Tarixdə bu gün
İlin 203-cü (uzun illərdə 204-cü) günü.

Doğum günləri:

1913 — Azərbaycan Elmlər Akademiyasının sabiq müxbir üzvü, Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Məcid Əhəd oğlu Mərdanov Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuşdur. 1939-cu ildə Sovet ordusu sıralarına çağırılmış, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Leninqrad, Kareliya və Estoniya ətrafında gedən döyüşlərdə ağır xəsarət almışdır. Hərbi xəstaxanada müalicə olunduqdan sonra II dərəcəli əlil kimi ordudan təxris olunmuşdur. Həmin illərdə Böyük Vətən müharibəsində göstərdiyi mərdliyinə görə “Böyük Vətən müharibəsinin II dərəcəli ordeni” və “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olunmuşdur. O, 1946-1948-ci illər ərzində Saratov şəhərində yaşamışdır. 1948-ci ildə Saratovdan Bakıya qayıdaraq V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutuna (AzETNEİ) mühəndis vəzifəsinə qəbul olunmuşdur. 1949-cu ildən Xüsusi yanacaqlar və aşqarlar laboratoriyasının baş mühəndisi, 1952-ci ildən ömrünün sonuna kimi həmin laboratoriyanın rəhbəri vəzifəsində çalışmışdır. 1953-cü ildə “Benzolun olifenlərlə alkilləşməsi nəticəsində alınan polialkil benzolların katalitik çevrilməsi” mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir. 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının yeni təşkil edilmiş Neft-Kimya prosesləri institutunda elmi işlər üzrə direktorun birinci müavini işləmişdir. Elmi tədqiqatlarının əsas istiqaməti, neftlərin təşkilinin tədqiqi və onların əsasında yeni növ reaktiv yanacaqların istehsal texnologiyasının işlənməsi olmuşdur. 1959-cu ildə onun rəhbərliyi ilə keçmiş SSRİ-də ilk termostabil “T-5” markalı reaktiv yanacağının Azərbaycan neftlərindən istehsal texnologiyası sənayəsində tətbiq olunmuşdur. Bu sahədə apardığı tədqiqatlar digər region neftlərindən termostabil yanacaqların alınması istiqamətində aparılan tədqiqatların əsasını qoydu. Rəhbərliyi ilə səs sürətindən iti sürətli təyyarələr üçün “T-6” markalı yüksək termostabil yanacağın alınma texnologiyası yaradılmış və Başqırdıstanın Salavt Neft-Kimya Kombinatında istehsal olunub, sənayə-təcrübi nümunəsi ixtisaslaşdırılmış üsullarla sınaqdan müvəfəqiyyətlə keçmiş və aviasiyada istifadəsinə vəsadət verilmişdir. Onun rəhbərliyi ilə keçmiş SSRİ-də ilk dəfə olaraq piroliz prosesinin mayə məhsullarından yükək təmizlik dərəcəsinə malik tsiklopentadienin ayrılma texnologiyası işlənib, yarım sənayə qurğusunda tətbiqini tapmışdır. Bu qurğu Rusiya Federasiyasının Novokuybışev şəhərində Neft-Kimya Layihə İnstitutu tərəfindən layihələndirilmişdir. Bu prosesin işlənib hazırlanmasına görə M.Ə.Mərdanov “SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri” sərgisinin gümüş medalı ilə təltif olunmuşdur. M.Ə.Mərdanov əməkdaşları ilə mühərrik yanacaqlarının keyfiyyətini artıran aşqarların və korroziya inhibitorlarının yaradılması və tətbiqi sahəsində geniş tədqiqatlar aparmışdır. Karbamid və ortofosfat turşusu əsasında yaradılmış çoxfunksiyalı korroziya inhibitoru VFİRS-82 MDB ölkələrində geniş tətbiq tapmışdır. Professor M.Ə.Mərdanov yanacaqlar sahəsində kadrlar hazırlanmasında böyük diqqət yetirirdi. Onun bilavasitə rəhbərliyi altında 3 elmlər doktoru, 20 elmlər namizədi yetişdirilmişdir. M. Ə. Mərdanovun apardığı elmi tədqiqatların nəticələri 216-dan artıq elmi məqalədə və 75-dən çox müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Məcid Əhəd oğlu Mərdanov uzun illər sürən ağır xəstəlikdən sonra 1982-ci il sentyabrın 27-də vəfat etmişdir.

1941 — Tanınmış aktyor və teatr xadimi Yusif Mehdi oğlu Muxtarov anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1964-cü ildən Azərbaycan Dövlət Radio və Televiziya şirkətində diktor vəzifəsi ilə başlayıb. 1994-cü ilə kimi orada diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 1992-ci ildən 2010-cu ilədək Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olmuşdur. Yusif Mehdi oğlu Muxtarov bir çox filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar yaradıb. Azərbaycan radiosunun qızıl fondunda Yusif Muxtarovun səsində 350-dən artıq bədii verilişlər saxlanılmaqdadır. Azərbaycan dilində tərcümə filmlərin səslənməsində onun səsi ilə mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılıb qorunur. Yusif Mehdi oğlu Muxtarov 26 aprel 2010-cu ildə vəfat etmişdir.

