Dilimiz varlığımızdır

Türkün dilitək sevgili, istəkli dil olmaz, Başqa dilə qatsan, bu əsil dil əsil olmaz!!!
Məmmədhüseyn Şəhriyar

Dil sadəcə ünsiyyət vasitəsi deyil, həm də cəmiyyətin düşüncə tərzini, mədəniyyətini və tarixini əks etdirən canlı bir orqanizmdir. Son zamanlar ölkə gündəmində və parlament müstəvisində böyük müzakirələrə səbəb olan mövzulardan biri də qanunvericilikdə və gündəlik leksikonda işlənən “arvad” sözünün statusudur. Cəmiyyətdə bu fikrə münasibət heç də birmənalı deyil. Bu müzakirə əslində bizə dilin təbii inkişafı, cəmiyyətin mənəvi transformasiyası və gender bərabərliyi kontekstində leksik, etik və sosioloji yanaşmaların toqquşmasını aydın göstərir.
Dünya Dillərində Status Bölgüsü: Biz Haradayıq?
Qlobal dil mənzərəsinə nəzər salsaq, əksər dillərdə ümumi “qadın” sözü evlilik statusunu birbaşa ifadə etmir. Evli və ya subay qadın fərqi qoyulmadan ümumi terminlər işlədilir: İngilis dilində “Woman”, rus dilində “Женщина”, türk dilində isə “Kadın” sözləri neytraldır. Lakin evlilik statusunu dəqiqləşdirmək üçün hər bir dil özünəməxsus fərqləndirmə sistemi qurmuşdur:
• Türk dili: Kadın (ümumi), Kız (subay/gənc), Hanım (xitab), Eş və ya Karı (arvad – lakin “karı” sözü müasir türkçədə bəzən kobud səsləndiyi üçün “eş” daha çox üstünlük təşkil edir).
• Fransız dili: Femme (həm “qadın”, həm də kontekstdən asılı olaraq “arvad”), Fille (qız), Madame (ərli xanım), Mademoiselle (subay xanım).
• İspan dili: Mujer (qadın), Chica (gənc qız), Esposa (arvad), Señora (ərli xanım), Señorita (subay xanım).
• Ərəb dili: İmra’a (qadın), Fataat (qız), Zawja (arvad), Mutazawwija (ərli).
• Alman, İtalyan və Fars dillərində də oxşar olaraq qadın (Frau, Donna, Zan) və arvad/həyat yoldaşı (Ehefrau, Moglie, Zan) fərqi leksik cəhətdən qorunur.
Qədim dövrlərdə ingilis dilində “Miss” / “Mrs.”, fransızca “Mademoiselle” / “Madame” kimi xitablarda evlilik statusu kəskin qorunsa da, müasir dünyada bu sərhədlər getdikcə itir. Qadınlar artıq evli olub-olmamasından asılı olmayaraq neytral müraciətlərə üstünlük verirlər.
Azərbaycan Reallığı: Yaş və Status Parametrləri
Bizim dil mühitimizdə isə vəziyyət daha spesifikdir. Azərbaycan dilində “qadın” sözü evli və ya subay qadına fərq qoyulmadan deyilə bilsə də, bəzən bu neytrallıq məlumat azlığı yaradır. İnsanlar məhz bu səbəbdən “subay qadın”, “ərli qadın”, “ailəli qadın” kimi təsviri ifadələrə ehtiyac duyurlar.
Digər tərəfdən, cəmiyyətimizdə qadınların sosial statusu yaşla da birbaşa bağlıdır:
• Qız: Adətən 18-28 yaş arası gənc, subay və hələ tam “yetkin” hesab edilməyən xanımlar üçün işlədilir. Tələbə və ya gənc işçilərə çox vaxt “qız” deyilir. Bu söz həm gənclik təravətini, həm də subaylıq vəziyyətini vurğulayır. Bu gün evlilik və yetkinlik yaşı artdığı üçün “qız” kəlməsinin istifadə diapazonu da uzanıb. Bir çox qadınlar 30 yaşında belə bu sözün onlara gənclik hissi verdiyini vurğulayır.
• Qadın: Daha çox yetkinlik, həyat təcrübəsi və sosial status bildirir. Adətən 25-28 yaşdan yuxarı, xüsusilə evli və ana olan xanımlar üçün istifadə edilir. 35-40 yaşdan sonra isə demək olar ki, cəmiyyətdə hamıya “qadın” olaraq xitab edilir.
Alimlər, Siyasətçilər və Psixoloqlar Nə Deyir?
Məsələnin rəsmi və qanunvericilik müstəvisinə gəlməsi isə parlamentdə qaldırılan iddia ilə başladı. Deputat Bəhruz Məhərrəmov qeyd edir ki, qanunvericilikdə qadını hələ də “arvad” adlandırmaq müasir dövrün tələblərinə cavab vermir. Onun fikrincə, bu söz qadınların müasir statusunu yetərincə əks etdirmir və gender bərabərliyi kontekstində müəyyən problemlər yaradır. O, bu ifadənin rəsmi sənədlərdə “həyat yoldaşı” ilə əvəzlənməsini təklif edir.
Lakin dilçi alimlər qanunvericiliyə bu cür inzibati və süni müdaxilələrin əleyhinədir. Görkəmli dilçi alim, professor Fəxrəddin Veysəlli vurğulayır ki, dildə vətəndaşlıq statusu qazanan, əsrlərdir insanların məişətində və dil mədəniyyətində oturuşan sözlərə toxunmaq olmaz: “Dil hadisəsi böyük həssaslıq tələb edən məsələdir və hər kəs buna ehtiyatla yanaşmalıdır”.
Digər bir dilçi alim Şahlar Göytürk isə məsələyə etimoloji prizmadan yanaşır. O, sözün ərəb dilindəki “övrət” (örtülməsi, qorunması lazım olan yerlər) kökündən qaynaqlandığını və zamanla məişətdə neqativ çalarlar qazandığını əsas gətirərək, bu kəlmənin rəsmi sənədlərdə “həyat yoldaşı” ifadəsi ilə əvəzlənməsinin tərəfdarı kimi çıxış edir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Elşad Abışov isə fərqli bir kompromis təklif edir. Onun fikrincə, bu sözün xalq danışıq dilində işlənməsi təbii sayılsa da, ədəbi dildə və rəsmi ünsiyyətdə daha müasir və uyğun ifadələrə üstünlük verilməsi dil mədəniyyətinin inkişafı kimi qiymətləndirilməlidir. Lakin bu, “arvad” sözünün dilimizin leksikonundan və lüğət fondundan tamamilə silinməsi mənasına gəlməməlidir; o, bədii əsərlərdə və folklor mühitində öz yerini qorumalıdır.
Məsələnin mənəvi-sosial tərəfini şərh edən psixoloq Gülnar Ağayeva isə bildirir ki, gündəlik danışıqda və ya rəsmi müstəvidə qadın yerinə fərqli çalarlarla “arvad” ifadəsinin işlədilməsi bəzi hallarda qadınlarda psixoloji olaraq dəyərsizləşdirilmə və müstəqil şəxsiyyət kimi qəbul edilməmək hissi yarada bilər.
Mübahisənin İki Cəbhəsi və Ailə İnstitutu
Bu məsələdə cəmiyyət iki barışmaz tərəfə bölünüb:
1. Dəyişiklik tərəfdarları: Hesab edirlər ki, “arvad” sözü qadını müstəqil fərd kimi deyil, yalnız bir kişinin mülkiyyəti və ya ona bağlı olan varlıq kimi göstərir. Gündəlik həyatda bu söz bəzən kobud səslənir. Müasir gender hüquqları çərçivəsində rəsmi sənədlərdə “həyat yoldaşı” termininin işlənməsi daha etika və hörmətə uyğundur.
2. Mühafizəkarlar (Ənənə tərəfdarları): Hesab edirlər ki, “arvad” sözü dilimizin təbii, qədim hissəsidir və heç də aşağılayıcı deyil. Əksinə, o, ailədə xüsusi sosial status bildirir. Qadına rəsmi müraciətdə “xanım” bəs edir, lakin “arvad” sözü vulqar mühitə gətirilmədən, ailədaxili və ya hüquqi termin kimi öz leksik mövqeyini qorumalıdır. Dilə qanunla süni müdaxilə etmək absurddur.
Əslində, bu cür süni dil müzakirələrinin arxasında ailə institutunun qloballaşan dünyada zəifləməsi qorxusu dayanır. Bizim cəmiyyətimizə bəzi xarici sözlərdən, “barişnyalardan” və ya kütləvi informasiya məkanında bəzi ictimai xadimlərin (məsələn, uşaq pulu və ailədaxili münasibətləri sırf maddi müstəviyə gətirən çıxışları ilə qınaq obyektinə çevrilən deputatların) təbliğ etdiyi qondarma ailə modellərindən daha çox, Dədə Qorqud dastanlarında əksini tapan, qadını həm döyüşçü, həm ana, həm də ocağın bərabərhüquqlu sütunu kimi görən milli-əxlaqi dəyərlərə əsaslanan ailə quruluşu lazımdır.
Müəllif Baxışı: Sözün Arxasındakı İlahi Kod
Məsələyə sadəcə quru qanunvericilik və ya gender müzakirələri müstəvisindən baxsaq, dildəki ən dərin həqiqətləri qaçırmış olarıq. Bizim cəmiyyətimizə bəzi xarici sözlərdən, “barişnyalardan” və ya kütləvi informasiya məkanında bəzi ictimai xadimlərin təbliğ etdiyi qondarma ailə modellərindən daha çox, “Kitabi- Dədə Qorqud” dastanlarında əksini tapan, qadını ocağın bərabərhüquqlu sütunu kimi görən milli-əxlaqi dəyərlər lazımdır.Çünki qadın, fitrətən yaradandır. Uca Yaradan Özündən sonra bu müqəddəs statusun ən mühüm qollarından birini — yeni bir canın var olma, bəslənmə və dünyaya gəlmə missiyasını məhz qadına tapşırıb.Bu həqiqət insanın “Ata belindən ana rəhminə” etdiyi o sirli səfərdə və dilimizin etimoloji yaddaşında gizlənib. Diqqət edin, ana bətni mənasını verən “rəhm” sözü ilə Allahın sonsuz mərhəmətini ifadə edən “Rəhmən” və “Rəhim” adları eyni kökdən törəyib. İnsan övladı dünyaya gəlməzdən əvvəl məhz ana rəhminin timsalında Yaradanın mütləq qoruyucu və ruziləndirici şəfqət dənizində formalaşır. Buna görə də, qadının ailədəki və cəmiyyətdəki statusunu hansısa sözün rəsmi sənədlərdən silinməsi və ya dəyişdirilməsi ilə ucalda bilmərik. Əsl düyün sənədlərdə deyil, zehinlərdədir. Qadına dil üzərindən qiymət verərkən, onun daşıdığı bu ilahi və müqəddəs statusun fərqinə varmaq mütləqdir.
Sonda Hörmətli oxucularımız üz tuturuq : Dil dəyişdikcə cəmiyyət də dəyişir, yoxsa cəmiyyət özü mənəvi köklərinə qayıtdıqca dili də öz arxasınca ucaldır?
