Poeziya buketi, nəğmə çələngi


“Şairin “Səndən savayı”, “Biləydin kaş”, “Bir qız bir oğlanındır”, “Qurban olum”, “Sənsiz”, “Min yaşasın”, “Axtarar səni” kimi daha neçə bir-birindən oynaq və şirin mahnıları Əlibaba Məmmədov, Arif Babayev, Teymur Musstafayev, Mais Salmanov, Zümrüd Məmmədova və Təhmiraz Şirinov kimi sənətkarların repertuarında hər zaman yer tutmuşdur”. Görən, bu mahnılarla tanınan müğənnilər xatırlayırlarmı onu?!



Rasim Kərimli 1 may 1932-ci ildə Tovuz rayonu Düz Qırıqlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1951-1956-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Şeir yazmağa hələ orta məktəbdə oxuyarkən başlamış Rasim Kərimli tələbəlik illərində artıq mətbu imza ilə tanınmağa başlamışdır. Rasim Kərimli həm də universitetin bədii özfəaliyyət dərnəyinin ən fəal üzvlərindən biri olub. Təhsilini başa vurub, bir il Ağsu rayonunda müəllim işlədikdən sonra 1957-1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dİl və Ədəbiyyat İnstitutunda elmi işçi kimi fəliyyətə başlamışdır. , Bir müddət sonra Rasim Kərimli M. F. Axundov adına Dillər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəllim təyin olunur. Həyatının sonuna qədər bu mötəbər ali məktədə çlışa-çalışa ədəbi-bədii yaradıcılığını da davam etdirmişdir. “Dostluq ilk sözümdür” (1969), Şəfqət bulağım”(1975), “Dünya mərdlər dünyasıdır”(1979), “Biləydin kaş”(1983), “İntizarda qoyma məni” ( 1991) və s. kitabların müəllifi olub. Rasim Kərimli 1996-cı il 24 iyunda vəfat edib.

Bulaq kimi

Bilən bilir könül barım
Ləzzətlidir bulaq kimi.
Söz sinədən qüvvət alır,
Bala yatan qucaq kimi.

Nə dərdimə qalanım var,
Nə yadına salanım var.
Dəhrə, balta çalanım var,
Quruyuram budaq kimi.

Dərdim hədsiz, dərmanım yox,
Məramım var, fərmanım yox.
Sabahıma gümanım yox,
Yaşayıram qonaq kimi.

Bir vəzifə tutub hərə,
Yarayan yox xeyirə-şərə.
Gözlərimiz görə-görə
Odlanırıq ocaq kimi.

Hansı bağa getsəm bara,
Bağban məni çəkir dara.
Ömür boyu sarsaqlara
Aldanmışıq uşaq kimi.

Qurban olum

Vətən sənin torpağının
Qüdrətinə qurban olum
Koroğlunun, Babəkinin,
Qeyrətinə qurban olum.

Nurlu yolu, haqqın yolu,
Bir sahilsiz çayın qolu,
Dünya dolu, tarix dolu,
Şöhrətinə qurban olum.

Dəfinə var dənizində,
Hər dağında, hər düzündə,
Nəyin yoxdur yer üzündə,
Sərvətinə qurban olum.

Aşıb-daşan illərinin,
Nəğmə qoşan dillərinin,
Nur çeşməli göllərinin,
Hikmətinə qurban olum.

Səndən savayı

Məftunu olmayıb könlüm heç kəsin,
Ay xumar baxışlım səndən savayı.
Sığındım eşqinə bir pay görmədim,
Dumandan savayı, çəndən savayı.

Qaytar eşq havası çalan günləri,
Ağlımı başımdan alan günləri.
Ömürdən saymıram qalan günləri
Oduna yandığım gündən savayı.

Hanı sədasına uçduğum o səs,
Dərdə düşməyənlər dərdimi bilməz.
Tərk etdin Rasimi, demədinmi bəs
Yoxdur bir kimsəsi məndən savayı

Verilmədi

Yetirin dərdimi naşı təbibə,
Deyin ki, dərmanım düz verilmədi.
Sərraflar əlindən düşməyən zərə
Misgər bazarında üz verilmədi.

İstəsən qəlbinə nur ələsin dağ.
Zirvəyə qartalın gözləriylə bax.
Günəşin nurunu sevməz yapalax.
Əzəldən bayquşa göz verilmədi.

Rasim, tək olanda hünər də laldı,
Yalqızın talehi gümana qaldı.
Qarğa qarıldadı, mükafat aldı.
Biçarə bülbülə söz verilmədi.

Ana
Məramın, niyyətin bulaqdan duru,
Vüqarın sarsılmaz dağlar qüruru.
Qolumun, qüvvəti, gözümün nuru,
Şərəfim, şöhrətim şanımsan, ana,
Sən məni yaşadan canımsan, ana.

Keçibdir günlərin qaralı-ağlı,
Ürəyin oğluna, qızına bağlı.
Şəfa təbiətli, layla dodaqlı,
Ziynət yaranmısan, ziynət, cahana-
Solmaz baharımsan, yazımsan, ana.

