Qadın, ana, ailə dəyərləri

~ Qadın sevəndə hamıdan zəif, seviləndə hamıdan güclü olur.
Erix Osterfeld
15 May – Beynəlxalq Ailə Günündə düşüncələr

50-55 il əvvəl kənddə yaşayanda ayrılmış cəmi bir qadın tanıyırdım, bir də onun yerinə gələn qadını. Tanıyırdım deyəndə xatirimdə qalıb. Ayrılmağa məhkum edilmiş qadın QADIN kimi, ANA kimi onun yerinə gələn həmcinsindən o vaxt da, indi də mənim iç dünyamda daha ucada olub.
Bu bir hadisə kənddə böyük eyibə çevrilmişdi.Hər kəsi təqib edirdi, hərkəsi ailə səadətini qorumağa çağırırdı. 50-60 il əvvəl ailə — sadəcə, iki insanın cismani birliyi deyildi. Ailə bir ocağın istisi, bir uşağın sabahı, bir ananın duaları, bir atanın ümidləri idi… Cismani birlik mənəvi birliyə aparan vasitə idi.
İndi isə zaman dəyişib. İndi az qala boşanmaq dəb halına çevrilmək istəyir.Az qala evlənənlərlə pozulan nikahların sayı bir-birinə yaxınlaşır.
Kim deyibsə , 100 dəfə təşəkkür belə deyənə: “İkinci qadın heç vaxt birinci olmayacaq, amma birinci qadın hər zaman yeganə idi.” O ocağa qaınlıq, analıq şərfətini , aurasını, ikinci yox, birinci qadın gətirmişdi. Əbəs yerə demirlər k: “Kişilər ikinci qadınla gəncliklərini, birinci qadınla isə həyatlarını yaşayırlar.”
2025-ci il ərzində Azərbaycanda qeydə alınan nikah və boşanma statistikası, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan ilkin məlumatlara əsasən, 2025-ci ilin 11 ayı üçün nikahların sayı 44 996 olmuşdur. 18 832 boşanma halı baş verib. Az qala qurulan ailələrlə dağılan ailələrin sayı bərabərləşmək həddinə gəlib çatıb.
Statistikaya çevrilən bu rəqəmlərin arxasında isə səssiz ağrılar dayanır.
Ən çox da uşaqların gözlərində görünən suallar:
— “Niyə?”
— “Sevgi hara yox oldu?”
— “Bizmi günahkar olduq?”
Ailə dağılanda təkcə iki insan ayrılmır.
Bir evin işığı azalır.
Bir uşağın uşaqlığı yarım qalır.
Bir ananın saçına vaxtsız dən düşür.
Bir atanın içində səssiz peşmanlıq böyüyür.
Nənələrin, babaların ürəyi sınır…
Halbuki ailə — insanın ilk məktəbi, ilk sığınacağı, ilk duasıdır.
Uşaq ilk mərhəməti ailədə görür.
İlk sevgini ailədə duyur.
İlk dəfə “Mən tək deyiləm” hissini ailədə yaşayır.
Cəmiyyətin sağlamlığı da ailədən başlayır.
Dağılmış ailələrin çoxaldığı yerdə narahat uşaqlar, yorğun insanlar, sevgiyə inamını itirən nəsillər yetişir.
Ona görə ailəni qorumaq yalnız şəxsi məsələ deyil — bu, gələcəyi qorumaqdır.
Bəzən bir kəlmə anlayış,
bir az səbir,
bir az dinləməyi bacarmaq,
bir az bağışlamaq —
bir ailəni xilas edə bilir.
Bəlkə də ailəni bir ev yox,
bir-birinə bağlayan görünməz iplər yaşadır…
Bəzən o iplər qırılır —
inam qırılır,
səbir qırılır,
danışıq qırılır,
gülüşlər azalır…
Amma bütün iplər qırılmış kimi görünəndə belə, yenə bir ümid ipi qalır.
Bəzən bircə incə ümid sapı
dağılmaq üzrə olan ailəni yenidən həyata bağlaya bilir.
Çünki ailə —
tam qırılmayan son bağdır… Bütün iplər qırılsa belə…
Qoruyaq onu.
Bir ailəni qorumaq — bir uşağın sabahını qorumaqdır….
