Əxlaq və mənəviyyat

Bəzən kədərlənəndə, bəzən duygulananda, bəzən hirslənəndə, hətta bəzən çox sevinəndə belə, gözlərimizdən damla-damla yaş gəlir. Olsun qoy, bəs niyə bu yaş ancaq ruhi-psixoloji hallarımızda axır? Hiyə insanlar adi günlərdə ağlamazlar? Ümumiyyətlə,ağlamaq nədir: ağlamaq daşlaşmamış, çamurluğa düşməmiş ürəklərin hıçqırığı, hönkürtüsüdür. Kövrəkliyin, həlimliyin göz yaşları ilə ifadəsidir. Ağlamaq bəlalı sevgilərin yol yoldaşıdır, mükafatıdır. Cövhərində nə varsa, ən gözəl hisslərə assosiasiya yaradır.

Ağlamaq olmazdısa, təbəssüm xəyalımıza belə, gəlməzdi, onun necə gəlib, necə getdiyini heç düşünməzdik də. Ağlamaq Tanrının bəlkə də insanlara bəxş etdiyi ən böyük təsəlli əlacıdır…. Nazim Hikmət ağlamağın mahiyyətini daha obrazlı olaraq qəhrəmanlıq hərəkəti kimi səciyyələndirmişdir.
Yalıncıq oğlu Yalıncığın ağlamasını demirik ha: yalandan ağlasın, fiziki təsirdən ağlasın, diş ağrısından ağlasın və s. “Ürəyi, gözü, dili yanıb” ağlayanlardan, halına acıdığın kəsin hüznünü ürəyində həqiqətən daşıyanların ağlamağından danışırıq…
Belə ağlamaqlar ağlayanların özlərinə də çox yarar .
Bəxtə-taleyə yazılmış bir acının ürəklərin, ruhun üstünə çökdürdüyü dağ boyda yükü göz yaşından başqa daha nə belə yüngülləşdirə bilər?! Amma düşüncələrdə daha çox bu hiss yer alıb ki, ağlamaq qadınların işidir, kişilər ağlamaz. Gözümüzü açandan belə eşitmişik.İzah etmək lazım gəlibsə, bu izahlar arasında yer alan əsas fikir də bu olub ki, kişi ərdir, cəsarət, dözümlülük simvoludur. O,hisslərini idarə etməyi bacarmalıdır. Guya qadınlar daha emosional olduqları üçün kişilərə nisbətən daha tez duyğulanırlar. Məsələn, kişilər hər hansı faciəli hadisənin, ayrılığın doğurduğu hüznü, nəmli gözlərlə yola verə bildikləri halda, qadınlar 5 dəqiqə ərzində 50 damla göz yaş axıdırlar. Hətta , bəzən qadınlar adi bir vəziyyətdə elə ağlayarlar ki, eşidib görən deyər ki, bunun kimi ölüb görəsən, belə yanır.

