Yeni salınmış park sağlamlıqdan, sosiallaşmaqdan daha çox əsəbilik,  qarşıdurmalar gətirdi ( II yazı )

Baş redaktordan

Dövlət vətəndaşlarının rahat, qayğısız yaşaması üçün buqədər işlər görür, Proqramlar, layihələr həyata keçrir.  Kütləvi informasiya vasitələrini izləsəniz, az qala, dövlət başçısının paytaxt  Bakıdan başlamış əyalət kəndlərinədək  bütün regionların infrastruktrunun yenilənməsinə  hər həftə, hər gün vəsait ayırdığını yəqin edəcəksiniz. İndi  görək insanlar özləri yeni salınmış yollarımıza, körpülərimizə, nəqliyyat vasitələrinə, mədəniyyət və istirahət parklarına, yaşadığı məhəlləyə, kəndə, rayona, eləcə də bu  məkanlarda onlar üçün qurub yaradılan  ictimai əmlaka  necə münasibət bəsləyir?  Ortayaşlı nəsildən   yuxarı olan nəsillər məsuliyyə li və qayğıkeş olsalar da , gənc nəsildə, yeniyetmələrdə bu qədirşünaslığı görmək olmur.  Hamı istifadə etmək istəyir, olmayanda haray-həşir salır, amma əli çatandan sonra ictimai əmlaka yağı  malı kimi baxır.

 Atalar deyib: “Dama-dama göl olar, dada-dada heç olar”. Əgər bizə  bəxş edilənlrin qədrini bilməsək, onu qoruyub saxlamasaq,   bir vaxt ayılıb görərik ki,   kölgəsindı oturub dincəlməyə bir ağac qalmayıb, bir əlçim yaşıllıq yoxdur.

Müşahidələr  göstərir ki, böyüməkdə olan nəsil  belə  məsələlərin ictimai mahiyyətini dərk edə bilmir. Ailə məktəbə ümid edir, məktəb də ailəyə. Hamının  gözü qarşısında  cəmiyyətimiz üçün  “ver yeyim, ört yatım”, “hazıra nazil” psixologiyalı nəsil yetişir.

  Müasir  dünyamızı tədid edən qorxunc problemlərdən biri də  məhz ekoloji problemdir. Bu gün yaşıllığı tapdalayan, ağacların budaqlarını qırıb yöndəmsiz  hala salan, bunları ərsəyə gətirən insanların əməyinə  hörmət etməyən  nəsil sabah ekoloji təhlükəsizlik üçün   nəsə edəcəkmi?

Kimsə düşünməsin ki, biz uşaqların təbii haqlarını məhdudlaşdırırq. Əsla,.. Bir filosofun dediyi kimi,  təbiət uşaqlara öncə uşaq kimi yaşamaq haqqı verib. Biz də uşaqların  bu bəxtəvərliyinə  dua edənlərdənik, bunu  təbliğ edənlərdənik. Biz, sadəcə, uşaqlardakı qəbahətləri,  yanlış hərəkətləri  təqib edirik.

Bu gün  məktəblərimizdə  nəinki ekoloji tərbiyə,  ümumiyyətlə, mənəvi tərbiyə məsələləri  zəifdir, sovet dövründəki  səviyyədən çox aşağıdır. Bakıda  barmaqla sayıla biləcək qədər  bağça, məktəb  və yaxud idarə və təşkilat ola bilər ki, onun əhatə gözəlliyi  göz oxşasın.  Bunları dövlət etməməlidir ki:  hər təşkilatda, məktəbdə, bağçada  təşkilatın, kollektivin özü etməlidir. 

   Yetişməkdə olan nəsil həyatda gördükləri, müşahidə etdikləri gerçəkliklər əsasında formalaşırlar. Onlar ətraflarında nə görürlərsə, necə görürlərsə,  o cür  də davranır, həyat tərzi seçirlər.

Ailə, məktəb, mətbuat, televiziya, eləcə də bütün ictimai təşkilatlar  cəmiyyətin davamlılığı üçün sosial baza olan  uşaq və yeniyetmələrin  ahəngdar inkişafı üçün məsuldur.  Əgər insan sosial deyilsə, onun həyat tərzi cəmiyyət üçün hər  zaman  narahatçılıq doğuracaq. 

    Sosiallaşma  ictimailəşmə kimi başa düşülür, yəni,  cəmiyyətin  faydalı bir üzvü olmaq üçün insanın ətraf mühitindən, digər insanlardan   birgəyaşayış qaydaları, ünsiyyət   və əxlaq  qaydalarını öyrəndiyi bir proses  başa düşülür. Bu proses ilk olaraq ailədən  başlayır, məktəbdə ətə-qana doldurulur və  cəmiyyətdə təcəssüm etdirilməklə daha da zənginləşdirilir.

