Təhsil, məktəb və müəllim əməyi haqqında valideyn , müəllim, indi də müstəqil jurnalist kimi təəssüratlarım ( V yazı)

Təhsil və məktəbəqədər tərbiyə müəssisələri

“Azərbaycan müəllimi” qəzetinin feysbuk səhifəsində, eyni zamanda “Azərbaycan Müəllimi” qəzetinin özündə “46 bal toplayan müəllimə 9 saat, 26 bal toplayana isə 19 saat dərs yükü verilib” sərlövhəli bir yazı var (Bax:https://www.facebook.com/muallim.edu.az/posts/645475195642236/) . Yazını olduğu kimi təqdim edirik:

“…Bəs, görəsən mövcud vəziyyət necədir? Qaydalarda qeyd olunduğu kimi, diaqnostik qiymətləndirmənin nəticələri dərs bölgüsü zamanı nəzərə alınırmı? Suallarımıza cavab tapmaq və məsələni yerindəcə araşdırmaq məqsədilə paytaxtın bir sıra orta ümumitəhsil müəssisələrində olduq.

Öncə Nərimanov rayonu ərazisində yerləşən 193 nömrəli tam orta məktəbə baş çəkdik. Araşdırmalarımızdan məlum oldu ki, məktəbin kimya müəllimi Rəna Hüseynova qiymətləndirmədə kifayət qədər yüksək – 52 bal toplamasına baxmayaraq, cəmi 6 saat dərs yükü ilə təmin olunub. Onun həmkarı, qiymətləndirmədə 33 bal toplamış Kəmalə Süleymanovanın isə 17 saat dərs yükü var. Bundan başqa, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məhəmməd Babayev də bu tədris ocağı üzrə ən yüksək nəticə göstərənlərdəndir. O, 52 bal toplayıb. Lakin onun həftəlik dərs yükü isə nədənsə cəmi 5 saatdır. Halbuki eyni fənni tədris edən və 44 bal toplayan Xanım İsgəndərova M.Babayevdən 3 dəfə çox, yəni – 16 saat dərs yükü ilə təmin olunub. Tarix müəllimlərinin dərs yükü və qiymətləndirmədəki nəticələri ilə tanış olanda da eyni halla rastlaşdıq. Məlum oldu ki, 48 bal toplayan Vahid Nağıyevin 6 saat, 32 bal toplayan Natalya Yakovenkonun isə 16 saat dərs yükü var.

Paytaxtın Sabunçu rayonunda yerləşən 72 nömrəli məktəb-liseydə olarkən də oxşar mənzərə ilə qarşılaşdıq. Məsələn, coğrafiya müəllimi Eldəniz Quliyev diaqnostik qiymətləndirmədə 46 bal toplayıb və hazırda həftəlik dərs yükü 9 saatdır. 26 bal toplayan digər coğrafiya müəllimi Zərifə Rüstəmovaya isə 19 saat dərs yükü verilib. Üstəlik, Zərifə Rüstəmova 10 saat da fakültətiv məşğələ aparır. Məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimlərinin dərs bölgüsündə də ədalət prinsipi, deməli, həm də optimallaşdırmanın tələbləri pozulub. Belə ki, qiymətləndirmədə 53 bal toplayan Gəncəvi Veysəlov 11 saat, ondan 13 bal az, yəni 40 bal toplayan Solmaz Cəfərova isə 20 saat dərs yükü ilə təmin olunub.

Fərqli mənzərə görmək ümidi ilə üzümüzü Xətai rayonunda yerləşən 249 nömrəli tam orta məktəbə tutduq. Məktəb rəhbərliyinə gəlişimizin səbəbin dedikdən sonra mövzu ilə bağlı araşdırmamıza başladıq. İngilis dili müəllimlərinin dərs saatlarına baxarkən məlum oldu ki, diaqnostik qiymətləndirmədə 51 bal nəticə göstərmiş Lalə Yusifkənan 9 saat dərs yükü ilə təmin olunduğu halda ondan iki dəfə az – 25 bal toplamış İlhamə Əliyevanın həftəlik dərs yükü isə 13 saatdır. Məktəbdə digər fənn müəllimlərinə münasibətdə də optimallaşmanın düzgün aparılmadığının şahidi olduq. Məsələn, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nazilə Dayıyeva qiymətləndirmədə cəmi 8 bal toplayıb və həftəlik dərs yükü 16 saatdır. Eyni fənni tədris edən Sabirə Əliyevanın isə 53 bal toplamasına baxmayaraq dərs yükü həmkarınınkından az – 12 saatdır.

Nərimanov rayonunda yerləşən 57 nömrəli tam orta məktəbdə də mövzu ətrafında araşdırma apardıq. Nəzərə çatdıraq ki, burada da vəziyyət ürəkaçan deyildi. Məsələn, ingilis dili müəllimi Vəfa Əsilbəyova qiymətləndirmədə cəmi 11 bal toplayıb. Həftəlik dərs yükü isə 10 saatdır. Lakin 39 bal toplayan Vüsalə Hacıyevanın dərs yükü 6 saatdır. Məktəbdə digər fənn müəllimlərinin arasında aparılan dərs saatları bölgüsü də düz deyil. Məsələn, riyaziyyat müəllimlərindən 52 bal toplamış Yaqut Musayeva 10 saat dərs deyirsə, 48 bal toplayan Ofelya Məmmədova ondan iki dəfə çox-20 saat dərslə təmin olunub.

Nizami rayonu ərazisində yerləşən 214 nömrəli tam orta məktəbə də yollandıq. Məktəbin direktoru və onun tədris işləri üzrə müavini ilə mövzu ilə bağlı araşdırma apardıq. Öncə Azərbaycan dili dərslərini tədris edən müəllimlərin dərs yüklərini və diaqnostik qiymətləndirmədə topladıqları balları müqayisə etdik.

Gördük ki, 15 bal toplayan Vüsalə Mirhəsənova 22 saatla təmin olunduğu halda, V.Mirhəsənovadan daha çox-27 bal toplayan Leyli Teymurovaya cəmi 8 saat dərs yükü verilib. Tarix müəllimlərinin müqayisəsi də adıçəkilən qaydalara məktəbdə məhəl qoyulmadığını təsdiq etdi. Belə ki, məktəbin tarix müəllimi İrina Vaçinadze 56 bal topladığı halda 13 saatla təmin olunmuşdursa, onun ixtisas həmkarı Səadət Abıyeva 21 ballıq nəticə ilə 15 saat dərs yükünə sahibdir.

Araşdırmalarımızdan məlum oldu ki, məktəb direktorları dərs bölgüsü zamanı qaydalara əməl etmirlər. Onlar demək olar ki, diaqnostik qiymətləndirmənin nəticələrini nəzərə almırlar. Dərs bölgüsünü öz prinsipləri əsasında, maraqlarına uyğun olaraq bölürlər. Nəzərə çatdıraq ki, analoji hal təkcə adlarını çəkdiyimiz və araşdırdığımız məktəblərdə deyil, demək olar ki, əksər məktəblərdə eynidir”.

Niyazi Rəhimov,

“Azərbaycan müəllimi”

Amma bu yazı dərc edilən ərəfələrdə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Report”a açıqlamasında bildirib ki, dərs yükünün paylanmasında qiymətləndirmənin nəticələri nəzərə alınır: “Bu yeni məlumat deyil, həmişə belə olub. Müəllimlərin dərs bölgüsündə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınmalıdır” (Bax: https://modern.az/az/news/138476).

Bunu 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları” da tələb edir.

Bəs niyə əməl etmirsiniz və yaxud niyə əməl etmək istəmirsiniz. Ümumiyyətlə, Təhsil Nazirliyinin hər hansı məsələ ilə bağlı mətbuata açıqlama verən şəxsləri ictimaiyyətə gerçək, əsaslandırılmış məlumat vermək əvəzinə, sadəcə, öz etdiklərini əsaslandırmağa, haqq qazandırmağa çalışırlar. Həqiqətdə isə özləri dediklərinə uyğun fəaliyyət göstərə bilmir, şəffaflığı təmin etmək istəmirlər. Bunlar hamısı bir-birini şərtləndirir və ona görə də, ciddi narahatçılıqlar hər gün artmaqdadır.

Amma biz illərlə istifadə etdiyimiz, gözümüzün, dilimizin alışdığı “attestasiya”nı, “tədris proqramları”nı atıb, “Kurikulum”u, “diaqnostik qiymətləndirilmə”ni, indi də “sertifikasiya” terminlərini tutmuşuq. Hər biri də müəllimlərin başı üstündə bir Damokl qılıncı.

Əvvəl deyirdilər ki, diaqnostik qiymətləndirilmədən keçməyən müəllimlər həmin müəssisədə işləyə bilməyəcəklər, indi də deyirlər sertifikasiyadan keçməyən müəllimlər işləyə bilməyəcəklər. İşə qəbul ediləndə imtahan, yerini dəyişəndə imtahan, müvəqqəti müqaviləylə işə düzəlmək üçün imtahan, daimi müqaviləylə işləmək üçün imtahan.

Nə üçün müəllim işə imtahanla qəbul olunmalııdr? Onda belə çıxmırmı ali məktəblər keyfiyyətli kadr hazırlaya bilmir? Nə üçün məktəblərdə kifəyət qədər dərs saatı olmadığı halda, 6-8 saata əmr verilib sıxlıq yaradılır? Müəllimləri bir-birlərinin haqqına ortaq edirlər?

Biz sovet dönəmində Attestasiya görmüşdük. Belə attestasiyalar digər idarə və müəssisələrdə də keçirilirdi. Nə qədər ciddi idisə də, cüzi də olsa vahiməsi yox idi. Bu attestasiyalar zamanı işçinin əmək keyfiyyətlərindən tutmuş, iş yerlərinin istehsal sanitariyası və gigiyenik vəziyyətinə kimi bütün cəhətlərin dəyərləndirilməsi nəzərdə tutulurdu. Buraya habelə, əmək məhsuldarlığı və ən mütərəqqi üsulların, o cümlədən yeni texnika və ya texnologiyanın tətbiqi kimi məsələlər də daxil edilirdi.

Müəllimlərin fənn metodbirləmələrindəki fəaliyyəti, siyasi, mədəni görüşlərini artırmaq üçün gördüyü işlər da attestasiyann diqqət mərkəzində olurdu. Bir sözlə, attestasiya müəllimin ixtisas və metodik biliyi ilə yanaşı, istər pedaqoji sahədə, istərsə də yaşadığı cəmiyyətin sosial-ictimai həyatındakı mövqeyini də dəyərləndirməyə imkan verirdi.

Çünki bu Attestasiyalar Əmək Qanunlarına əsaslanırdı. Həmin Qanunların 65-ci maddəsinin 2-ci bəndinə əsasən, hər bir işçi üç ildə ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. İndi əgər həmin müəllim 40 ildən artıq işləyibsə, onda 13 dəfə attestasiyadan keçib deməkdir.

 

Davamı var…