20 aprel

Tarixdə bu gün

Doğum günləri:

571 —  Dini, sosial, siyasi lider və islamın qurucusu; İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist Beynəlxalq Təlim və Layihə Mərkəzimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş Məhəmməd Peyğəmbər  Məkkə şəhərində anadan olmuşdur.

Məhəmməd islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır.

O, Məhəmməd ibn Abdullah ibn Abdulmuttalib ibn Haşimdir. Onun atasının adı Abdullah, anasının adı isə Əminədir. O hələ dünyaya göz açmamışdan əvvəl atası vəfat edir. Bir neçə ildən sonra isə anası dünyasını dəyişir. Bundan sonra o, babası Abdulmuttalibin himayəsində qalır. Babası vəfat etdikdən sonra əmisi Əbu Talib ona qəyyumluq edir. O, Məkkə şəhərində Allahın himayəsi altında təmiz bir həyat sürərək dürüst şəxsiyyət kimi böyüyür. O, həyatı boyu bir yalan belə söyləməmiş və heç kəsə pislik etməmişdir. Hətta, öz həmyerliləri onu “Muhəmməd Əmin”, “Etibarlı Muhəmməd” deyə çağırırdılar. İyirmi beş yaşına qədəm qoyduqda o, Məkkənin ən təmiz və ən zəngin qadınlarından olan Xədicə bint Xuveylid ilə evlənir və ondan altı övladı dünyaya gəlir. Qırx yaşına çatdıqda Uca Allah ona peyğəmbərlik bəxş edərək onu bütün bəşəriyyətə elçi olaraq göndərir və onun vasitəsilə Öz nurunu bütün dünyaya yayır. Peyğəmbərimiz Məkkədə İslam dinini üç il gizli, on il də açıq şəkildə təbliğ edir. O, insanları özlərinin və ata-babalarının ibadət etdiyi daşlardan və bütlərdən çəkindirərək yalnız Allaha ibadət etməyə, Ona heç bir şeyi şərik qoşmamağa çağırır. O, insanlara namaz qılmağı, zəkat verməyi, oruc tutmağı, doğru söz söyləməyi, əmanətə xəyanət etməməyi, qohumluq əlaqələrini qoruyub saxlamağı, qonşularla yaxşı münasibətdə olmağı əmr edir. Habelə, haram işlərdən, haqsız yerə qan tökməkdən, yalan və pis sözlər danışmaqdan, yetimin malını yeməkdən, namuslu qadınlara böhtan atmaqdan çəkindirir. Buna baxmayaraq Məkkə müşrikləri bu dini qəbul etmək və batil inanclarından əl çəkmək istəmirdilər. Həmin dövrdə Məkkədə və bütün Ərəbistan yarımadasında bütpərəstlik son həddə çatmışdır. Belə ki, Kəbənin içində 360-dan çox büt var idi. Hər qəbilə ibadət etdiyi bütü Kəbənin içinə yerləşdirir və vaxtaşırı onları ziyarət etməyə gəlirdilər. Məkkədə yaşayan və Kəbəyə baxan Qureyş qəbiləsi əsasən həmin ziyarətlərin hesabına gəlir əldə edirdi. Ona gərə də Peyğəmbəri qəbul etməməyin səbəblərindən biri iqtisadi maraqlar idi. Allahın dininə qarşı çıxan Məkkə müşrikləri Peyğəmbərin dəvətinin qarşısını almaq üçün hər cür vasitəyə əl atırdılar. Onlar Peyğəmbəri ələ salır, onu sehrbaz, kahin, dəli adlandırır, iman gətirən müsəlmanlara hər cür işgəncə və əzab-əziyyət verməkdən çəkinmirdilər. Hətta iş o yerə gəlib çatmışdır ki, Peyğəmbərin həyatına qəsd etməyə cəhd etdilər. Peyğəmbər və onunla bərabər müsəlmanlar on üç il Məkkədə müşriklərin əzab-əziyyətlərinə səbir edib dözdülər. Bundan sonra Allahın əmri ilə Peyğəmbər iman gətirənlərlə Mədinəyə hicrət etdi. Mədinədə olanların əksəriyyəti onu qəbul etdilər və mühacir müsəlmanlara sığınacaq verdilər. O, Mədinədə İslamı təbliğ etməyə davam etdi və nəticədə insanlar İslam dininə dəstə-dəstə daxil olmağa başladılar. Nəhayət, bütün Ərəbistan yarımadası İslamı qəbul etdi. Məhəmməd peyğəmbər on il Mədinədə yaşadıqdan sonra altmış 61 yaşında vəfat etdi və Allahın rəhmətinə qovuşdu. İnsanları dünya və axirətdə səadətə, əmin-amanlığa qovuşduracaq İslam dini Qiyamətə qədər davam edəcəkdir. Uca Allah bizə Peyğəmbərin yolunu tutub getməyə və onun layiqli ardıcıllarından olmağa müvəffəq etsin!

