Baş redaktordan

Ətraf mühit deyəndə, insanları əhatə edən və onların yaşaması üçün vacib olan bütün hər şey nəzərdə tutulur. Elm ətraf mühiti təbii və süni mühit olaraq iki hissəyə ayırmışdır.
Bəşəriyyətin mövcudluğu üçün zəruri olan Su, Od, Yel və Torpaq təbii mühit ünsürləridir və insanlar hər zaman onlardan asılıdır. Alimlərin, eləcə də insanların fəaliyyəti nəticəsində yeni yaradılmış çoxsaylı bitki və heyvan növləri, həmçinin süni dəryalar, göllər, qoruq, park və bağçalar isə süni mühitin ünsürləridir.
İstər təbii mühit ünsürləri olsun, istərsə də süni mühit ünsürləri, bunlar insanların həm qidaya, suya və havaya olan tələbatını ödəyir, həm də onlara sağlamlıq bəxş edir. Buna görə də təbiəti insan sağlamlığının “yaşıl sipər”i kimi də dəyərləndirirlər.
Bu baxımdan Azərbaycan dövləti də ətraf mühitin sağlamlığı və mühafizəsinə öz strateji prioriteti kimi baxır. Dogma Bakımızın simasında bunu aydınca hiss etmək mümkündür. Paytaxt şəhərimizdə son iki onillikdə mövcud yaşıllıqların ərazisi əhəmiyyətli dərəcədə artmaqdadır. Bu yaşıllaşdırmaq niyyəti bütün Azərbaycan ərazisində aparılmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev insanlarla hər görüşündə bu vacib məqamı vurğulayır, ictimai maraqların, vətəndaşların sosial rifahının dövlət siyasətinin prioriteti olduğunu qeyd edir. İnsanlarımız bunun təsdiqini real həyatda görürlər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “İDEA” İctimai Birlik təşkilatının “Abad Həyət” layihəsi artıq ənənə halını almışdır. Bakımız gözəlləşən simasını hər gün dəyişməkdədir. Bundan sonrası daha çox insanların öz əllərindədir. Gərək bəni-adəm qədirşünas ola, təbiəti qoruya, yaşada və gələcək nəsillərə ötürə, xüsusən, şəhərlərdə. Çünki dağ rayonlarında sağlam təbiət və bioloji müxtəliflik nə qədər əlçatan olsa da, böyük şəhərlərdə kənd ab-havasına hər zaman ehtiyac duyulur.
Sağlam ətraf mühit və sənaye şəhəri
Sirr deyil ki, kəndlərdən mərkəzi şəhərlərə axın tarixin bütün dövrlərində olmuşdur və bu gün də savan etməkdədir. Çünki böyük sənaye müəssisələri, ədəbi-mədəni mərkəzlər, sağlamlıq və ali məktəblər böyük şəhərlərdədir. Gənclərin karyera qurmaq imkanları kəndlərə nisbətən şəhərlərdə daha genişdir. Bu prosess (urbanizasiya) həm də
şəhərlərdə sənayenin konsentrasiyanın (mərkəzləşməsinin) güclənməsini şərtləndirir, yeni-yeni kadr potensialına ehtiyac yaradır.
Amma istər təhsil üçün, istərsə də işləmək üçün mərkəzi şəhərləri seçmiş insanların artması nəticəsində şəhərsalmanın sosial-ekoloji qayğıları da aktuallamağa başlayır. Belə ki, sürətli urbanizasiya nəticəsində bir tərəfdən, yaşıllıqlar tükənir, digər tərəfdən isə yaranan estetik və ekoloji problemlər şəhər yaşıllıqlarının əhəmiyyətini artırır.
Şəhərdə məskunlaşmış yeni sakinlər bir müddət keçəndən sonra “al-yaşıl geyinmiş uca dağların qartallı qoynundan” uzaqlaşdıqlarının
fərqində olmağa başlayırlar. Onlar daim yenidən təbiətə yaxınlaşmağa çalışırlar. Eləcə də şəhərdə doğulub ərsəyə çatmış insanların özündə “bulaq suyu, dağ havası”na ehtiyac yaranır.

Odur ki, nəinki, kənddən gəlib şəhərdə yaşamağa uyğunlaşmaq istəyənlərə, hətta şəhər adamları üçün də açıq və yaşıl sahələrə meyil daim artmaqdadır. Betonlaşmanın intensiv olduğu şəhərlərdə vətəndaşların nəfəs almaq imkanı hara, hər gün yuxudan qalxıb bayıra çıxanda intəhasız yaşıllığa baş vuran kənd adamının nəfəsalma imkanı hara.
Səs-küyün, istehsal və məişət tullantılarının həddən ziyadə çox olduğu sənayeləşən şəhərlərin fabrik və ya zavodlarında, tikinti və ya mədənlərində çalışan əmək adamlarının məmnunluğu, görülən işin tempi və məhsuldarlığı hara, dağların qoynunda yaşayıb, istehsalat subyektlərində çalışan əmək adamlarının məmnunluğu hara.
Problemin ən böyüyü monotonluqdur, yekcins həyatdır. İnsanlar daim monotonluğun yaratdığı neqativlərdən əziyyət çəkirlər. Məhz belə neqativlərdən uzaqlaşmaq, ruhən, mənən sakitləşmək, daha fəallaşmaq üçün təbiətə üz tutmaq lazım gəlir. Ona görə də cəmiyyətin saflığını və davamlılığını daha etibarlı qoruya bilmək üçün rekreasiya məqsədi ilə açıq-yaşıl ərazilərə ehtiyac və zərurət günü-gündən aktuallaşmaqdadır.
Bunu nəzərə alan arxitektor, memar və inşaatçılar öz layihələrində rekreasiya məqsədi ilə açıq-yaşıl ərazilərə — park və xiyabanlara, yaşıl zolaqlara xüsusi önəm verirlər.
Parklar

Parklar, sadəcə, şəhərlərimizin memarlıq atributları deyil. Onlar həm də şəhərdə yaşayan insanların həyatına rəng qatır, əmək prosesində işin ritminə dinamizm gətirir, keyfiyyət və səmərəliliyi artırır.
Parklar insanların asanlıqla sosiallaşdığı, dostları ilə ünsiyyətlərini canlı saxlaya biləcəyi ictimai yerlərdir. Eləcə də parkın yaratdığı assosiasiya adamlarda müsbət enerji yaradır, onların sağlamlığını yaxşılaşdırmağa kömək edir.
Parklar, adətən, yaşayış binalarına yaxın yerlərdə, magistral yolların kənarlarında, eləcə də yaşayış məhəllərində salınır. Bütün yaşıllıq, ağac və kollar gözəlliklə bərabər, eyni zamanda ekoloji mühiti tarazlamaq üçündür: onlar havanın rütubətini nizamlayır, hava və su çirkləndiricilərinin , həmçinin hər cürə səslərin qarşısını alır, yağış sularını udaraq daşqın, sel təhlükəsini azaldır.
Profilinə gəlincə isə, parklar bir çox müxtəlif məqsədlər üçün inşa edilir. Məsələn, Dendroloji parklar, Mədəni təyinatlı parklar, Əyləncə parkları, Sənaye parkları və sair.
Əgər park Dendroloji parkdırsa, ağac və kol bitkilərinin morfologiyasını, sistematikasını, ekologiyasını və coğrafi yayılmasına xidmət etməlidir. İnsanlar burada ziyarət edə bilər, amma insanların bu ekosistemə təsirləri minimuma endirilməlidir.
Park əyləncə məqsədi ilə tikilibsə, əylncə və gəzinti üçün kifayət qədər yerə malik olmaqla yanaşı, avadanlıq və mexanizmlərlə də təmin edilməlidir. İstirahət məkanlarının əsas rahatlığı və keyfiyyəti də elə ərazidəki rahatlıq və estetika baxımından göz oxşayan
bu trenajor avadanlıqlarla ölçülür. İstirahət və rekreasiya məqsədli park və yaşıllıqlar insanların kiçik bir ərazidə gəzmək, idman etmək, oynamaq, dincəlmək, xəyallara dalıb düşünmək kimi ehtiyaclarımı ödəməklə yanaşı, həm də onları ictimailəşdirir, ümumi mənafe və maraqlar naminə bir araya gətirir, onları sosiallaşdırır.
Parklar eyni zamanda bioloji müxtəlifliyin qorunması kimi vacib bir vəzifəni yerinə yetirir (Heyvanat parkı, Nəbatat parkı və s.).
Bakının park tarixi
Tarixdən bildiyimizcə, Bakıda ilk park XIX əsrin 30-cu illərinin ortalarında Filarmoniyanın qarşısında salınmış “Qubernator bağı”dır.

Həmin vaxtdan 2 əsrə yaxın vaxt keçir. Bu gün Bakıda yeni salınan və yaxud əsaslı təmir edilib yeni görünüşlə insanların istifadəsinə verilən parkların sayı heyrət doğurmaya bilməz. Bünövrəsi Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu ənəni hörmətli Prezidentimiz İlham Əliyev bu gün çox uğurla davam etdirir.
