Etiket və nəzakət qaydaları

Çox aktual mövzudur, əhəmiyyətli mövzudur. Bəşəriyyət mədəniyyətin guya ən ali səviyyələrinə doğru can atır. Amma elementar etiket normalarından xəbərdar olmayanlar var, xəbərdar olub əməl etməyənlər var. Hara gəldi tüpürmək, balkondan zibil paketləri atmaq, çörəyi zibilliyə, küçələrə qoyub tez də gözdən itmək, ictimai yerlərdə siqaret çəkmək, siqaret kötüklərini hara gəldi atmaq, ictimi yerlərdə hündürdən danışmaq və s. Bunlar hər dəqiqə rastlaşdığımız mənzərələrdir.Gərək bu yazı Hindistandan yox, bizdən yazılaydı.
Xüsusilə məktəbyaşlı uşaqlar belə davranış normalarına məhəl qoymurlar. Məhəllədə oturacaq yerlər var, “besedka”lar var. Gəlirsən ki, əyləşəsən ( böyüklər üçün həyətdə bir ayrı “besedka” var idi), baxırsan ki, dairəvi tüpürcək topaları və yaxud tum qabıqları, şirə paketləri. Böyüklər yanlarında olanda belə, çənələri kip, sadəcə, dodaqları ilə çırta-çırt başlayırlar tüpürməyə. Adamın ödü ağzına gəlir.
Məhəllədə bir gül kolunun üstündə açılmış gül 2 gün qalmır. Açılangünü də qoparırlar.
Xüsusiləuşaqlar yaşıllıq bitkilərinin yanından keçəndə hər dəfə əl atıb 2-3 yarpaq qoparırlar. Ətrafdakı ağalar, yaşıllıq bitkiləri yoluq cücəyə oxşayır.
Hindistan polisi belə şeylərə baxır, amma bizim polis yox.
10 yeniyetməni söhbətə tutsaq, 7-si Avropa həyat tərzini idealizə edəcək.Getməyib axı. Bilmir ki, orada liftə, avtobusun içinə, küçəyə tüpürmürlər, zibil paketlərini gecəyə salıb həyətə atmırlar………
Məktəblərdə tərbiyə işləri az qala yox səviyyəsindədir. Uşaqlar sosiallaşmaya ailədən, daha çox məktəbdən başlamalıdır. Təəssüf ki, məktəblərdə bu yönümdə görülən işlər qənaətbəxş deyildir. Qınaətbəxş olsaydı, hər gün ətrafımızda bunun şahidi olardıq. Uşaq dünyaya saf gəlir.Uşaq hər kəs üçün əziz olur.Bəs necə olur ki, bu qədərsaf və təmiz varlıq daha sonralar qınaqla qarşılanan qərəkətlər edir.
Düşünmək lazımdır. Bu barədə ayrıca yazımız olacaq. Aşağıda ixtisarla verdiyimiz yazıdakı məsələ Hindistan həyatına aid olsa da, bizim ölkə üçün də xarakterikdir.
“Ana və Uşaq”

