Ailə elə bir ismət evidir ki, onun qapıları bağlı gərəkdir ( I yazı )

Qadın, ana, ailə dəyərləri

Arvadın isməti, ərin izzəti.

Atalar sözü

Bu yaxınlarda  bir çox kütləvi informasiya vasitələrində psixoloq Samirə Bağırovanın “Azərbaycanda vəzifəli şəxslərin arvadları da sevgili saxlayır” sərlövhəli bir yazısı dərc olunmuşdu ( Bax: “Azərbaycanda vəzifəli şəxslərin arvadları da sevgili saxlayır”-Qalmaqallı açıqlama”).

Aytən Ələkbərova adlı digər bir psixoloq “Vəzifəli bir şəxs zəng vurdu ki, görəsən mənim arvadımın da sevgilisi var?” yazısı ilə həmkarının fikirlərinə fərqli münasibət bildirərək, gənc psixoloqların belə mövzulara həssas yanaşmalı olduqlarını tövsiyə etdi. Biz də ” Ana və Uşaq ” saytı olaraq psixoloq xanımın yazısına münasibət bildirməyi qərara aldıq. Eləcə də xazlqımızın əxlaqi dəyərləri, həmçinin ailə münasibətləri haqqında da deməyə hər zaman sözümüz var. Çünki bizim saytımızın başlıca vəzifəsi ailə, qadın, ana və uşaqlarla bağlı əhəmiyyətli olanları cəmiyyətə çatdırmaq, insanları müzakirələrə cəlb etməklə onları maarifləndirməkdir.

Ailə insan cəmiyyətinin davam etməsi üçün vacib olan yeganə  mənbədir.  Ailə həm də əxlaqi-mənəvi dəyərləri doğuran, inkişaf etdirən, ona daha ictimai məzmun gətirən bir könüllülük ittifaqıdır. Bir xalq olaraq, şəcərə olaraq davam etməyimiz üçün ailə ittifaqının saflığı, uzunömürlülüyü həm dövlətin, həm də hər kəsin ən birinci qayğısıdır. Təəssüflər olsun ki, son onilliklər Azərbaycan ailəsinin davamlılığı narahatlıq doğurmaqdadır. İldən-ilə pozulan nikahların sayı artır. Nikahdankənar doğum halları da narahatçılıq doğurur. 2021-ci ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 46 100 nikah və 14 316 boşanma halı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən  mətbuata  verdiyi  məlumata görə, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Bunlar hələ statistikaya məlum olanlardır.  Psixoloqun yazısında qeyd edildiyi kimi, nikahlarını pozmasalar da, hərə özünə yaşayan ailələri, eləcə də yoldaşlarını Vətəndə qoyub xarici ölkələr səpələnmiş həmvətənlərimizi də bura əlavə etsək, Azərbaycan ailəsinin necə mənfi təsirlərə məruz qaldığı danılmaz olacaqdır.

Niyə boşanma halları artan xətt üzrə gedir, niyə bu boşanmalar gənc evliliklər üçün daha xarakterikdir?

Çoxlu səbəblər göstərmək olar. Məsələn, psixoloq Samirə Bağırovaya görə, boşanmalara səbəb xəyanətlər, xəyanətlərə səbəb isə evləndikdən sonra kişi və qadın arasında olan münasibətlərin tam açıq olmamasıdır.

Adıçəkilən yazıdan sitat: “Xəyanətə aparan yolun ən başlıca səbəbi cütlüklərin bir-birlərinə qarşı olan pərdəli davranışlarıdır. Hansı ki, evlilikdən sonra ər-arvad bir-birlərinə cinsi həyatları haqqında açıq etiraf edə bilmirlər, istəklərini boğurlar. Bu da onların arasında müəyyən problemlər yaradır və son yol xəyanət olur. Bundan başqa səbəblər kiçik nüanslardır”.

…”Ərim xəyanət edir və ya mən ərimə xəyanət edirəm”.

Təkrar da olsa,   yazının sərlövhəsində və mətndə işlədilmiş “sevgili” sözü haqqında  bir daha fikir bildirmək istəyirəm. Ümumiyyətlə, son illər kütləvi informasiya vasitələrində “sevgili”, “eşq”, “sevişmək ” sözləri az qala özünə əməlli-başlı leksik mühit qazansın. Olsun ki, “sevgili” sözünün alüdəçiləri rus dilindəki “любовник”, “любовница” sözlərinin nüvəsində dayanan “sevgili”sözünə əminliklə bu sözü işlədirlər. Bizim klassik ədəbiyyatımızda “sevgili” sözü var, həm də saysız-hesabsız şəkildə işlənməsinə baxmayaraq, özündə ancaq  dəruni məhəbbət hisslərini ehtiva edib.

Rus dilində  həqiqi mənada sevib  ailə qurduğu  xanımlara, uşaqlarının anasına da “любовница” deyirlər, nikahdankənar yaşadıqları qadınlara da. Burada incə bir məqam var: “любовница” sözünün etimolojisində zərif məxluqlara bir nəvaziş, rəğbət, meyillilik hiss olunmaqdadır. Amma zaman keçdikcə bəzi kişilər də, qadınlar da bu hissi nikahdankənar münasibət qurduqları şəxslərə də aid etdilər. Artıq bu, dəruni eşq deyil, poliamoriyadır (“Polyamory” (ingiliscə “polyamory”, qədim yunan dilindən “numerousολύς” sözlərdən yaranıb “çoxsaylı” + latınca amor “sevgi” deməkdir) koordinasiyalı qeyri-monoqamiya formalarından biridir, bir insana bir neçə nəfərlə sevgi münasibətləri qurmağa imkan verən yöndəmsuz bir eşqə yöndəmsiz bir etik baxışlar sistemidir).

İnternet resurslarında məşhurların sevgililəri haqqında çox yazılıb və yazılmaqdadır. Məşhur idmançıdır, sənət adamıdır, bunlara  nə istəsələr,  nəyi necə  istəsələr, olar. Hətta,  nənəsi yaşında qocalarla “sevgili” ola bilərlər, nəvəsi yaşında qızlarla evlənə  bilərlər və yaxud xoşuna gələn, gözü tutan biri oldumu, mütləq “sevgili”yə çevirə bilərlər. Onda gəl sən mətbuatda, televiziyada əxlaq mövzusu önərlə, səmərəsi olacaqmı?

Mən internetdə Ronaldonun sevgililəri haqqında bir yazıya rast gəlmişdim ( Bax: https://www.goal.com/tr/galeriler/cristiano-ronaldonun-tuem-kiz-arkadaslari/14/1lc4046btsydyzr01r7kjuwrw)

27 model, aktrisa( irina Şeyk, Gemma Atkinson, Bipaşa Basu, Kim Kardaşyan, İmogen Tomas, Letisia Filippi, Marina Rodriges, Rafaella Fiko, Lusiana Abreu, Qabriela Endringer, İzabel Fiqueir,Mariya Şarapova, Diana Çaves, Daniel Aquir, Luana Belletti, Nereida Qallardo, Karina Ferro, Karina Baççi,Paris Hilton, Nuria Bermudes, Niki Qazian və s )

Bunlar Ronaldonun özünün də bəyəndikləridir, hələ Ronaldonun “sevgilisi” olmağı xəyal edən, amma bu, onlara nəsib olmayanlar da yüzlərcədir.

Türk seriallarının məşhurları var, əksəriyyəti tərəf müqabili olduğu aktrisa və yaxud əksinə, aktyorlarla “sevgi” yaşayır (https://www.medyafaresi.com/foto-galeri/dizilerde-rol-arkadaslariyla-ask-yasamayi-gelenek-haline-getiren-12-unlu/779187).

Görürsünüzmü hansı dövrə gəlib çıxmışıq? Sonrakı faciələrdən Allah saxlasın

Nə xəyanət edən kişinin saxladığ qadına , nə də qadının saxladığı kişiyə “sevgili” demək olmaz. Pozulan nikahlarda, ailə institunda getdikcə müşahidə edilən mənəvi aşınma da elə buradan başlandı ki, insanlara yaşamaq, mübarizə əzmi bəxş edən “sevgi”, “sevgili ” sözləri vulqar tutumlu “aşna” ( durub oturduğu arvad), yaxud “oynaş” (durub oturduğu kişi) kimi sözləri ilə eyniləşdirdik və yaxud  başqaları eyniləşdirdi biz  də qəbul etdik . Sovet dövründə bir-birlərinə gözlərinin qurdunu öldürmək vasitəsi kimi baxan cütlüklərə “sevgili” yox , elə “aşna”,”fahişə”(sinonimi də var) , “oynaş” və ya “oğraş” deyirdilər. Elə buradaca qeyd edim ki, daha bir neçə belə vurqar söz var ki, biz “Ana və Uşaq” səhifələrində bu cür sözlərin işlənməsini istəmirik. Bu məqalədəki sözlərə, həmçinin ailə münasibətlərinin hamı üçün açıq olmayan tərəfləri ilə bağlı daha sonra söyləcəyimiz fikirlərə görə dəyərli oxucularımızdan əvvəlcədən üzr istəyirik.

Bizi olsun ki, qınayanlar, barəmizdə hədyan danışanlar da olacaq. Olsun,  həqiqətən də haqlısınızsa, onda sərtliyinizdə davam edin.

Bu gün mətbuatda “sevgili” deyilən şəxslər var, onlar fərqində deyillər, nəinki fərqində deyillər, hətta bunu  özlərinə simpatiya kimi qəbul edirlər.

Amma indiki intiligensiyanın bəyənmədiyi sovet dövründə belə adamlar el arasına çıxa bilməzdilər, özləri kütlədən aralı gəzərdilər. Onlardan qız almazdıar, qız da verməzdlər. Doğrudur, onlar barmaqla sayılacaq qədər az idi, amma var idi. Öz kənd-kəsəklərində belələrinin şəltəsi işə keçməzdi. Belələri, adətən, təkrar ailə qurmağa can atmazdılar da. Ailə onlar üçün əhəmiyyətli olsaydı, elə ailəsini qoruyardı və yaxud ailə qurmadan, nikah bağlamadan kiminsə yatağına girməzdilər ki.

Söhbət ancaq bu kateqoriya qadınlardan gedir ha. Hansı bir xəstəlik səbəbindənsə həyat yoldaşını itirmiş ərdən və yaxud ərini itirmiş qadından getmir. Başqa hallar da belə ayrılıqlara səbəb ola bilər. Bu, tamam başqa mövzudur. Biz isə yazımızda mətbuatda, məişətdə adlarına “sevgili”deyilən tərəflərdən bəhs edirik. O “sevgili”lərdən ki, qızıllıqlarını qızlıqlarında qoruya bilməyiblər. O “sevgili”lərdən ki, ağılszlıqdanmı, şeytana udyuqlarındanmı qadınına və yaxud, əksinə, ərinə xəyanət edib, ailə ittifaqına son veriblər..

Bu “sevgili”lərdən kimsə əgər qadındırsa, gərək öz kəndindən aralı kəndə və yaxud başqa rayona ərə gedəydi. Çünki pis ad çıxarmış bir qadını öz yaşadığı kənddə kimsə gətirib ocağına od qoruyan etməyəcəkdi. Əgər kişidirsə, belə kişiyə öz kəndlərindən, eləcə də yaxın kəndlərdən bir ağıllı qadın ( həyat yoldaşı vəfat etmiş, yaxud digər hansı səbəbdənsə boşanmış o qədər ağıllı qadınlarımız var ki) yastıq yoldaşı olmağa razı olmayacaqdı. Buna istər qadın tərəfinin, istərsə də kişi tərəfnin adamları da razı olmazdılar.

Onda bu gərəksiz  kişi məcbur olacaqdı ki, gedib başqa bir rayondan, uzaq bir kənddən özünə, adına  tay gələn kimisə   paltarını yumaq, yemək  bişirmək adı ilə  evinə gətirsin. Əslində, paltarını yumaq, yeməyini bişirmək, toyuq-cücəsinə, mal-qarasına baxmaq belə kişilərə arvadbazlıqlarını davam etdirməyə əsas verən bir bəhanə idi. Bu qızıllığını qoruya bilməmiş yazıq həm paltar yuyan, həm çörək bişirən, həm də ən əsası bu kişinin cariyəsi olmalı idi. 

Belələri ocaqlarına, həyatlarına yeni bir nəfəs gətirə biləcək qadını/əri vaxtında dəyərləndirə bilsəydilər, heç bu günə düşərdilərmi?

DonJuanlar beləcə, “paltarımı yuyan”, “çörəyimi bişirən olsun” deyə, öz cariyələri tez-tez dəyişirlər.  Beyni qızdımı, aparıb rayon mərkəzindən yola salacaq, qayıdanda uzaq  kəndlərdən  bir başqasını gətirəcəkdi. Yaxud sevgilinin özü günlərin birində hansı rayondansa gələndə yolda kiminləsə himləşib, ona da qoşulub gedəcəkdi”.

Bax, bu gün belə şəxsləri mətbuat “sevgili” kimi qələmə verirsə, ziyalılarımz belə deyirsə, onlar həmin adamların üzlərindəki abırsızlığı gizlədirlər, qabağına baryer tutub cəmiyyətə təqdim edirlər.

 Biz — yaşlı nəsil oktyabryat, pioner, komsomol, partiya zamanında doğulub, boya-başa çatmışıq. Biz indi gördüklərimizi o zamanlar  müəyyən hallar istisna olunmaqla nə gördük, nə eşitdik.  Çünki bir tərəfdən  həm  cəmiyyətin özünün güclü bir hədəfi vardı, həm də mətbuat və televiziyanın. Bunlar bir-birlərini tamamlayırdı. İndi şou televiziyası, şou mətbuatı  reytinq namınə avtomobil təkərlərini də əzalarını açıb çölə qoymuş qızlarla reklam  edirlər.

Kütləvi informasiya vasitələrinin təməl vəzifələri sırasında məlumatlandırma və maarifləndirmə öndə gəlir. Əgər hansısa mətbuat səhifəsində  və ya  hansısa  özəl kanalda gərəksiz xəbərlər, erotik yazılar, açıq-saçıq  şəkillər maariləndirən yazılardan  qat-qat çoxdursa, hansı maarifləndirmədən söhbət gedə bilər? Bu, ancaq dolayısı yolla köhnə nəsillərdən hələlik qalan dəyərləri urvatsılaşdırmaq, təqib etmək, yerinə bayağı mədəniyyətin gəlməsinə yol açmaqdır.

Sivilizasiya artdıqca, sanki, mənəvi dəyərlər az qala yavaş-yavaş yox olur.

Davamı var…