Təbiət – yaşıl sipərimiz

Bu yazını qələmə almağıma səbəb internetdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən verilmiş bir yazısı oldu. Məlumatda bildirilirdi ki, nazirliyin əməkdaşları reyd zamanı yol kənarlarında fəaliyyət göstərən kafelərin birində “vəhşi təbiət”dən qanunsuz götürülərək qəfəsdə saxlanılan 2 şahin və 1 qırqovul üçün protokol tərtib etmiş və quşları Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən “Vəhşi” Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil vermişlər.

Mənə təəccüblü gələn isə təbiət sözünün “vəhşi” epiteti ilə yanaşı verilməsi idi. Hamımız bu ifadəni çox eşidirik, amma heç fərqinə varmırıq. Uşaqlığımızda eşitdiyimiz “vəhşi” sözünün yaratdığı məzmun büsbütün yırtıcı heyvanlara aid olub: pələngə, şirə, ayıya. Bir də onu bilmişik ki, bu cür heyvanlar meşədə, dağda yaşayır. Amma onlara görə meşəni, dağı, ümumilikdə mühiti vəhşi deməmişik, heç düşünməmişik də. Axı həmin mühitdə dovşan, ceyran, cüyür, maral və s. heyvanlar da yaşayır. Bəs onlar niyə quduzluq etmir, onlar niyə vəhşi deyillər?
Mənə belə gəlir ki, bu ifadəni işlədənlər onu nəzərdə tuturlar ki, yəni, qorunmayan, insan ayağı dəyməyən yerlər: belə yerlər öz-özləri inkişaf edir, yayılırlar.
Qoynunda yaşadığımız bu torpaq, başımız üstündəki səma heç kimə fərq qoymadan öz gözəlliklərini eyni gözəllikdə, eyni qədərdə lütf edən Günəş, Ay bu təbiətin bir parçasıdır, ona “vəhşi”necə demək olar?
Bugünkü inkişaf səviyyəsi, texnologiyalar, çörək zavodları, ərzaq-qida sənayesi olmadığı lap qədimlərdə insanlar meqopolislərdə, hansısa müair arxitekturalı əyalət kəndində deyil, təbiətin qoynunda yaşayıb, təbiət onu yedirib, içirdib, bir sözlə, yaşadıb. Niyə o, “vəhşi” olsun.
Yabanı, öz-özünə çöllərdə bitən gül-çiçəklərə də “vəhşi” demək insafsızlıqdır. Hansı ki, bu gül çiçəklər qənirsiz gözəldir, hətta insan əliylə becərilən çiçəklərdən. Xalq şairi Osman Sarıvəllinin “Gətir, oğlum, gətir” poemasından bu hissə söylədiklərimizin təsdiqi olsun:
…Bir gün bu yerlərə dönüb gələrkən ,
Topla xumar gözlü bənövşələrdən!
Bir az gecikdinmi, nanə, üzərrik ,
Özəkli baldırğan, çiçəkli yemlik,
Kişniş, kəklikotu, çobanəppəyi,
Lalə, xoruzgülü, qaynaqçiçəyi,
Qulançar, quzqulaq, tərə – göbələk.
Albalı, qarağat, moruq, çiyələk.
Bunlar şirin nemət, şirin diləkdir,
Sevməyən sevməsin, mənə gərəkdir!..
Hər yerin öz gücü, öz qüdrəti var,
Bir ovuc torpağın min neməti var.
Qara qoç, boz qoyun, göy təpəl quzu,
Ağ ceyran dırnağı, maral buynuzu,
Qırqovul quyruğu, tovuz lələyi,
Bir aslan pəncəsi, bir şir biləyi,
İti qırğı gözü, tərlan qanadı,
Minbir çiçək adı, minbir gül adı…
Ötürmə bunları, quzum, sən gətir,
Bilməz bu neməti hər etən, gətir!!!
Kömürdən almaz çək, yarpaqdan ipək,
Daşdan gövhər çıxart, buluddan şimşək,
Gətir, ildırımın məğrur səsini,
Qumru bulaqların zümzüməsini,
Zəmilərdən sünbül, bağçalardan bar,
Dərələrdən vüsət, dağlardan vüqar…
Özünlə çiçəkli, güllü yaz gətir,
Bir aşıq mahnısı, bir də saz gətir!
Quzum, könlüm kimi uçmaq istəsən,
Əzəl yaxşı bağlan bu torpağa sən!

Hələ bu bitkilərin, gül və çiçəklərin şəfa qüdrəti, ən etibarlı əlac olması şəfqətin, humanizmin ən heyran nümunəsi deylmi?
Mikyıl Rzaquluzadənin “Kitabi-Dədə Qorqud”dastanlarının motivləri əsasında işlənmiş “Ana ürəyi, dağ çiçəyi” hekayəsi uşaq yaşlarımızdan ruhumuza hopub.
Dostları xəyanətlə Buğacı yaralayıb aradan çıxırlar. Ana 40 incəbelli qızla dağları çıxır, oğlunu axtarmağa. Bir bulaq başında oğluunu huşsuz və yaralanmış halda tapıb qəşş edir. Oğlu ayılır və deyir: “Qorxma, anacan, mənə bu yaradan ölüm yoxdur. Mən huşumu itirdikdə ağsaçlı bir kişi gözümə göründü. Bu, qoca ozan Dədə Qorqud idi. O, mənim yaramı üç dəfə sığallayıb dedi: “Ana südü ilə dağ çiçəyi sənin yarana məlhəmdir…”
Qırx qız bir anda dağa çıxıb, ana torpağın şirəsini çəkmiş ətirli dağ çiçəkləri yığırlar. Ana südü ilə dağ dağ çiçəyini məlhəm edib , Buğcın yarasına sürtürlər. Sonra sarıyıb atının tərkinə alıb obalarına aparırlar.”
İnsafdırmı, dağ çiçəklərinə “vəhşi, “yabanı” deyək? Bu qədər naşükürlük olarmı?
İngilis yazıçısı Daniel Defonun 1719-cu ildə yazdığı romanının qəhrəmanı insan yaşamayan adada təbii fəlakətlərə qarşı üz-üzə dayanır. Yazıçı bunu uydurmamışdır. Yazıçı Aleksandr Selkirk adlı bir şotland dənizçisinin il 4 ay tək və tənha bir adada yaşamasından təsirlənmiş və bu əsəri qələmə almışdır. Daniel Defonun qəhrəmanı Robinzon isə adada 28 il yaşayır. Onun həyat yolu ilk insanlığın sivilizasiya yolunun əksidir. Aleksandr Selkirk təbiətdə tənha qalıb getdikcə vəhşiləşmişdisə, Robinzon 28 il müddətində hər zaman təbiətlə ünsiyyətə can atmış, öncədən malik olduğu vərdişləri, nitqi unutmamış təbiət və insan bağlılığının təsdiqini sübut etmişdir: insan təbiətin bir parçasıdır və o, təbiətin dilini bilərsə, təbiətlə önunöz dili ilə danışa bilərsə, təbiət insanın yaşaması və sağlamlığı üçün təbii sipər və sağlam qida məbəyidir.

Fikirlərimizi yekunlaşdırası olsaq, təbiətə “vəhşi”demək yanlış, hətta təbiətin dərinliklərində yaşayan heyvanlara da vəhşi demək ədalətli deyil.
Vəhşilik insanın da, heyvann da xislətindədir.
Təbiət və heyvanlaar haqqında televiziyadan, internetdən hamımız çoxlu sənədli filmlər izləmişik : heyvanların bir-birinə hücum etməsi, parçalaması yaşamaq uğrunda mübarizədir, onlar bir-birini ancaq qarınlarını doydura bilmək üçün parçalayırlar.
Ara-sıra bəzi kütləvi informasiya vasitələrində vəhşi heyvanların insan məskənlərinə yaxınlaşması, təsərrüfatlara və insanlara zərər verməsi, hətta xəsarət yetirməsi haqqında yazılar verir. Vəhşidir deyə belə heyvanarı zərəsizlədirirlər. Mən inanmıram ki, meşənin dərinliklərində, dağların zirvələrində heyvanlar üçün yaşam ehtiyatları yetərincə olsa, heyvanlar elə gözəllikləri, saf mühiti qoyub ictimai yaşayış məskənlərinə yaxınlaşsın?
Kəlbəcərli şair Sücaət şeirlərinin birində bu xüsusda maraqlı bir müşahidəsini qələmə alıb:
Sücaət, ürəklər qorxusuz vurmur,
Gözlərin sevinci gözlərdə durmur,
Quş da yuvasını yaxında qurmur,
Bilir ki, xaniman dağıdır insan.


Maraqlıdır, heyvanlar meşələrin dərinliyindən kəndlərə yaxınlaşır, amma insan məskənlərində yayan heyvanlar yuvalarını insanın əli çatmayan, gözü toxunmayan yerlərdə qururlar. Ehtiyatlanırlar insanlardan.
“Vəhşi”sözü heç bir halda xoş ovqat yarada bilməz. Bəlkə də heyvanların aclığa məruz qaldıqları anda etdikləri vəhşilikdirsə, 4 yaşlı qız uşağını zorlayan, azyaşlı oğlan uşağına təcavüz edən alçağın hərəkəti necə adlanmalıdır?
Bir itə bir tikə çörək versən, ömrünün sonuna qədər qapını-bacanı qoruyar, sahibi vursa belə, nankorluq etməz.
İnsan oğlu atı vaxt-bivaxt istediyi yerə çapıb, yük daşıyıb, amma qocalanda dişləri tökülüb deyə açıb azad təbiətin qoynuna buraxır ki, qurd-quşa yem olsun.
Bir neçə gün öncə internetdə bir süjet nümayiş etdirdilər. Yeni buzov doğmuş inəyin başını buldozerin çömçəsinə bağlayıb oyuncaq kimi çayın suyuna batırıb-çıxarırdılar. Sonra şüurlu insanlar ictimai qınağı görüb yozmaq istədilər ki, guya inək bulaşıbmış, onlar inəyə işgəncə verməyiblər, sadəcə, yuyublar. Bərəkəllah, dəst xəttinizə. Evinizə, uşaqlarınıza süd, qatıq verən heyvana münasibətinizi yerdəkilər adlandıra bilməsələr də, çox böyük sayda insanlar bunu görüb dəyərləndiriblər.
İnsanlar öz etdiklərinin, təbiətə münasibətinin fərqində olmalıdır. İnsanların mğvcudluğunu və etibarlılığını şərtləndirən təbiət amili doğru da qiymətini almalıdır. Təbiətə “ana təbiət” desək nə olur ki. Lap ilkinliyini, qəzəbini, coşmasını da təbii halına uyğun adlandıraq, amma “vəhşi” deməyək. “Təbiətin ilkinliyində” deyək, “ana təbiətin ilkin çağında” deyək, “vəhşi” deməyək…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.