Mumbayda tüpürməyin ictimai sağlamlığa nə qədər zərərli olduğunu izah etmək üçün divarlara qraffitilər çəkilib.
Bu ilin əvvəlində iki hindistanlı – Raca və Priti Narasimhan “ictimai yerlərdə yerə tüpürməyi dayandırın” mesajı ilə ölkə boyu kampaniya başladıblar. Cütlük əllərindəki meqafonlarla avtomobildən “tüpürmək əleyhinə” şüarlar səsləndirib.
Hindistanda olmusunuzsa, ər-arvad Narasimhanların nəyə qarşı mübarizə apardıqlarını yaxşı bilirsiz. Ölkənin küçələri tüpürcüklərlə “bəzədilib” – həm “sadə”, həm də bəlğəmli tüpürcəklərlə. Bəzən də kofeinə bənzər stimullaşdırıcı betel qozunu çeynəyən insanların qanlı tüpürcəkləri ilə. Hətta, Kəlküttə şəhərinin tarixi Haora körpüsünündə də vəziyyət belədir.
Bu səbəbdən Narasimhan cütlüyü küçələri, binaları və körpüləri yerə tüpürən insanlardan qorumaq üçün ölkə boyu təbliğatla məşğuldur.
Puna şəhərində yaşayan cütlük 2010-cu ildən bu yana sözügedən problemə qarşı mübarizə aparır. Bu mövzuda seminarlar təşkil edir, onlayn və oflayn kampaniyalar vasitəsilə yerli bələdiyyələrlə birlikdə təmizlik işləri təşkil edir.
Cənubi Asiyada betel və ya areka qozu deyilən məhsulları betel yarpaqlarına bükmək və çeynəmək geniş yayılmış ənənədir. Onların “paan” və ya “qutkha” kimi müxtəlif növləri də var. Orqanizmdə kofein effekti yaradan, müəyyən müddətdən sonra ağız xərçənginə səbəb olan bu məhsullar ağzı qırmızıya boyayır.
Raca deyir ki, bir dəfə Pune dəmiryolu stansiyasında paan ləkələrini örtmək üçün divarı boyayıblar, amma üç gün sonra insanlar yenidən divara tüpürməyə başlayıblar.
Onlar Raca və ərinin tənqidlərinə etiraz edir, hətta əsəbləşiblər, hətta biri “Sənə nə? Atanın malıdır?” deyə qəzəblənib də.
Priti deyir ki, pandemiya dövründə müəyyən dəyişikliklər baş verib, tüpürənlərin bəziləri hətta üzr də istəyiblər:
“Epidemiya təhlükəsi onları düşündürdü”.
Tüpürmək adətinə qarşı bu ölkədə həmişə könülsüz mübarizə aparıblar. Mumbay şəhərində isə ən çətin yol seçilib – yerə tüpürən, zibil atan və ya işəyən insanları danlamaq “başa bəla” könüllü nəzarətçilərə həvalə edilib.
Bəzi şəhərlərdə yerə tüpürən kişilərə tüpürcəklərini təmizləmək cəzası verilir
Ardınca koronavirus epidemiyası başlayıb. Tüpürmək vərdişini aradan qaldırmaq üçün “Fəlakətlərin idarə edilməsi” Qanununa uyğun olaraq pul və hətta həbs cəzaları tətbiq edilməyə başlayıb. Baş nazir Narendra Modi tüpürməyi “həmişə səhv hərəkət olduğunu bildiyimiz bir şey” adlandıraraq kişiləri yerə tüpürməməyə çağırıb…
…Vaxtilə İngiltərənin səhiyyə işçiləri tramvaylara tüpürənlərin cəzalandırılmasını və bununla bağlı qanun qəbul edilməsini tələb ediblər. Yəni İngiltərədə də vəziyyət yaxşı olmayıb.
Qərbdə bu vərdişin azalmasına vərəm epidemiyası səbəb olub. Bu yaxınlarda dərc ediləcək “Vərəm Tarixə necə təsir etdi?” (Phantom Plague: “How Tuberculosis Shaped History”) kitabının müəllifi, jurnalist Vidya Krishnan deyir ki, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində mikroblar haqqında məlumatların artması vəziyyətin dəyişməsində həlledici rol oynayıb:
“Mikrobların necə yayıldığına dair məlumatlılıq yeni sosial vərdişlərin və adətlərin yaranmasına səbəb olub. İnsanlar asqırıq və öskürəkdən qorunmağı, əl sıxmaqdan imtina etməyi və körpəni öpməməyi öyrəniblər. Ev üçün məcburi sayılan gigiyena tələbi küçələrə də yayılıb”.
Krişnanın sözlərinə görə, tüpürmək vərdişinin vərəm kimi xəstəliklərin yayılmasına gətirib çıxardığını öyrənmək kişilərdə “davranış dəyişikliyinə” səbəb olub.
Bununla belə, o qeyd edir ki, Hindistanın aşmalı olduğu bəzi maneələr var. Birincisi, dövlət heç vaxt bu vərdişə qarşı ciddi mübarizə aparmayıb. İkincisi, tütün çeynənməsi, idmançıların kamera qarşısına tüpürməsi və ya Bollivud filmlərində kişilərin bir-biri ilə döyüşərkən tüpürməsi bu davranışın cəmiyyət tərəfindən məqbul sayılmasını gücləndirir ….
Daha böyük çətinliklər də var.
Priti Narasimhan deyir ki, “Heç bir böyük davranış dəyişikliyi və ya ictimai sağlamlıq müdaxiləsi kasta, sinif və cinsiyyət problemlərini diqqətə almaya bilməz. Hindistanda hamamlar və yaxşı su təhcizatı hələ də hamı üçün əlçatan deyil”.
Səhiyyə mütəxəssislərinin fikrincə, insanların niyə tüpürdüklərini anlamağa çalışmadan, onları, sadəcə, cəzalandırmaqla bu problemi aradan qaldırmaq olmaz….

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.