Keçmiş günlər, xoş anlarla bağlı həsrət, xiffət….   

Nostalji

Müəllifi: İlk məhəbbət unudulmur, sevənlər

İllər ötür, yaşın üstə yaş gəlir,

İlk məhəbbət unudulmur, sevənlər.

Ürək yanır, göz göynüyür, yaş gəlir,

İlk məhəbbət unudulmur, sevənlər.

Nə sirdirsə,  oxun daşa tuş atır,

Şirinliyi  acısına bal qatır,

Ömrün boyu yaddaşına daş atır,

İlk məhəbbət unudulmur, sevənlər.

 Yaşında, başında yanır izləri,

Bağrının başından sönmür közləri,

Qapı-pəncərəndən baxır gözləri,

İlk məhəbbət unudulmur, sevənlər.

Gəlir bir gün, sən qalırsan arada,

Məhəbbət bu tayda, həyat o tayda.

Toy günündə gözün qalır qapıda,

İlk məhəbbət unudulmur, sevənlər.

Ürəyində biri, yanında biri,

İkilik daima didər qəlbini,

Daim eşidirsən onun səsini,

İlk məhəbbət unudulmur, sevənlər.

Gecələr gözlərin qalar tavanda,

 Acını udarsan şirin dadında,

 Qəlb sevənsə, şirin olur yalan da,

İlk məhəbbət unudulmur, sevənlər.

Gəzmə onu sevmədiyin qadında,

 Dadma onu yad dodaqlar dadında.

O yaşayır ürəyinin yadında

İlk məhəbbət unudulmur, sevənlər.

Usanarsan sevmədiyin qadından,

Perikərsən yatağından, yuvandan,

İlk öpüştək dadı çıxmaz yadından,

İlk məhəbbət unudulmur, sevənlər.

O, xoşlayar ad qoyasan oğluna,

 Qızın səsləyəsən onun adıyla.

Ocağın alışar onun oduynan,

İlk məhəbbət unudulmur, sevənlər.

Bir bulaqdı, bulandımı, durulmaz,

Bir qaladır, daşı düşdü, qoyulmaz,

Bir körpədir, yad anayla ovunmaz,

İlk məhəbbət unudulmur, sevənlər.

İlk məhəbbət bu dünyanın adıdır,

İlk məhəbbət ömrümüzün dadıdır,

Amma sonu ayrılığa bağlıdır,

Axı niyə, cavab verin, sevənlər?

Leave a Reply