Qadın, ana, ailə dəyərləri

Portuqaliya atalar sözüdür: “Evlənənə qədər gözlərinizi dörd açın, amma evləndikdən sonra yarı-yarıya bağlayın”.
Bu fikrin daşıdığı məna yükü nədir? Nə üçün evlənənə qədər sevdiyinə, həyata, hər şeyə 4 gözlə baxan biri, sevdiyini evə gətirəndən sonra gözünü yarı- yarıya bağlamalıdır ?
Yəni, seçərkən, alarkən nə qədər istəyirsən sına, yoxla, imtahan et, evlərinə xəlvət “ruçok” qoy və izlə görək necə oturub-durur, yemək bişirirmi, paltar yuyub-ütüləyə bilirmi, evdəkilərlə necə yola gedir, nə qədər yatır, nə qədər yeyir və sair, və ilaxır. Evləndinsə, nikah kağızına imza atdınsa, artıq hüquqi öhdəlik götürmüsən, insanların, rəsmi nümayəndələrin qabağında bəyan etmisən ki, mən könüllü olaraq filan kişinin oğlunu sevirəm. Əsl vətənpərpərvərlik nümunəsi göstərəcəyəm. Xəstə olsam belə, göydən sel yağsa belə, başımın tacına “uf” demədən xidmət edəcəyəm. Qarşılıqlı etimad bəsləməlisiniz bir-birinizə. Güzəştə getməlisiniz. Portuqallı müdriklər də gözlərinizi “ yarı-yarıya bağlayın” deyəndə, elə bunları tövsiyə ediblər.

Çünki artıq geriyə yol olmur və yaxud ola bilərsə belə, bu yolun da yaxşısı olmaz… Mən, şəxsən, inanmıram. Allah kimsəyə belə uğurqsuzluq nəsib etməsin.
Gərək nə edirdinsə, dünyanın hansı metr, çəki, güc, dad, kefiyyət, sədaqət, vəfa, ürəkdən gülmək etalonu vardısa, lazım idisə, gərək əvvəlcədən bankdan kreditlə pul götürüb kreditlə də varsa gətizdirərdin, getdiyinin, aldığının cikini-bikini yoxlayaydın, ölçəydin, sonda “hə” deyəydin, ta ki sonra da “bilməmişəm – biləydin” duetini oxumağa ehtiyac qalmaya idi. Əgər bir kostyum alanda 10 dəfə orasına-burasına, rənginə, parçasına, düymələrinə, modelinə, nə bilim daha nələrə baxıb alırsan ki, ürəyincə olsun, daha çox istifadə edəsən.Elə isə niyə görmədən-bilmədən tanımadığın biri “sms! yazan kimi, “hə”deyib, bir həftə sonra da yanına süşüb getdin. Getmisənsə, bu, artıq hər şey bitdi anlamına gəlmir ha. İnsan iradəlidir, məntiqlidir, elə bu andan da başlayaraq, səadət səltənəti qura bilər.
… Ailəlik həyatı artıq başlanmışdır. İndi hər iki tərəf səbirli olmalıdıır. Hər kiçik elementi böyüdüb fil etməməlidir. Ailəsində etimad mühiti yaratmalıdır, güzəşt etməyi bacarmalıdır.
Mən bu yazını yazdıqca yeni doğulan nəvəmi gətirib qoyublar yanımda. Bir gözüm ondadır… Nə qədər ləzzət alıram. Onu mənə bəxş edən göydə Allah, yerdə də gəlinimdir. Mən qayınata olaraq heç bilmirəm ki, ona necə təşəkkür edim. Qohum və tanışlarım məni “Böyük dayaq” filmindəki Rüstəm kişiyə bənzədirlər. İnsafən, əsasları da var. Ailəmdə keçmiş dədə-baba qaydalarının olmasına çalışıram. Xanımım müəyyən zaman oldu ki, işlədi, amma sonra icazə vermədim. Ailədə, gəlinlərimilə bağlı problemim yox, oğullarım bir az müasirdir, amma son olaraq mənim də baxışım nəzərə alınır. Valideynlər istəyər ki, gəlinləri əsl qadın səadətini yaşasın, əziyyət çəkməsin. Belə olacaqsa, axı oğlu da, nəvələri də məmnun yaşayacaq. Amma bu, işləməklə bağlı deyil. Hər şeyi A-dan Z-yə deməyəcəyik ki. Hər bir valideynin narahat olmağa əsası var, çöldə-bayırda gördükləri onun inamını sarsıdır. Söhbət qarafikirlilikdən, mühafizəkarlıqdan getmir… Ailə həyatında sevgidən başqa heç nə stimul, motivasiya olmamalıdır, məncə. Əgər bu həyatdan, bu ailədən, bu qohumluq münasibətlərindən, bu övladlardan ürəkdolusu doymaq istəyiriksə.


Bir problem də qızların ailə qurduqdan sonra yeni evə isinişə bilməməsidir və yaxıd ayağının birinin ata evində qalmasıdır. Bəzi atalar özləri də buna rəvac verirlər. Əvvəllər uşaqlarımın anası ata-ana evi ilə sıxı əlaqəni azalda bilmirdi, işin tərsliyindən qohum-qardaşı da çox. Demişəm ki, elə bil, sən mənim evimdə öz nəslinizin daimi nümayəndəliyinin rəhbərisən. Getmək olar, amma belə fəal yox. Tədricən yoluna düşdü.
Bir ziyalı, sayt rəhbəri kimi çox belə ailə problemləri ilə qarşılaşmışam. Əksər gəlinlər belədir. Ay qızım, sən ərkəsöyün idin, necə idin, filənkəslə bacı idin, o, əminoğlu idi, xalanoğlu idi, bunları gəlin köçəndə qatlayıb qoymalısan ata evində. Ər evində artıq sən təzə həyat yaşamalısan. Bu o demək deyil ki, sən ata-anandan, ailənizdən əbədilik ayrldın. Yox, bunlar ər evinin istəyi ilə olsa, onda daha doğru olacaq və həm də xətirli olacaq.