1959 — Aramızdan vaxtsız getmiş istedadlı şair, jurnalist Akif Səməd (Akif Səməd oğlu Məmmədov) Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışdır (1976-1982). 2004-cü il iyulun 6-da Bakıda vəfat etmiş, doğma Aslanbəyli kəndində torpağa tapşırılmışdır. “Gənc müəllim” qəzeti və “Mərhəmət” jurnalı redaksiyalarında işləmiş, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çalışmışdır. Bədii yaradıcılıqla tələbəlik illərindən məşğul olmuşdur. Şeirləri dövri mətbuatda dərc edilmişdi. “Qiblə yelləri” (1992), “Uzaqlardan gəlirik” (1994), “Adəmdən” (1995), “Özümə yol” (1996) kitabları nəşr olunmuşdur.
Vəfat etmişdir:

1993 — Azərbaycanın Milli Qəhrəmanı Nadir Alış oğlu Əliyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Nadir Əliyev 1962-ci iyul ayının 30-da Ağdam rayonunun Əliağalı kəndində doğulmuşdur. 1977-1981-ci illərdə Bakı Politexnik Texnikumunda təhsil almışdır. 1991-ci ildə DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbini, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1991-ci ildən Mili Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olan N.Əliyev 1991-ci ilin sentyabr ayından dekabr ayınadək Azərbaycan DTK-nın (1991-ci ilin noyabr ayından MTN-nin) Mardakert (Ağdərə) rayon bölməsində, 1992-ci ildən isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə Rayon Bölməsində baş əməliyyat müvəkkili işləmişdir. 1993-cü ilin yanvar ayında MTN-nin Ağdam Rayon Şöbəsinə baş əməliyyat müvəkkili təyin olunmuşdur. Ağdərə uğrunda döyüşlərin qızğın dövründə cəbhə bölgəsinə ezam edilməsi üçün könüllü surətdə rəhbərliyə raportla müraciət etmiş, MTN-nin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə rəşadət göstərmiş, Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə düşmənə əsir düşməmək üçün sonadək müqavimət göstərmiş və qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı Fərmanı ilə Nadir Alış oğlu Əliyev ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.Bakı şəhərinin Şəhidlər dəfn edilmişdir.Suraxanı rayonundakı 282 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

2017 — Pedaqoji elmlər namizədi Yusif Yusubəli oğlu Aslanov 59 yaşında vəfat etmişdir. Yusif Aslanov 1958-ci ildə Zəngəzur mahalının Qafan bölgəsinin Daşbaşı kəndində anadan olmuşdur. 1978-ci ildə ADPU-nun (keçmiş V.İ.Lenin adına APİ) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Qafan bölgəsinin Gığı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamışdır. 1987-ci ildə təhsil aldığı institutun aspiranturasını bitirmiş və həmin ildə “Azərbaycan ümumtəhsil məktəblərində dramatik əsərlərin öyrədilməsi sistemi” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan Müəllimlər İnstitutunda, Bakı Yerli Sənaye Texnoloji texnikumunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2004-cü ildən vəfatına qədər Sumqayıt Dövlət Universitetində əvvəlcə müəllim, daha sonra Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri işləmişdir. Universitetin “Elmi xəbərlər” (humanitar və sosial elmlər bölməsi) jurnalının məsul katibi olmuşdur. 12 kitabın, 70-dən artıq elmi-metodik məqalənin, Təhsil Nazirliyinin qrif verdiyi 11 adda fənn proqramının müəllifidir.
Tarixi günlər və bayramlar:

22 iyul Milli Mətbuat Günüdür.
Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. O, “Əkinçi” qəzetinin naşiridir. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi” qəzeti 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş və qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı. Buna baxmayaraq, Azərbaycan ictimai fikir tarixində qəzetçilik ənənələri davam etdirildi. “Əkinçi” “Şərqi-Rus” qəzeti (1903-1904), “Həyat” qəzeti (1905-1906), “Açıq söz” qəzeti (1905-1906), “Füyuzat” jurnalı (1906-1907),”Molla Nəsrəddin” jurnalı (1906-1931), “İrşad” qəzeti (1906-1908), “Tərəqqi” qəzeti (1908-1909), “Səda” qəzeti (1909-1910),”Arı” jurnalı (1910) və “Rəhbər” məcmuəsi (1906-1907) kimi mətbu nəşrlərin meydana gəlməsi üçün platforma oldu. Artıq Azərbaycanda yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.