Mövqe

Xüsusilə televiziyalarda auditoriyalarını kimə tapşırmaları məsələsi narahatedicidir? Televiziya , eləcə də bütün informasiya vasitələri bir tərbiyə ocağıdır, elm və mədəniyyət mərkəzidir. Onların məqsədi cəmiyyəti məlumatlandırmaq, maarifləndirmək və əyləndirməkdir.
Aparıcıları Elgiz, Tolik, Zaur Kamal, Zaur Baxşəliyev, Sərxan olan televiziyaların heç birində mən bu vəzifələrin həyata keçirildiyini görmədim.
Tolik özəl kanalların hamısında rahatlıqla yer ala bilir, indi də MTV-də cəmiyyətə əxlaq dərsi keçir. 6 yaşlı qız uşağının bakirəliliyini mövzu etməklə reytinqli veriliş sayılmağa can atır.

Davamlı və keyfiyyətli maarifləndirmək üçün , təbii ki, beynin, ruhun dincəlməsi lazım. Bu isə musiqi ilə,yumorla, əyləncəli verilişlərlə olur. Amma Tolikin, Elgizin, Zaur Kamalın, Sərxanın və daha kimlərin apardığı bayağı, cılız şou layihələri ilə deyil.
Televiziyaların da, mətbuatın da cəmiyyət qarşısında, xalq qarşısında yerinə yetirməli olduğu borc var, dəyərlər var.Televiziya , mətbuat bu dəyərləri təbliğ etməli, müqəddəs olanları yaşatmalıdır, öz təməl prinsiplərinə sədaqətli olmalıdır. Bu isə proqram mövzularından tutmuş verilişləri kimlərin aparacağına, verilişə kimlərin dəvət ediləcəyinə qədər hər bir bir məqama məsuliyyətli yanaşmağı tələb edir.
Aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkələrdə belə xəbər paylaşıb ki, “MTV Azərbaycan” kanalında aprelin ortalarından yeni verilişlə tamaşaçılar qarşısına çıxacaq. Hələ neçə gün öncədən verilişi aparacağı xanımla şəklini də paylaşıb. Elə bil ki, hər veriliş aparan bir hökm yiyəsidir, istəyəndə veriliş açırlar,istədikləri kimisə köməkçi götürürlər, veilişlərinə özləri ad seçirlər və sair.
“Bu bizik, Toliklə”, “Hər Şey Daxil”, “Tarix Əliyev ilə Səmimi”, “Günə bir şou”, “Tarixin bir günü”… Bunlar Tarix Əliyevin verilişlərinin adıdır.
Yəni, özəl televiziya məkanında bazardımı ki, ki ağlına nə gəldi onu veriliş adı edir. Nə deməkdir: “Bu bizik, Toliklə”, “Hər Şey Daxil”? Aparıcı öz auditoriyasına Tolik kimi məlum olsa da, əsl adı Tarixdir. Özünün adını verilişlərinə gah “Tolik”, gah “Tarix ” kimi pərçim edir.
“Tarixin bir günü”… Tarix Əliyev bu “Tarix” sözünü zaman, vaxt anlamında deyil, öz adı kimi seçib. Axı sən kimsən ki, sənin bir günün auditoriya üşün deviz olsun?
Yazırlar ki, Faiq Ağayev bu dəfə “The M.O.S.T“un simasına çevrildi.
Onda belə anlaşılır ki, müğənni hər dəfə bir ayrı jurnalın siması olur, bu dəfə “The M.O.S.T“un.
Və yaxud əvvəlki dəfələrdə müğənninin başqa statusu varmış,bu dəfə isə siması olub.“Sima” sözünün şəxsiyyət anlamı var. Amma belə şəxsiyyətlər mənsub olduqları xalqın tarixinə, mədəniyyətinə “bir ordu qədər xidmət etmiş şəxslərdir”. Həsən bəy Zərdabi “Əkinçi”nın, Mirzə Cəlil “Molla Nəsrəddin”in siması idilər. Bu, məntiqlidir.
Amma Faiq Ağayevi bu qədər idealizə etmək? Statusla bağlıdırsa, onda gərək növbəti dəfə də Səməd Səmədov simaya çevrilsin, o da Xalq artistidir.
