Təhsil və məktəbəqədər tərbiyə müəssisələri

İstər kütləvi informasiya vasitələrində, istərsə də ağız-ağız gəzən söhbətlərdə yaşlı insanların, xüsusən müəllimlərin 65 yaşları tamam olan kimi, təqaüdə göndərilmələrindən və bu səbəbdən yaranan narazılıqlardan bəhs edilməkdədir.

İnsan 65 olmasın 70 olsun, 75 olsun, elə həyatının sonuna kimi işləyə bilməz ki. Buna onun nə hazırlığı, nə də sağlamlığı imkan verməz. Amma 65 yaş elə hesab edirəm ki, bir qədər tezdir.

Əgər sağlamlığı imkan verirsə və özü də işləmək arzusundadırsa, niyə onu 40-45 ildən sonra küsdürüb yola salaq, işləmək iqtidarında olanlar 70 yaşına kimi işləsə nə olacaq ki. Bir halda ki, onlar 5 il hər il müqavilə bağlamaqla yenə işləyə bilərlər. Uzun illər ömrünü işlədiyi məktəbə, uşaqlara  həsr etmiş  maarif fədailərini   bu şəkildə incik salmaq  olmaz.  Əgər özləri  bu yolu seçiblərsə,  onları  təqaüdə təntənəli şəkildə yola salmaq lazımdır, təhsil idarələrinin həmkarlar təşkilatlarının vəsaiti hesabına xatirə hədiyyələri ilə yola salmaq lazımdır.  Olmazmı   hər rayon üzrə  təqaüdə  göndəriləcək müəllimlərin hamısı ilə  bir salonda   görüş təşkil olunsun, onlara  minnətdarlıq edilsin, xatirə hədiyyələri verilsin.

 Məktəblə əlaqələrinin üzülməməsi üçün təqaüdə çıxmış müəllimlərdən formalaşmış ictimai şuralar da yaratmaq olar. Belə müəllimlərin məktəb və ailələr arasında əlaqələrin inkişaf etdirlməsində zəngin təcürbəsi hər zaman faydalı ola bilər.Onlar məktəbdə keçirilən bütün təntənəli tədbirlərə dəvət olunmalıdır. Belə diqqət, etimad və hörmət həm də pedaqoji fəaliyyətə yeni başlayan müəllimlərin hafizəsində silinməz izlər buraxacaq. Gənc müəllimlər 30-40 ildən sonra bu yaşa çatanda qarşılaşacaqları hörmət və ehtirama indi sələflərinin timsalında əmin olacaqlar. Bu heyranlıq onları öz peşələrinə daha da yaxından bağlayacaq.

 Mən tanıdığım  neçə-neçə müəllimdən   bununla bağlı söhbətim oldu. Elə müəllimlər var ki,  hələ 5-10 il də işləmək  arzusunda olublar. Amma artıq təqaüsddədirlər.

Müəllimlər də belə tez təqaüdə göndərilməsini istəmirlər, baxmayaraq ki, hər zaman aşağı maaşla işləyiblər, onlara ayrılan təqaüd də ən aşağı həddədir.

Keçən il şimal rayonlarımızın birində tələbə yoldaşım təqaüdə çıxdı. 48 illik əmək stajı ilə ona cəmi 359 manat təqaüd kəsilib. Bu gün yaşı çatmış, amma adına heç vaxt əmək kitabçası açılmayan hər bir kəs 260 manat alır. 48 il stajı olan müəllim isə ondan cəmi 100 manat artıq.

Bir vaxt deyirdilər ki, müəllimlərə dövlət qulluqçusu statusu verəcəklər, sonra nəsə fikirləşib, bu söhbətə bir daha qayıtmadılar. Amma müəllimləri işə imtahanla qəbul etməyi, diaqnostik qiymətləndirilməni, indi də sertifikasiyanı elə operativ və kütləvi hala gətirdilər ki,

artıq Təhsil Nazirliyi nə etdiyinin, necə etdiyinin və yaxud nə edə bilmədiklərinin fərqində deyil, sadəcə, çıxış yolunu yaş senzi tətbiq etməkdə görür. Yaxşı ki, mən müəllimlikdən çox-çox əvvəllər uzaqlaşmışam. İndiyə qalsaydım, 2 il bundan əvvəl ürəyim tap gətirməzdi, 5-10 il də artıq yaşamaq haqqımı vaxtından qabaq itirərdim.

Müəllim 40-45 il hər gün məktəb yollarının yolçusu olub. Məktəbə, şagirdlərinə bilik, kamal daşıyıb. Az maaşla fədakarlıq edib. Bir mağaza müdiri, İAŞƏ işçisi , kolxoz sədri, zavod direktou axşam saat 10-da, 11-də məst-xumar yatanda, müəllim əyani vəsait hazırlayıb, dəftər yoxlayıb, elmi-metodiki ədəbiyyatlara göz yetirib. Yüzlərlə, minlərlə müəllim var ki,

bir dəfə nəinki Antalyaya, heç “Günəşli” sanatoriyasına istirahətə gedə bilməyib. İldə bir dəst təzə kostyum ala bilməyib. Amma səsini çıxarmayıb. Nə gücü olubsa, pərvanə kimi müəllimlik amalına sərf edib. Bu sayaq çətinlikləri olsa da, şərəfli müəllimlik adı ilə hər zaman qürur duyub, öyünüb. Axı o vaxtlar bu adla kimə oldu müraciət etməzdilər: sahibkarlara, vəzifə adamlarına “müəllim” deməzdilər. Həmin vaxtlar, adətən, vəzifə adamları orta yaşdan aşağı olmazdı. Çünki ağzından süd iyi gələ-gələ vəzifəyə qoymazdılar ki. Gərək komsomol, partiya təşkilatlarında bir təcrübə qazanıb püxtələşəydi sonra . Belə adamlara “dayı” deyirdilər, ya da “yoldaş sədr”, “yoldaş rəis”. İndi isə bələdiyyə sədri olub,  torpaq alveri ilə məşğul olan rüşvətxor məmura da “müəllim” deyirlər.

Son illər plansız, sistemsiz olaraq o qədər müəllim kadrları hazırlayıblar ki, bu gün müşahidə olunan sıxlıq bir az da buna görə artıb. Artıb və həm də yeni problem yaradıb. Bu qədər müəllimləri işlə təmin edə bilmirsinizsə, hər il nə üçün qəbul aparırsınız?

Axı bunları yerləşdirmək lazımdır. Yaş senzini ortaya atmaqla yeni iş yerləri yarada və gərginliyi azalda biləcəyini zənn edən Nazirlik, əksinə, daha ciddi problem yaradıb. Həyatlarını elmə, təhsilə həsr etmiş ağsaçlı, qocaman müəllimləri işlədikləri məktəblərdən, peşələrindən uzaqlaşdırıb başqa bir narazılığa rəvac veriblər . İllərlə yaşı olan bir məktəb, sinif otaqları doğma simalarını itirir, amma hansısa təhsil yetkililəri isə əvvəldə qeyd etdiyim kimi, bundan rahat olur ki, yeni vakant yerlər yaranacaq. Kadr ehtiyatlarında mövcud sıxlıq bir qədər seyrələcək. Təbii ki, kimsə ömrünün son anına kimi vəzifəsində qala bilməz. Amma bunun bir Allahlı, demokratik, hüquqi bir həll yolu olmalıdır.

Qanundursa, bu həll yolu Əliyə bir cür, Vəliyə başqa cür tətbiq edilməməlidir.  Rəhbər pedaqoji şəxslər var ki,  yaşı 70-i də keçib. Amma  hələ onu  saxlayırlar. Təhsil Nazirliyi  mövcud qanunvericiliyi hərəyə bir cürə tətbiq etməməlidir.

Əli və Vəlinin göstəriciləri eynidir. Olsun ki, elmi, metodiki peşəkarlıqlarında müəyyən fərqlər olsun. Bunu fərqləndirmək işdən azad edilməklə deyil, başqa formalarda olmalıdır. Əlini təqaüdə çıxarıb Vəlini saxlayanda bunu bütün kollektiv görür, bilir ki, burada haqq, ədalət tərəzisinin gözü əyilib.Bunu nəinki təkcə həmin müəllimin çalışdığı kollektiv, həmçinin o məktəbin xidmət etdiyi ərazinin bütün valideynləri bilir, şagirdlər bilir. Müəllimə belə yanaşma təhsilə, məktəbə heç başucalığı gətirməz. İnsanlar hay-küy salmayacaq, məktəbin qarşısında piket təşkil etməyəcək. Amma bu qədər insanların hamısının qəlbində mütləq bir narazılıq var.

Bu gün təhsil sistemində baş verən neqtiv hallar kifayət qədər çoxdur, bunlar həm də artıq kütləviləşmiş problemlərdir.

Təhsilimiz üçün köhnə tədris metodlarından hələ tam uzaqlaşa bilməmək, yeni tədris və təlim metodlarının, fəal-interaktiv təlim texnologiyalarının, interaktiv dərsin mərhələləri və ona verilən tələblərin, kurikulumun mahiyyəti və məzmununun, innovativ pedaqoji fəaliyyətlərin ləng tətbiqi və sair bu kimi məsələlər ciddi problemlər sırasındadır.

Repetitorluğun mövcud olması təhsili və məktəbi nüfuzdan salır, müəllimlərin ruhunu və yaradıcılıq qabiliyyətini öldürür.Çünki şagirdlər əgər repetitor yanına gedirsə, adətən, belə uşaqlar dərsə davam etmirlər, əgər edirlərsə, onlar üçün artıq dərsin necə keçilməsinin əhəmiyyəti yoxdur. Onlar müəllimə də, dərsə də laqeyd yanaşır. Çünki hansı qrupda imtahan verəcəklərsə, yalnız o qrupda imtahan verəcəyi fənlərə repetitordan öyrənməklə evdə hazırlaşırlar.

Qeyd etdiyimiz kimi, bu gün ilk peşə təhsili və orta ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Nə qədər adama rast gəlirsən ki, deyir peşə məktəbi bitirmişəm, kollec bitirmişəm, iş tapa bilmirəm.

Ali təhsil müəssisələrində təyinat sisteminin tətbiqinə ehtiyac var. Magistratura səviyyəsini bitirənlərə mütləq təyinat verilməlidir və sovet dövründəki kimi təyinat müddəti tətbiq edilməlidir. Həm də buna ciddi nəzarət qoyulmalıdır.

Biz oxuyan vaxtlar ali məktəbi bitirib azad təyinat almaq mümkün deyildi(müəyyən istisnaları çıxmaq şərtilə). Kimsə istəsəydi ki, təyinat yerinə getməsin, Bakıda qalsın, mümkün deyildi. Onda müəllim məktəblərdə işə düzələ bilməzdi, soruşacaqdılar ki, sən bu il qurtarmısan, niyə təyinat yerinə getməmisən?

Bununla belə, az-maz da olsa adamı olanlar, imkanlı adamların uşaqları , Bakıda ilişib qalırmış. İllər keçəndən sonra məlum oldu ki, filan-filan tələbələr qalıb, qeyri-pedaqoji sahələrdə çalışıb, təyinat müddəti qədər vaxt keçəndən sonra üzə çıxıb daha yaxşı yerlərə yol tapıblarmış.

  Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı