Etnoqrafiya

Bütün sevgilər sədaqətli olan hər kəsi vüsala aparır. Bu elə bir yoldur ki, hər kəsin taleyindən keçir. İlk gündən bir az tərəddüdlü, bir az kövrək, bir az da utancaq atılan addımlar getdikcə cilalanmağa, saf, dəruni niyyətlərə çevrilməyə başlayır. Bəzən bu yol uzun çəkir, bəzən çox qısa müddətdə onlar niyyətlərinin sonuna gəlirlər və toy çalınır. Bir evdən bir evə səadət köçür. Amma bu səadət hazır yağlı kökə də deyilmiş demək. Hələ toydan neçə vaxt əvvəl də ailə quracaq gənclər arasında bir təşviş yaranır: zifaf gecəsi biabır olmayacam ki, kişiliyimi sübut edə biləcəyəmmi, bakirəliyimi təsdiqləyə biləcəyəmmi?
Bəs “zifaf” sözü nə deməkdir? “Zifaf” sözü lüğəvi mənasına görə “toy gecəsi” deməkdir. Yəni, toy mərasimi bitdikdən sonra gəlinlə bəyin gərdəyə (gəlin və bəy üçün ayrılmış otaq) girdiyi andan başlayır. Söhbət mövzusu olması, xüsusi ifadə ilə adlanması çoxlarının xoşuna gəlməsə də, toy mərasimlərimizin bu mərhələsi həmişə olmuş və bu gün də var. Hətta bəylə gəlinin gərdəyə gürməsi və ilk ailə münasibətlərinin nəticəsi haqqında oğlan və qız tərəfinin nümayəndələri müvəkkil də olurlar. Bu an haqqında kiminsə bilməsi bəlkə də ailə həyatı quranların heç birinin xoşuna gəlmir. Bəzi hallarda həyəcandan, utanclıqdan, qorxudan “ilk gecə sindromu”nun yaranması da bununla bağlııdr.

Bunlar, əslində ciddi məsələlərdir və mən öz payıma bunu normal qarşılayıram. Axı ömrü boyu əli yad kişinin əlinə toxunmayan, naməhrəm tərəfə baxmayan bir qadın indi neçə ram olsun ki, özgə ailənin oğlu qapını açıb gərdəyə daxil olacaq….
Və yaxud oğlan olsun, ömründə bir qızla kəlmə kəsməyən, yanaşı getməyən bu oğlan indi onunla yanaşı necə yatsın?
Bunlar abırla, ismət-həya ilə bağlı olduğu kimi, təcrübəsizliklə də bağlıdır. Millətimizlə, dini baxışlarımızla, bir az da mühafizəkarlıqla da bağlıdır.
Cinsi həyat haqqında heç bir məlumat və ya bacarığı olmayanlar bilinməyənlər ilk gecə qorxusunu daha çox keçirirlər. Bu məsələ ölkəmizdə yeni evlənəcək cütlükləri düşündürən, bu yolu keçənə qədər narahat edən ciddi bir mövzudur. Elə buradaca bir məsələnin üstündən keçmədən qeyd edim ki, bu mövzuda gənclərin intim yaxınlığının “cinsi təcrübə” kimi adlandırılması, məncə, doğru deyildir. Biz bəzən bütün etik çərçivələri aşıb keçiririk, həm arada pərdə açılır, üz “sırtıqlaşır”, həm də məsələnin məzmun və mahiyyəti bayağılaşır.
Cinsi də təcrübə olar, yoxsa onun da bir müsabiqəsini keçirsinlər?!
Bu yerdə XVI əsr filosofu və yazıçısı Mişel de Montenin gözəl bir fikrini düşündüklərimi demək üçün ölçü kimi götürəcəyəm:
“Eşq utanma və çəkinmənin olduğu yerdə vardır.”
Çox səlis və ibrətamiz deyilmişdir. Elə gənclər arasında yaşanan “ilk gecə sindromu” bəlkə də təcrübəsizlikdən yox, bu utancıqlıdan, abır-həyadan qaynaqlanır.
Getdikcə çox abır-həya pərdəsini götürdülər, insanın özəl həyatını bayağılaşdırdılar. Bu elə bir məsələdir ki, ilk gecə alınmayıbsa, bunun kimlərəsə məlum olması hər iki gənc üçün psixoloji zərbə olur. Onlar uzun müddət bu təsirdən uzaqlaşa bilmirlər. İlk cecə baş tutmayıbsa, 2-ci, 3-cü, 7-ci gecədə baş tutar. İki şəxsə aid şıxsi məsələni kiminsə bilməsi heç cürə doğru deyil. Onların özlərini anlayışlı aparması, öz aralarında bunun yolunu tapması, mənə görə ən doğru yoldur.
İstər oğlan, istər qız zifaf gecəsinin edilməli lazım olanlarını özləri öyrənmlidir, bunu kimsədən soruşmaq, kimlərinsə bunu öyrətməsi sonralar lazımsız söhbət mövzusu ola bilər.
30-40 il bundan əvvəl də bu problem olub, bu gün də var, 30-40 il bundan sonra da olacaq. Amma 30-40 il bundan əvvəl zifaf gecəsi baş verən belə halları söz etməzdilər, ən uzağı yengə bilərdi və o da belə halda qızın ən yaxın rəfiqəsinə çevrilərdi. Onun depresiyaya düşməsinə qoymazdı. Amma indi çox vaxt yengələr özləri müşayiətçiləri olduqları bu zifaf gecəsinin “cikini-bikini” hər yerdə söhbət mövzusu edir.

Zifaf gecəsi toyu olan qız gənclərdə qanama olacağı və cinsəl prosesdə acı çəkiləcəyi, kişilərdə isə sərtləşmə, erkən boşalma və qeyri-kafi aktivlik qorxusu meydana çıxmaqdadır.
“İlk gecə sindromu” qadınları kişilərə görə daha çox həyacanlandırır. Çünki müsəlman cəmiyyətində bakirəlik evlilik üçün şox ciddi və vacib şərtdir. Hətta o qədər ciddi məsələdir ki, bəlkə də bu günahdan başqa, bütün günahları bağışlamaq olar. İlk gecə, qadın həm qanama olmasından, ya da, ümumiyyətlə, heç olmamasından qorxur. Çünki uşaqlığından etibarən onun da beynində “qızlıq pərdəsi” adlı ciddi bir məsələ var və o yaşa dolduqca anlayıb, qəbul edilib və ya onunla bu mövzuda söhbət edə bilənlər deyiblər ki, bu pərdə məhz ilk cinsi əlaqədə qanuni əri tərəfindən pozulur. Amma yeniyetmə bir qız beləcə yetişdiriləndə, əslində, cinsi əlaqə zamanı alınan əza həzzi ön planda olsa da, bu münasibətdə ola biləcək ağrılar, eləcə də orqanizmdə baş verəcək dəyişikliklər beynin üst mərkəzlərində şüurlu olaraq qəbul edilmir.
“İlk gecə sindromu”na insanların münasibəti fərqlidir. Bəziləri bu fikirdədir ki, toydan sonra yeni ailə quran gənclər yorğun və həyəcanlı olurlar. Belə bir vəziyyətdə onları 1-ci gecə hökmən cinsi əlaqəyə girmə məcburiyyəti qarşısında qoymaq doğru deyildir.
Onlara sərbəstlik vermək lazımdır: nəyi, necə, nə zaman yaşayacaqlarına qoy onlar özləri birlikdə qərar versinlər. İlk gecə və yaxud 2-ci, 3-cü səmimiyyətdə, növbəti gecələrdə onlar çox güman ki, “ilk gecə sindromu” ilə qarşılaşmayacaqlar.
Bir çoxlarının fikrincə, əgər qadın və kişinin daha əvvəldən cinsi məlumat və təcrübəsi yoxsa, onların utancaq, bir qədər də həyəcanlı olmaları təbiidir. Odur ki, yeni evlənənlərə bir az həssas yanaşmaq lazımdır, buraxmaq lazımdır onlar sərbəst danışsınlar, deyib-gülsünlər və özlərini müvəffəqiyyətli gecə üçün hazırlasınlar.
Bu zaman əsas vəzifə daha şox kişinin üzərinə düşür, o, səbirlilik və təmkinlilik nümayiş etdirməli, sevgilisi ilk gecənin müvəffəqiyyətinə hazırlamaq üçün mehribançılıq şəraiti yaratmalıdır.
Bəzi insanlar isə, ümumiyyətlə, nəinki cinsəllikdən yazmağı, danışmağı da doğru hesab etmirlər ki, gənclərə “bu, belə olmalıdır”, “belə etsinlər” deyib cinsəllik təcrübəsi öyrətmək etik deyil. Qoy onlar özləri səmimi, qarşılıqlı ülfət və ünsiyyətin yaxınlaşmasında nəyi necə edəcəklərini özləri müəyyən etsinlər. Qadın və kişi cinsəlliklə əlaqədar arzularını bir-birinə ifadə edərsə, həm aralarındakı güvən inkişaf edər, həm də xoşbəxt olarlar.
Bu, həmişə belə olub ki, ilk toy günü edilməsi lazım olan məsləhətləri toy ərəfəsində sağdış və yengələr tərəfindən verilib. Bir növ, böyüklərin evliliklə əlaqədar təcrübələri gənclərə izah edilib. Amma üzübəri gəldikcə toy mərasimlərinin ayrı-ayrı mərhələləri müasirlik adı ilə dəyişdirilib.
30-40 il bundan qabaq toy məclislərində indiki kimi da təcrübəsiz, bir az da məzhəkəçi qadınlardan yengə seçməzdilər ki, toydan sonra harda imkan düşdü başlayaydı Sur düdüyü çalmağa.

Dədə-babalarımız, ağbirçək ana və nənələrimiz çox böyük səbir və təmkinlə yanaşardılar hər məsələyə, eləcə də toy düzənlərinə. Yengə, sağdış son dərəcə ağayana, müdrik, xeyirxah bir adamdan seçərdilər. Bir vaxt toylarda qohum–qonşulardan yengə getmək üstündə inciyənlər olurdu. Kimsə hansı bir qohumunun, yaxınının yengəsi olmağı özünə fəxarət sayırdı. Qızın ailəsi də, qız özü də həmin adamın onun yengəsi olmasından məmnun olardılar.Təbii ki, bu anlaşmada gəlinin heç bir həyəcan, təşviş keçirməsi də ola bilməzdi. Və o vaxt bir ailənin yengəsi olan şəxs bu ailənin sonuna kimi ən yaxın adamı hesab olunurdu. İndi belə deyil. Hətta çox acınacaqlıdır ki, indi bu qədər yaxın adamın rolunu, missiyasını “yengə xidməti” kimi bayağılaşdırıblar. Kimsə yengə getmək istəmir. Bir az gənclər özü toy mərasimlərinin ssenarisini dəyişib, bir az dünya özü dəyişib, zifaf gecəsinin özəllikləri o qədər aşkarlaşıb ki, adiləşib ki, yengə – bəy və gəlin, yengə- toy evi, yengə- aləm seqmentində pərdə aradan götürülüb, hörmət-izzət itib. Və çox haqlı olaraq da qadınlar belə vəziyyətdə yengə getmkdən boyun qaçırırlar.
Müasir gənclər əvvəlcədən yengədən imtina edirlər. İnsanlar özləri danışrlar ki, indiki gənclərə “yengə-mengə” lazım deyil, onlar onlar hər şeyi yengədən, sağdışdan yaxşı .
Elə gənclər də var ki, toya kimi bəlkə də dəfələrlə cinsəllik həyatı yaşamış olur. Bəzən ailə quracaq gənclərin özü belə zifaf gününə qədər artıq bu münasibəti qurmuş olurlar. Əlbəttə, belə cütlüklər heç vaxt yengə istəməyəcək. Belə cütlüyün ailəlik həyatı (amandı, əbədilik olsun, xoşbəxt olsun) çox güman ki, davamlı və etibarlı olmayacaq.
Bəlkə də çoxları yengələrin toy mərasimlərindən çıxarılmasına istəyərdi. Amma yengələrin olması gəlin köçən qızları maarifləndirmək baxımından lazımdır. Hər bir adamın istər adi günlərdə, istər özəl günlərdə mehrini saldığı, ürək qızdırdığı bir qəlb sirdaşı olmalıdır. Bu, psixoloji dəstəkdir. Müəyyən etik çərçivələrlə yengə gəlini, sağdış bəyi məlumatlandıra bilər.
Kişilər bu mövzuda, təbii ki, çoxları ilə rahat danışıb məsləhətləşə bilər. Qadınlar isə bunu edə bilmirlər. Onlara sinsi həyatla bağlı məlumat verən daha az olur. Yaxşı olar ki, qızlar ilk gecə narahatçılığı yaşamamaqdan ötrü gəlin köçməzdən tibbi maariflənmə üçün səhiyyə müəssisəsinə müraciət etsinlər.
Yengənin olması bir də ona görə lazımdır ki, gənclər toy gününə qədər belə münasibətlərə baş vurmasınlar. Bilsinlər ki, bu münasibət zifaf gecəsində olmalıdır.
Gənclərimiz onu da bilməlidir ki, “ilk gecə sindromu” tarix boyu kişinin təmkinindən, şəfqət və nəzakətli davranışından asılı olub. Kişi öz evindədir, gəlin isə qonaqdır, bir başqa evdən gəlib, bu ailə də onun üçün yenidir. Onunla şəfqətli və nəzakətli davranılmalı , həyəcanına şərik olmaq lazımdır. Təcavüzkar olmaq yaramaz, zifaf gecəsi qisas gecəsi demək deyil. Bu qisasda yaranan şikəstlik ailənin gələcək müqəddəratını həmişəlik zədəli edə bilər. Səbirli olmaq lazımdır. Qarşılıqlı anlaşma lazımdır.





Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.