Elə bil cəmiyyətdə bunu gözləyirlər, impuls göndərirlər ki, siz Allah, Faiq Ağayaevi pozalarla paylaşsın, biz də rahat olaq. Ümumiyyətlə , bizim mətbu vasitələr şou –biznes nümayəndələrini, aktrisaları, modelləri ictimai həyatın simasına çeviriblər.
Həmin xəbərin sonuncu cümləsi belə idi: “Qeyd edək ki, “The Most” üç ayda bir dəfə rus dilində və ingiliscə xülasə ilə nəşr olunan Azərbaycanın lüks həyat tərzinə dair aparıcı nəşridir”. Anlamadıq ki, bu nə təhər olur.
Azərbaycansa lüks həyatı sadə adamlar deyil, iri sahibkarlar, yüksəkçinli məmurlar yaşaya bilir. Bunu yazıb insanların sinirlərini niyə yerindən oynadırsınız?
Şou verilişləri haqqında mətbuatda istənilən qədər narazılıq var. Amma heç nə dəyişmir. Zaur Baxşəliyev hirslənəndə ona irad tutanlara deyir ki, “Sizin apardığınız verilişləri mən cibimə qatlayıb qoyaram”.
Tarix Əliyev (Tolik) “Hər şey daxil” verilişlərinin birində prodüserlərin əksəriyyətini çoban, onların gündəmə gətirmək istədikləri müğənniləri isə qoyuna bənzədir:
“Bu gün şou-biznesdə bəzi çobanlar var ki, quzuları çalışırlar bəsləsinlər. Onları böyük bir qoyun etsinlər, amma alınmır. Çünki bu gün şou-biznesdə kimsə özünə prodüser deyərək bir müğənni çıxardırlar ortalığa, sosial şəbəkələrdə görmüş olarsınız. Bəzi müğənnilər var e, çıxıb oxuyurlar. Deyirlər ki, “Bizim səsimiz belədir, bizim səsimiz…”. Bunlar nəyə bənzəyirlər, mən onları qoyunlara bənzədirəm. Bütün günü məildəyirlər. İnsanlar da onların hayına gedir”.
“Xəzər” televiziyasında yayımlanan “5-də 5” verilişinin aparıcısı Zaur Kamal qonağı olmuş gənc müğənni Orxan Babazadəyə ünvanlanaraq “sən qələt eləyirsən” dedi.

Bu, həmin aparıcıların fəaliyyətlərinin ilk illərində də belə olub, indi də belədir. Necə inanmaq olar ki, onlar televiziyanın, mətbuatın cəmiyyətlə ortaq olan dəyərlərinə xidmət edirlər? Verilişlərinə də hər zaman qalmaqallarda olan şou sənətçilərini dəvət edirlər. Onlar da aparıcının qabağına (veriliş evlərdən yayımlananda) zəngin süfrə açıb həm cah-cəlallı həyatlarını nümayiş etdirir, həm də əleyhdarlarına hirs-hikkələrini ismarıclayırlar. Bu məmləkətdə təqdir etməyə və yaxud uşağa, yeniyetməyə, qıza-gəlinə söz deməyə ağbirçək, aqsaqqal yoxdurmu? Fəaliyyətləri sahibkarlıq motivasiyası ilə bağlanan hansısa kütləvi informasiya vasitələrinin heç birində sovet dövrünün “Azərbaycan pioneri”, “Gənclik” jurnalı qədər maarifçilik fəaliyyəti yoxdur.
27 fevral 2023-cü ildə “Xəzər TV”də Aktrisa Sonaxanım Əliyevanın “Təsir dairəsi” verilişində “Qeyri- rəsmi münasibətdə yaşamışam” açıqlaması zalda gərginlik yaşadıb.
Şair Anar Vəziroğlunu aktrisanın iddialı açıqlamasını doğru hesab etməyib və onu tənqid edəndə baxın,
Aktrisa tənqidə necə cavab verib: “Ərim şəhid olmayıb ki… Rusların bir sözü var “обет безбрачия” (cinsi əlaqədən imtina). Xəyanətlər fərqli-fərqli olur. O insan mənə elə bir xəyanət edib ki… Bəli, ayrılmışam! Sonra da necə istəmişəm, elə də yaşamışam, yaxşı da eləmişəm”.
S.Əliyeva nə vaxtsa müsahibələrin birində “Həyat yoldaşım mənə qardaşımın baldızı ilə xəyanət edib” açıqlaması ilə gündəmə səs salmışdı.
Elə bil ki, özəl kanallardakı bu cür verilişlər ancaq belə məsələlərin müzakirəsi üçün yayımlanır.
Həyatımız belədirsə, aktrisamız belədirsə, seriallarımız necə olacaq?! Belə aktyor və aktrisaların təlqin etdikləri hisslər özlərinin baxışlarını tamamlamadığı üçün izləyicisinə nəsə əxz edə bilərmi?
Onsuz da barmaqla sayılacaq qədər seriallarımız olsa da, onlar haqqında kifayət qədər iradlar var.
“Bacanaqlar”-20009, “Vicdan haqqı”-2016, “Sənə inanıram”- 2013, “Toy gecəsi “ – 2013, “Qız atası”-2014, “Barama”-2017, “Ailəcanlı”-2017, “Əqrəb mövsümü”-2022 və digər seriallarımız haqqında istər izləyicilərin, istərsə də müxtəlif peşə sahiblərinin, kinoşünasların fikirləri bunu sübut edir.
Bunlar insan həyatıdır, etiraf etmirik. Amma filmdə də bunlar təbii olmalıdır.
Həyatı ürəyi necə istəyir, elə də yaşamaq istəyən qız və qadınların macəralarına obrazlar vasitəsilə cığır açmamalıyıq. Seriallarda cəmiyyyətin, dövlətin hədəflərinə uyğun olan normal ailə nümunələri yer almalıdır. Onun izləyiciləri bu nümunələrdən adət-ənənə, tərbiyə, qadın və kişinin münasibətləri necə olmalıdır, bunları öyrənməlidir, ağıl və ədəb öyrənməlidir. Amma bizim seriallar dəyərləri qoruya bilmir, əksinə, yetişməkdə olan nəslə qüsurlu etik görüşlər aşılayır.
Bir vaxt böyüyən nəsil də, lap orta nəsil də özlərindən yaşlı nəsillərə tapınardı, dini dəyərlərimizə tapınardı.
Təəssüflr ki,indi insanlar çox laqeydləşib, qəddarlaşıb. Cəmiyyətdə elə kəsim formalaşır ki, ədalət tərəzisinin gözlərini onlar nizamlamaq istəyirlər. Bu qədər daşqəlbli insanlar mafiya seriallarının yetişdirdiyi və şiddətə alışmış şəxslərdir.
Düşünürəm ki, bu gün cəmiyyyətdə rastlaşdığımız xoşagəlməz hadisələrin, intiharların, təcavüz və xəyanətlərin , qəddarlıq və şiddətin bir səbəbini də televiziyanın, eləcə də mətbuat və internetin insan beyninə yüklədiklərində axtarmaq lazımdır.
İstər öz televiziyalarımızda, istər xarici televiziya kanallarında yayımlanan müasir seriallar birmənalı olaraq izləyicisini əyləncə dünyasına səsləyir. Meqafonla demir ey… qulağına pıçıldayır.

İndiki nəslin bəyənmədiyi sovet dövründə bu mövzuda hansısa hadisə baş versəydi və yaxud kiməsə bu mövzuda irad tutulsaydı, həmin adamlar öz cavabdehliyini dərk edib susar, bunu özləri edibmiş kimi utanar, kirimişcə durardılar. İndi heç belə edənlər susmur, əksinə, sənə, ona irad tutanlara məhkəmə qururlar. Belələri seriallarda gördüyü macəra həyatını arzulayır, ona can atırlar. Utanc və həya hissləri olmayan, özlərini sərhədsiz sərbəst aparmaq istəyən nəsillər üçün bütün cəmiyyət, onun ideoloji qurumları, hər kəs məsuldur.
Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.