Uşaqlara sərbəstlik vermək olar, nəzarətsizlik yox…

Valideyn guşəsi

Müasir dövrdə uşaqların hüquqları haqqında çox danışılır. Doğrudur, uşağın da şəxsiyyət kimi hüquqları var. Amma unutmaq olmaz ki, uşağın hüququ ilə böyüyün funksional məsuliyyəti eyni deyil. Uşaq hələ həyat təcrübəsi, təhlükəni qiymətləndirmək bacarığı və məsuliyyət hissi baxımından formalaşma mərhələsindədir.
Bu gün küçələrdə, marketlərdə, kafelərdə tez-tez məktəbyaşlı uşaqları tək görürük. Bəzən valideynlər bunu “müstəqillik” kimi qəbul edirlər. Halbuki bəzi hallarda bu, uşağın yaşına uyğun olmayan sərbəstlikdir.

Məsələn, məktəbyaşlı uşaqların marketlərdən alış-veriş etməsi adi görünür. Əlbəttə, evə çörək, süd almaq başqa məsələdir. Amma uşağın nə aldığını, kimlə ünsiyyətdə olduğunu, hansı məhsullarla qarşılaşdığını nəzarətsiz buraxmaq düzgün deyil. Xüsusilə enerji içkiləri, yaş məhdudiyyətli məhsullar, təhlükəli əşyalar uşaqlara satılmamalıdır.
Daha ciddi məsələ isə uşaqların apteklərə göndərilməsidir. Bəzən valideynlər reseptli və ya təsirli dərmanları uşağın vasitəsilə aldırırlar. Halbuki uşaq dərmanın təhlükəsini, istifadə qaydasını və mümkün risklərini anlamır. Dərman adi məhsul deyil. İctimai məkanlarda da vəziyyət düşündürücüdür. Çayxanalarda, kafelərdə, internet və oyun klublarında məktəbyaşlı uşaqlara tez-tez rast gəlinir. Uşaq uzun müddət böyüklərin olduğu mühitdə nəzarətsiz qalanda davranış sərhədləri qarışmağa başlayır. O, özünü tay-tuş kimi aparmağa çalışır, yaşına uyğun olmayan ifadə və davranışları mənimsəyir.
Game Club, PlayStation və internet klubları isə ayrıca diqqət tələb edən sahədir. Saatlarla oyun oynamaq uşağın həm psixologiyasına, həm dərs vərdişlərinə, həm də sosial davranışına təsir edir. Nəzarətsiz sərbəstlik zamanla uşağı daha ciddi risklərə yaxınlaşdıra bilər.

Valideyn uşağa həm etibar etməli, həm də görünməyən sərhədlər qoymalıdır. Uşağın təhlükəsizliyi təkcə onu qadağalarla saxlamaq deyil, onu yaşına uyğun şəkildə yönləndirməkdir.
Uşaq böyüyə-böyüyə böyüməlidir. Böyüklərin həyatına vaxtından əvvəl daxil olmaqla yox…

Leave a Reply