Nəğmə dolu bir ürək sahibi — Ələkbər Ziyatay

Poeziya buketi, nəğmə çələngi

Ələkbər Həsən oğlu Cəfərov (Ələkbər Ziyatay) 21 dekabr 1913-cü ildə Gəncədə anadan olub.
Ziyatay yeddiillik şəhər məktəbini bitirib, inşaat texnikumunda təhsil alıb. O, məktəb illərində ədəbiyyata maraq göstərir və inşa yazıları, kiçik həcmli şeirlər yazır. 1933-сü ildə Ələkbər Ziyatay Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsinə daxil olur.
O, 1937-ci ildə “Ədəbiyyat qəzeti” redaksiyasında poeziya şöbəsinin müdiri vəzifəsinə təyin olunur. Ələkbər Ziyatay 1941-1950-ci illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqının Gəncə bölməsinin məsul katibi vəzifəsində çalışıb. Eyni zamanda o, indiki Gəncə Dövlət Universitetində baş müəllim vəzifəsinə təyin olunub və qiyabi pedaqoji institutlarda, respublika partiya məktəbində müəllim işləyib. O, həmçinin Gəncə Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib.


Ələkbər Ziyatay 1935-ci ildən ədəbi fəaliyyətə başlayıb və şairin ilk şeirləri: “İkibaşlı qartal”, “Berlində yanğın”, “İki cahan” qəzet və jurnallarda dərc olunub. O, əsasən, lirik şair kimi tanınırdı. Ələkbər Ziyatay “Qəlbim gəl deyir”, “Nə deyim”, “Səninləyəm”, “Azərbaycanım mənim”, “Bakı gecələri”, “Sənsən”, “Dilim-dilim ol, dilim”, “Olmalıydın, olmadın” kimi şeirlərin müəllifidir.
Xalq artisti Zeynəb Xanlarova şair haqqında belə deyib: “Ələkbər Ziyatay mənim çox sevdiyim şairlərdəndir. Onunla ilk dəfə bəstəkar Ələkbər Tağıyevin evində tanış olmuşam. Bəstəkar onun “Azərbaycanım mənim” adlı şeirinə musiqi yazmışdı. Mahnını birinci dəfə mən ifa etdim…”Sənsən” şeirinə bəstələnən mahnı da mənim ifamda nəinki Azərbaycanda, hətta İsraildə, Avstraliyada, Amerikada, Avropada da sevildi. O mahnı əlli ildən çoxdur ki, yaşayır və ölməzlik qazanıb…”
Ələkbər Ziyatay tərcüməçi kimi də fəaliyyət göstərib. O, Homerin “Odisseya”, ispaniyalı şair və dram yazarı Lope de Veqanın “Nə yardan doyur, nə əldən qoyur”, alman şairi, dramaturqu Bertold Brextin “Üç quruşluq opera” və  “Min bir gecə”dəki qəzəllərin bir çoxunu Azərbaycan dilinə tərcümə edib.
Ələkbər Ziyatay 2 iyul 1982-ci ildə Bakıda vəfat edib və Gəncə şəhərində dəfn olunub.

Doğma dilim

Doğma dilim, sən ki, varsan dünyada,
Mən də varam söyləməyə haqlıyam.
Dost dillərə min hörmətim olsa da,
öz dilimə – min könüldən bağlıyam!

Qürbətdə də eşidəndə bu dili,
Hiss edirəm özümü öz elimdə.
Mahnıları uzaq-yaxın ellərin,
Doğmalaşır səsləndikcə dilimdə.

Bu doğma dil ürəyi gen xalqımın,
Kainata baxışıdır, sözüdür.
Bir can desən,  min can deyən xalqımın,
Ruhundakı incəliyin özüdür.
Müqəddəsdir bu dilin hər kəlməsi!
Öz dilidir çünki, ulu Qorqudun.
Hər sözündə bir ozanın nəfəsi,

Hər sözündə dağ gücü var Fərhadın.
Çöllərimdə əsən mehin, küləyin,
Elə bil ki, sədasıdır bu sözlər.
Dağlarımda bitən gülün, çiçəyin,

Sanki nazı, ədasıdır bu sözlər.
Şəlaləmin, iti axan çayımın,
Hay səsidir, qıy səsidir bu sözlər.
Sevincimin, kədərimin, toyumun,
Saz səsidir, ney səsidir bu sözlər.

