Məşhur qadınlar

Azərbaycanın ilk geolog qadını, professor Dünya Əkbər qızı Ağalarova Şamaxı şəhərində anadan olmuşdur. Dünya Ağalarova 1932-ci ildə Azərbaycan Neft İnstitutunu geologiya ixtisası üzrə başa vurmuşdur. Ağalarova Azərbaycanın neftli-qazlı vilayətlərinin pliosen çöküntülərinin mikrofaunasını öyrənməyə başlamış ilk alim-paleontoloqlardandır.
Dünya Ağalarova tələbə olduğu dövrdə —1930-cu ildə Azərbaycan Neft İnstitutunda mikrofauna üzrə laborant kimi işləməyə başlamışdır.
1949-1951-ci illərdə Ağalarova Elmi-Tədqiqat Geoloji-Kəşfiyyat Neft İnstitutunda və Neft texnikumunda müəllim işləmişdir.
1951-1954-cü illərdə Dünya xanım Türkmənistan Elmlər Akademiyası Geologiya İnstitutuna çalışmış və həmçinin orada paleontolgiya şöbəsinə rəhbərlik etməklə yanaşı, Türkmənistan Dövlət Universitetində paleontologiyadan mühazirələr oxumuşdur. Dünya xanım 1954-cü ildə Bakıya qayıdır və AzETİ-də böyük elmi işçi işləyir.
1960-cı ildən ömrünün sonuna kimi Stratiqrafiya laboratoriyasına rəhbərlik etmişdir.
Onun məhsuldar qatın mikrofaunistik xarakteristikası üzrə tədqiqatları böyük əhəmiyyət daşıyırdı. O, məhsuldar qatı bir sıra horizontlara bölməyə, mikrofaunada endemik formaları ayırmağa, məhsuldar qatın formalaşması zamanı hövzənin bionomik şəraitini və paleocoğrafi vəziyyətini səciyyələndirməyə müvəffəq olmuşdur. Ağalarova tərəfindən məhsuldar qatın, pontun, akçaqılın mikrofaunalarını, sonralar daha qədim çöküntüləri çox dəqiq öyrənməsi onu bir-birindən uzaq olan kəsilişlərdəki eyni yaşlı çöküntüləri korrelyasiya etmə ideyasını meydana gətirdi.
Dünya Ağalarova öz tədqiqatları ilə kaynozoyun stratiqrafik sxeminə əhəmiyyətli düzəlişlər gətirdi. Qazılmaqda olan quyularda qazmanı saxlamadan onlardan çıxan gil məhlulunun mikrofaunasını öyrənmək ideyası da Dünya Ağalarovaya məxsusdur ki, bundan da böyük iqtisadi səmərə əldə edilmişdir. Ağalarova mikrofaunanı öyrənərkən foraminifer və ostrokodların filogensiyasını korrelyasiyasına, inkişafına və məhvinə, dəyişkənliyinə aid olan praktiki və nəzəri məsələləri həll edirdi. Azərbaycan və Türkmənistan mezokaynozoyunun mikrofaunasının 50 il ərzində öyrənilməsinin nəticələri onun monoqrafiyalarında, məqalələrində və soraq kitabçalarında öz əksini tapmışdır.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.