Ağlamaqla bağlı mütəxəssislər uzun müddət müşahidələr aparmışlar. Bu müşahidələr də qadınların kişilərdən daha çox ağladığını göstərmişdir. Psixoloq V. Freydin 1982-ci ildə etdiyi bir araşdırma nəticəsində məlum olmuşdur ki, qadınlar ayda, orta hesabla, 5,3 dəfə, kişilər isə 1,3 dəfə ağlayırlar. Əgər qadınların hər dəfə ağlaması, orta hesabla, 5-6 dəqiqə çəkirsə, bu müddət kişiərdə ən azından yarıbayarı azalır. Onda belə çıxır ki, kişilərdə heç ürək yoxmuş, ya da var, amma robot ürəkdir, proqramlaşdırılıb.Yox, bu, belə ola bilməz. Bu qədər dünya gözəlləri proqramlaşdırılmış ürəklərə axı necə heyran qalıb, necə məftun olub, necə “hə” deyib? Axı nə qədər yeni nəsil robotlar yaratsalar da, canlı insan hisslərini onlar heç vəchlə əvəz edə bilməzlər.
Bəs onda kişilər niyə ağlamaz? Gəlib çata bildiyim bu yaşda neçə hüznlü hadisələr, cani-dildən ağlayan, ağlamayanları da ağladan qadın hönkürtüləri gördüm, eşitdim. Amma ağlayan kişi, uşaqlığımda şahid olduğum bir hadisəni istisna etsək, görməmişəm. Həmin hadisə də hüznlə bağlı deyildi: kəndimizdə bir ata oğlu ilə həyətdə fındıq çubuqlarından səbət hörürdü. Oğlunu, aman Allah, necə qəddarcasına döyürdü.
Oğlu da uşaq deyildi ha, ailəli idi, bir qızı da vardı. Hətta, o dərəcədə qəddarlıqla döyürdü ki, hər dəfə çubuq kürəyinə dolandıqca qışqırıq səsi bəlkə də kəndin hər yerindən eşidilərdi. Birini qoyub, o birinə keçim: bu kişinin oğlu niyə belinə bir çubuq dəyən kimi qaçıb bağdan uzaqlaşmırdı, atasının qəddarlığından qurtulmurdu, indi də heç cürə izah tapa bilmirəm. Mən olsa idim (iraq-iraq), bir çubuq dəyən kimi bağın o biri başına çatardım, oradan da çəpəri adlayıb yola çıxardım.
Əlbəttə, bu cür ağlamaq, fiziki ağlamaqdır. Ürək yanıb, acı çəkib ağlamaq isə tamam başqa bir keyfiyyətdir. Adam çox dəyərli bir əmlakını və ya əşyasını itirə bilər, heç tükü də təpənməz. Amma bir əzizini itirib yanmamaq, ağlamamaq olmur. Fiziki ağrıdan çox keçməz ki, xilas olub sağlam hala dönmək olar. Amma əbədi ayrılıqlar var ki, onların acısına hönkür-hönkür ağlamamq olmur. Çünki belə əbədi ayrılıqlar fiziki ağrılar kimi, üstündən az vaxt keçən kimi sağalmır, ta ömrün sonuna kimi səninlə olur.
Bir də ağlamaq nə kişi üçün, nə də qadın üçün acizlik deyil: “Gözdən yaş çıxarmı ürək yanmasa?”


Başqa bir kimsənin kiminsə acısına ağlamaq – bu da yüksək insani duyğudur. Acısına şərik olduğun şəxsə hörmət, ehtiram və sədaqətin ifadəsidir. Vətənimizin azadlığı uğrunda qurban gedən şəhidlətimizə, gözlənilməz qəzalar zamanı həlak olmuş və faciələri ümumxalq hüznünə çevrilmiş insanların taleyinə lap nə qədər sərt olsan, göz yaşı axıtmamaq mümkün deyil, eləcə dəvaxtsız-vədəsiz öz evində həyata vida etmiş insanların. Sevgi həyatımızın urvatı da ağlamaqdan götürülüb. Aşiq olacaqsansa, çifayda, ağlamağın da aşiqliyindən öncə hazırdır.
Kim bilir, bəlkə də bu, Şərq insanlarına xas olan bir xasiyyətdir. Uşaqlıqdan oxuduğumuz eşq hekayətlərinin əksəriyyətinin sonu bizi ağlamağa məhkum edirdi. Ağlamaq elə bil aşiqin də, eşqin boy-buxununa biçilibmiş.
Qeys anadan olanda ağlayıbmış. Hamının bildiyi bu tibbi-bioloji hadisənin nə əsərə, nə də indi bizim yazımıza aidiyyəti yox. Füzuli də, bu mövzuya müraciət edən, bu epizoddan istifadə edən digər şairlər də, sadəcə, bu təbii hadisəyə ictimai don geyindirmişlər. Yəni, bu ağlamaq gələcəkdə eşqə, Leyliyə mübtəla olub çox əzablar çəkcəyinə “sirüşkü axıdacağına, fəryad qılacağına” bir işarət idi.
Bəlkə də bir insanın həyatının bütün sonrakı dövrlərindəki kövrəklik , həzinlik, heç nədən təsirlənməyə meyilli olmaq , ani bir təəssüratdan qəhərlənmək, ürəyi, gözü yaşla dolmaq keyfiyyəti, elə eşqin doğurduğu mülayimlikdən yaranan keyfiyyətdir.


Biz istər ədəbiyyat olsun , istərsə də gerçək həyat, böyük məhəbbətlərin şahidlri olmuşuq. Qu quşu misallı məhəbbətlər görmüşük. Vaxtsız-vədəsiz qırılan sevgi taleləri haqqında eşitmişik, oxumuşuq. Və bu sevgilərin böyüklüyünü əbədi ayrılıqlardan sonra, onun sağ qalan mühafizindən, onun yazdıqlarından bilmişik. Nümunə götürmüşük, nümunə götürəcəklər. İnsanlar böyük eşq yaşadıqlarını tərəflərin hər ikisi bu həyatda olunca dəyərləndirmələrinə işarə var bu xatirələrdə. Bu mənada mən şairlərin hüznlərini həmişə ehtiramla qəbul etmişəm.
Çox sevimli şairimiz, özü də bu taleyə tuş gəlmiş Nəriman müəllim hamını bir bu cür insanlara qarşı həssas olmağa dəvət edir:
Kimsə deyirdi ki, kişi ağlamaz,
Hanı gülə-gülə ölən kişilər?
Arvadı itirən kişini duymaz,
Arvadı yanında olan kişilər.
Bir dəfə təntənli bir görüşdə Habil Əliyev “Apardı sellər Saranı” mahnısını ifa edirdi.Nəriman müəllim də salonda idi və hiss olunurdu ki, şair mahnını dinləyə-dinləyə nəsə yazır. Sonra bu yazdıqlarını elə yanıqlı ifasında salondaca səsləndirdi:
Canim yandı, can ay Habil,
Təzələdin bir yaramı.
Araz axır sahil boyu
Apardi sellər Saramı.

Ələndi torpağım, daşım,
Ağardı bəlalı başım.
Mən ağlayıb qutarmışdım,
Agladı ellər Saramı.
***
Qarşımda canlı xəyalsan,
Qışqırırsan, amma lalsan,
Cal, Habil, cal, belə calsan,
Kaman dirildər Saramı.
Cabir Növruz da can sirdaşı Səkinə xanımı vaxtsız-vədəsiz itirmişdi. Şair bu niskili şeirlərində yanıqlı bir dillə çox təsirli ifadə etmişdir:
Sənin qızın, mənim ömür yoldaşım,
Əlimizdən nə tez uçdu, ay ana?..
Heç bilmirəm bu əzrayıl mürdəşir,
Birdən niyə onu seçdi, ay ana?…
***
O, gedəli gücüm yox, qüdrətim yox,
Bu həyata zərrə məhəbbətim yox,
Oğullarım qalmadılar yetim, yox,
O yetimlik mənə düşdü, ay ana…
***
Elə bil ki, nəslimizdə talan var,
Baxışlarda gör nə boyda ələm var,
O gedəli gör nə qədər ölən var,
O gedəli köçhaköçdür, ay ana?..
***
Sənin saçın birdən-birə ağardı,
Mənim ömrüm viran oldu, dağıldı,
İnsan tamam əfsanədir, nağıldır,
Əvvəli heç, sonu heçdir, ay ana…
***
Səfurəmin anasısan – anamsan,
Sən də ona mənim kimi yanansan,
O gedəli sən də ömrü talansan,
Yaşayırsan gözü yaşlı, ay ana…
***
Günlərimi təklik alıb qoynuna,
İblisdir ilişmişəm oyununa,
İstər gələ yüz-yüz gəlin-qaynana,
Ocağımız daha boşdur, ay ana…
***
Lap mələklər xidmət edə bu evə,
Peyğəmbərlər hörmət edə bu evə,
Allah özü diqqət edə bu evə,
Səfurəsiz yenə heçdir, ay ana…
Tələbə yoldaşım – istedadlı şair Rəfael müəllimin əzizi Sevda xanımın vaxtsız vəfatına həsr etdiyi şeirlər sanki bir elegiyadır.

Onları heç sakit başla oxuyub keçmək olmur. Göz yaşı tökməyə bilmirsən:
Ağlayım
Dilnən desəm dilim yanar,
Qoy səni saznan ağlayım.
Gözüm yaşı bəs eləməz,
Kürnən, Araznan ağlayım.
***
Ovunacam nə ağılnan,
Nə dastannan, nə nağılnan,
Sənsiz qalan bir oğulnan,
İki də qıznan ağlayım.
***
Rəfail dönməz şahınnan,
Əlin üzməz Allahınnan,
Alım halallıq ruhunnan,
Nəzir-niyaznan ağlayım…
İtki
İlk dəfə darvazamdan qara bayraq asıldı,
Ürəyimə ox dəydi, qəlbimə dağ basıldı.
Her şeyin ilki olur, bu ilk mənim sonumdu,
Ağlaya da bilmirəm, yaş gözümdə donubdu.
Ovunmuram
Beynımin yaddaş kartinı
çıxardıb pozdum,
təzədən yerinə taxdım,
sonra da zərrəbinlə baxdım:
hər şey silinmişdi,
təkcə bir fayl qalmışdı-
o da sənlə bağlı.
Çox maraqlı xatirələr
yerişin, duruşun,
səsin, nəfəsin, rəngin, dadın,
bir sözlə, yalnız sənli hər şey.
Ömrümün səninlə keçən
Ilindən başqa heç nə yox imiş,
beynimin yaddaş kartında,
sən demə.
Könlümdən keçdi sənə
zəng etmək, çatlaşmaq,
bəd ayaqda skaypla danışmaq,
heyf ki, hər şey mümkünsüz, əlçatmaz.
Əlac bir ona qalır ki, aramsız dinləyim
Sənli xatirələrimi,
ovunum sən yanımdasanmış kimi.
..

Bəli, kişilər də ağlayır. Vaxtilə Şekspir yazmışdır ki, göz yaşı ilə yuyulan üzdən daha təmiz bir üz ola bilməz. Şairlərin sevgiləri də, kədərləri də, fikirləri də çox mükəmməldir. Bu sitatda da göz yaşlarının üzü paklaşdırması obrazlı, yəni məcazi məna ilə ifadə edilmişdir. Əsl ağlamaq da budur, o, üzdən əvvəl ürəyə axır, hissə ruha axır, axdığı, qərar tutduğu yeri paklaşdırır.
Nəyi pisdir ki, bunun. Kim necə düşünür-düşünsün, ağlamaq, göz yaşı tökmək kişiyə yaraşdırılmayan sifət olubsa da, bu qınaq rüsvayçı qınaq deyil, sahibini paklaşdırır, dəyərli bildiyindən bir an ayrı düşməyə qoymur.
Məncə, səbəbi nə olursa- olsun, ağlamaq gözəldir. Əgər dostlarım ağlamayandırsa, ağlamayıbsa, ağlamayacaqsa, Allahım, yolumu biraz o tərəfdən urcah elə.
Yazımın sonunda hörmətli Nəriman müəllimə, tələbə yoldşım Rəfael müəllimə uzun ömür, cansağlığı, Sara xanıma, Səkinə xanıma, Sevda xanıma (qəribə təsadüf, hər üç xanımın adı “S” hərfi ilə başlayır) oxucularımız adından Allahdan rəhmət diləyirəm.


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.