Bakı dünyanın məşhur parklar sərgisində sürətlə önə çıxmaqdadır.
Bu vüsət birbaşa Cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın milli inkişaf strategiyamızın prioritetlərindən biri olan ətraf mühitin mühafizəsinə, həmçinin insanların sağlam təbii şəraitdə yaşamasına verdikləri önəmlə bağlıdır.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuata verdiyi məlumata istinadən, bu gün Bakıda park, bağ və istirahət məkanlarının sayı 300-ə çatıb.
Yasamal, Binəqədi və Xətai rayonları bu park quruculuğunda ilk yerlərdə qərarlaşıblar.
Dağüstü park, “Bakı” bulvarı, “Ağ şəhər” bulvarı, Böyükşor bulvarı, “Nizami” parkı, Zooloji park, Yasamal parkı, “Şəhriyar” parkı, Çəmbərəkənd parkı, “Dədə Qorqud” parkı, ayrı-ayrı rayonlarda Heydər Əliyev adına salınmış parklar, Zabitlər parkı, İzmir parkı “Zorge” parkı, “Füzuli” parkı, “Şəlalə” parkı, Zərifə Əliyeva adına park, “Gənclik” parkı, Atatürk adına park, Hüseyn Cavid adına park, “Qış parkı”, daha onlarla park və bağ nəinki bizi, eləcə də Azərbaycana qədəm qoyan əcnəbi qonaqları da məftun etməkdədir. Şəhərimiz sanki Parklar şəhərinə çevrilməkdədir.
İlk baxışda bütün park və bağlar, təbii ki, qoynuna aldığı insanlarda dekorasiya assosiasiyası yaradır. Amma insanlar asudə vaxtlarını təbiətin qoynunda — park və bağlarda keçirməklə burada istədikləri rahatlığı tapa bilirlər. Təbiət bu keyfiyyətləri ilə həm də insanlarımızın sağlamlıqlarının təminatçısına çevrilir .
Bu baxımdan şəhərə gözəllik verən park və bağlar, xiyaban və yaşıllıqlar daha çox rekreasiya potensialı kimi strateji mahiyyət daşımağa başlayır.
Xətai rayonunun park sərgisində yeni ünvan
Yuxarıda qeyd etdiyimiz kimi Yasamal, Binəqədi və Xətai rayonları park quruculuğunda ilk yerlərdə qərarlaşıblar. Və bizim yaşadığımız Xətai rayonu, General Şıxlinski küçəsi 47, 49 və 51 nömrəli binaların sakinləri də illərlə bir gün evlərinin qarşısında park salınacağını, bu parkda paytaxt şəhərinin sakinləri kimi əsl istirahətin ləzzətini dadacağını ümid ediblər. Axı hər bir insanın evinin pəncərəsindən gül-çiçəkli çəmənliyə, həmişəyaşıl ağaclara, adamın ruhunu sakitləşdirən fontana tamaşa etmək, müxtəlif kreativ dizaynlı oturacaqlarda əyləşib xəyallara dalmaq, özünü əsl təbiətin qoynundakı kimi hiss etmək haqqı var.
Şəhərlərdə isə bu haqqın reallaşması yalnız park və xiyabanlarla mümkündür.
Paytaxt şəhərimizdə isə park və xiyabanlar, maşallah, göz oxşayır. Amma burası da var ki, şəhərin bütün sakinləri bəzən nəinki ayda, hətta aylarla belə məkanlara gedə bilmir. Buna həm fiziki imkanları, həm də digər qayğıları imkan vermir. Hələ bunun maddi məsrəfləri də var.
Ömürləri boyu əmək meydanlarında çalışmış, indi isə təqaüdə çıxmış yaşlı adamlara, o cümlədən, uşaqlı evdar qadınlara, azyaşlı və yeniyetmələrə, eləcə də məhdud hərəkətli insanlara məhz öz evlərinin yaxınlığında rahatlıq yaratmaqla bu qayğını onlara bəxş etmək olar.
İnsanlar hər gün pul sərf edib, nəqliyyatla kənar yerlərdəki parklara gedib-gəlincə , evdəkilər üçün nigarançılıq yaradınca, elə öz yaşadıqları binaların əhatəsindəki parklarda istirahət edə bilərlər. Onda evdar qadınlar hər dəfə ev qayğılarını atıb, uşaqları ilə evlərindən 20-25 dəqiqəlik zaman məsafəsindəki parka getməzlər də, yaxud uşaqlarınını təkbaşına həmin parklara buraxıb, sonra da özləri nigarançılıq keçirməzlər.
Yaşlılar, hərəkət imkanları məhdud olan insanlar var, hansı ki onların həyatı sıx şəkildə öz məhəllələrinə və evlərinə bağlıdır.
Bunu nəzərə alaraq dövlətimiz təkcə şəhərimizin mərkəzi yerlərində deyil, hətta şəhərətrafı rayonların ərazilərində yaraşıqlı məhəllə parkları inşa etməkdədir. Bununla həm də xidmətləri pullu oldğundan parklara gedə bilməyən aztəminatlı şəxslərin qayğıları da kənarda qala bilməzdi.
Xətai rayonunun General Şıxlinski küçəsi 47, 49 və 51 nömrəli çoxbloklu yaşayış binalarının yerləşdiyi ərazi öz landşaftına və malik olduğu ərazi imkanlarına görə, bəlkə də şəhərimizdə ən sağlam ətraf baxımından əsl yaşayış məskənidir. İllərlə yığılıb qalmış problemləri olsa da.




2020 –ci ilə qədər bu ərazilər bütün şəhərsalma və memarlıq prinsiplərinə zidd şəkildə hasara alınmışdı: kimi dəmirlə, kimi taxta ilə, kimi də “tor setka” ilə. Hansı ki, bu yerlər ümumi istifadə üçün nəzərdə tutulmuş yerlər idi: uşaqların oyun yerləri idi, evdar qadınların, ahılların oturub bir hovur təmiz hava aldıqları yerlər idi(Əraziyə 96 nömrəli Mənzil-İstismar sahəsi xidmət göstərir). Bu nizamsılıqda bəzi əraziləri də 100 cürə vasitələrlə xidmət və kommersiya işbazlarına təslim etmişdilər. Hər tərəf ekzotik mənzərələrlə sıralanırdı.



Nəhayət, 2020-ci ilin əvvəllərində abadlıq-quruculuq hərəkatı bizim yaşadığımız əraziyə də gəlib çatdı. 2021-ci ilin noyabrında Park istifadəyə verildi: əvvəlkindən qat-qat yaxşı şərait yaratmışdılar. Binanın qarşısı çəpərlərdən azad edilmiş, ərazı yaşıllaşdırılmış, həmişəyaşıl ağaclar əkilmişdi . “Besedka”lar qoyulmasa da, çoxlu sayda skamya və trenajor avadanlıqlar qoyulmuşdur. İdeal olmasa da, yaşlılar da,uşaqlar da sevindilər.
İşlər keyfiyyətli görülməmişdi, tələm-tələsik yola vermişdilər. 4-5 ay sonra qonşu məhəllədə istifadəyə verilmiş parkı görəndən sonra məlum oldu ki, dövlətin eyni siyasəti , eyni layihəsi başqa-başqa həyata keçirilmişdir.
Biz sovet dövründə tikinti-təmir, yol idarələri görmüşük, özümüz də böyük həyata belə meydançalardan atılmışıq.
Həmin idarələrin imici vardı, zəngin təcrübələri vardı, peşə məsuliyyəti vardı, illərlə formalaşmış əmək ənənələri vardı. Cavabdehlik vardı. Amma Şıxlinski küçəsi 49 nömrəli binanın həyətində park salınması zamanı bir işçi diqqətimə gətirə bilmədim ki, o, doğrudan da, rəngsazdır, plitədüzəndir, yaşıllıq təsərrüfatının işçisidir, yolçəkəndir… və sair. Bu qənaəti bizdə onların gördükləri iş, lazım olan texnika və avadanlıqlarının olmaması yaradırdı.
Parkda yaşıllıq salınarkən kiçikqabaritli buldozerlə , demək olar ki, ərazidəki ağacların əksəriyyətini zədələmişdilər. Bu ağacların bəziləri artıq qurumaqdadır. Elə bil ki, bu tenderi “qazanmış” işbazlar öz tanışlarına bir briqada düzəltməyi tapşırıb.



Onlar da kənddən-kəsəkdən kimi tanıyırlar, dəvət ediblər ki, tez gəlin, yaxşı iş var: heç bir qoruq-qadağa yox, keyfiyyət soruşmayacaqlar, işə nə vaxt gəlib gedəcəksən, kiminsə gərəyinə olmayacaq. İşə qəbul olunmaq üçün imtahan verməyəcəksən, diaqnostikadan, sertifikasiyadan keçməcəyəksən. Necə ki, Səlim Müslümovun məhkəməsində bir vətəndaş demişdi ki, mənə ağ kağıza qol çəkdirib, dedilər ki, adına firma açacağıq(daha sonra da əlavə 2 firma açıblar), sənə də ayda 500 manat verəcəyik.
Yəqin, bir firma iş görənlər üçün, digər 2 firma isə “ölü canlar” üçün imiş.
Prezidentin, IDEA təşkilatının tapşıqrığı ilə görüləcək işləri bu şəkildə yerinə yetirən təşkilatlar tenderlərdə necə qalib gəlirlər?Tender qalibi beləmi olur, belə təşkilata bu qədər ciddi işi kim həvalə edir?
Blokların girişinə plitə döşədilər ki, elə bil küçədən birbaşa gətirmişdilər ki, plitə döşə, səki qoy.
AzPark da trenajor avadanlıqları üçün meydancalara sintetik plitələri eynən bu şəkildə yapışdırdılar. Çox güman ki, gələn il onların biri də yerdə qalmayacaq.
Parkın inşası zamanı fəhlələrin başdansovdu işlədiklərini sakinlər də görürdülər, irad bildirəndə isə deyirdilər ki, bu işin qiyməti, məsələn, bu qədərə görə 10 manat müəyyən edilib, amma bizə verirlər 4 manatdan. Deməli, “ölü canlar”dan ibarət briqadalar bu cür 6 manatları realizə etmək üçünmüş. Əgər məmurlar dövlətin ayırdığı vəsaitin bir hissəsini (otkat və ya “şapka” yolu ilə) ələ keçirirsə, fəhlə, briqadir də bunu bilirsə, onlar özləri də bu “dartadart”ın bir vəsiləsinə çevrilməyəcəkmi? Belədə mühəndis-texniki heyət də, ixtisaslı-ixtisassız fəhlələr də
keyfiyyətli iş görməyəcəklər, “basməmmədi” işləyib, digər obyektə can atacaqlar.
Yeni parkın parkın nə problemi, amma var da
Küçələri, səkiləri tez-bazar asfaltladılar, 4-5 ay keçməmiş asfalt örtüyü 8-10 yerdən dağılmağa başladı. Bu işi görənlər qonşu məhəllədə işləyəndə məhəllə sakinləri iş icraçısına, sahə rəisinə dağılmış yerlər haqqında iradlarını bildirdilər. Təmirçilər işlərini bitirəndən sonra gəlib həmin dağılmış yerləri yamayıb getdilər.
49 nömrəli 12 bloklu binanın məhəllədaxili yolunda təmir işləri aparılarkan tramplin qoyulmadı. Fərdi avtomobillər, xidmət və firma avtomobilləri o qədərdir ki, sanki, bura məhəllə yolu deyil, əsasl yoldur. Digər binalara gedən şəxsi minik avtomobilləri də buradan keçib gedirlər. Təbii ki, blokun ağzını əsas yola şevirmək olmaz. Belə maşın axını sakinlərə mane olmaqla bərabər park əhatəsində havanı çirkləndirir, nəinki uşaqların, uşaq arabası olan anaların, eləcə də əsa ilə gəzən ahılların, lap sağlam insanların hərəkətini məhdudlaşdırmaqla bərabər, həyatlarını da təhlükəyə məruz qoyur.
Həmçinin bizim küçə ilə paralel General Mehmandarov küçəsində 3 bağça və 2 məktəb var. Küçə asfaltlanandan sonra hərəkətin intensivliyi daha da artıb, uşaqların və onları müşayiət edənlərin gediş-gəlişi üçün ciddi təhlükələr yaranmışdır. Küçəboyu bəzi xəbərdaredici, qadağanedici nişanlar , tramplinlər qoyulmadı. Əgər bu yolda hərəkəti məhdudlaşdırcı nişan və baryerlər qoyulmazsa, iraq-iraq, bədbəxt hadisələr gözləniləndir.
Amma kimə müraciət etsək, yolu bağlamaq olmaz deyirlər. Halbuki, yerli icra orqanları bunları nəzərə alaraq, öz mülahizələri əsasında yolların bəzi hissələrində hərəkəti məhdudlaşdıra, hətta tamamilə qadağan da edə bilərlər. Qanun buna icazə verir.
Bizim 12 bloklu binanın qarşısındakı parallel küçəyə (S.Mehmandarov) çıxmaq üçün 4 yerdən çıxış var. Gərək evdən nəzarətsiz uşaq buraxmayasan.
Bütün bunlar mütləq nizamlanmalıdır. Bir neçə dəfə qəza hadisəsi də baş verib, xoşbəxtlikdən daha bədbəxt nəticələrə
səbəb olmayıb.
Məhəllə parkı inşasına başlanılanda ilk iş 49 nömrəli 12 bloklu binanın qarşısında işıq dirəkləri üçün çala qazmaq oldu, özül hazırladılar, kabel çəkdilər. Amma bu dirək yerləri necə var, indiyə qədər qalmaqdadır, parkın daxilində isə başqa dirəklər uçaltdılar.
12 blokun hər birinin qarşısında ucları 0, 5 -1 metr çöldə qalmış kabeli olan özülləri isə gözdağı kimi qoyub getdilər. Hər müraciət edəndə, söz verdilər edəcəyik, üstündən il keçir, nə dirək basdırırlar, nə də sakinlərin əlinə-ayağına ilişən dirək özüllərini səkidən yığışdırdılar.



Parkın daxilində işığa o qədər də ehtiyac yox idi. Parkın ağaclarını və yolunu ayırd etməyə Mehmandarov küçəsindəki yol işıqları və 49 nömrəli binanın qarşısında qoyacaqları dirəklərdəki işıq kifayət edərdi. Bir də ki bura ayrıca götürülmüş ərazidə yaradılmış ümumi istifadə üçün nəzərdə tutulmuş şəhər park deyil ki, mütləq çıraqban olmalıdır, insanlar asudə vaxtlarında gecə səhərəcən parkda əylənə bilərlər, ətrafda kiməsə mane olmayacaqlar.
Şıxlinski küçəsi 49 ünvanında quraşdırılmış park məhdud istifadə üçün hesablanmış məhəllədaxili parkdır. Məhəllə sakinlərinin asudə vaxtlarını səmərəli keçirə biləcəkləri yerdir.
Amma buranı da bütün ətrafa şəhər parkı kimi təqdim edib, məhəllənin sakinlərinə rahatlıq bəxş etmək əvəzinə əsəbilik yaradıblar: ətraf binalardan axışıb gəlmiş şəxslər gecədən ta keçmişə qədər gəzişir, velosiped sürür, it gəzdirir və sair. Həm səs-küy yaranır, həm də yenicə yaşıllaşdırılmış əraziyə, ağac və kollara, eləcə də oturacaq və trenajor avadasnlıqlarına avadanlıqlara dağıdıcı münasibət sərgiləyirlər.



Sanki, əvvəlindən bu parkın layihəsi yox imiş. Çünki görülmüş işlər sistemsiz, təxminlərlə aparılırdı. Bəzək bitkilərini və ağacları çox zövqsüz sıraladılar.
Bakı küləkli şəhərdir. Ona görə də ağac torpaqda özünə yer edənə qədər, mütləq yanlarında dayaq basdırılmalıdır. Amma basdırılmadı. Bu gün Bakıda gördüyümüz əyri-üyrü şam ağacları da bir vaxt , yəqin ki, bu şəkildə basdırılıb.
Qonşu məhəllədə abadlıq işləri aparılarkən binaların çölü, bloklar emulsiya ilə rəngləndi, blokların qarşısında işıq dirəkləri, kameralar quraşdırıldı. Əsas yoldan məhəllədaxili yollar da daxil olmaqla binaların qarşısına tramplin qoyuldu. Yaşıllıqlar olan ərazi dəmir reşotkalarla hasarlandı, açıq şahmat meydançası, 5 söhbətgah quraşdırıldı: bizdə isə bunların heç biri edilmədi. Maraqlananda dedilər ki, onları ayrı inşaatçılar edib, sizin məhəlləni ayrı? Bu, nə deməkdir, dövlətin, onun rəhbərinin bütün ərazilərə, bütün insanlara humanizmi, qayğısı eynidir. Bəs yerlərdə onu insanlara nə üçün fərqli şəkildə çatdırırlar?
Məhəllə parkları inşa etmək üçün gərək elə ərazilər seçilə ki, onları qurmağı zəruri edən hədəflərə və standartlara çatmaq üçün kifayət qədər əraziləri olsun. Kiçik məkanlarda çoxlu fəaliyyət sahələri yerləşdirəndə sıxlıq yaranır. Bu gün Şıxlinski 49 ünvanda qurulmuş məhəllə parkında da sıxlıq o həddə olur ki, adam az qalır basın götürüb uzaqlaşsın həyətdən, hətta evdədirsə, evdən çıxıb səs-küy kəsiləncəyə qədər başqa yerə getsin.
Məhəllədaxili parklar da təhsil, səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar kimi məhdud istifadəli yaşıllıqlar hesab olunur. Digər ərazilərin insanları da axışıb buraya gələcəksə, artıq bura məhəllədaxili məhdud istifadəli park deyil, ümumi istifadə parkları kimi yüklənəcəkdir, yüklənib də. Ona görə də bizim binanın sakinləri parkın imkanlarından “ədalətli” istifadə edə bilmirlər, belə təşkilatsızlıq və nəzarətsizlikdə bu mümkün də deyil…..

Nə üçün digər məhəllələrdə ümumi istifadə yerlərinin korporativ maraqlara ayrılmasının yaratdığı ehtiyacları qonşu məhəllələrin istifadə yerlərinə şərik etməklə yola vermək istəyirlər?
General Şıxlinski küçəsi 49 və 53 nömrəli binaların arasında böyük meydança var idi. Uşaqlar futbol oynayırdılar. Buranı hasara alıb 3 ədəd 16 mərtəbəli bina tikdilər. Bina tikilərkən deyirdilər ki, Milli Təhlükəsizlik Nazirliyi üçün yaşayış binası tikirlər. Hazır olandan sonra məlum oldu ki, heç də belə deyil. Bu ərazi 1ədəd 16 mərtəbəli yaşayış binasına kifayət edərdi, qalan sahədə isə həmin binada yaşayacaq sakinlərin sosial-məişət qayğıları öz həllini tapmalı idi. Amma həmin yerdə daha iki 16 mərtəbəli bina ucaldıblar. Arxayın olublar ki, yeni sakinlər 30-40 metrlik məsafədə yerləşən həyətdən, oranın avadanlıqlarından istifadə edərlər.
47 və 51 nömrəli binanın qarşısında ümumi istifadə yeri şəxsi dayanacaq kimi istifadə edilir, park inşa edilərkən bura heç toxunulmadı da: köhnə görkəmi necə idi, eləcə də saxlanıldı. Uzun illər bu maşın dayanacağı üstündə narazılıqlar oldu, dəfələrlə televiziya çəkilişləri oldu, amma məsələ həllini tapmadı. Eləcə də 241 nömrəli bağça ilə idman-sağlamlıq mərkəzinin arasında kifayət qədər ərazi var. 15 ildən çoxdur istifadəsiz saxlanılmaqdadır.
Bu da cənab Prezidentin tapşırığıdır ki, uzun müddət istifadəsiz saxlanılmış belə yerlər daha vacib sahələrin istifadəsinə verilsin. Halbuki, parkdakı avadanlıqların bir qismini həmin yerlərə paylamaqla indiki sıxlığı minimuma endirmək olardı.
Amma olmur. Kimsə bilmir ki, üzərində gəzdiyi topaq dövlətin mülkiyyətində olan torpaqdır, bələdiyyə torpağıdır, yaxud xüsusi mülkiyyətdəki torpaqdır. Hansı torpaqlar ümumi istifadə üçün ayrılmış torpaqdır,hansı torpaqlar satıla bilməz, icarəyə verilə bilməz.
Televiziya, mətbuat belə maarifləndirmə aparmaqdansa, gücü verib şou mövzularına. Bunun mətləbə dəxli varmı , bəli, var. Baxın, bu məhəllədən kənarda yerləşən binaların sakinləri də, uşaqlar da, böyüklər də bura axışıb gəlirlər. Çox vaxt elə olur ki, məhəllə ərazisinə aid edilən 3 binanın sakinləri parkın imkanlarından yararlana bilmir.
Bəzən sıxlıq səbəbindən avadanlıqlar üstündə münaqişələr də yaranır.
Hansı ki, digər yerlərdən axışıb bura gəlirlər, onlar öz həyərlərində oturmağa, yağışdan, gündən daldalanmağa yer tapmayıb, az sayda insanlar üçün nəzərdə tutulmuş bu məhəlləyə axışırlar. Onların da öz həyətlərində bu cür avadanlıqlardan istifadə etmək haqqı var. Əgər onların da mənafeləri nəzərə alınmış olardısa, bu narazılıqlar da yaranmayacaqdı.
Madam ki, parkda sıxlıqdır, onda zəhmət çəkin, ictimai təhlükəsizliyi gücləndirin. Nəzarəti artırın.
Arftıq bu park istirahət və mədəniyyət parkı deyil, mədəniyyətsizlərin, nadinclərin parkıdır. Ətrafda hansı binalarda nə qədər ipə-sapa yatmayanlar bura cəm olurlar.
Aralarında siqaret, qəlyan çəkənlər var, sərgilədikləri bəzi digər hərəkətlər də var ki, neqativ təzahürlərdir, bunların digər azyaşlılara mənfi təsirləri vardır.
Parkda şəhid abidəsinin önündən velosipedlə, keçirlər, it gəzdirirlər. Abidənin dirəyinə it bağlayırlar, it abidənin düz qarşısında peyinləyir, irad tutursan, səni günahkar çıxarırlar. Halbuki, şəhid abidəsi önünə gələnlər, buradan keçənlər ayaqlarını yerə ehmalca basmalıdırlar. Amma burada nələr baş verir.