Süfrəsi qonaqlı, duzlu, çörəkli,
Müqəddəs arzulu, şirin diləkli,
Münəvvər baxışlı, təbib ürəkli,
Qayğı ümmanısan, qayğı, insana-
Dərdlərə dərmansan, dəvasan, ana.

Təzəcə dil açır, ayaq açıram,
Sən verən qanadla, qolla uçuram.
Nə həddim, əmrindən boyun qaçıram
Bütün ömrüm boyu borcluyam sana,
Qüdrətim, dayağım, dağımsan, ana.

Başımın tacısan, deyim, deməyim,
İtirsəm haqqını itsin əməyim.
Şad gündə şadlığım, darda köməyim,
Gündüzlər günəşdən payımsan, ana,
Gecələr ulduzum, ayımsan, ana.

Min fərəh duyuram hər söhbətindən,
Dünyalar dolusu məhəbbətindən.
Lütfündən, eşqindən, mərhəmətindən
Ətirlər, ənbərlər süzülür cana,
Döşündən loğmanlar süd əmib, ana.

Gah Çənlibellərdə Nigar olubsan,
Gah beli qatarlı Həcər olubsan.
Həm arvad olubsan, həm ər olubsan,
Gəribsən köksünü qara, borana,
Sənə üz verdikcə tənhalıq, ana.

Bizi boya-başa çatdırınca sən,
Bəlkə min namərdə boyun əyibsən,
Sevinc də duyubsan, qəm də yeyibsən,
Gözündə, könlündə nur yana-yana,
Ömrünü ömrümə qatıbsan, ana.

Körpə nə anlayır varı, ya yoxu,
Körpənə calanıb ömrünün çoxu,
Tək bircə gecənin yuxusuzluğu
Əvəz ola bilməz dünya malına,
Təmənna bilməyən bir sənsən, ana.

Bir bağsan, bəhrəsi insan olan bağ,
Qoynunda dağ olub hər ucalan dağ.
Dəniz də, ümman da quruyar, ancaq
Qurumaz, tükənməz eşqin balana,
Ürəyin oddanmı yaranıb, ana.

Olmur

Çağlamaq eşqiylə coşur ürəyim,
Hər yanı bənd alıb çağlamaq olmur.
Qeyrətsiz deyirlər ağlayan kəsə,
Dərd deşir sinəmi ağlamaq olmur.

Alçaqlar ucalıb, ucalar enib,
Məhəbbət məhv olub, sədaqət sönüb.
Hamı ac aslana, ac qurda dönüb,
Heç kimə etibar bağlamaq olmur.

Qanqaldan qiymətsiz olub qızılgül,
Sərçənin əlinə su tökür bülbül.
Bu dərddən od tutub alışır könül,
Haqsızı haqq ilə dağlamaq olmur.

Köpəklər qurdlarla aşnalıq qatıb,
Sürünü dəyərə-dəyməzə satıb.
Tülkülər, çaqqallar o qədər artıb,
Bir toyuq, bir cücə saxlamaq olmur.

Rasim öz piltəsi əridər şamı,
Saxlasa qabığı saxlar badamı.
Qammazlar bir kökə salır adamı,
Əllicə yaşı da haqlamaq olmur.

Nə fayda

Elinə, gününə yanmayan bir kəs
Tutaq ki, sultandı, xandı nə fayda?
Gənclikdə özünü xar eyləyənlər
Çallaşan vaxtında qandı, nə fayda?

Yeri ayrıcadır dünya üzündə,
Qəlbi xainin də, könlü düzün də.
Hamının əksi var elin gözündə,
Alçaqlar adını dandı, nə fayda?

Rasiməm dar gündə insana dayaq,
İnamın yoxdursa imtahan et, bax.
Zülmət gecələrdə yanmayan çıraq
Günəşli günlərdə yandı nə fayda

Min yaşasın

Dünya mərdlər dünyasıdır,
Ərənləri min yaşasın.
Sinəsini tufanlara
Gərənləri min yaşasın.

Nə gözəldir dağ qüruru,
Bulaq kimi gözlər duru.
İnsanlara həyat nuru
Verənləri min yaşasın.

Öz adı var el yanında,
Yaxşının da, yamanın da.
Hər bir kəsi öz donunda
Görənləri min yaşasın.

El tanınar çörəyiylə,
Torpaq gülü, çiçəyiylə.
Nəbzi xalqın ürəyiylə
Vuranları min yaşasın.

Könül gülər beşiyində,
Öz evində, eşiyində.
Həqiqətin keşiyində
Duranları min yaşasın.

Əlindən

Hər incə mətləbi anlamaz naşı,
Tez düşər, tez düşər kaman əlindən.
Könlüm zirvələrlə görüşmək istər,
Yol tapa bilmirəm duman əlindən.

Ziyarət etdirən bağı bar imiş,
Ən uca dağların başı qar imiş.
Nə yaxşı, dünyada yaxşı var imiş,
Yoxsa tərk olardıq yaman əlindən.

Rasim, bu dünyanın nurudur insan,
Kim bilməz qədrini yaratsan, yansan.
Sən elin, Vətənin haqqını dansan,
Yıxılsan tutarmı zaman əlindən?

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı