
Məktəb Manifesti: Reallıqlar və Gözləntilər
“Hər şeydən əvvəl şagirdlərinizin İNSAN olması üçün çalışın. Zəhmətinizin nəticəsi bilikli canavarlar və bacarıqlı psixlər olmasın…”
Almaniyada bir məktəb direktorunun müəllimlərinə müraciətindən
Giriş
Təlim-tərbiyə müəssisələrində müəllim-şagird qarşıdurmaları, bullinq, silahlı insidentlər və cinsi zorakılıq halları təhsil sistemində ciddi böhrandan xəbər verir. Sosial şəbəkələrdə yayılan müəllim və şagird arasındakı fiziki toqquşma və məktəblərdəki qara xronika, təhlükəsiz mühitin itirildiyini və “insan yetişdirmək” prinsipinin arxa plana keçdiyini göstərir. Təhsil müəssisələrində yaşanan mənəvi çöküş və laqeydlik, şagirdlərin təhlükəsizliyini təhdid edən ciddi ictimai məsuliyyət problemidir.
Bax : https://www.instagram.com/reels/DXVzEjFDElu/

Rinqdəki Müəllim və “Cibdəki Əllər”
İnternetdə Qazaxıstanda müəllim və şagird arasında baş verən və sosial şəbəkələrdə geniş yayılmış bir qarşıdurma haqqında süjetə baxdım. Mənə bu süjetdən nə aydın oldu: • Şagird müəllimin qarşısında əlləri cibində dayanmşdır.
• Müəllimin isə yumruğu havada, sanki şagirdi ilə rinqə çıxıbmış.
• Situasiya gərginləşir və qarşılıqlı fiziki toqquşma baş verir və situasiya nəzarətdən çıxır. Bu hadisəyə yazılan rəylər isə daha vahiməlidir: “Müəllim yaxşı elədi, döyməlidir” deyənlərlə, müəllimi linç edənlər arasında böyük bir uçurum var. Amma pedaqoji yanaşma birdir: Zorakılığa heç bir halda bəraət qazandırıla bilməz. Müəllim emosiyasını idarə edə bilmirsə, o, təhlükəsiz mühit vəd edə bilməz. İstənilən zorakılıqlar uşaqların psixoloji sağlamlığına ağır zərbə vurur, özünəinamı sarsıdır və gələcək həyatlarına mənfi təsir göstərir.
Azərbaycan Məktəbi: Divarlar Yenilənir, Bəs Daxili Mühit?
Azərbaycan məktəbi bu gün statik deyil. Dövlət proqramları qəbul olunur, müasir, yaraşıqlı binalar tikilir. Lakin kəmiyyət dəyişiklikləri hər zaman keyfiyyətlə paralel getmir. Yenilənən Azərbaycan təhsilinin təşkili və idarəedilməsi sahəsində hələ də ciddi islahatlara ehtiyac var. Xüsusilə məktəblərimiz təhsilin tərbiyəedici vəzifəsini yeni dövrün tələblərinə uyğunlaşdıra bilmir. Məktəbyaşlı şagirdlərin assosial davranışları, aqressivliyi və zorakılıq halları cəmiyyətdə haqlı narazılıq doğurur. Nəticədə məktəb gələcək həyat üçün hazırlıq məkanı olmaq əvəzinə, travma mənbəyinə çevrilir.
Utanc Xronikası: Bullinqdən Silahlı İnsidentlərə Qədər

Son illərin statistikası göstərir ki, məktəblərimiz getdikcə “kriminal məkan” xarakteri almağa başlayır. Bu, təkcə şagirdlərin öz aralarındakı davası deyil, həm də sistemli bir təhlükəsizlik böhranıdır:
Zaqatala, Pirşağı, Masallı: Qız şagirdlərin amansız davası, bıçaqlanma halları…Binəqədi (İdrak Liseyi, 2026): Şagirdin müəllimə qarşı odlu silahdan atəş açması – bu, artıq son həddir.Yandırılan Şagird (2024).16 yaşlı yeniyetmənin sinif yoldaşının üstünə spirt töküb yandırması. Bu nədir? Cəsarətmi, yoxsa müəllim və məktəb nüfuzunun tam iflası?
Təhsilin “Üzqarası”: Seksual Risklər və Laqeydlik

Məktəb mühitində baş vermiş cinsi zorakılıq hadisələrin sayının artması narahatlıq doğurur. Qubadan Şamaxıya, Lerikdən Bakıdakı elit məktəblərə qədər (6 saylı məktəb, 132-134 saylı kompleks və s.) baş verən seksual zorakılıq və təcavüz halları təhsil sistemimizin sağalmaz yaralarıdır və məktəblərin təhlükəsizlik səviyyəsini ciddi sual altına qoyur. Belə bir mühitdə uşaq normal sosiallaşa bilmir, qorxu və stress içində böyüyür. Nəticədə, məktəb gələcək həyat üçün hazırlıq məkanı olmaq əvəzinə, bəzi hallarda travma mənbəyinə çevrilir. Bu problemlər artıq ört-basdır edilə bilməz və sistemli, cəsarətli islahatlar tələb edir.
Böyük Sual: Kimdir Məsuliyyət Daşıyan?
Bəs bu hadisələrin get-gedə intensivləşməsi nə ilə bağlıdır? İnternetin pozucu təsirimi, yoxsa ailə və məktəbin “ahəngdar şəxsiyyət” yetişdirmək missiyasından imtina etməsimi? Qeyri-hökumət təşkilatları haradadır? Hər kəsin fərdi məsuliyyəti harada bitir?
Yaxşılığın yüzü az, yamanlığın biri çoxdur
Biz də bu yazı silsiləmizdə hissə-hissə bu yaralara toxunacaq, vətəndaşlıq baxışımızı ifadə edəcəyik. Çünki məktəb “bilikli canavarlar” deyil, “İNSAN” yetişdirməli olan müqəddəs bir yerdir.
Davamı var…
Geri izləmə: Məktəbdə İnsidentlər: Günah Kimdədir? – “ Ana və Uşaq"