5- 12 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş mini-futbol meydançası saat gecə 11-ə kimi açıq qalır, insanların istirahət vaxtı səs-küy yaradırlar. Meydança 5-12 yaşlılar üçün nəzərdə tutulsa da, onlar nadir hallarda bu meydançada sevinə bilirlər. Nisbətən böyük yaşlı uşaqların topa endirdikləri zərbələr həm uşaqlara xətər toxundura bilər, həm də qoruyucu tor qəfəslərə dəyib yaratdıqları cingiltili səslə ətrafdakıları diksindirir.
Mini-futbol meydançasının fəaliyyət rejimi olmalıdır. Meydança səhər açılandan gecə saat 10-11-ə kimi açıq olmamalıdır ki? Digər insanların rahatlığı, dincliyi də nəzərə alınmalıdır axı. Kənar ərazilərdən gələnlər elə bilirlər ki, “Ukrayna” dairəsindəki, “Nərimanov” metrosundakı parka, yaxud Sahil parkına gəliblər. Belə deyil axı. Bu ərazi məhdud istifadə üçün nəzərdə tutulmuş , konkret olaraq 47, 49 və 51 nömrəli binaların sakinləri üçün nəzərdə tutulmuş məhəllədaxili istirahət məkanıdır. Gəlmisinuz, xoş gəlmisiniz. Vətənimizin hər bir guşəsi haralı olmağımızdan asılı olmayaraq hər birimiz üçün eyni Vətən torpağıdır. Sən “Sahil” parkında da, Rixard Zorge adına parkda da cəmiyyəti narahat edən davranış sərgiləməməlisən, qadağan olunmuş fəaliyyətlərə yol verməməlisən, nəinki məhdud istifadə üçün nəzərdə tutulmuş yerlərdə.



Ev heyvanlarının gəzintisi ancaq mövcud qaydalar daxilində, ayrıca müəyyən edilmiş ərazilərdə olmalıdır. Eləcə də velosiped sürmək üçün ancaq bu məqsədlə ayrılmış yollardan istifadə etməlisən.
Məktəbyaşlı uşaqların, təbii ki, sürücülük vəsiqələri də yoxdur, avtomobillə, motopedlə parkın ətrafında dövrə vururlar. Artıq səs-küy, ən ciddisi isə insanlar üçün təhlükə yaradırlar. Halbuki, bunlar parkda qadağan olunmalı fəaliyyət növləridir.
Uyğun yerlərdə yaşıllıqların qorunması və qadağalarla bağlı bildirişlər yerləşdirlməlidir. Kameralar quraşdırlmalıdır.
Çox təəssüfedici haldlr ki, əsasən, yeniyetmə və gənclər ictimai mühitdə davranış normalarını gözləmir, ətrafda yaşlı insanların, ağbirçək qadınların olmasına əhəmiyyət vermirlər.
Bu uşaqlar ətrafdakı məktəblərdə oxuyurlar. Dərsə girməyənlər, repetitor yanına gedənlər, idman dərslərindən yayınmış uşaqlar bu parka toplaşırlar , özü də necə. Elə bil ətrafda bunlardan başqa kimsə yoxdur.
Məktəb rəhbərliyinə dəfələrlə müraciət olunub, 2 dəfə də Bakı Şəhəri üzrə BaşTəhsil İdarəsinə. Qəribədir, tədbir görmək əvəzinə, birləşib ictmai rəyi zərərsizləşdirmək yolunu tuturlar.
Heç kimə söz demək olmur. Kimə belə etmək olmaz, bu hərəkətləri etməyin, bu olmaz və sair iradlar kimi iradlarını bildirirsən, kobud cavab verirlər, “get hara istəyirsən, şikayət et”, “polisdəkilər hamısı özümüzünkülərdir” deyirlər.
Bunlar nəzarətsizlikdən baş verir. Necə yəni, sən qaydanı poz, irad tutanda da de ki, əcəb edirəm, get kimə istəyirsən de. Sən bilirsən ki, mən bunu ictimai asyişimizin qarantı olan polisə bildirəcəyəm. Onda belə çıxır ki, belələrini kimsə, nəyə görəsə himayə edir.
Mətbuat və televiziya şou xəbərlərinə ayırdığı yeri və zamanı belə məsələlərə ayırmalı, maarifləndirilmə işini təsirli etməlidir. İctimai qınaq instutsional hala gətirilməlidir.
Daha digər problemlər də var ki, bunlar parkda davranış pozuntuları ilə bağlı məsələlərdir. Bunlar haqqında növbəti yazımızda.

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.