“Salvador Dalinin Təzadı, Əli Kərimin Ruhu və Rəfail Həbiboğlunun “Pəncərədən Baxan Qadını …”

Ədəbiyyat və İncəsənət

Rəfail der: abdal oldum,

Mən hardayam, eşq hardadır?

Sürünəcəm sənə sarı,

Necə ki, ruhum candadır.

Rəfail Həbiboğlunu bizim tələbəlik dövrünün bütün gəncləri yaxşı tanıyır. 1959-cu ilin avqustunda Yardımlının Anzov kəndində, işıqlı bir müəllim ailəsində doğulan Rəfail, elə o illərdən ömrünü filologiyaya, sözün sehrinə bağladı. Uzun illər müəllim, redaktor və məsul katib kimi fəaliyyət göstərdi. Ötən il təqaüdə çıxsa da, onun elmi-fəlsəfi axtarışları, Şərq filosofları ilə bağlı araşdırmaları hələ də çap növbəsini gözləyir. Cəmi üç kitabı işıq üzü görsə də, o, yazdıqları ilə hər zaman yaddaşlarda qaldı.Bu gün feysbukda onun bir şeiri qarşıma çıxdı. Kitabından mənə tanış olan bu misraları bu dəfə ucadan və tamam başqa bir ovqatla oxudum:

“…Pəncərədən baxan qadın,
uzaqlara dikilən
geniş açılmış gözlər
kimi gözlər?
Hər şey oxunur apaydın
üz cizgilərindən…”

Salvador Dali təzadı və Sözün Boyası

“Pəncərədən baxan qadın” deyiləndə ağla ilk olaraq sürrealizmin dahisi Salvador Dalinin yüz il öncə çəkdiyi, Madriddəki “Museo Reina Sofía”da qorunan o məşhur yağlı boya tablosu gəlir. Lakin mənim dostum, qardaşım Rəfail o cərəyanın mənsubu deyil. Onun sözlə, səslə boyadığı qadın Dalinin sürreal dünyasından çox uzaqdır. O qadın tamamilə bizə doğmadır. Əli Kərim Ruhunun Həmahəngliyi Rəfailin təsvir etdiyi qadın obrazı, unudulmaz şairimiz Əli Kərimin “O qız kimə qismətdir?” şeirindəki o dərin xəyallı el gözəli ilə eyni mənəvi havanı tənəffüs edir. Əli Kərim yazırdı:

“…Amma sifətini
Dərin fikirlər,
xoş duyğular
Elə mükəməl
Elə gözəl
işləyib ki…
Deyərsən, bu iş rəssamındır;
Ən odlu bir ilhamındır… ”

Rəfailin şeirindəki qadının da üz cizgilərindən hər şey apaydın oxunur. Onun da baxışlarında Əli Kərimin dediyi o “kamillik ahəngi”, o “dərinlik” var. Dibçəkdəki çiçəklərin belə heyranlıqla baxdığı, pəncərə sədəfinin sızım-sızım sızıldadığı bu obraz, sadəcə vizual bir gözəllik deyil. O, daxili dünyası zəngin olan, dərin xəyallara dalan canlı bir varlıqdır.

Bizim Qadın, Bizim Arzu

Hər iki böyük qələm adamının — həm Əli Kərimin, həm də Rəfail Həbiboğlunun yaratdığı bu qadın obrazı hər bir azərbaycanlı ailəsində arzulanan, hörmət bəslənən qadındır. Şairin dediyi kimi, bu şeir masa arxasında məcburi yazılmayıb. Bu şeir saf bir baxışdan, təmiz bir duyğudan doğulub:

“…Bu şeir
mən sənə baxanda doğuldu,
Bu şeir
bir ovuc noğuldu,
vərəqin üstünə dağıldı…”.

Əlinə, qəlbinə sağlıq, əziz dostum Rəfail! İllər keçsə də, səsinin və sözünün bu qədər təravətli qalması sənin sənətə olan sadiqliyinin ən böyük sübutudur.

Yaradıcılıq yolun hər zaman işıqlı olsun!

Leave a Reply