Qadın, ana, ailə dəyərləri

Ailəsinə xəyanət edən və yaxud gəncliyində etdiyi səhv addımlardan təkrarlanan yanlış həyat tərzinə görə dul qalma halları da var. Belələri ha can atsalar da, ikinci dəfə getdikləri ailədə qadın səadətinə qovuşa bilmirlər.
Ailə üzvlərinin, qohum qonşuların kobud rəftarı, qapının ağzında, çöldə-bayırda rastlaşanda tez uzaqlaşmaları, içəri keçib qapını bağlamaları onu bu mühitə uyğunlaşmağa, isinişməyə qoymur. Bir neçə aydan, yaxud bir neçə ildən sonra onlar bu evi də tərk edərək ya ata evində qayıdıb baldızların qaxınclarını yeye-yeyə yaşamaqda davam edir, ya da bezib kirayə evlərə və yataqxanalara köçür. Artıq onların vəziyyəti o hala gəlib çatır ki, hər təşəbbüs və cəhdləri həyatlarına yüngüllük , rahatlıq gətirmək əvəzinə, daha da ağırlıq, göz yaşları gətirir. Bu cür məqamlarda münasibətlər qadının səbrindən, hadisə və münasibətlərə necə reaksiya verməsindən, baş verənləri necə qəbul etməsindən asılı olduğu kimi, ər tərəfin adamlarının, qonşuların həssaslığından da çox asılıdır.
Kaş olmmayaydı, amma o qədər müqəddəs ailələr də var ki, hansısa bir səbəbdən ər vəfat edib. Ailədə 2-3 uşaq var. Ailə mehriban yaşayıb, əl-ələ verib uşaqlarını böyüdüblər.İndi ər vəfat edib deyə, o, yeni ərə getməlidirmi? Kimdir onu evdən buraxan? Mənim fikrimcə, belə qadınlara “dul” demək günahdır, yanlışlıqdır. Heç o ailənin, qadını həyatına baxışın özü də yanlışlıqdır. O qadın itkinin böyüklüyünü getdikcə nə qədər yaxından hiss edirsə, ərinə sədaqətinə tapınıb onun uşaqlarına, ocağına o qədər daha qırılmaz tellərlə bağlanır.
Ümumiyyətlə, cəmiyyət tərəfindən dul kimi qəbul edilənlərin, fərqi yoxdur, ya həyat yoldaşları vəfat etmiş qadın/kişi, ya da hansısa problem üzündən boşanmış qadın olsun, heç də onların hamısına “dul” sözünün gətirə biləcəyi məsxərəni, istehzanı, etimadsızlığı yükləmək, ümumiyyətlə, doğru deyildir.

Biz yazımızda tarixin müxtəlif dövrlərində qadınlara fərqli münasibətləri əks etdirən nümunələrə istinad etdik. Azərbaycan qadını diri-diri torpağa basdırılmasa da, əri ölüb deyə özünü öldürmək kimi dilemma qarşısında qalmasa da, cəmiyyətdə qadına mühafizəkar baxışlar hər zaman olmuşdur. Pozulan nikahların, kim bilir, hansısa bir hissəsi bu mühafizəkar baxışlardan qaynaqlanıb. Beyinlərdə, ürəklərdə özünə yer eləmiş belə baxışların hər biri qadınların taleyindən keçir.
Dövlət Statistika Komitəsinin 2013-cü il üçün yaydığı hesabata əsasən, ilin birinci yarısı üçün qeydiyyat şöbələri tərəfindən 5386 nikah pozulması qeydə alınmışdır.
2017-ci ilin ilk 5 ayı üçün bu rəqəm 6 207 olmuşdur.
Hələ bu rəqəmlər tam il üçün olan məlumat deyil və ilbəil artmaqda davam etmişdir. 5 ay üçün 6207 ailə dağılırsa, bu, 6207 dul qadın deməkdir. Boşanmış qadınlara münasibətin heç də yaxşı olmadığı bir cəmiyyətdə bu qadınları qarşıda böyük çətinliklər gözləyir.
Onların keçirdikləri sarsıntılar hələ relibitasiya olunmamış indi də yaşamaq imkanı əldə etməlidirlər: iş tapıb ailəni dolandırmalıdırlar.
Bəs sonra? Uğursuz ilk evlilikdən sonra ərə, evliliyə inamı itmiş hansısa qadın təkbaşına yaşamaq üçün mücadilə etməyi bacaracaqmı? Yeni ailə həyatı qurmayacaqsa, hər gün ətrafdakıların tənəli baxışlarını dedi-qoduları görməməzlikdən gəlməyi bacaracaqmı?
Birdən kimsə, hansı “qalstuklu odun parçası”sa saqqqızını oğurlayıb, qəlbinə yol tapa biləcəksə, nə etməli? Birdən subay oğlan sevsə, necə? Məlum məsələdir ki, cəmiyyətdə mövcud baxışlara görə, subay oğlanın boşanmış qadınla, özü də uşaqlı qadınla ailə qurması nadir hadisə ola bilər və belə izdivacın səmimiliyinə heç inanmaq da olmur. Lap dul kişiyə tuş olmaq da hələ etibarlı ailə ittifaqından xəbər vermir. Doğrudanmı, bu dul kişi dul qadını, sadəcə, özünə yastıq yoldaşı deyil, həm də gerçək həyat yoldaşı kimi seçir? …Həm onun, həm də özünün yarımçıq qalmış ailə səadətini bərpa etmək istəyir?
Bunlar həm də cəmiyyət kimi təqdim etdiyimiz əhatəsində yaşadığımız insanların da tərəddüdləridir, bu da haqlıdır, fəqət,
ilk evlilikləri uğursuz olmuş qadınların yeni evlilik, kişi/ər məhəbbətinə sığınmaq istəmələri də təbii qəbul edilməlidir. Çünki hər bir dul qadın və ya dul kişi dul olmazdan öncə insandır. Onların da yaşamaq haqqı var… mənəvi, fizioloji ehtiyacları var. Bu haqqa kimsə müdaxilə edə bilməz.
Sadəcə, arzu olunur ki, bir dəfə zərbə almış qadınlar bir daha aldanmasın. Müşahidələrə əsasən, çox vaxt dul qadınların daha ağır vəziyyətə düşmələrinin əsas səbəbi onların cinsi arzunu təmin etmək məqsədi ilə seçilməsi olur. Adətən, dul qadınlar istər subay, istər evli kişilər üçün istismarı fantaziyalarla mümkün olan ən təhlükəsiz , təcavüz məsuliyyəti yaratmayan bir cinsi obyekt kimi gəlir. Bu məqam da dul qadını gözləyən çətinliklərindən biridir.

Ola bilsin ki, iş üçün ayaq açdığı əksər yerlərdə də dul qadına bu niyyətlə yanaşılsın. İctimai qınaq hər zaman qadınları daha çox təqib etsə də, qadınsız kişilərin həyatı da heç fərəhli olmur. Haqq-halal həyat yoldaşını nəzərdə tuturam ha.
Real həyatda müşahidə olunanı budur ki,20-30 il bundan əvvəlki həyatda arvadını itirən kişilər, belə deyək, tənhalar çox yaşamırdılar, yaşayanlar isə “kefsiz və bir tərəfləri də həmişə sınıq-salxaq” olurdu. Evlilik haqqında yumorvarı çalarda deyirdilər ki, evlənmək kişi həyatının sığortalanması deməkdir.
Böyük şairimiz Nəbi Xəzri “Qadınsız ev” şeirində obrazlı şəkildə daha təsirli ifadə edib:
Çiyinlərdə yerin-göyün qəmidir,
Ah çəkirsən asimana yetişir.
Qadınsız ev —
tufandakı gəmidir,
O nə batır, nə limana yetişir.
Ağır dərdlər faciənin gücüdür,
Nə sevinib, nə də gülə bilirsən.
Qadınsız ev —
xəstəxana küncüdür,
Nə dirilir, nə də ölə bilirsən.
Fəlakətdə neçə-neçə sirr yatır,
Səni yıxır, polad kimi o sınmır.
Qadınsız ev —
günəşsiz bir dünyadır,
Nə od yansa, qızınmır ki, qızınmır.
Sən bir quşsan, ruhun sınmış qanaddır,
Heç baxma ki, külək sərin, meh ilıq…
Qadınsız ev —
ulduzsuz kainatdır,
Həmdəmindir sükut ilə qaranlıq.
Ey kişilər!
Sevginizi əzizləyin cahanda,
Qadınlığın sədaqətdir ilk adı.
Vay o gündən —
ömrün axır anında,
Gözünüzü qapayan da olmadı!

Sivilizasiya artdıqca insanların təfəkkür tərzində anomaliyalar özünü göstərməyə başladı. Qərb ölkələrinin yabançı təsirləri mənəviyyatlarda aşınmalara yol acdı. Çoxlu sayda kişilər də sədaqətsizləşdi, qadınlar da.
Acınacaqlısı da budur ki, vəfasızlıq, xəyanət kimi eybəcər hallar nəinki şəhərlərdə, kəndlərdə də özünü göstərməyə başladı. Bir tanışın, həmkəndlinə rast gələndə kənd-kəsəklə, elin-banın adamları ilə maraqlanırsan. Eşidəndə ki, filan qadın, filan dayı dünyasını dəyişib, sonucu ölümlü dünyanın insanları bir-bir həyatdan aparmasına , əlbəttə, təəssüflənirsən. Amma ondan çox təəssüflənirsən ki, filənkəs kişi illərlə bir yerdə yaşayıb özlərinə köç-yuva qurduğu qadınının heç ili çıxmamış yerinə daha birini tapıb gətirib, həm də qızı, gəlini yaşda birini yastıq “yoldaşı seçib”dünyanın faniliyinə bir qədər də əllərini qaldırıb təslim olmaqdan başqa çarən qalmır. Və yaxud, eşidəndə ki, filənkəsin arvadı 2-3 uşaqla boşanıb, amma üstündən elə uzun vaxt da keçməmiş yeni ərə gedib, vəfa, sədaqət kimi meyarlara şübhə ilə yanaşmağa başlayırsan:”Bu sevda hardan gəldi” ? Abır-həya ölçüləri niyə belə cılızlaşdı?
Eləcə də əri dünyasını dəyişən qadın ilk günlər ağlayır, kədərlənir, yasda dil də deyir, qara da bağlayır, amma sonra bunların hamısı unudulur. Elə bil həmin rəhmətlik heç bu ailənin başıpapaqlısı, uşaqlarının atası olmayıb. Onunla bir yastığa baş qoyan, bu izdivacdan dünyaya övlad gətirən də bu qadın deyilmiş…
“Kitabi-Dədə Qorqud” dastanı…”Uşun Qoca oğlu Səgrəyin boyu”nda Səgrək nişanlısına vəsiyyət edir: “Qız, sәn mәnim üçün bir il yola bax! Bir ilә gәlmәsәm, iki il bax! İki ilә gәlmәsәm, üç il bax! Gәlmәsәm, o vaxt bil ki,ölmüşәm. Ayğır atımı kәsdirib, eһsanımı ver! Gözün kimi tutarsa, könlün kimi sevәrsә, ona get!”
Nişanlısı bunu eşidincə demiş:
İgidim, mәn sәni bir il gözlәrәm,
Bir ilә gәlmәsәn, iki il gözlәrəm.
İki ilə gәlmәsәn, uç-dörd il gözlərәm.
Dörd il yox, beş-altı il gözlәrәm.
Altı yolun ayrıcında çadır quraram,
Gedәndәn gәlәndәn xәbәr
soruşaram.
Xeyir xәbər gәtirәnә at, don verәrәm, qaftanlar
geydirәrәm.
Şәr xəbәr gәtirәnin başını kәsәrәm.
Erkәk bir milçәk dә sinәmә qondurmaram.
Murad verib, murad al, sonra get, igidim!
Səgrək demiş: “Mərə qavat qızı, ağam başına and içmişəm, dönməgim yox!”
Nişanlısı cavabında söyləmiş: “Mәnә qәdәmi uğursuz gәlin deyincә, utanmaz-arsız gәlin desinlәr…”

Bizim ailə dəyərlərində belə nümunələr varkən, 20 Yanvar hadisələrində sovet ordusunun gülləsinə tuş gəlib həyatını itirən İlham Allahverdiyevdən sonra yaşamağın puçluğunu qəbul edərək öz canına qıyan Fərizəmiz varkən, məlum Qarabağ hadisələri zamanı canlarını qurtarmaq üçün dağlara, çöllərə səpələnmiş və son anda erməni murdarlarının əlinə keçib şərəfləri alçalmasın deyə özlərini qayalardan atan qeyrətli qızlarımız varkən, Türkiyədə və ya başqa ölkələrdə fahişəlik etdikləri üçün deportasiya edilən azərbaycanlı qadınlar üçün xəcalət çəkməyə bilmərik.
Ərli ikən başqasına qoşulub qaçan qadınlarımızın sevgisini necə başa düşək?
Bu və bu kimi nümunələr ya dağlmış ailələrdən qaynaqlanan eybəcərliklərdir, ya da dağılacaq ailələr deməkdir , sonra da dul qalmağa aparacaq utanc və təhlükəli yoldur.
Davamı var…