“Supermen” qəhrəmanlar, zəiflədilmiş polislər və təbii kinonun həsrəti

Ədəbiyyat və İncəsənət

Bir izləyicinin kino qeydləri

Zaman dəyişdi, ideologiyalar tarix səhnəsindən silindi, lakin indi artıq tarixin arxivinə göndərilmiş, “çıxdaş edilmiş” Leninin vaxtilə dediyi məşhur bir kəlam bu gün də öz böyük həqiqətini qoruyub saxlayır: “Bütün incəsənətlərdən bizim üçün ən əhəmiyyətlisi kinodur”. Kino həqiqətən də kütlələrin şüuruna, daxili dünyasına və düşüncəsinə birbaşa təsir edən ən qüdrətli qüvvədir. Təəssüf ki, müasir kino sənayesi bu böyük gücdən insanları düşündürmək, onlara nəcib, dərin mənəvi dəyərlər aşılamaq üçün istifadə etmir. Müasir layihələri, ciddi mövzuya malik filmləri belə, ucuz reytinq xatirinə zorla bəsit melodramaya, reallıqdan uzaq süni eşq macəralarına döndərirlər.
Bu acınacaqlı mənzərə bizim yerli özəl kanallarda yayımlanan seriallarda, səviyyəsiz “komedixanalarda” və bitib-tükənməyən “qayınana” şoularında özünü daha qabarıq göstərir. Bu cür bəsit verilişlər və dırnaqarası seriallar faktiki olaraq əsl sənətin üstündən qalın bir xətt çəkib. Keçmişin təsirli bir hekayəsini xatırlamaq yerinə düşər: Vağzalda yükçü adıyla sərnişinlərin çamadanını oğurlayan bir oğru növbəti dəfə bir qadının çamadanını qaçırır. Təcili gizlənib çamadanı açanda orada sadəcə qadın paltarları və bir də kitab görür: Nikolay Ostrovskinin “Polad necə bərkidi” romanı. Oğru o kitabı oxuyur və mənəviyyatı elə dəyişir ki, oğurluğun daşını birdəfəlik atır. Bir kitab insanın həyatını və mənəviyyatını xilas edə biləcək qədər güclüdürsə, kinonun gücü nələrə qadir olmalıdır? Lakin indiki filmlərin, serialların çoxuna baxanda görürük ki, onlar insanı mənən ucaltmaq əvəzinə, izləyicini sadəcə bəsirətsiz bir macəra dünyasına, ucuz hisslərin içinə itələyir.
Son zamanlar fərqli ölkələrin istehsalı olan, lakin eyni ssenari şablonuna xidmət edən bir neçə ekran işini – Rusiyanın “Lesnik” (Meşəbəyi) və”Paseçnik” (Arıçı) seriallarını filmlərini izləyərkən müasir kinematoqrafiyanın bu ciddi problemi barədə yenidən düşünməli oldum. Bu, ekrandakı hadisələrin və personajların təbiilikdən uzaqlaşması, süni şəkildə “düzüb-qoşulması” problemidir.


Sözügedən bu ekran işlərinin əsas məntiqi demək olar ki, eynidir: dövlət sisteminin öhdəsindən gələ bilmədiyi, hüquq-mühafizə orqanlarının çarəsiz qaldığı yerdə xalqın içindən çıxan, keçmişi hərbi və ya xüsusi xidmət orqanları ilə bağlı olan tənha bir cəngavər ortaya çıxır və ədaləti təkbaşına bərpa edir. Əslində, macəra janrı üçün bu dinamika başadüşüləndir. Lakin rejissorların baş qəhrəmanı həddindən artıq parlatmaq üçün istifadə etdikləri ucuz üsullar filmin bütün inandırıcılığını dərhal heçə endirir.