Məhəmmd Peyğəmbər    8 iyun 632-ci ildə Məkkə şəhərində  vəfat emişdir.

1880 – Çar ordusunun general-mayoru, Müqəddəs Anna ordeni Qılınclı və bantlı III dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edilmiş Teymur bəy Mirzə Hacı bəy oğlu Yelizavetpol qəzasının Qovlar kəndində peşəkar hərbçi, rus ordusunun general-leytenantı Mirzə Hacı bəy Novruzovun ailəsində anadan olmuşdur.Tiflis kadet korpusunda oxuduqdan sonra 1898-ci ildə hərbi xidmətə başlamışdır.Siravi əsgərlikdən general-mayor rütbəsinədək yüksəlmişdir.

Azərbaycan Demokratik Respublikasının 1919-cu il iki avqust tarixli əmrilə ordudakı əla xidmətlərinə görə general-mayor rütbəsi verilmişdir. 1920-ci ildə bolşeviklərin təzyiqindən Almaniyaya mühacirətə getmişdir. 1961-ci ildə Nitsada vəfat etmişdir.

Azərbaycan Milli Ordu quruculuğu tarixində iz qoymuş hərbi sərkərdələrdən biri olmuşdur.

1894 — Azərbaycannın görkəmli kino və teatr rejissoru, aktyor və pedaqoqu, Xalq artisti Rza Abbasqulu oğlu Təhmasib Naxçıvanda dünyaya gəlmişdir.

16 yaşında ikən Tbilisidə “Müsəlman Artistləri İttifaqı”nın teatr truppasında fəaliyyətə başlayan gənc Təhmasib 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq etmişdir. 1920-ci ildən isə bu müqtədir sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olmuşdur. Teatr tariximizdə oynanılan elə bir klassik Azərbaycan və dünya ədəbiyyatı nümunəsi yoxdur ki, Rza Təhmasib aktyor və rejissor kimi bu tamaşalarda işləməmiş olsun. Onun yaradıcılığı epoxal xarakterlidir, təxminən bir əsrə yaxın dövrdə bu istedadlı sənətkarın ömür yolu teatr və kinomuzun inkişafına xidmətdə keçmişdir. Aktyor kimi yaratdığı İsgəndər (“Ölülər”), İblis və Arif (“İblis”), Şeyx Sənan (“Şeyx Sənan”), Qacar (“Ağa Məhəmməd Şah Qacar”), Süleyman (“Həyat”), Koşkin (“Lyubov Yarovaya”), Strijin (“Eskadranın Məhvi”), Karl Moor (“Qaçaqlar”) kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olmuşdur.

Ümumiyyətlə, ötən əsrin 60-cı illərinə qədər Rza Təhmasib milli teatrımızın təşkilatçısı və yaradıcısı kimi onun inkişafının təminatçılarından biri idi. Azərbaycan teatr sənətinin böyük bir dövrü Rza Təhmasib yaradıcılığı ilə bağlı olmuşdur.

1918-ci ildən sonra fəaliyyətini Bakı şəhərində davam etdirən Rza Təhmasib Sovet hakimiyyəti qurulduqdan sonra – 1921-ci ildə Türkiyəyə getmək, diplomatik nümayəndə-likdə tərcüməçi vəzifəsində çalışmaq təklifini alır. Bu təklifi dəyərləndirir. Beləliklə, 1921-ci ilin sentyabr ayının əvvəllərində Tiflisdən Batuma yola düşən, buradan isə İtaliyanın “Reno” gəmisi ilə Türkiyəyə gedən 28 nəfərlik Azərbaycan SSR nümayəndə heyətinin tərkibində Rza Təhmasib də olur. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan “Azərbaycan SSR-in Ankaradakı səlahiyyətli nümayəndəliyinin tərkibi və onların aylıq əməkhaqqı cədvəli” adlı sənəddə göstərilir ki, Rza Təhmasib o zaman Azərbaycan nümayəndəliyinin İnformasiya şöbəsinin iki əməkdaşından biri olmuşdur.

