Repetitorluq və istedad təhsili: sərhəd varmı, yoxsa yox?

“Prezident İlham Əliyev istedadlı uşaqların erkən üzə çıxarılması, inkişafı və təhsili üçün dövlət qayğısını prioritet sayır. Onun sərəncamları ilə “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” qəbul edilib, xüsusi lisey sinifləri təşkil olunub və istedadlıların təhsilinə maddi-mənəvi dəstək (adlı təqaüdlər) təmin edilib.”

“Azərbaycan” qəzeti

Son günlər təhsil sahəsində verilən açıqlamalardan biri yenidən müzakirə mövzusu olub: repetitorluqla istedad yönümlü hazırlığın fərqləndirilməsi. Bildirilir ki, imtahana hazırlıq repetitorluqdur, olimpiada və istedad yönümlü hazırlıq isə fərqli kateqoriyadır.
Bu bölgü ilk baxışda məntiqli görünür. Həqiqətən də, olimpiada hazırlığı məktəb proqramının çərçivəsindən kənara çıxır, daha dərin bilik və analitik düşüncə tələb edir. Dünyanın bir çox ölkəsində də istedadlı uşaqlar üçün xüsusi hazırlıq sistemləri mövcuddur və bu proses təhsilin inkişafedici hissəsi sayılır.
Amma real vəziyyət daha mürəkkəbdir. Çünki praktikada həm imtahana, həm də olimpiadaya hazırlıq çox vaxt eyni formatda — fərdi müəllim yanında, yəni, repetitor sistemində həyata keçirilir. Eyni müəllim bəzən həm test hazırlığı, həm də olimpiada dərsləri verir. Belə olduqda sərhəd nəzəri olaraq aydın görünsə də, praktikada qarışır.
Digər mühüm məqam isə odur ki, istedad təhsili tamamilə dövlət sistemindən kənar saxlanıla bilməz. Əksinə, istedadlı uşaqların erkən aşkarlanması, yönləndirilməsi və inkişafı əsasən dövlət təhsil sisteminin funksiyasıdır. Olimpiada mərkəzləri, milli komandalar və xüsusi proqramlar məhz bu məqsədə xidmət edir. Cənab İlham Əliyevin istedadlı uşaqlara himayə və qayğısı da hamımıza məlum.
Bununla belə, valideynlərin seçim azadlığı, əlavə hazırlıq ehtiyacı və fərdi inkişaf istəyi də real faktordur. Bu səbəbdən repetitorluq və istedad hazırlığını tam ayırmaq nə nəzəri, nə də praktik baxımdan asan deyil.
Nəticə olaraq, məsələ “repetitorluq yaxşıdır, ya pisdir” sualından daha dərin bir problemə dayanır: təhsil sistemində əlavə hazırlığın rolu necə tənzimlənməlidir və dövlət bu prosesdə harada dayanmalıdır? Dövlətimizin də, dövlət başçımızın da “Neft kapitalını insan kapitalına çevirmək” niyyəti bu sualın cavabıdır. Biz torpaqlarımızın müqəddəsliyini, toxunulmazlığını Milli Ordumuzun müzəffr yürüşləri ilə dünyaya nümayiş etdirdik.Belə də İntellekt Ordusuna doğru davam etməliyik.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.