Məsələn, “Lesnik” serialında real həyatda tamamilə fərqli və məhdud funksiyaları olan sadə bir meşəbəyini hər kəsin qorxduğu məğlubedilməz bir qəhrəman kimi göstərmək üçün prokurorluq müstəntiqi olan qadını addım-addım təhlükəyə atırlar ki, qəhrəmanımız gəlib onu xilas etsin. Eyni zamanda rəsmi polisləri, sahə müvəkkillərini isə qeyri-peşəkar vəziyyətə salırlar. “Paseçnik” serialında isə dazbaş, yaltaq və məsuliyyətdən qaçan rayon polis idarəsində İstintaq şöbə rəisi obrazı mayor Taras Sergeyeviç Borisenkodur (bu rolu aktyor Sergey Frolov oynayır).Borisenko və onun tabeliyindəkilər sanki qəsdən Hind filmlərindəki kimi çarəsiz, hadisələrin arxasınca sürünən və yalnız süjetə yüngül yumor qatmaq üçün nəzərdə tutulmuş bəsit fiqurlar olaraq təqdim edilir. Fikrimcə, belə şəxslərin polis sıralarında olmasındansa, olmaması yaxşıdır. Polis zagirən də polisə oxşamalıdır. Filmdə yer almış ciddi bir detektivi zorla komik rola çəkmək və ya komik bir xarakteri ssenari xatirinə rəis kreslosuna oturtmaq həm aktyorun istedadını heç edir, həm də filmin ciddi ab-havasını öldürür. Tamaşaçı rütbəsinin ağırlığını daşıya bilməyən bir rəis görəndə, artıq qarşı tərəfdəki cinayətin ciddiliyinə də inana bilmir.


Klassik kinomuzdan bir paralel aparsaq, dahi sənətkarımız Məlik Dadaşov böyük bir sənət dühası idi. Lakin o, öz xarakterik cizgiləri ilə daha çox mənfi obrazların mahir ifaçısı kimi yadda qaldı. İndi təsəvvür edin ki, ssenari xatirinə ona zorla **”Axırıncı aşırım”**dakı müdrik Rüstəm kişi (hansı ki, rəhmətlik Adil İsgəndərov o rolu şah əsərə çevirdi) və ya “Bəxtiyar” rolu verilmiş olsaydı, şübhəsiz ki, heç alınmazdı. Çünki hər bir aktyorun daxili enerjisinin, xarizmasının təbii şəkildə oturduğu bir ampluası var. Müasir filmlərdə isə bu qanunauyğunluq darmadağın edilir.
Bizim milli kinomuzun qızıl fonduna daxil olan “Yeddi oğul istərəm…” və “Böyük dayaq” kimi şah əsərlərə diqqət yetirsək, təbiiliyin və düzgün xarakter bölgüsünün (kastingin) nə dərəcədə önəmli olduğunu görərik. “Yeddi oğul istərəm…” filmində yeddi komsomolçunun hər birinin özünəməxsus ciddi xarakteri, çəkisi var idi və onların qarşısındakı Gəray bəy obrazı bəsit, gülünc bir düşmən deyil, sarsılmaz bir qüvvə kimi təqdim olunurdu. Düşmən güclü və ciddi olanda, qəhrəmanların onunla mübarizəsi də dəyərli və inandırıcı olur. Eynilə “Böyük dayaq” filmindəki Rüstəm kişi, Salman, Kələntər və Lal Hüseyn kimi obrazlar öz yerində, öz ictimai və insani çəkisində idilər. Orada heç bir xarakter digərini parlatmaq üçün süni şəkildə aciz və ya ciddiyyətdən uzaq formaya salınmırdı.


Müasir ekran işlərində isə bir başqa eybəcərlik də var. “Mentovskie voynı” kimi seriallarda Roman Şilov obrazı öz roluna və rütbəsinə tam uyğun olsa da, ssenaristlər hər mövsümdə yeni bir sevgi dramı qururlar. Bir balaca rütbəsi olanlar o qədər rahat və bitib-tükənməyən sevgi macəraları yaşayırlar ki, sanki daxili işlər orqanlarında işləmək, o formanı daşımaq cinayətkarlıqla mübarizədən çox, belə şəxsi fürsətlər və melodramatik macəralar üçün bir tramplindir. Real həyatda gecə-gündüz gərgin iş rejimində işləyən, hadisə yerinə qaçan real polis və ya müstəntiqin belə yüngül macəralara nə vaxtı, nə də fiziki enerjisi qalar.
Nəticədə, indiki filmlər insan ruhuna toxunan, tamaşaçıda nəcib, saf və fədakar hisslər oyadan hekayələr çəkməkdən qaçırlar. Bunun əvəzinə, ucuz reytinq və şou xatirinə ekranda aqressiya və yaxşı hisslərdən daha çox vulqar hisslər ön plana çıxarılır, sənətin daxili təbiiliyini qurban verirlər. Kino həyatın güzgüsü olmalıdır, lakin hər şeyi əvvəlcədən təxmin edilə bilən bəsit və təbii olmayan bir nağıla çevirəndə tamaşaçı o güzgüdə həqiqəti tapa bilmir. Kinomuzun birtərəfli melodram şablonlara və süni “supermenlərə” deyil, öz yerini, çəkisini bilən ciddi xarakterlərə və təbii hekayələrə ehtiyacı var.

Bir cavab yazın