1922-ci ilin avqustunda Vətənə geri dönmüş və sonrakı dövr fəaliyyətini teatr və kino sənətinin inkişafına həsr etmişdir.

1906 — İlk azərbaycanlı musiqişünas qadın, Azərbaycanın Əməkdar incəsənət xadimi Xurşid xanım Həsən bəy qızı Ağayeva anadan olmuşdur.

Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (1935). Üzeyir Hacıbəyli haqqında ilk monoqrafiyanın müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasında musiqi tarixindən dərs demiş, elmi işlər üzrə prorektor (1944-1946) olmuşdur.

Xurşid Ağayeva 1918-1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olmuş Həsən bəy Ağayevin qızıdır. O, 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva ixtisasartırma İnstitutuna oxumağa göndərilmişdir. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləmişdir.

O, 1940-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının prorektoru vəzifəsində çalışmışdır.

Musiqişünas Xurşid Abdullayevanın nənəsi, Xarici Dillər universitetinin müəllimi Sevda Pepinovanın anasıdır.

3 dekabr 1953 -cü ildə 47 yaşında vəfat etmişdir.

1907 —Azərbaycanın Xalq şairi, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Məmməd Abbas oğlu Hüseynov ( Məmməd Rahim) Bakıda sahibkar ailəsində doğulmuşdur. 1917-ci ildə atası ölmüş, dəmiryolu xidmətçisi olan böyük qardaşının himayəsində yaşamışdır. Bakı şəhər məktəblərində təhsil alıb APİ-nin Şərqşünaslıq fakültəsinə daxil olmuş , eyni zamanda Azərnəşrdə tərcüməçilik etmişdir. Pedaqoji fəaliyyətə 1-ci Bakı beşillik sovet məktəbində başlamışdır. 1926-cı ildə ilk şeiri “Gördüm”, 1930-cu ildə isə ilk şeir kitabı – “Arzular” çap olunmuşdur. Dövri mətbuatda fəal çıxış etmişdir. Yazıçılar İttifaqında şeir bölməsinin rəhbəri və təşkilat katibi müdafiə bölməsinin rəhbəri, həm də İranda xüsusi ezamiyyətdə olmuşdur. 1946-cı ildən yalnız ədəbi yaradıcılıqla məşğul olduğuna görə işləməmişdir. Müəyyən fasilədən sonra yenidən Yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmişdir. Türkiyəyə və Aralıq dənizinə səfərə çıxmışdır. Xəstələndiyi vaxtadək yalnız yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. “Xaqani” mənzum dramını, “Sayat Nova” , “Natəvan” poemalarını yazmışdır. Ş.Petefi, Beranje, A.Tvardovski, A.Blok, Şiller, Nekrasov, H.Tumanyan və b. tərcümələr etmişdir. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dilə tərcümə edilmişdir. İki dəfə Lenin ordeninə, “Oktyabr inqilabı” , “Qırmızı Əmək bayrağı” ordenlərinə və medallara layiq görülmüşdür.

1977-ci il mayın 6-da Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

1916 —Azərbaycannın görkəmli teatr və kino aktrisası, Xalq artisti , Azərbaycan SSR Dövlət Mükafatı laureatı Nəsibə Zeynalova Bakıda doğulub. Atası Kərbəlayı Cahangir  Azərbaycan milli realist aktyor məktəbinin banisi olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb.

1918-ci ilin mart ayında erməni daşnakiarı Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.

Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina (“Şıltaq qızın yumşalması”, Vilyam Şekspir), Elvira (“Don Juan”, Jan Batist Molyer), Yelizaveta (“Mariya Stüart”, Fridrix Şiller) rollarını oynayıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Aktrisa teatr tarixində  unudulmaz rolların ifaçısı sayılır.

Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qaynana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir.

“Hicran” musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı laureatıdır.

Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.

1920— Görkəmli uşaq yazıçısı Xanımana Sabir qızı Əlibəyli Bakı şəhərinin Keşlə kəndində dünyaya göz açmışdır.

16 yaşında ikən Xanımana Bakıda Tibb İnstitutuna daxil olmuşdur. 1942-ci ildə institutu uğurla bitirən gənc həkim təyinatla vətənimizin dilbər guşələrindən olan Masallıya göndərilmiş, orada Qızılavar kənd tibb məntəqəsində fəaliyyətə başlamışdır. Tezliklə Xanımana ikinci ali təhsil almaq üçün ADU-nun filologiya fakültəsinə qəbul imtahanları vermiş, beş il sonra həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.

Bədii yaradıcılıq sahəsində yeni, ciddi uğurlar qazanan məhsuldar şairəmiz 1953-cü ildə o zamankı uşaq ədəbiyyatımızın parlaq simalarından olan Mirvarid Dilbazi və Mikayıl Rzaquluzadənin zəmanətləri ilə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir.

Xanımana ömrünün ixtiyar çağında 7 may 2007-ci ildə dünyasını dəyişmiş, Bakı şəhərində dəfn edilmişdir

1929 – Görkəmli nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru , professor Çingiz Həsən oğlu Hüseynov Bakıda anadan olmuşdur.

Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olmuş, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilmiş, oranı bitirmişdir . SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almış, burada namizədlik dissertasiyası müdafiə etmişdir. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olmuşdur . Sov.İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləmişdir. Əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazmışdır.

Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Bədii tərcümə ilə də ciddi məşğul olur. Türkiyə, Belçika, İngiltərə, Fransa və digər ölkələrdə olmuşdur.

1948 — Filologiya elmləri doktoru,  Əməkdar mədəniyyət işçisi . “Azərbaycan” jurnalının baş redaktoru Vaqif Yusifli (Vaqif Əziz oğlu Yusifov) Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur.

1967-1972 -ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır.

1968-ci ildən dövri mətbuatda çıxış edir. Universiteti bitirdikdən sonra üç il Masallı rayonunda, orta məktəblərdə dil-ədəbiyyat müəllimi işləmişdir.

1975-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1979-cu ilin oktyabr ayında “Müasir Azərbaycan nəsrində konflikt və xarakter” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ilin dekabr ayından “Azərbaycan” jurnalının tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi fəaliyyətə başlamış, 1997-ci ilin noyabrından həmin jurnalın baş redaktor müavini vəzifəsinə təyin edilmişdir. 2002-ci ildən 0,5 ştat vahidi ilə Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi kimi də çalışmaqdadır. 2011-ci ildə “Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1959 – Nərimanova Zemfira Əli qızı Bakıda doğulub. 1976-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino fakültəsinə daxil olub.1980-ci ildə Akademik Milli Dram Teatrın aktyor truppasına ştata götürülüb. Zemfira Nərimanova Akademik Milli Dram Teatrın səhnəsində aşağıdakı rolları oynayıb:

Şeyda (“Yastı təpə”, Əkrəm Əylisli), Sofi (“Yad adam”, L. Frank),

Təhminə (“Xurşidbanu Natəvan”, İlyas Əfəndiyev), Xumar (“Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev),Südabə (“Dəlilər və ağıllılar”, İlyas Əfəndiyev),Kəniz (“Atabəylər”, Nəriman Həsənzadə),Qadın (“Sizi deyib gəlmişəm…”, Anar),Nübar (“Məhəbbət yaşadır”, Nahid Hacızadə),Rəna və Qaraçı (“İblis”, Hüseyn Cavid), Kama (“Kərgədan buynuzu”, Maqsud İbrahimbəyov),Çiçək (“Torpağa sancılan qılınc”, Nəbi Xəzri), Nastya (“Həyatın dibində”, Maksim Qorki), Kleopatra (“Kölgələrin oyunu”, Y. Edlis), Nisə xanım və Şölə xanım (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə),Banu çiçək (“Özümüzü kəsən qılınc”, Bəxtiyar Vahabzadə), Züleyxa (“Ah, Paris… Paris!..”, Elçin), Xanım (“Mənim ərim dəlidir”, Elçin), Qadın (“Hərdən mənə mələk də deyirlər…”, Kamal Abdulla), Paolina (“Kəllə”, Nazim Hikmət),Marta (“Anlaşılmazlıq”, A. Kamyu ) və s..

Aktrisa Azərbaycan Dövlət Televiziyasında hazırlanmış tamaşalarda da oynayıb və s.

Vəfat etmişdir:

1930 — Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Sovet ordusunun zabiti, polkovnik, 1930-cu il Şəki üsyanının rəhbərlərindən biri Bəhram bəy Qasım bəy oğlu Nəbibəyov 46 yaşında vəfat etmişdir

Bəhram Nəbibəyov 1884-cü ildə Azərbaycanın Şəki şəhərində bəy ailəsində anadan olmuşdu. İlk təhsilini Kutaisi Realnı məktəbində alıb. Sonra Peterburq Konstantin artilleriya məktəbinin tələbəsi olmuşdu. 1904-cü il 2 sentyabrda oranı birinci dərəcəli diplomla başa vurmuşdu. Elə həmin il Qafqazdakı iyirminci artilleriya briqadasında podporuçik kimi hərbi xidmətə başlayıb.

Bəhram Nəbibəyov 1904-cü ildən Rusiya ordusunun Qafqazdakı topçu briqadasında xidmətə başlamışdır. İkinci dərəcəli “Müqəddəs Anna” və “Müqəddəs Stanislav” ordenləri ilə təltif edilmişdir. 1918-ci il 27 noyabrda Azərbaycan topçu briqadasına təyinat almış, sonra isə 2-ci topçu briqadasının 3-cü batareya komandiri vəzifəsində xidmət etmişdir. Onun komandiri olduğu batareya 1920-ci il 8 apreldə Malıbəyli-Şuşakənd ətrafında gedən döyüşlərdə xüsusilə fərqlənmişdir. General Həbib bəy Səlimovun hərbi nazir Səməd bəy Mehmandarova göndərdiyi teleqramda B.Nəbibəyovun bu xidmətləri xüsusi qeyd olunmuşdu. Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski ilə yaxın dostluq əlaqələri olmuşdur. Azərbaycanı bolşeviklər işğal etdikdən – Aprel işğalından (1920) sonra bir müddət sovet ordusu sıralarında xidmət etmiş, Şuşanın və Şəkinin hərbi komissarı olmuşdur. Şəki Hərbi Komissarlığında işləyərkən – 1930-cu ildə Şəki-Zaqatala bölgəsində (Bideyiz dağı) sovet hakimiyyətinə qarşı baş vermiş xalq üsyanının rəhbərlərindən biri idi. Həmin ilin iyulunda üsyanın yatırılması üçün göndərilmiş çoxsaylı sovet hərbi qüvvələri ilə döyüşdə həlak olmuşdur.

1944 — Azərbaycanın Xalq artisti, bəstəkar, xanəndə Cabbar Qaryağdıoğlu 83 yaşında Bakıda vəfat etmişdir.

Cabbar Qaryağdıoğlu 31 mart 1861-ci ildə Şuşada “Seyidli” məhəlləsində anadan olmuşdur.

Cabbar Qaryağdıoğlunu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırırdılar. Onun oxuduğu muğam və xalq mahnıları indi də Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir. Şərqin vokal sənəti tarixində, geniş xalq kütlələri arasında Cabbar Qaryağdıoğlu ilə müqayisə edilə biləcək ikinci bir müğənni yoxdur. Onun adı dünya vokal sənətinin bir sıra görkəmli sənətkarlarının adları ilə yanaşı çəkilir.

O, major muğamları oxumaqda da mahir idi. Vokal ustalığı ilə nəinki dinləyicini heyran qoyur, eyni zamanda təsiredici ifaçılıq məharəti ilə dinləyicini fikrindən ayırır, kədərini, qəmini unutdururdu.

Xanəndənin ifaçılığı “Heyratı” muğamında da yüksək qiymətləndirilmişdir.

Onu “Şərq musiqisinin peyğəmbəri” adlandırırdılar. Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olmuşdur.

Cabbar Qaryağdıoğlu dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunmuş, öz gözəl ifası ilə onları məftun etmişdir. Klassik ədəbiyyatı gözəl bilirdi və deyirdi ki, əruzu bilməyəndən xanəndə olmaz.

Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları məhz Cabbar Qaryağdıoğlunun tələbələri olmuşlar.

Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olmuşdur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Ana və Uşaq.com – sadəcə, bir sayt deyil, cəmiyyət üçün kiçik də olsa, fayda vermək istəyən bir təşəbbüsdür.

Bağlantı