 Sosiallaşma   sоsial dərkеtmədən başlayır. Davranış və birgəyaşayış qaydalarına əməl etməkdən  başlayır.Əgər kimsə cəmiyyətin qayda-qanunlarına əmıl etmək istəmirsə, onda inziabti qaydalar işə düşməlidir.

Cəmiyyətin hər bir üzvi dərk еtməlidir ki, о, təbiətin bir hissəsidir və ətraf mühitdən asılıdr. Buna görə də  hər kəs  təbiəti  sevgi ilə qorumalııdr.  

  Təbiətin mühafizəsində  dövlət, qeyri-dövlət təşkilatları olmasından asılı olmayaraq  hamı məsuldur. İctimai təhlükəsizliyin keşiyində dayanmış polis,  bələdiyyə və mənzil istismar sahələrinin  birgə səyi ilə  bu problemi  həll etmək mümkündür.  İnzibati polis ərazi dairəsində İctimai Şuralar var, belə şuraları ərazilərdə də yaratmaqla, onlar  arasındakı fəaliiyyətləri  əlaqələndirməklə uşaqların, yaşlı adamların  istirahəti üçün quraşdırılmış qurğuları, oturacaq və “besedka”ları qoruyub saxlamaq,  məhəllələrdə yaradılmış abadlığı, gözəlliyi, yaşıllığı uzunömürlü etmək olar. Təəssüf ki,  heç kimdə, heç bir təşkilatda belə niyyət yoxdur. 

Özləri etmirlər, ərazidəki insanların, əmək və döyüş veteranlarının qüvvəsindən istifadə etmək də istəmirlər. İnsanlar özləri könüllü məişət ekologiyasının yaxşılaşdırmaq  niyyəti ilə addım atanda  onları  dəstəkləmirlər. Əksinə, onları pis duruma  salırlar.

 Təbii ki, hər kəs  qarşılaşdığı neqativ təzahürlərlə bağlı, eləcə də  onu törədən şəxsə iradlarlnı bildirir, özü də dəfələrlə. Amma nə böyüyün, nə də ziyalının sözlərinə məhəl qoyulmur: nə  qaydanı pozanlar tərəfindən, nə də  bu  vəziyyətə görə birbaşa  cavabdehlik daşıyan şəxslər tərəfindən.

Təkrar bir də irad tutanda  deyirlər ki, sən  MİS rəisisən, komendantsan və sair. İctimai  yerlərdə   olmazların  da, olarların da əksini  edənlər məktəbyaşlı uşaqlardır, yeniyetmələrdir.  Bu yaş qrupundan olan  uşaqlar bəzi hallarda özlərindən  nisbətən böyük yaş qrupları ilə  birgə cəm olurlar.

 Cəmiyyətdən  gələn səslərə məhəl qoyulmayıb. Məhəllədə  neqativ təzahürlərə qarşı  fikir bildirən  4-5  nəfər var.  Onlar hər dəfə belə hallarla rastıaşdıqda  irad bildirirlər. Şəxsən mən 3-4 dəfə əraziyə  PPX  dəvət etmişəm, 7-8 dəfəyə bölməyə getmişəm.   

Qətiyyətlə deyirəm ki,  bütün bunlarda ailənin, məktəbin məsuliyyəti ilə bərabər, ictimai təhlükəsizliyi, davranış  normalarını  qorumalı və  insanlara təqdim etməyə borclu olan  polis orqanlarının da cavabdehliyi var. Polis davranış normalarına əməl etməyənlərə,  icazə verilməyən fəaliyyət növlərinə yol verənlərə qarşı  ciddi  profilaktik addım atmalıdır.

Sovet dönəmində biz milis görəndə  mütləq  ciddiləşirdik, özümüzü  məsuliyyətli aparırdıq. Bu uşaqlar isə gülə-gülə polisin üstünə gəlirlər. Polis də deyir ki, ə uşaqlar,  gedin buradan. Sonda isə sən pis olursan,  məhəllədə nüfuzun  ayaqlar altına  atılır, sənin mənfi obrazın formalaşdırılır. Hələ  daha sonra təhdid və təqib edilməsən, yaxşıdır. Bu gün heç kim irad, tənqid eşitmək istəmir ki.

Halbuki, hər bir  müraciət ciddiyə alınsaydı,  həmin dəcəllər ətrafdakı  yaşlı adamlardan çəkinər, özlərini yığışdırardılar.  Buradakı nümunəvi  davranış tərzini görüb,  heç bu məhəlləyə gəlməyə  meyilli olmazdılar.  Həmin uşaqların 2-3 nəfəri istisna olunmaqla, qalanları ətraf məhəllələrdən  gələnlər olur.

Yerindən duran itini, velosipedini  alıb   gəlir balaca, məhdud bir əraziyə. 

Polis , sadəcə,  parkın əhatəsini maşınla dövrə vurub gedir. Kimsə yaşıllığı  əzir, it gəzdirir, velosiped, motoroller  və yaxud   valideyninin maşınını sürür, səs-küy salır, post-patrul xidməti  belə hallara  məhəl qoymur. Polis  bunları heç   görmür də ki onlara xəbərdarlıq etsin.  Gündə 2-3 dəfə maşınla   məhəlləni dairəvi dövrə vurub  getmək profilaktika deyil. Gələndə də uşaqlar uzaqdan  polis maşınını görüb özlərini  yığışdırılar, maşın ötən kimi,  yenə  neqativ təzahürlərini  davam etdirirlər. “Nu, poqodi”  cizgi filmində olduğu kimi.

Biz elə düşünmürük ki, polis ancaq  iki dalaşan görəndə,  haranısa dağıdan, partladan görəndə, kimsə  qeyri-qanuni  küçə yürüşünə  çıxanda onları intizama  dəvət edən, müvafiq tədbirlər görən  qurumdur. Polis cəmiyyətimiz üçün hava və su kimi əvəzediməz olan ictimai təhlükəsizliyin yaradıcısı və qoruyucusu, bu sahə üzrə  xüsusi dövlət xidməti sistemidir.

 İnsanlar onların yaratdığı ictimai təhlükəsiz mühitdə həyatın dadını çıxarır: ata  olur, körpəsi mışıl-mışıl yatır, qızını gəlin köçürür, oğlunu evləndirir…

 Vaxt var idi,  qapısı-bacası bağlı  evlərimizdə rahat yata bilmirdik.  Axşam saat 8-9 olana kimi   evimizə-eşiyimizə çəkilirdik ki, başımıza xata-bala gəlməsin.Bu gün belə deyil axı.

Hərdən geçələr  oyananda,  pəncərədən yola boylanıram. Səhərə yaxın —  saat   03-də, 04-də seyrək-seyrək olsa da, insanlar, avtomobillər    qayğısız olaraq   harasa gedib-gəlirlər.

Qədərsiz asayiş var deyə, onu qədirsiz etməməliyik. İradlarımızı, tənqidlərimizi  bildirməklə bərabər, gerçəyi də  görməyi və  dəyərləndirməyi bacarmalıyıq.

Mən  mətbuatda, eləcə də   sosial şəbəkələrdə polislərlə bağlı   heç bir yazıya laqeyd qalmamışam.

Qəbul etdiyim iradlar da olub, amma polis əməyinin  cəmiyyətimiz üçün  hava və su qədər gərəkliliyini hökmən  dilə gətirmişəm.  Mövqeyimdə də qalmaqdayam (Həmin yazılardan, sadəcə, birinin linkini təqdim edirəm: https://anaveushaq.wordpress.com/2022/04/16/gorm%c9%99k-ist%c9%99yib-ist%c9%99m%c9%99m%c9%99yimizd%c9%99n-asili-olmayaraq-polis-24-saat-bizi-qoruyur/).

  Amma  Xətai Rayon 35-ci Polis bölməsi  bizim  məhəllədə ictimai asayişin təhlükəsizliyi istiqamətində apardığı fəaliyyəti bir vətəndaş, ziyalı, müstəqil jurnalist olaraq məni qane etmir. Polis  vətəndaşların  müraciətlərini, ictimai  rəyi eşitmədikləri  zaman , neqativ təzahürləri  sərgiləyənləri  dəstəkləmiş olur. Vətəndaş  sizə dəfələrlə yazılı, şifahi  müraciət edib. Hansı  tədbiri görmüsünüz, hansı profilaktik  addım atmısınız? Atmısınızsa, mövcud vəziyyət niyə davam etməkdədir?

Ha istədim   bu səviyyəyə  çatmasın,  fəaliyyətini  hər zaman təqdir etdiyim  bir qurum haqqında  mənim  tərəfimdən narazılıq  səslənməsin.  Dəfələrlə müraciət etdim, məhəl qoyulmadı, tədbir görülmədi.

Mən “Mehman” povestində Mehmanı, hind filmlərindəki vəkilləri özümə  ideal seçmişdim. Hüquq fakültəsinə imtahan da vermişəm. 

 İndi bunlar  məni  savdsız, mağmun bir bəndə hesab  edirlər. Məktub yazırsan, nə  tədbir görülür, nə cavab verilir.Gedirsən, sənə elə cavablar verirlər ki, bu, ancaq adamı başdan eləmək,   məsələni yola verməkdən başqa bir şey deyil.

Sonuncu dəfə noyabrın 30-da  bölmədə belə rəftarla qarışdım.   Dedilər ki, sahə müvəkkili  gələcək ona deyərsən.  Mən 4-5 aydır deyirəm, bir tədbir görülmür axı. Oradan çıxıb 102 xidmətinə zəng vurdum. 

 Soruşdular ki, nə hadisə    baş verib.  Dedim hadisə baş verməyib, məktəb uşaqları davranış normalarını pozurlar, irad tutursan, adamı ələ salırlar.  Sonra başlayırlar səni məsxərəyə qoymağa. Bunlar hamısı başqa məhəllələrin uşaqlarıdır.

Bir neçə gün byndan əvvəl   Şağan Olimpiya İdman Kompleksində uğurlu gələcəyinə böyük ümid bəslənilən 16 yaşlı   yeniyetməmizin amansızcasına qətlə yetirilməsi hamımızı sarsıtdı.  Tək budurmu acı, axı, onu  öldürən də  bizim  gəncimizdir.Onun da ailəsi  var, onlar da ömürlük əzaba məhkum oldular.

Bütün bunlar olmaya bilərdimi, əlbəttə, olmaya bilərdi.  Hadisənin  baş vermə səbəbi mətbuatda yazılanlara görə, Tural Rüstəmovun ayağını oturacağın üzərinə qoyması olub. Ruslan buna görə  Turala irad bildirib. Nəticədə tərəflərin mübahisəsi yaranıb  və   sonu qanla yekunlaşmış hadisə  baş verib.   Bu  gün   yaşayış ərazilərində bu tipli hadisələr onlarladır.  Gənclər  dəliqanlılıq edirlər, böyüklərin sözünə   əhəmiyyət vermirlər.  Mənim  ayın 30-da  irad tutduğum məsələdə  bunun  kimidir. Belə hadisələr, cinayət törənməsinə səbəb olan belə hadisələr, demək olar ki,  hər gün baş verir. İndi bu məqamların hansı birisə  ciddi  sonluqla nəticələnməli, polis  ondan sonra sahəyə gəlməlidir?

İctimai asayiş xidməti profilaktik tədbirlərin məcmusudur. Polis sahə müvəkkili, patrul xidməti  cinayətəqədərki zamanın, mühitin  keşikçiləri olmalıdır.

Şağan kəndindəki hadisədən  bir neçə gün əvvəl  Bakının Sabunçu rayonunda 14 yaşlı yeniyetmə  7 yaşlı uşağın arxa kürək nahiyəsindən bıçaq xəsarəti yetirib.

Mətbuatda verilən  məlumatlara görə, 2020-ci ildə Azərbaycanda 14-17 yaşda olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə törədilmiş

323   cinayət hadisəsi qeydə alınıb. Onlardan 35-i ağır və xüsusilə ağır cinayətlərdi.

Bunlar qəsdən adam öldürmə və adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır zərər vurma, zorlama və zorlamaya cəhd, oğurluq, dələduzluq, soyğunçuluq, quldurluq, xuliqanlıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi , yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozulması ilə bağlı cinayətlər olmuşdur.

Cinayət törətmiş 14-17 yaşlı 388 nəfərin  376-sı oğlanlar, 12-si qızlardı. Cinayət törədən uşaqların 94 nəfərinin yaşı 14-15, 294 nəfərin yaşı 16-17 olub.

Digər təəccüblü fakt ondan ibarətdir ki, törədilən cinayətlərə görə məhkum olunmuş uşaqlar arasında hər iki valideyni olan ailədə böyüyənlər üstünlük təşkil edir. Belə ki, məhkum olunanlardan 182 uşaq hər iki valideyni olan ailədə, 23 uşaq bir valideyni olan ailədə, 2 uşaq isə internatda və uşaq evində böyüyənlərdi. Ola bilsin ki,statiskadan yayınanlar da olmuş olsun.  Bunların hər biri  araşdırılmalı, qruplaşdırılmalı və  müvafiq addımlar  atılmalıdr.

  102 xidmətinə zəng vuranda  hadisə deyəndə yəqin  bu cür hadisələri soruşur.

Bunlar elə bilir ki, polis xidmətinə ancaq ciddi bir hadisə baş verəndə  müraciət  edilməlidir.  Ayın 30-da  mən  102 xidmətinə zəng edəndən 10 dəqiqə  sonra Patrul maşını ilə 2 zabit gəldi,35-ci Polis bölməsinin əməkdaşları idi. Bölmə  bizim evin  arxasındadır. Axı 5-10 dəqiqə özüm orda olmuşdum, orada onlar  bir  əsassız səbəb deyib, məni başlarından etmişdilər.Bəs indi niyə gəlirsiniz? Gərək mütləq yuxarı qurumlardan tapşırıq ola?

Bu cür ərazilərə  ərazini avtomobillə  dövrə vuran Post-patrul  naryadı deyil, uzunluğu 1-1,5 km ərazilər üçün nəzərdə tutulmuş piyada polis naryadı ayrılmalıdır. Polis sahə inspektorlarının ümumi və fərdi profilaktiki işinin təşkili, eləcə də Post-patrul xidməti işinin təşkili ilə bağlı  dövlətin   qəbul etdiyi qanun, qərar və sərəncamlar  tamam başqa cür tələb edir.

 İctimai asayişin davamlılığını,  keyfiyyətini zədələyən hüquq pozmaların profilaktikası sahəsində   polisin qarşısında böyük vəzifələr durur. Polis sahə inspektorları,   ictimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupu ilə onlara ayrılan sahədə ümumi və fərdi profilaktiki işini elə  təşkili etməlidirlər ki,   hər kəs  ictimai qaydalara, ətrafdakı insanlara   hörmət və məsuliyyətlə yanaşmağı öyrənsinlər.  Əgər  neqativ təzahürlərin  qarşısı vaxtında alınmazsa, getdikcə  dərinləşərək daha ciddi problemlər  yaradacaqdır. 

Yaşayış və iş yerlərində  hüquqi mövzularda söhbətlər  təşkil edilməli,  görüşlər  keçirilməli,     həm də aparacağı  belə profilaktik   fəaliyyətlərə  ictimai fəalları da cəlb etməlidir. İnsdanlar ərazidə  polis görməlidir,   polis maşınında   əraqzidən keçən  polis yox. 

Profilaktik fəaliyyətdə  polis mütləq  xidmət etdiyi ərazidə özünün  güclü  sosial dayaqlarını yaratmalıdır.

  Bu məqsədlə  hər  Polis  İnzibati Dairəsi üzrə  İctimai Şuralar mövcuddur. Belə Şuralarda,  hüquqi təbliğat qrupu, ümumi profilaktika qrupu,   gənclər və yetkinlik yaşına çatmayanlarla iş qrupu, təhsil müəssisələri ilə qarşılıqlı əlaqə qrupu,  mənzil- istismar sahələri ilə qarşılıqlı əlaqə qrupu  var.  Baxın, əgər   bu qruplar, fəaliyyət göstərərlərsə,  tez-tez  məhəllələrdə, məktəblərdə  görünərlərsə,  hansısa bir  problemin qulpundan yapışarlarsa,  baş verməkdə davam edən neqativ təzahürlərin heç biri olmaz.

Mən 20 ilə yaxın  bu ərazidə yaşayıram.  Belə bir  addım, fəaliyyət heç vaxt görməmişəm, olmayıb.   Mənim  bu yazıda   sadaladığım və şəkillərlə təqdim etdiyim hallar məhz  ərazidə ictimai asayişin qorunmadığı  halda   mövcud ola bilər.

 Polis sahə  müvəkkilliyi öz ərazisində “Açıq qapı”günləri keçirə  bilər,  “Nümunəvi məhəllə”,  “Nümunəvi bina”  devizləri  altında müsabiqələrin təşkil edə  bilər. Həm ictimai asayış mühafizə edilmiş olar, həm də  təbiətimiz.

 Sağlam ruh sağlam bədəndə olar deyib ulular.  Hansı tərəfə çevirsək, hansı yöndən yanaşsaq,  sağlamlığımızın qaynağı  yenə təbiətdir, yenə ətraf mühitdir.

  Sevimli yazıçımız Cəfər Cabbarlının  gözəl bir şeirinə bəstəlnmiş  mahnı var, hər zaman səssiz pıçıldayırıq:

Axan çaylar, sən kiminsən?

– Mənə körpü salanın!

– Doğan günəş, sən kiminsən?

– Məndən işıq alanın!

– Sonsuz fəza, sən kiminsən?

– Məndə qanad çalanın!

Bəli, biz hamımız “İşıqlı bir sabahın övladları”yıqsa,   işıqlı sabahlarımız üçün  çaylarımız da, suyumuzuda, günəşimizi də secməli və qorumalıyıq.

Son

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.