğlu Rzayev Tərtər rayonunun Sarov kəndində anadan olmuşdur.
Burada şəhər 1 nömrəli orta məktəbində təhsil almışdır.
1974-1980-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Bakıda Təcili Yardım Xəstəxanasında həkim-reanimatoloq işləyib. Sonra Səhiyyə nazirliyində inspektor vəzifəsində çalışmışdır. 1991-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi üzrə dissertasiya etmişdir. Müdafiədən sonra Azərbaycan Elmi- Tədqiqat Kardiologiya İnstitunda laboratoriya müdiri işləmişdir.
Kamil Rzayev 1992-ci il mart ayının 5-də Tərtər özünümüdafiə batalyonuna yazılmışdır. O, cəbhə zonasında səyyari hərbi qospitalın yaradılmasında xüsusi fəallıq göstərmişdir. Özünün zəhmətsevərliyi, döyüşgənlik cəsarəti ilə yoldaşları arasında böyük nüfuz qazanmışdır. 1992-ci ilin may ayının 10-da Tərtər bölgəsində erməni işğalçıları tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.
Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Hal-hazırda Tərtər rayon xəstəxanası Şəhid Kamil Rzayevin adını daşıyır. 2012-ci ilin noyabrın 2-də Pirallahı qəsəbəsi V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin idman zalında Kamil Rzayevin xatirəsinə həsr olunmuş karate üzrə yarış – turnir keçirilib.
Cəmilə və Züleyxa adlı iki qızı yadigar qalıb.

1941 — AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru,professor, İspaniya Kral Akademiyasının akademiki İmanov Qorxmaz Cahangir oğlu Bakı şəhərində anadan olub.
1958-ci ildə Bakı şəhər 199 saylı orta məktəbi bitirmişdir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsini bitirmişdir.
1964–1967-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Mərkəzi iqtisadi-riyaziyyat institunun aspiranturasında təhsil almış, 1968-ci ildə iqtisad elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.
1968-ci ilin yanvar ayından 1969-cu ilin mart ayına qədər Azərbaycan SSR EA Kibernetika institutunda kiçik elmi işçi işləmişdir. 1969–1971-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1971-ci ilin sentyabrında yenidən Azərbaycan EA Kibernetika institutuna dəyişilərək, baş elmi işçi vəzifəsində işləmişdir. 1975-ci ildə SSRİ EA Mərkəzi İqtisadi-Riyaziyyat İnstitunda iqtisad elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.
1984-cü ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. 1987–1993-cü illərdə Azərbaycan Dövlət Plan Komitəsinin və sonralar İqtisadiyyat Nazirliyinin Elmi–tədqiqat İqtisadiyyat institutunun direktoru vəzifəsində çalışmışdır.
2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
145-dən artıq elmi əsərləri, o cümlədən 30-dan artıq xaricdə məqaləsi nəşr etdirilmişdir. 28 — elmlər namizədi yetişdirmişdir.
Vəfat etmişdir:

1993 — Türkiyə Respublikasının 45-ci və 46-cı dövr hökumətlərinin baş naziri (1983–1989) və 8-ci prezidenti (1989–1993) Xəlil Turqut Özal 65 yaşında Ankarada vəfat etmişdir. Vəsiyyətinə əsasən, Topqapıda dəfn edilmişdir.
Turqut Özal 13 oktyabr 1927-ci ildə Malatyada doğulmuşdur.
1983-cü ildə Ana Vətən partiyasını quran Özal elə həmin il keçirilən seçkilərdə partiyasının uğur qazanması nəticəsində Türkiyə respublikasının 19-cu baş naziri seçlib. 1987-ci ildə keçirilən seçkilərdən sonra yenidən hökumətə rəhbərlik edərək baş nazir kimi fəaliyyətini dvam etdirib.
Özal 1989-cu ildə prezident seçkilərinə namizəd oldu. 31 oktyabr 1989-cu il tarixində təkrar seçkilərdə Türkiyə Cümhuriyyətinin səkkizinci prezidenti seçilmişdir.

2009 – Görkəmli Azərbaycan yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli 78 yaşında Bakıda vəfat etmişdir.
Sabir Əhmədli 1930-cu il iyul ayının 10-da Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olmuşdur. Burada orta təhsilini başa vurduqdan sonra 1946-cı ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1951-ci ildə universiteti bitirib Cəbrayıl rayonunda müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Bir il Şükürbəyli kənd orta məktəbində direktor işləmişdir. 1956-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında ədəbi işçi vəzifəsinə qəbul edilmiş, bir müddət sonra nəsr şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. 1993-1996-cı illərdə həmin qəzetin baş redaktoru işləmişdir. Sabir Əhmədli Yazıçılar Birliyinin Mükafatlar Şurasının sədri olmuşdur.
O, ədəbi fəaliyyətə 1951-ci ildə “Pioner” jurnalında çap olunmuş “Poçtalyon” hekayəsi ilə başlamışdır. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış etmişdir. “Bir payız axşamı” adlı ilk kitabı 1961-ci ildə çapdan çıxmışdır. Sonralar “Aran”, “Pillələr”, “Görünməz dalğa”, “Yamacda nişanə”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Mavi günbəz”, “Gedənlərin qayıtmağı”, “Dünyanın arşını”, “Yanvar hekayələri”, “Kütlə”, “Axirət sevdası”, “Şəhid ruhu” və s. kitabları işıq üzü görmüş, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Sabir Əhmədli nəsrimizə yeni ab-hava gətirmiş, yüksək vətəndaşlıq hissləriylə qələmə alınmış əsərləriylə ədəbiyyatımıza böyük xidmət göstərmiş, neçə-neçə nəslin vətənpərvərlik ruhunda yetişməsində önəmli rol oynamışdır. Əsərləri bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilmişdir. Ədəbiyyatımız qarşısındakı xidmətləri yüksək qiymətləndirilmiş, ona Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi fəxri adları verilmişdir.

2015 – Azərbaycan Respublikasının Xalq artisti, professor Ramiz Aqil oğlu Mirişli 81 yaşında Bakıda vəfat etmişdir.
Ramiz Mirişli 16 aprel 1934-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərindəki bitirdikdən sonra 1952–1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxumuşdur. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.
Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim işləmişdir. O, 1962–2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışmış, həmçinin 1987–1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutmuşdur.
Ramiz Mirişli 1978–1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik etmişdir.
Yaradıcılığını uzun illər ərzində pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Ramiz Mirişli 1972-ci ildən indiki Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru olaraq yeni musiqiçilər nəslinin yetişdirilməsi üçün zəngin bilik və bacarığını əsirgəməmiş, peşəkar musiqiçi kadrların formalaşdırılması işinə dəyərli töhfələr vermişdir.
Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir. O, ən müxtəlif janrlara müraciət etmiş, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələmişdir. Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə xüsusən aydın təzahürünü tapmışdır.
Ramiz Mirişlini məhsuldar bəstəkar kimi daha çox tanıdan və sevdirən onun mahnı yaradıcılığı idi. Məşhur Azərbaycan şairlərinin sözlərinə yazdığı həmin çoxsaylı mahnılar sənətsevərlərin böyük rəğbətini qazanmışdır. Kompozisiya bütövlüyü, dərin lirizm, təbiilik, səmimiyyət və emosional təsir gücü onları səciyyələndirən başlıca cəhətlərdir. Ramiz Mirişlinin mahnıları görkəmli ifaçıların repertuarında özünəməxsus yer tutaraq, Azərbaycanda və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirmişdir. Bu əsərlər doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.