Mövqe

“Bəri gəlgil, başım baxtı, evim taxtı,

Evdən çıxıb yürüyəndə sərvi boylum.

Topuğunda sarmaşanda qara saçlım!

Qurulu yaya bənzər çatma qaşlım!

Qoşa badam sığmayan dar ağızlım!

Küz almasına bənzər al yanaqlım!

Qadınım, dirəyim, döləyim!…”

 Dilin şirinliyinə, musiqi ahənginə  heyran olmaya  bilmirsən. Bu da  bir yana.  Heç bir ali filoloji təhsil almamış  ulu babamız öz HALALINI  başının baxtı, evinin taxtı, həyatının dirəyi kimi necə   müqəddəsliyə  ucaldır…

Azərbaycan  Cümhuriyyətinin Milli Ordusunun artilleriya generalı Əliağa Şıxlinski  1909-cu ildə   44 yaşında ikən hərbi şəfqət  bacısı işləyən ilk azərbaycanlı qadın Nigar xanımla   evlənmiş , bu müqəddəs   eşq 22 il davam etmişdir.

Nigar xanım  1931-ci ildə vəfat edəndən  sonra general on üç il  tənha yaşamış, amma Nigarını bir an belə unutmamışdı:  hər cümə axşamı Nigarın qəbrini ziyarət edirmiş,  hər  ildönümündə ehsan verirmiş.

 Ə.Şıxlinski   vəsiyyət edibmiş ki, mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın  və

məni sevimli Nigar xanımın yanında dəfn edərsiniz. Generalın   vəsiyyəti üzrə onu  Nigar xanımla yanaşı  dəfn edirlər.

 Üzübəri gəldikcə eşqə şeytanmı qarışdı?  Bəs niyə sevib evlənənənlər, hətta yaxınlardan bu  sevgiyə qarşı çıxanlara müharibə edən cütlük  2-3 keçməmiş   bir-birlərini düşmən kimi görməyə başlayırlar:  ər arvadını, arvad da ərini öldürür.   Bu cür ailə faciələrinin xronikasına baxın:

  • Arvadının boğazını kəsən şəxsin məhkəməsi başlayır
  • Arvadının saçını qırxıb videosunu paylaşan kişi ilə bağlı Komitədən açıqlama
  • Arvadının nömrəsini borclu olduğu şəxsə verib yoxa çıxdı  
  • Arvadının başqa kişi ilə münasibətini öyrəndi, xəncərlə doğradı – İsmayıllıda dəhşət
  • Arvadının başını yardı, sonra bıçaqladı – Sumqayıtda cinayət
  • 29 Noyabr 2021-ci ildə  Şabran rayonunda kişi ona xəyanət edən arvadını, onun “sevgilisi”ni və anasını öldürdü.
  • 29 İyul 2022-ci ildə 1994-cü il təvəllüdlü Aysu Çərkəzli  qısqanclıq zəminində əri  Nurlan Çərkəzlini bıçaqla qətlə yetirmişdir.
  • Bakıda qadın ərinin qətlinin təşkilində şübhəli bilinir, 4 nəfər tutulub.

 Bunlar  faciəvi sonluqla  bitən   ailə dramları.   Bundan  qat-qat çox olan ailə dramları da var ki,  burada fizki  ölüm yox,  mənəvi  ölüm var. Bunlar  çox  az  davam etmiş ailələrdir.  

2021-2022-ci illərdə  cəmi 2  ərzində VVAQ şöbələri tərəfindən 118 253  nikah və 33 174 boşanma halı qeydə alınıb. Təxminən, Daşkəsən  rayonunun əhalisinə  bərabərdir.

 Nədən oldu  bu ayrılıqlar….

Əllərini üzüb məndən,

Yarım birbaş gedən oldu.

Can deyib, can eşidərdik,

Bu ayrılıq nədən oldu?…

 Tək nikahpozulmalarının deyil, bütün hadisə və proseslərin  mütləq bir səbəbi olur. Səbəblər anidən də yarana bilir,  davam edən ziddiyyətlərdən də. Düşünürəm ki, evlilik həyatında   boşanmaya qədər gəlib çıxan ayrılıqların səbəbi təsadüfi ola bilməz. Əhəmiyyət verilmyən, fərqində olunmayan  xırda giley-güzarlar tərəflər arasındakı laqeydlikdən yavaş-yavaş böyüyür, bir vaxt  bir dəqiqə ayrı qala bilməyən tərəflər tam yadlaşırlar.

 “Evliliyimiz adiləşdi”, “Xarakterlərimiz tutmur”, “Eşqə şeytan  qarışdı”, “  Sevgininki evlənənə qədərdir”, “Daha bacarmırıq” , “Anamı yola  vermir”, “Bunu bilmirəm nə ad edib gəlin köçürüblər”, “ Gör, mənim saqqızımı necə oğurladı” kimi  eyhamlı ittihamlar   gərgin başları qərar verməyə məcbur etdilər. 

 Bəs evliliyin adiləşməsinə, xarakterlərin üst-üstə düşməməsinə nə səbəb oldu?  Kasıbçılıqmı, mənzili olmamaqmı? Qaba rəftarmı, açıq-saçıq geyimmi … Bax bunlar ətrafında baş sındırmaq lazımdır. Niyə gənclər, fərqi yoxdur, oğlan və ya qız , özləri seçib sevir, toy edib gəlin gətirir, amma  durnalar kimi ömrü sona qədər birlikdə uça bilmirlər.  Çox tez səfləri pozulur.

Onda  belə çıxır ki,  gərdək gecəsinə qədər  hər iki tərəfdən bir-birlərinə  deyilən sözlər, vədlər yalanmış.

    Siz  sevgi nədir heç  bilməmissiniz, bu gündən sonra heç biləsi də deyilsiniz. Niyə keçmiş zamanlarda  bu gün ailə institutunda baş verənlər olmurdu, olurdusa da  barmaqla sayılacaq qədər . Həm də   hər iki ailə üçün zərbə kimi qəbul edilirdi.  Çünki  ailə, namus məsələsi   tək iki ailənin deyil, cəmiyyətin ortaq dəyəri idi. Bir oğlan və yaxud qız  davranışı  və hərəkəti ilə  cəmiyyətə  meydan oxuya bilməzdi, amma indi oxuyur.

Bunlar çox narahatedici məqamlardır.Bu gənc nə vaxtsa Ana olacaq, bir evin gəlini olacaq. Bu qədər sərhədsiz sərbəstlik hardandır onda. Dovet dövründə belə şey ola bilməzdi. Hər kəs birmənalı olaraq ətrafdakılardan çəkinərdi. İndi onlar ətrafdakıları borclu çıxarır….və sonra irad bildirənin özünü peşiman hala gətirirlər və o özünə söz verir ki, bir də “el üçün ağlamayacaq”.

  Ailə institumuzun  mövcudluq durumu  hər kəsi düşündürməlidir. Ailə həyatına,ümumilikdə,  mənəviyyatımıza  Qərb ölkələrindən sirayət edən  mədəni ideyasızlığa  qarşı ortaya ciddi münasibət qiymaq lazımdır. Bunu müdriklərimiz, görkəmli elm və mədəniyyət adamlarımız etməlidir.  Televiziya və  mətbuatda manşetdə   bu şəxslər  görünməli, onların fikirləriyer almalıdır: açıq-saçıq geyimləri ilə cəmiyyətə  hörmətsizlik göstərənlər yox. Mətbuat və televiziya   öz proqram və  verilişlərini, mətbuat da yazılarını planlaşdırarkən  balansı elə tarazlamalıdırlar ki, insanlara hər  gündə bir  yeni hansısa  məlumat  verən şou psixologiyalı mövzular, şəkillər, kino, teatr nümunələri    üstünlük təşkil etsin. Bizdə isə əksinədir. Bir çox özəl kanallar və  mətbu orqanlar  isə  xarici ölkələrin həyatından, özümüzdən  qorxunc  hadisələri, intim duyğuları körükləyən yazı və şəkilləri paylaşırlar ki, daha çox baxış toplaya  bilsin. Belə formalaşmış auditoriyaya  heç kim laqeyd qalmamalıdır. İnternetdə  bir  “mahnı” nümunəsinə rast gəldim, baxın:

93 minə yaxın şəxs baxıb, 685 nəfər bəyənib. Bu mətnə baxın, bunu mahnı adlandırmaq olarmı? Bu psixologiyalı gənclərin sevgisi dəruni olacaqmı? Bu mənada “Nə etməli?” sualına mətbuatımız və televizyamızla işdən başlamalıyıq. Senzura deyəndə qıcıq doğuraca, bu senzuranın görə biləcəyi işləri görən nəzarət mexanizmi olmalıdır. Yoxsa, Tolikin, Zaur Kamalın, Zaur Baxşəliyevin, Elgizin, Sərxanın verilişləri yuxarıda bıhs etdiyimiz auditoriyadakıların sayını qat-qat artıracaq.

   Bu mövzuda  cəmiyyyətdə də narazılıqlar artmaqdadır.

    Yadınızdadırsa,  keçən ilin dekabrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissor və aktyor sənəti kafedrasının professoru,  Əməkdar artist Gülşad Baxşıyeva qızlarımızla bağlı  ciddi bir yazısı dərc olunmuşdu (Bax: https://azinform.az/medeniyyet/13679-ndiki-qizlar-cox-abirsiz-heyasiz-olublar-emekdar-artistden-agir-sozler.html).  Əməkdar artist   bu yazıda müasir gənclərimiz haqqında  iradlarını bildirmişdi və doğru da bildirmişdi. Bu, təkcə  Gülşad xanımın deyil,  bu cəmiyyətin əksəriyyətinin  fikridir:

“Son illər gənc xanımlarda bəyənmədiyim bir çox xüsusiyyətlər var. Onların əksəriyyətini bəyənmirəm. Hamı deyir ki, havadan, sudandır. Xeyr, havadan, sudan deyil. Bütün günü əllərindən telefon düşmür, lazımsız şeylərə çox vaxt ayırırlar…

…Əllərinə bir kitab alıb oxumurlar…

…Bəzən avtobusda, küçədə qızları görürəm, çox abırsız olublar. Böyük-kiçik bilmirlər, bilmirlər burada yaşlı kişi dayanıb, bilmirlər. Həyasız olublar. Vallah bizim dövrdə belə deyildi. Olubsa da milyonda biri belə olub. İndi milyonda birini axtarırıq ki, düz olsun. Yeni ailə həyatı qururlar, o ailənin başına oyun açırlar. Mənim deməyə bəzən sözüm də bitir…”   

  Gülşad xanımın narazılıqlarına  mən də haqq qazandırıram və  cəmiyyətə  həmin qızlar kimi  davranış sərgiləyən oğlanları da əlavə edirəm.

 Əlbəttə, bütünqadın və qızlar belə deyil ki,  bizim yüksək mənəviyyatlı qadın və qızlarımız daha çoxdur.  Zəfər  tarixində görmədikmi kimdir Azərbaycan qadını.

Azərbaycan qadını:

  • Şəhidliyi ilə Vətən mücadiləmizin ruhunu, əzmətini qat-qat yüksəldən general Polad Həşimovun anası Səmayə Həşimovadır;
  • -Yardımlı rayonunun Əsədabad kəndindən tankçı oğlu Cavidin tabutunu çiynində daşıyan Səkinə Sahratovadır;
  • Əslən Laçın rayonundan olan Xocalı rayonu Meşəli kənd sakini Bağırov Elçinin 80 gün sonra taplan nəşini başında daşıyan Anadır;
  • Şabran şəhərindən əsgər oğlu Ağayev Əmirağanın tabutunu çiynində daşıyan Hədiyyə Ağayevadır;
  • Naxçıvanda şəhid zabit Qabil Orucəliyevin tabutunu çiynində daşıyan Nuriyyə Orucəliyevadır;
  • Şəhid əri – Röyal Cəfərovun nəşini çiynində daşıyan Firuzə Cəfərovadır;
  • Şəhid qardaşı Eltonun və əri Adilin nəşini çiynində daşıyan Nargül İbrahimovadır;
  • Tərtər rayonunda şəhid olmuş nişanlısı Mehdi Məmmədovun acı xəbərindən sonra intihar etmiş nişanlı qız Mələk Sultanovadır ;
  • Vətən müharibəsi başlayanda Ali Baş Komandana müraciət edərək orduya göndərilməsini xahiş edən 65 yaşlı zabit qadınımız Növrəstə Yusifovadır….
  • Babək rayonunun Nehrəm kəndindən şəhid zabitimiz Zamin Məmmədovun : “Nəvəm oğlumun yolunu davam etdirəcək” deyən anası Nərgiz Məmmədovadır;
  • Qazax rayonunun Aslanbəyli kəndində döyüşdən tayqıç qayıtmış sevdiyi Abbas Yusifovun ona “Mən ayağımın birini itirmişəm” deyəndə: “Ürəyin ki sağsağlamdır, mənə sənin ürəyin lazımdır” cavabını verən gəlinimiz Günel Əhmədovadır…

İndi Azərbaycanda hansı ailəyə, ocağa baş çəksən, hər evdə neçə belə ana, neçə belə gəlin var. Buqızlarımızın, gəlinlərimizin də başlarını hər vaxt uca etdiyi ər oğullar, atalar var.

Allah bizim xalqa bu qədər təbii sərvətlərlə bərabər, həm də başımız hər yerdə uca edən ər oğullar, atalar var: Şuşanı  küçə döyüşləri ilə düşməndən onlar  azad etdilər.  Bu qədər  örnəklərimiz olduğu halda,   mətbu səhifələrdə, özəl kanallarda gecə-gündüz  şou psixologiyası yayırlar.    

  İllərdir  hər səhər işə gedən, cahan süfrəsindəki maddi nemətlər bolluğuna öz payını sərf edən tərəvəzçilərmiz, çaybecərənlərimiz,  fəhlələrimiz, suçularımız, müəllimlərimiz, kitabxanaçılarımız,  ağbirçək nənələrimiz, ixtiyar qocalarımız, şəhid analarımzı qalıb,  əksər mətbu subyektlər   meydanı veriblər  toy müğənnilərinə, şou sənətçilərinə.   Bir baxın da auditoriyanı kimə tapşırırsınız, onlar da ğz  kriteriyalarına uyğun şəxsləri ekrana çıxarıb cəmiyyəti  onların düşük-düşük  söhbətlərini dinlədirlər. Bunların  cəmiyyətdəki reputasiyaları şou coğrafiyasındakı  fəaliyyətlərinə görədir. Elələri var ki, bir neçə dəfə ailə qurub, boşanıb. Di gəl ki,  ekrandan öz  xarakterindən danışır.  Bunları ekrandan seyr edən  gənclərə,  uşaqlara  bəs hansı   nümunəni təqdim edəsən?  Əvvəl də qeyd etdiyimiz sahələrdə çalışan zəhmət adamları  belələrinin yanında kölgədə qalır. Onlar illər boyu çalışırlar, vuruşurlar   belə geyinib-keçinə bilmirlər, belə  malikanələrdə yaşaya bilmirlər.   İndi  hamı bunların fərqindədir.  Belə  olanda heç kimə yol  göstərmər, öyüd də vermək olmur. Belə fikrə düşsən, özünü pis vəziyyətdə qoyacaqsan. Çünki televiziya,  mətbuat,  inernet vasitələri  tərəfləri, yönləri  çoxdan dəyişdirib.

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı