Qadın, ana, ailə dəyərləri

Həyat yoldaşınızla əlaqəniz çox yaxşı gedir, qarşılıqlı sevginizdən şübhəniz yoxdur, amma lap ürəyiniz istədiyiniz kimi mehribanlaşa bilmirsiniz. Kim mehriban, səmimi, qarşılıqlı olan bir ülfət, ünsiyyət istəməz ki? Amma gerçək həyatda bu, o qədər də asan olmur. Romantik bir axşam yeməyində birdən gəncliyinizlə bağlı, keçmişdə olanlardan soruşur, ya da oturan kimi əsəbiləşəcəyinizi çox gözəl bildiyi bir problemdən söhbət açır. Aləm dəyir bir-birinə.

Siz keçmişi artıq xatırlamaq istəmirkən, o, sizə hər gün demək olar ki, bunları yada salır, keçmişi yaşadır. Əslində, bu sualların və problemli rəftarın altında qısqanclıq hissinin yatdığını hamımız bilirik. Sevdiyiniz qadının/kişinin sizi qısqanması əyləncə ovqatı yarada bilsə də, ehtiyatlı davranmaq, nəyin, hansı münasibət, söhbət və ya əhvali-ruhiyyənin vəziyyətə uyğun olduğunu bilmək böyük diqqət tələb edir. Bildinizmi, buna səy etməli və bu mühiti yaratmalısınız. İki sözün arasında xatirə dünyanızın dolanbaclarında qalan hadisədən, şəxsdən(keçmiş sevgilidən) bəhs olunması canınızı sıxır və keçən keçmişdə qaldığı kimi bugünkünə də zərbə vurur. Belə xatirələr qadınlarda, sözsüz ki, var, amma kişilərdə də yox deyil. Görünür, fərqi yox, qadın edib, kişi edib, subaylığında hissin, emosiyanın axarına düşüb gedib. Artıq bunlar çox-çox əvvəlki dünənlərdə qalıb. Bu narahatlıqlara son vermək və bu günü yaşamaq lazımdır. Elə yaşamaq, elə addımlar atmaq lazımdır ki, arada etimadsılıq, inamsızlıq olmasın. Belə hallarda onu da anlayaraq yeni bir ahənglə özünüzü bir daha izah edin. “Empati” (özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi) son əsrin ən yaxşı ünsiyyət vasitələrindən biridir. Etməniz lazım olan budur ki, mövcud dünyanızda hazırki sevgilinizin əbədi lövbər saldığını dilə gətirmədən inandırmalısınız, yaşananlar da bundan soraq verməlidir. İnsanlar sevdikləri və davam etdikləri şəxslərlə sədaqət münasibətlərini hər zaman sınayar, sona çıxarmağa çalışırlar, bu şərtlə ki, inansınlar! Qarşınızdakının də razı olmağa ehtiyacı olduğunu ağılınızdan çıxarmayın. Bir anda əsəbiləşib “istər inan, istər inanma” demənin sizə bir faydası olmaz. Qarşınızdakı sizə inanmaq istəyirsə, onun üçün dəlillər tapmaqdan və razı etməkdən başqa yolunuz yoxdur, təbii ki, sevgilinizi həyatınızda hər şeydən çox istəyirsinizsə.
Qadınlar bir kişini unutmadan yeni bir əlaqəyə başlamaz. Amma bunu həmin an həyatınızda olan kişiyə inandırmaq az qala qeyri-mümkündür.
Problemləri doğru olaraq, açıqdan-açığa həll edin.

Onu daha çox sevdiyinizi və həmişə yanında olmaq istədiyinizə inamınınızı ifadə edin. Mövzu keçmiş sevgidən düşəndə, niyə duruxasınız ki, həqiqi sevdiyinizə sevginizi dəmadəm göstərin. Əvvəl nəm-nüm edə bilər, amma ağlının bir küncündə bu etmək istədiyinizə onun da çox ehtiyacı olduğuna əmin ola bilərsiniz. Artıq nə vaxtdandır sevgilinizdə bir qəribəlik var, amma siz fərqində olmamısınız. Sanki sizinlə əlaqədar bir şeyə incik, amma hər soruşduğunuzda “bir şey yox” deyib ötmək istəyir. Fəqət, hərəkətləri, sizə olan mövqeyindəki süstlükdən bir problem olduğunu göstərir. Sizin yaddaşınızda bu qaşqabaqlığa səbəb olmuş bir hadisə yox, yəni hələlik … Amma səbəbsiz də heç nə olmur.
Siz bir problem olduğunda üstünə düşüb dərhal həll tərəfdarısınızsa, sevgiliniz də o qədər qaçma tərəfdarı. Bu, bir qısqanclıq mövzusu ola bilər, bəlkə də hansısa bir məqamda sizin hansısa bir sözünüzdən inciyər-küsər, ya da etdiyiniz bir hərəkəti özünə götümüş olar.
Şirin dil “ilanı yuvasından çıxarar”, amma o, ilan deyil axı: uşaqlarının atasıdır. Siz hələ birlikdə bu uşaqların, ailənin gələcəyi üçün daha birlikdə addımlamalısınız.
Sizin kimi onun da bu məqamda , yəqin ki, dişi bağırsağını kəsməsinə baxmayaraq, niyə danışmayasınız ki, gərginlik azalsın. Kişilərin anlaşılmaz tərəflərindən biri daha budur … Belə vəziyyətlərdə üstünə gedib problemin nə olduğunda israr etmənin faydası yoxdur. Çünki bəlkə sizə isinişmə ehtimalı aşağıdır. Hətta bir az daha məcbur etsəniz, “göy guruldayar, şimşək çaxa” bilər. Belə vəziyyətlərdə öz aranızda çəmini tapıb, damarın tutub ağzından söz almaq ən yaxşı üsul. Həm də bunun da münasib vaxtında etməlisiniz. İstənilən vaxt məqsədə nail ola bilməzsiniz. Heç ola bilməz ki, qadın ərinin içinə yol tapa bilməsin, söhbət iki ən yaxın sirdaşdan gedir. Hər bir ailə cütlüklərinin bir-birlərinin boynunda əbədilik sirdaşlıq haqqı var. Yəni mümkün olmayan nəsə yoxdur. Rəhmətlik Rəhman Babaxanlı demiş: “Ölümün də çarəsi var, axtarıb tapan olsa…”
Sevgilinizi ona olan eşqinizə inandırmaq üçün dəlillər tapmaq, xoşbəxt və məmnun etməkdən başqa yolunuz yoxdur, təbii onu həyatınızda istəyirsinizsə …
Sonda isə auditoriyamıza ərkyana müraciət edəcəyəm:
- Allahı sevərsiz, kişiləri tənha buraxmayın…. Bir ailənin uğursuzluğa yönlənmə ehtimalları daha çox qadının proletarı cin atına mindirib arxasınca da daş atması ilə bağlıdır. Belə atı saxlamaq çətin olur, amma proletarın yenə dönmə ehtimalı var, həm də çox. Küsdürməyin, oldumu?! Gücü çatmadığına vadar etməyin. Kimin həyatı necə təmin olunmuşdur olsun,nə işiniz var. Allah sizə ondan da dəyərli ərməğan əta edib. İnanın çox pula, sərvətə sahib olmaq həyatla oynamaq deməkdir. Belə gördük. Siz, sadəcə, Allahdan sevgi dolu hüzur arzulayın. Bu sərvət əbədididir, qaldıqca üstünə gəlir.
Eləcə də proletalar öz ürək paralarına belə yanaşsın.
Vaqif Bayatlı – Səni niyə belə sevdim?
Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!
Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?
Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!

Qeyd: Yazı tərcümə materialında istifadə ilə təqdim edilir. Müəyyən qədər də ğz münasibətimizi əlavə etmişik.