“Mən insanam, Allah mənəm” söyləyən,
Nəsiminin gür səsi var bu dildə.
Neçə taxtı yerlə yeksan eyləyən,
Koroğlunun “vur” səsi var bu dildə.

Sevsəm əgər anam sevən dili mən,
Üzeyirlər bəstələyər laylamı.
Xalqımızı azadlığa səsləyən,
Nərimanın gülər arzu-məramı.

Dönük çıxsam məsləkinə, dilinə,
Torpaq altda rahat yatmaz əcdadım.
Düşsəm əgər bu nankorluq yoluna,
Tarix boyu qınar məni övladım..

Doğma dilim, sən ki varsan dünyada,
Mən də varam söyləməyə haqlıyam.
Dost dillərə – min hörmətim olsa da,
öz dilimə – min könüldən bağlıyam!

Mən azərbaycanlıyam

Mehri-ülfətdir şüarım ,  mən azərbaycanlıyam!
Çox sınanmış etibarım ,  mən azərbaycanlıyam!

Öz gücüm, öz zəhmətimlə cənnət olmuş yurd-yuvam!
Heç zaman solmaz baharım , mən azərbaycanlıyam!

Mil, Muğan, Qoşqar, Kəpəz taxtım və tacımdır mənim!
Şah dağı şahlıq vüqarım , mən azərbaycanlıyam!

Gilavar qəlbimdəki çırpıntının bir nəğməsi,
Xəzri çılğın ruzigarım , mən azərbaycanlıyam!

Tarixi bir-bir varaqla, həkk olub hər fəslinə,
Neçə sənət yadigarım , mən azərbaycanlıyam!

Hər zaman nəbzimdə çarpır nəbzi Odlar yurdunun,
Hər yana düşsə güzarım , mən azərbaycanlıyam!

Ziyatay, zənn etməyin, bir başqa cənnət arzular,
Cənnətimdir öz diyarım , mən azərbaycanlıyam!

Qəlbim gəl deyir

Gah yuxuma girir, gah xəyalıma,
Görmürəm oyaqkən yana halıma,
Qəhri çox, mehri az, şux maralıma,
Dilim get desə də, qəlbim gəl deyir.

Bir soyuq baxışdan küsüb gedənə,
Əksini ömrümdən asıb gedənə,
Əlini əlimdən üzüb gedənə,
Dilim get desə də, qəlbim gəl deyir.

Ay ötür, il ötür – ötmür bu sevda,
Qış bitir, yaz bitir – bitmir bu sevda.
Başımdan getmir ki, getmir bu sevda,
Dilim “get” desə də, qəlbim “gəl” deyir.

Eşqin, ey Ziyatay, min ədası var,
Bir vəslə yetməyin  min cəfası var.
Cəfa çəkdirsə də, mənə o dildar,
Dilim get desə də, qəlbim gəl deyir.

Nə deyim

Bir sözümdən inciyərək gedirsən…
Get, yaxşı yol! Əyləmirəm səni mən.
Amma bir de, ay əhdindən tez dönən,
Səni məndən soruşsalar ,  nə deyim?

Kölgəsində gəzdiyimiz ağaclar,
Döşündən gül yığdığımız yamaclar,
Bizi qoşa görən dostlar-tanışlar,
Səni məndən soruşsalar ,  nə deyim?!

Küsmüşəm, barışmaram

Yar, sənin “yox” sözündən,
Küsmüşəm, barışmaram.
İşvəsi çox sözündən,
küsmüşəm, barışmaram.

O can yaxan nazından,
Yaxıb-yıxan nazından,
Yıxıb,  baxan nazından,
Küsmüşəm, barışmaram.

İstər ovundur məni,
Güldür, uğundur məni,
Ya ki, sevindir məni ,
Küsmüşəm, barışmaram.

Ey Ziyatay, hər şeyə
Başlama söylənməyə.
Vay o gündən yar deyə –
Küsmüşəm, barışmaram!

Sona keçdi

Nanəli dağ döşündən,
Süzdü, bir sona keçdi.
Əynində güllü məxmər,
Başında çuna keçdi.

Bənzətdim qızılgülə,
O baxdı gülə-gülə,
Gülüşü qəlbdən-dilə,
Baxışı cana keçdi.

Dedim, gəl, ey gözəl qız,
Qovuşsun qoy baxtımız.
Yox, deyib, o qayğısız,
Buruldu, yana keçdi…

Necə sevməyim

Sevdası könlümü ovlayan gözəl,
O xətti-xalını necə sevməyim?!
Sən təki yaz gülü, çəmən çiçəyi,
Dağlar maralını necə sevməyim?!

Sən, ey eşqi ilə qanad açdığım,
Yoluna ətirli güllər saçdığım,
Sən ey hicranına nəğmə qoşduğum,
Şirin vüsalını necə sevməyim?!

Bəzən qəlbimdəki qanı donduran,
Bəzən varlığımı yaxıb-yandıran,
Bəzən yollarmı işıqlandıran,
Günəş camalını necə sevməyim?!

Bir cavab gözlərkən mən yana-yana,
Gəl keçmə qarşımdan hey saymazyana.
Bu dünya bir yana, sənsə bir yana,
Dərya kamalını necə sevməyim?!

Məhəbbət olmasa, coşarmı neylər?!
Sevgi viran qəlbi gülüstan eylər.
Ziyatay dilbilməz dildarı neylər,
Bu əhli-halını necə sevməyim?!

Sevməzdi qəlbim

Sevgilim, bəlkə də sən olmasaydın,
Dünyanı bu qədər sevməzdi qəlbim.
Ətri ətrin kimi şux bənövşəni,
Reyhanı bu qədər sevməzdi qəlbim.

Bulud zülfün kimi sıx-sıx axmasa,
Günəş hüsnün kimi canlar yaxmasa,
Ay da gözün kimi süzgün baxmasa,
Səmanı bu qədər sevməzdi qəlbim.

Görməmiş olsaydı gözlərim səni,
Belə açılmazdı ömrün yelkəni.
Hər gələn baharı, dağı, çəməni,
Səhranı bu qədər sevməzdi qəlbim.

Açmasan ömrümdə qızılgül təki,
İtərdi dünyanın min cürə rəngi.
Həyatı bəzəyən gözəllikləri,
Mənanı bu qədər sevməzdi qəlbim.

Vəsf et, ey Ziyatay, pak məhəbbəti!
Odur ömrə verən yaz təravəti.
Onsuz bu varlığı, şeiri, sənəti,
İnsanı bu qədər sevməzdi qəlbim.

Gəl demə ki…

Gəl demə ki, çöllər geyib al-yaşıl,
Gəl demə ki, çəmən seyri qəlb açır,
Qəlbim deyir, bir gül olub sən açıl,
Gülüstanda güllər açmır – açmasın!

Qəlbim deyir, gül, can alsın gülüşün,
Gah alçalıb, gah ucalsın gülüşün,
Quşlar kimi qanad açsın gülüşün,
Qanadlanıb quşlar uçmur – uçmasın!

Ömrün yazı aşıb-daşsın səsində,
Eşqin sözü aşıb-daşsın səsində,
Gənclik özü aşıb-daşsın səsində,
Sellər, sular aşıb-daşmır – daşmasın!

Gah qəlbimi çəksin dara gözlərin,
Gah dərdimə etsin çarə gözlərin,
Nuru bəsdir mənə qara gözlərin,
Öz nurunu günəş saçmır – saçmasın!

Yox! Ovutmaz sünbül, süsən könlümü,
Xəyalınla sərxoş gəzən könlümü,
Xoşhal edən bircə sənsən könlümü,
Çəmən-çiçək yada düşmür – düşməsin!