21 aprel

Tarixdə bu gün

İlin 111-ci (uzun illərdə 112-ci) günü.

Mühüm hadisələr:

2009 – Dünya Elektron Kitabxanası saytının rəsmi açılışı olub.

Doğum günləri:

1931— Məşhur pianoçu,  Xalq artisti, Rusiyanın Əməkdar artisti,”Şöhrət” ordeni laureatı, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin sabiq professoru Tamilla Zahid qızı Mahmudova Bakıda anadan olub.

 İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə, məşhur pedaqoq, professor K.Səfərəliyevanın sinfində alıb.

1954-cü ildə Moskva konservatoriyasını və 1957-ci ildə professor Y.Zakın sinfində aspiranturanı bitirib.

1947-ci ildən Azərbaycan Radio Komitəsində solist olmuşdur. 1954-cü ildən Moskonsertin solisti idi.

Repertuarına rus və Qərbi Avropa klassiklərinin, müasir xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Mahmudova Azərbaycan bəstəkarlarından Q.Qarayev, F.Əmirov, C.Hacıyev və A.Məlikovun fortepiano əsərlərinin ilk ifaçılarındandır. Xarici ölkələrdə (İngiltərə, Belçika, Macarıstan, Hindistan, Polşa, Zambiya və s.) qastrolda olmuşdur.

3 sentyabr 2014-cü ildə Moskva şəhərində vəfat etmişdi

1938 — Alim, filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Tofiq Hüseyn oğlu Hüseynov

Ağstafa rayonunun Bəyazatlı (indiki Yuxarı Göyçəli) kəndində qulluqçu ailəsində anadan olmuşdur. Ağstafa şəhər dəmir yol məktəbində,  daha sonra Göyçəli və Həsənsu kənd  orta məktəblərində təhsil almışdır.

1961-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirmişdir.

“Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında tarixilik və “Qan içində” romanı” mövzusunda namizədlik, ”Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığı” mövzusunda doktorluq  dissertasiyasını müdafiə edib.

İmişli rayonu və Qazax rayonunun Bəyazatlı kənd məktəblərində müəllim işləmişdir.

Azərbaycan Milli Ensiklopediyasında redaktor və BDU-da qiyabi təhsil şöbəsinin məsləhət məntəqə müdiri, metodist çalışıb.

Bakı Dövlət Universitetinin “Müasir Azərbaycan ədəbiyyatı” kafedrasında işləyir.

Ali təhsilin bakalavr pilləsində Müasir ədəbi proses, magistr pilləsində isə “Müasir Azərbaycan ədəbiyyatının aktual problemləri” və “Elmin müasir problemləri” fənlərindən dərslər aparır.

121 məqalə, 5 monoqrafiya, 3 kitab (dərslik, şərikli) müəllifidir.

Rəhbərliyi ilə 5 nəfər elmlər namizədi dərəcəsi alıb, 5 dissertant və aspirantı var.

4 doktorluq dissertasiyasında elmi məsləhətçidir.

Vəfat etmişdir:

1938 — Görkəmli siyasi və dövlət xadimi, publisist Həbib Pirican oğlu Cəbiyev 39 yaşında güllələnmişdir.

Həbib Pirican oğlu Cəbiyev 1899-cu ildə Balaxanıda   xırda neft sahibkarı ailəsində anadan olmuşdur. Atası onu öz işinin davamçısı görmək istəmiş və bu arzu ilə 12 yaşlı Həbibi Bakı kommersiya məktəbinə qoymuşdur.

Həmin illərdə sosial ədalətsizliklər, fəhlələrin ağır və məşəqqətli həyatı, maddi çətinliklərə qarşı etirazlar yeniyetmə Həbibdə inqilabi əhvali-ruhiyyə yaratmışdı.

1916-cı ilin sonlarında Həbib Cəbiyev müharibə (Birinci Dünya müharibəsi) əleyhinə apardığı təbliğata görə həbs edilərək iki gün polis sahəsində saxlanılır. Həbib Cəbiyev həmin gündən açıq mübarizəyə başlayır və inqilabçı olur.

1918-ci ildə  son kursda oxuyanda Həbib Cəbiyev bolşeviklər partiyasına daxil olmuş və həmin ildə bolşevik “Hümmət” təşkilatının Balaxanı şöbəsinin katibi seçilmişdir. O, xalqın arzu və istəklərini həyata keçirmək uğrunda ardıcıl mübariz olmuşdur.

Həbib Cəbiyev partiyanın tapşırığına əsasən Seyid Cəfər Pişəvəri, Nemət Bəsir və Əlisəttar İbrahimovla birlikdə Bakının şəxsi mətbəələri ilə danışıb, orada xalqı mübarizəyə çağıran siyasi ədəbiyyat nəşr edirdilər.

