
1797-ci ildə Qacar şah öldürüldükdən sonra taxta Fətəli şah çıxır. O, hər iki tərəfin xatirçəm olması üçün İbrahim xandan qızı Ağabəyimi istəyir. İbrahim xan bu təklifi qəbul edir və 1801-ci ildə Ağabəyimi İran hökmdarı Fətəli xana ərə verir. Ağabəyim ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur.

Ağabəyim ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunması kimi məsələlərdə həmişə xeyirxahlıq göstərmişdir. Bir mənbənin yazdığı kimi, O, İrəvan xanı “Sarı Aslan” ləqəbli Həsən xanı rus əsirliyindən qurtarmaqda da köməkçi olmuş, onu əsirlikdən qurtarmışdı.
Mənbələr göstərir ki, Ağabəyim Ağa atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi və sonradan fransız dilini öyrənərək, avropalılarla sərbəst danışmış, dövrün bir sıra şəxsiyyətləri ilə məktublaşmışdır. 1811-ci ildə o, Fransa imperatorunun arvadı ilə görüşmüş, onun vasitəsilə Napoleon Bonaparta məktub göndərmişdi.
Rusiya–İran münasibətlərinin barışıqla nəticələnməsi işində də Ağabəyim ağanın rolu az olmamışdır. Rus çariçası Ağabəyim ağaya göndərdiyi məktubunda yazırdı: “Ey Bəyim, Siz öz müdrikliyinizlə mərhəmətli şahın ikinci Zöhrəsi, tale ulduzu olmuşsunuz”.
Ağabəyim ağa öz vətənindən, doğmalarından uzaq düşsə də, Qarabağı ürəkdən sevən, daim öz torpağının həsrəti ilə yaşayan bir Vətən həsrətlisi olmuşdur. Digər Ağabəyim ağa 1832-ci ildə Tehranda vəfat edib və Darül-İman adlanan Qum şəhərində dəfn olunub.
Ağabəyim ağa da qənirsiz gözəl imiş və Fətəli şahın çox xoşuna gəlmiş, onui özünə baş hərəm seçmişdi. Fətəli şahın hərəmxanasında yüzlərlə gözəl qadın olduğu halda, Ağabəyim ağaya xüsusi münasibət göstərməsi həm də onun çox ağıllı və dəyanətli olması ilə bağlı idi.
Deyilənə görə, gözəl xanımlar Fətəli şahın hərəmxanasına daxil olanda ilk olaraq çox bahalı və zərif paltarlar olan otağa girməli, bu paltarlardan ürəkləri istəyən ən bahalısını seçməli və şahın hüzüruna bu paltarda getməli imiş. Ağa bəyim ağa bilirmiş ki, şahın anasının paltarları da bu paltarlar arasındadır və o özü qəsdən bu paltarı seçib geymişdi. Fətəli şah Ağa bəyim ağanı anasının paltarında görəndə özünü itirmiş, əhvalı dəyişmiş, heç vaxt ona əl vurmamışdır…
Bir rəvayətdə də deyilir ki, Fətəli şahla ilk dəfə görüşən hər kim qəbul edilmiş ənənəyə uyğun olaraq onun əlini öpməli və baş əyməli idi. Amma Ağabəyim ağa bunu etməmişdi.
Bu da şaha çox pis təsir etmiş, hətta onu daha qəzəbləndirmişdir. Səbəbini soruşduqda isə Ağabəyim ağa qürurla cavab vermişdir:
– Mən özüm də şah qızıyam!
Bir gün Fətəli şah Ağabəyim ağadan soruşur ki, mən səni bu qədər sevirəmsə, sən məni nə qədər sevirsən? Ağabəyim ağa cavab verir ki, bir ürəkdə iki məhəbbət ola bilməz.
Cavab şahın şəstinə toxunur və deyir ki, mənim ürəyimdə 500 qadın yaşayır. Ağabəyim ağa onsuz da şahı sevmirdi və istehza ilə onun cavabını qaytarır:
– Sürü yatağı ilə məhəbbət məkanının çox fərqi var.
Fətəli şah da hərdən şeirə oxşayan nəsə yazırmış və Ağabəyim ağaya oxuyurmuş. Bir dəfə o yenə yazdığı bu “şeir”lərdən birini ona oxuyur. Amma şeir Ağabəyimin xoşuna gəlmir. Şah bərk qəzəblənir : “Mən hökmdaram, şaham. Sənin nə haqqın var, mənim yazdıqlarıma dodaq büzürsən ”. Ağabəyim ağa bu dəfə də özünü itirmədən şəstlə cavab verir ki, şah olmağına şahsan, unutmayın ki, şahlıq şairlik deyil, əksinə, şairlik şahlıqdır.
Ağabəyim ağa şah zövcəsi olsa da, hərəmxana həyatı, saray həmişə onu sıxmışdır. Onun dilindən deyilən bu bayatı da Ağabəyim ağanın qürbətdə çəkdiyi “Qarabağ” niskilini çöx təsirli ifadə ediri:
Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!
Şaha xəbər verirlər ki, Tehranda oturub Qarabağı vəsf edir. Şah qəzəblənib Ağabəyim ağanı hüzuruna çağırır və bunun səbəbini soruşur. Onda Ağabəyim ağa da deyir ki, sizə yanlış məlumat veriblər. Mən belə oxumuşam:
Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə döndü,
Yaddan çıxdı Qarabağ!
Qələm də, bayatı da, göz yaşları da vətən həsrətini ovuda bilmir. Deyirlər ki, Ağabəyim ağanın könlünü açmaq, şənləndirmək üçün onu sevindirmək üçün Tehranda möhtəşəm bir bağ saldırır.
Şah bu bağda Qarabağda, Şuşada bitən bütün gül-çiçələr, meyvə ağaclarını əkdirir ki, Ağabəyim ağa Vətən həsrəti çəkməsin. Hətta deyirlər ki, bu bağçaya qulluq göstərənlər də Şuşadan gətirilibmiş. Bu gülüstanın da adını guya “Vətən bağı” qoyublarmış. Ağabəyim ağa bu bağa gəzməyəndə çıxanda həmişə çox qəmlənir:
Vətən bağı” al-əlvandır,
Yox üstündə Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bulbul,
– deyərək, üzüntüsünü ifadə edirmiş.