Həbib Cəbiyev 1919-cu ilin aprelində partiyanın tapşırığı ilə Gəncəyə göndərilir.  Orada ətraf  rayonlarda partiya özəkləri və qrupları yaradır.

1921-ci ilin mart-aprel aylarında “Azərbaycan füqərası”qəzetin, 1921-ci ilin oktyabr ayından 1922-ci ilin yanvar ayına kimi “Kommunist” qəzetinin redaktoru vəzifəsində işləmişdir. O, sonralar yenidən iki dəfə “Kommunist” qəzetində məsul işə qaytarılmışdır.

1929-cu ildə Həbib Cəbiyevin iştirakı və təşəbbüsü ilə “Azərbaycanı Tədqiq və Öyrənmə Cəmiyyəti” əsasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının özəklərindən sayıla biləcək bu institutun ilk həqiqi üzvləri sırasında R.Axundov, Ə.Haqverdiyev, S.Əfəndiyev, T.Şahbazi, V.Bartold, N.Marr, İ.Meşşaninov ilə yanaşı Həbib Cəbiyev də var idi.

Həbib Cəbiyevin həyat yoldaşı və yaxınları danışardılar ki, 20-ci illərin sonlarından Bağırovla Həbib Cəbiyev arasında münasibət gərgin xarakter daşımışdır. Buna görə də Həbib Cəbiyev 1930-cu ilin axırlarında Moskvaya köçür və SSRİ Xalq Yeyinti Sənaye Komissarlığında məsul vəzifələrdə işləməyə başlayır.

Moskvada işləyəndə o, Lenin ordeni ilə təltif olunmuşdur.

1938-ci ildə Həbib Cəbiyevi həbs edib Bakıya göndərirlər. Həyat yoldaşı Aleksandranın dediklərinə görə Həbib Cəbiyevi bir neçə dəfə Mircəfər Bağırov özü dindirmiş, lakin istədiyi ifadəni ondan ala bilmədiyindən şəxsən özü onu güllələmişdir.

Həbib Cəbiyevin həbsindən sonra onun iki azyaşlı oğlu və bir qızı əllərindən alınmış, arvadı sürgün edilmişdir. Sürgündən qayıtdıqdan sonra ona məlumat verilmişdir ki, azyaşlı oğlanlarından biri çayda boğulmuş, digəri şaxtadan donub ölmüşdür. Qızı haqqında isə heç bir məlumat ala bilməmişdir.

Həbib Cəbiyev 21 aprel 1938-ci il tarixində güllələnmiş, Stalinin ölümündən sonra bəraət almışdır. Şüurlu həyatını xalqın azadlığı və xoşbəxtliyinə həsr etmiş Həbib Cəbiyevin faciəli ömrü belə acınacaqlı halda başa çatmışdır.

1913—Bakı milyonçusu Şəmsi Əsədullayev 73 yaşında vəfat etmişdir.

Şəmsi Əsədullayev XX əsrin əvvəllərində Azərbaycanın neft maqnatlarından olmuşdur. Şəmsi Əsədullayev Bakıda neft sənayesinin görkəmli nümayəndələrindən olub. Onun adı həmişə Nobel qardaşlarının adı ilə qoşa çəkilirdi. Neftin Rusiyaya daşınmasında buxar gəmisindən birinci istifadə edən sahibkar idi.

Şəmsi Əsədullayev də bir çox Bakı milyonçuları kimi yoxsul ailədən çıxmışdır. 1840-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur. Cavanlıqda kənddə atasının əkin-biçininə kömək edir, araba ilə biçilmiş taxılı daşıyır, xırman salır,   atasına kömək edirdi. Bu illərdə əmircanlıların əsas taxıl yerləri Suraxana torpaqlarında idi. 19-cu əsrin əvvələrində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu torpaq sahələrinin mühüm bir hissəsi Suraxanada neft çıxarılması və kerosin e’malı ilə məşğul olan rus tacirlərindən Kokorev və Qubonin tərəfindən ucuz qiymətə alınmışdı. Onlar Suraxanada Atəşgahın yanında kerosin emal edən bir zavod tikdirmişdilər. Torpaqsız qalan Suraxana və Əmirhacıyan kəndliləri neft mədənlərində işləməyə məcbur oldular. Şəmsi Əsədullayev də əkinçiliyi buraxaraq, neft işinə qurşanır. O, 1860-cı ildə Kokorevin yanında işlər müdiri vəzifəsinə yüksələ bilir. Bir müddətdən sonra o neft və duz podratçılığı ilə məşğul olur. 15 il müddətində o xeyli qazanc əldə etdikdən sonra podratçılığı buraxaraq, kerosin zavodu açır. 1890-cı illərdə neft işi ilə məşğul olan bir neçə nəfər ilə birlikdə şirkət təşkil edir. Əldə edilən neftin Rusiya bazarlarına çıxarılması onu daha çox düşündürürdü. Nahayət, 1891-ci ildə neftin Xəzər vasitəsi ilə daşınması sahəsində Bakı neft kapitalistləri içərisində ilk dəfə olaraq, buxar şxunu (iki və üç dorlu yelkənli gəmi) sifariş verir.

1895-ci ildə təzə aldığı torpaq sahələrindən birində böyük fantan vurur. Fantan 56 gün davam edir. Fantan hər gün bir milyon altı yüz min pud neft verirdi. Bu, Bakı neft sənayesi tarixində ən məşhur fantanlardan biri idi.

Əsədullayevin neft hasilatı artdıqça onun Volqaboyu şəhərlərində, Moskvada, Polşada, habelə Orta Asiyada, İranda neft anbarlarının sayı artırdı. Xəzər dənizi sahillərinə və Volqaboyu şəhərlərə öz gəmilərində neft daşıtdırıb satdırardı. Camaat arasında Şəmsi Əsədullayevə Nobellərin qənimi deyirdilər. Çünki bütün Rusiyada, Türküstanda, İranda, hətta Finlandiyada belə Nobellərin dükanı və kontorları ilə üzbəüz, ya da ki, yanaşı kontor və dükan açıb Nobellərdən ucuz qiymətə neft satar və ona mane olardı.

 Şəmsi Əsədullayev  getdikcə şəhərin mərkəzində – əsas fasadı Qoqol küçəsinə, digər iki yan fasadların biri Gimnaziya (Tolstoy) küçəsinə, digəri Karantin (Həzi Aslanov) küçəsinə baxan əzəmətli bina tikdirir. Başqa binaları da vardı.

Şəmsinin Bakıda bir müsəlman arvadı, iki oğlu və iki qızı vardı. İkinci dəfə Mariya Petrovna adlı bir rus qadınına evlənəndə arvadı Ümsəlmə, oğlanları Mirzə, Əli və qızları Sara, Xadicə və Ağabacı ilə onun arasında narazılıq baş verir və Şəmsi 1903-cü ildə Moskvaya köçməyə məcbur olur.

Mariyanın atası çar ailəsinə yaxın senator idi. Bakı neftinin tükənməz qızılı, bir də qohum senatorun köməyi ilə bağlı qapılar Şəmsinin üzünə taybatay açılırdı. Bütün bunların hesabına Peterburqda Neva çayı sahilində, Qış sarayı yaxınlığındakı məhəllədə əzəmətli bina ucalda bilmişdi. Moskvada Mariya üçün içərisində çarhovuz və oranjereya olan təmtəraqlı mülk almışdı. Hər il Avropa şəhərlərinə, yaylaqlarına istirahətə, səyahətə gedirdilər. Peterburqda və Moskvada bir neçə yerdə mülklər tikdirir, xeyriyyə işləri ilə məşğul olur.

Əsədullayev, demək olar ki, bütün qış aylarını Moskvada və Peterburqda keçirirdi. Bakıda onun neft işləri ilə böyük oğlu Mirzə Əsədullayev məşğul olurdu. Volqada noviqasiya açılan kimi Bakıya gələr və neçə ay müddətində anbarlarda toplanmış nefi Rusiyaya öz müştərilərinə göndərməyə başlardı.

Şəmsi Əsədullayevin Mərdəkanda əzəmətli bir bağı vardı. Bu bağ özünün çox böyük sahəsi və əzəmətli qapısı ilə fərqlənirdi. Bağ 19-cu əsrin axırlarında salınmışdı. Sovet hökuməti bu bağı müsadirə edib, sanatoriyaya çevirmişdi.

Əsədullayev 1913-cü il 21 apreldə Yaltada günvurmadan 72 yaşında vəfat etmişdir. Onun meyiti Bakıya gətirilərək dəfn edilmişdir.

Əsədullayevin böyük oğlu Mirzə Musa Nağıyevin, kiçik oğlu Əli isə H.Z. Tağıyevin qızı ilə  evlənmişdilər. Qızı Sara atasının işlər müdiri Zal Həsənovun arvadı olub.

Bu yaxın zamanda Paris şəhərində vəfat etmiş azərbaycanlı yazıçı Ümmülbənin Mirzə Əsədullayevin qızıdır. Əsərlərini fransız dilində yazırdı. O, iki milyonçu babanın – Şəmsi Əsədullayevlə Musa Nağıyevin nəvəsidir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Ana və Uşaq.com – sadəcə, bir sayt deyil, cəmiyyət üçün kiçik də olsa, fayda vermək istəyən bir təşəbbüsdür.

Bağlantı